vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜTALİƏ  
16:21 | 6 iyun 2022 | Bazar ertəsi Məqaləyə 2492 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sürpriz adam...

(novella)

Azər QİSMƏT

Ona elə gəlirdi ki, tez öləcək. Kimsə xatırlamayacaq. Və ürəyində tutduğu əməlin icrasına başladı.

Qarşı binanın eyvanında kitab oxuyan qızı sevindirmək qədər gözəl nə ola bilərdi? Qız doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsində yaşayırdı. Yenicə ailə qurana bənzəmirdi, ən azından indi sevişməkdən kitab oxumağa vaxt tapmazdı. Şaqraq gülüşlərin divarları titrətməli olan belə bal ayında qızın kitab oxuması təəccüblü görünürdü. Əgər əri evdə olmasaydı, o başqa. Hərdən ərinin eyvana çıxıb siqaret çəkməsi, qızın başını kitabdan ayırıb ona baxmaması, nəsə anlaşılmazlıq yaradırdı. Ya oğlan nişanlı vaxtı özünü artistliyə qoyub mələklik edirmiş, ya da evlənən kimi buynuzu çıxıb. Çexovun kitabını oxuyan qız səhifələri asta çevirirdi ki, eyvanın məhəccərinə qonan göyərçinlər çörək tikələrini rahat yesinlər. Sevir göyərçinləri, hərdən öz tikəsindən onlara verir. Bu mənzərəni görən oğlan elə o qızdan başladı.

Binanın damına çıxdı. Qızın gözlərinin dikildiyi nöqtə göyərçin kimi qanadlandı. Oğlan göyərçin suvenirinə sap bağlayıb gözlərinin qarşısında yellədəndə, qız gözünü kitab səhifəsindən çəkməyib əlini çörək tikəsinə uzatdı, eyvana pərçimlənən taxta yeşiyə qoydu ki, hürkməsin, rahatlıqla dimdikləsin. Oğlan göyərçini qızın burnuna sürtəndə qız onun sapa bağlanan suvenir olduğunu indi gördü. Ovcuna alıb burnuna, üzünə çəkdi, yuxarı baxdı. Yalnız başı görünən oğlanın gülümsəyib əl yelləməsinin şirinliyini qollarını geniş açıb fırlanması ilə rəngləndirdi. Bir də başını qaldıranda oğlanı görmədi. Sapı düyünləyib göyərçini boynundan asdı.

...Səhərin alatoranında küpəgirən qarının süpürgəsi ilə evdən çıxan qız axşamkı küləkdən hirslənmişdi. Yenə külək, yenə uzaqların küçələrə, prospektlərə yelləndirdiyi yarpaqlar, budaqlar, kağız torbalar. Hər küləyin əsəbiliyi, qaşqabaqlı siması. Daha dua etmirdi ki, külək olmasın. Onsuz da daşa dəyib özünə qayıdırdı. Donuq baxışlarını irəli yönəldib süpürgəsini sürüdü. Ona tapşırılan əraziyə doğru ayağını çəkdi. Üzülmüş insan yeriməz, ayağını çəkər. Kaş, bütün ağacların yarpaqlarını sapla budağa bağlamağı bacaraydı. Kaş, “uzan” əmri ilə uzanan əlləriylə buludu sıxıb tozlu yollara yağış çiləyəydi, bədənini şişirdib zibilləri geri qaytaraydı. Kaşlar onun hər səhərinin daxilini dağıdırdı. Özü kimi sürüdüyü süpürgəsinə yoldan keçənlər baxanda qışqırmaq istədi ki, sümürdüyünüz siqaretləri, yediyiniz “fast-food”ların cığaralarını tökməsəz, mən də işimi tez qurtarıb Sahil parkındakı karuseldə fırlanaram, qarmaqlara keçən balıqların havada qıvrılmasına baxaram, pürrəngi çayın buğunda sifətimin dərisini tərlədərəm. Mənə baxmayın, gedin işinizə, zibiliniz təmizlənəcək. Bilin ki, qolu ufuldayan, gözləri tozlanan, süpürgəsinin xışıltısından başı uğuldayan təhsilsiz qız var. O qız ki...

Süpürgəçi qız bir də onda gördü ki, ərazisində yaşıl gödəkcəli oğlanın zümzüməsi eşidilir.

– Siz kimsiz?

Oğlan qulaqlıqla dinlədiyi musiqiyə çiynini də oynadırdı.

– Siz kimsiz?

Qarşısına keçdi, oğlan fırlandı. Dümsüklədi, oğlan çiyin atdı. Əl atıb başını qaldırmağa utandığından sualını təkrarladı. Oğlan qulaqlığı çıxardı. Qalaqladığı zibilləri qara torbaya töküb ağzını düyünlədi, arxasınca sürüdü. Gedərkən arxaya çevrilib gülümsədi. Gülümsəyəndə geniş alnı dartılan, yanaqları batan oğlan əlini sinəsinə qoyub qədim kişilər kimi təzim də etdi. Qızın gülüşünün şaqraqlığı az qala arzuladığı karuseli də fırladacaqdı.

“Onlar məni xatırlayacaqlar, belə oğlan da vardı. Gülümsəyəndə geniş alnı necə dartılırdı. O mənə göyərçin verdi, o, mənim ərazimi süpürdü. Görəsən, haradadır o oğlan?”. Ürəyim açıldı. Dayanmaq olmaz. Hələ çoxları gözləyir yolumu”.

...Məzun gecəsinə paltar almaq üçün geyim mağazasına girən kişi ağır-ağır yeriyir, qızı uçurdu. Kişi kənarda dayandı, işarə etdi ki, qızı dolanıb istədiyi paltarı seçsin. Bir azdan qız yenidən atasına yaxınlaşdı, əlindən tutub seçdiyi paltarın yanına dartdı. Qızı geyinənə qədər ata satıcı ilə qiymətdə razılığa gələ bilmirdi. İstəmirdi ki, yeganə qızı bu gərginliyi görüb doluxsunsun. Satıcının endirimi də atanı qane etmədi. Qızı geyim otağından çıxıb fırlananda birtəhər gülümsəyib qəşəng yaraşdığını dedi. Qızının aynanın qarşısında fırlanıb özünə baxmağından fürsət tapıb çölə çıxdı. Zəng etdiyi adamlar borc verməyib bəhanələr gətirdilər. İdarənin mühasibi də avans verə bilməyəcəyini deyəndə hirsindən ikinci siqaretini yarımçıq tulladı. İçəri girib satıcıya pıçıldadı ki, “məndən ünvanı istəyərsən, deyərsən ki, bundan yaxşıları da olacaq, sizə xəbər edərik”. Satıcı anladı:

– Xanım, bundan da yaxşıları olacaq.

– Mən bunu istəyirəm axı?!

Ata doluxsunan qızını birtəhər sakitləşdirib bir gün də gözləməsini istədi:

– Bundan da yaxşıları olacaq.

Qız yalnız evdə ağladı: Sinifdəki rəfiqələri məzun gecəsinə aldıqları paltarların şəkillərini göndərəndə. Anasının yemək çağırışına başına çəkdiyi odeyal altından cavab vermədi, için-için ağladı. Qapının zənginə qaçanda da dağınıq saçını sığallamadı. Gülümsəyəndə geniş alnı dartılan, yanağı batan oğlan həmin paltarı tutub gülümsəyirdi. Paltarı verib pilləkənləri enə-enə əl yellədi.

Qız isə paltarı üstünə tutub elə hey fırlanırdı. Nə vaxtsa o məzun gecəsindən saxladığı paltarı atasının, ərinin, övladlarının deyinməyinə baxmayıb atmayacaqdı. Üstündə taxtabitilər gəzəndə naftalin də vuracaqdı, rəngi soluxanda xüsusi yuyucu tozlarla soyuq suda da yuyacaqdı, məzun gecələrinə paltar ala bilməyənlərə birgünlük verib qanadlandıracaqdı. Hərdən paltarın qoxusunu içinə çəkəcək, evdəkilər gülməsin deyə qırışmış və əldən düşmüş bədəninə keçirəcəkdi. Yaşlı bədəninin məzun bədəni quruluşu almasına sevinəcəkdi. Bircə qanadlanıb o cür fırlana bilməyəckdi. Özünə baxdığı güzgünün sağ tərəfində alnı dartılan, yanağı qəmzəli oğlanın necə əl yelləməsinə qanadlanıb gülümsəyəcəkdi. Onu yalnız güzgünün sağ küncündə görəcəkdi. Çünki o oğlan sağ çiynindəki mələk idi. Baxışlardan doyulmayan, ilk sevgi etirafını aldığı bal gecəsinin ən gözəl paltarını o oğlan gətirmişdi. Heç nə demədən, elə pilləkəni enib gülümsəyən oğlan. Qarı da güzgüyə əl yelləyib “səni unutmayacağam” pıçıldayacaqdı. O məxməri paltarı şkafa yerləşdirəcək, otağının qapısını açacaq, doğmalarına yaxınlaşıb “bu gün yaman iştaha gəlmişəm, deyin görüm nənəyə nə bişirmisiz” soruşub yemək masaya gətirilənə qədər çərəzlərdən dənləyəcəkdi. Şəkər xəstəliyinə görə “sənə olmaz” deməyib çiynini çəkəcəkdilər ki, xoşbəxt görünüşünə xətər toxunmasın.

...Oğlan iş yerindən aldığı bülletenin vaxtının bitməsinə qədər hər gün küçələrdə gəzib qəmli gözlər axtarır, qəmli musiqilər altında yeriyənlərin fotosunu çəkirdi ki, unutmasın. Hələ tutuquşuya da pulu çatdı. Gecələr kağızlara xoş sözlər yazıb bürmələyirdi: “Əgər qəmlisənsə, deməli səni xoş sürpriz gözləyir”, “Sənin xoşbəxtliyin keçmişdə olanları unutmaqdan keçir”. Tutuquşunun yeminə son qəpiklərini də verdi. Kağızları şəffaf qutudan çıxarmağı quşa öyrədənə qədər su içmədi. “Sən xoşbəxt olacaqsan” ifadəsini dedirdənə qədər boğazı qurudu. Nəhayət, alınanda, şəhərin prospektlərində qanadlandı, metrostansiyalarda göründü, körpülər altında yatan səfillərlə ocaq çayından içdi. Qaranlıq tunel divarlarına söykənən gecə kəpənəkləri min ailəli kişinin bir gecəlik endirim qiyməti yalvarışları, min əxlaq polisinin əxlaqsız təklifi, min feminist qadının hərəkata qoşmaq istəkləri ilə dolan telefonlarını divara çırpdılar, sutenyorların sifətlərinə endirdiyi zərbələrdən al qana boyanan donlarını çaylara atdılar, yolunmaqdan dibi sızlayan saçlarını uşaqlıqdakı kimi arxaya yığıb “mən qadınam” qışqırdılar, qaçdıqca qaçdılar.

İllər keçdi. Oğlan uzun ömür sürdü. Lakin onu kimsə xatırlamadı. Çünki hamısı ondan əvvəl dünyasını dəyişmişdi.