vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
11:01 | 31 mart 2022 | Cümə axşamı Məqaləyə 1150 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyadan 308 milyonluq hərbi yardım

Ukrayna ehtiyac duyduğu silah çeşidlərini özü seçəcək

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya Ukraynaya azı 200 adda silah, sursat, hərbi ləvazimat təklif etməyə hazırlaşır. Önəmli detal budur ki, bunlar Almaniya hərbi-sənaye müəssisələrinin təqdim etdiyi ən yeni məhsullar olacaq. Siyahıda ümumilikdə 308 milyon avroluq məhsul (toplar, minaatanlar, kəşfiyyat dronları, radarlar, gecəgörmə cihazları və s.) var, Ukrayna hökuməti nələrə daha çox ehtiyac duyduğunu özü seçəcək, ödəniş isə Avropa Birliyinin ayırdığı 1 milyard avroluq hərbi yardım paketindən ediləcək.

Bu qərar Ukrayna savaşı başladıqdan sonra Almaniyanın xarici və müdafiə siyasətində baş verən radikal dəyişikliyi, ölkənin bu sahədə 23 illik Şröder-Merkel mirasından sürətlə uzaqlaşdığını göstərir. Bu 2 sabiq kansler Rusiya ilə çox sıx iqtisadi kooperasiyaya getmişdilər və Putinin geopolitik ambisiyalarını legitim sayırdılar. “Qazprom” Almaniya siyasətində mühüm faktora çevrilmişdi, Rusiya kəşfiyyatı bu ölkədə özünü çox rahat hiss edir və hətta Berlinin mərkəzində siyasi qətl törədirdi (Zəlimxan Xanqoşvilinin qətli), rusiyayönümlü siyasi qüvvələr (AfD, Die Linke) ildən-ilə bəslənib, böyüdülürdü.

Ukraynada 2014-cü il hadisələrindən sonra NATO-nun həmin il keçirilən zirvə toplantısında üzv ölkələrdə hərbi xərclərin ÜDM-in 2 faizi həddinə çatdırılması haqda qərar verilməsinə baxmayaraq, Merkel öz hakimiyyətinin sonuna qədər bu qərarı icra etmədi, baxmayaraq ki, Almaniya büdcəsinin imkanları buna rahatlıqla imkan verirdi. Krımın işğalı və Ukraynanın şərqindəki qanlı hadisələrdən sonra Merkel Putinlə yeni enerji layihəsinə (“Şimal axını-2”) başlayaraq onu mükafatlandırdı, 2008-ci il NATO zirvəsində isə o, Sarkozi ilə bərabər Gürcüstan və Ukraynaya Üzvlük üzrə Fəaliyyət Planı verilməsinə veto qoyaraq Putini Gürcüstana hücuma həvəsləndirmişdi...

Yeni kansler Olaf Şoltsun Bundestaqda 27 fevral 2022-ci il tarixli çıxışı tarixi dönüş anıdır. (Zeitenwende.) Şolts Bundesverin (alman ordusu) ehtiyacları üçün 100 milyard avro ayrıldığını və ordunun çox sürətlə ən müasir silah sistemləri ilə təchiz olunacağını açıqladı. Almaniya hökuməti Merkelin ölkənin boğazına keçirdiyi rus enerji asılılığı ilgəyindən tezliklə xilas olmağı qərarlaşdırıb. Bu ilin payızına qədər Rusiya kömüründən imtina edilməsi, ilin sonuna qədər Rusiyadan alınan təbii qazın üçdə iki həcmdə azaldılması hədəfi qarşıya qoyulub. Sürətlə 2 LNG terminalı inşa olunacaq.

Dünən “Qazprom”un Almaniyadakı ofislərində AB antiinhisar xidmətinin apardığı axtarışlar da (süni qiymət artımı iddialarını araşdırmaq üçün) dəyişən geosiyasi reallıqlardan irəli gəlir.

Ukraynanın silah təchizatı mövzusuna qayıdaraq onu qeyd etmək lazımdır ki, Britaniya hökuməti bu ölkəyə ağır artilleriya sistemləri verməyə hazırlaşır. Verilən silahların xarakterində mərhələ-mərhələ dəyişiklik baş verir: əvvəl yalnız müdafiə məqsədli yaxın döyüş silahları verilirdisə, tədricən daha ağır və hücum xarakterli silahların verilməsi gündəmə gəlir. Əlbəttə, yaxşı olardı ki, Qərb dövlətləri ötən illərdə elə silahlar verəydilər ki, Rusiya ümumiyyətlə, Ukraynaya hücum etmək niyyətinə düşməyəydi. Amma bu, bizim (ukraynalıların və onların dostlarının) arzumuzdur, geosiyasət isə çox mürəkkəbdir, hətta amansızdır.

Ukrayna dövləti və xalqı Rusiyanın təslimçi sülh şərtlərini qəbul etsəydi, müharibə olmayacaqdı və heç kim (nə Amerika, nə Avropa) ötən 8 ildə onlara bunu qadağan etməmişdi. Yəni bu aqibət əslində ukraynalıların seçimidir. Rus imperializminin öz  həyati maraq zonası saydığı ölkənin Moskvadan qopmasının bədəli budur və ukraynalılar bunu ödəyirlər. Ukrayna Himninin hələ 1862-ci ildə Çubinski tərəfindən yazılmış sözləri ukraynalıların bu iradəsini çox gözəl ifadə edir:

Azadlığımız üçün ürəyimizi və bədənimizi qurban verəcəyik,

Və biz - qardaşlar - kazak nəslindən olduğumuzu göstərəcəyik. (Tərcümə özümündür)

Bu yöndə əvvəlki cəhdlər daha ümidsiz dönəmlərdə olmuşdu (getmanların dövrü; 1918-ci il; 1941-dən sonra), indi yenə çətin olsa da, daha real şans var. Aqressiv rus imperializminin ekspansionist ambisiyalarının və bu ambisiyaları bəsləyən hərbi, iqtisadi gücünün ciddi şəkildə budanması başlayıb. Ukraynalılar bu işin əsas ağırlığını üzərlərinə götürüblər və özləri üçün də, bizim üçün də, bütün proqressiv dünya üçün də çox mühüm tarixi missiya icra edirlər. İnanıram ki, proses qlobal miqyasda iştahaları olan bu böyük Şərin adi regional oyunçu səviyyəsinə endirilib sakitləşdirilməsi və həddini dərk etməsi ilə yekunlaşacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)