vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
19:52 | 29 iyun 2022 | Çərşənbə Məqaləyə 748 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO ailəsinin iki yeni üzvü

Ankara ehtiyatı əldən verməyəcək

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə, İsveç və Finlandiya liderləri NATO-nun baş katibi Yens Stoltenberqin vasitəçiliyi ilə Madriddə bir araya gələrək davam edən soyuqluğu aradan qaldıran mühüm razılaşma əldə etdilər.

Memorandumu Türkiyə, Finlandiya və İsveçin xarici işlər nazirləri imzalayıblar.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Rusiya-Ukrayna müharibəsi fonunda İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün tələb ortaya qoymuşdu. 

Ankara, İsveç və Finlandiyanın NATO ailəsinin üzvü olması üçün şərt irəli sürürdü ki, həmin ölkələr PKK və FETÖ terror təşkilatlarının fiqurlarına sığınacaq verməməli və Türkiyənin müdafiə sənayesinə tətbiq edilən embarqolar aradan qaldırılmalıdır. 

Memorandumu qısa tezislərlə təqdim edək: 

1. NATO-nun perspektiv üzvləri kimi Finlandiya və İsveç Türkiyənin milli təhlükəsizliyi əleyhinə yönələn təhdidlərə qarşı tam dəstək göstərəcəklər. 

2. Bu iki Skandinaviya ölkəsi PKK və FETÖ terror təşkilatlarına dəstək verməyəcək. Bildirək ki, sənəddə FETÖ-nün terror təşkilatı olduğu göstərilmir, yalnız qeyd olunur ki, həmin təşkilat Türkiyədə terror təşkilatı kimi xarakterizə edilir. 

3. Hər iki ölkə PKK-nın terrorçu təşkilat olduğunu qəbul edir və ölkələrində terrorçu fəaliyyətin qarşısını almaq öhdəliklərini üzərlərinə götürür.

4. Türkiyə, Finlandiya və İsveç təsdiq edir ki, indi onlar arasında silah embarqosu yoxdur. İsveç NATO müttəfiqlərinə silah ixracı ilə bağlı milli tənzimləmə çərçivəsini dəyişir.

Gələcəkdə Finlandiya və İsveçdən müdafiə sənayesi məhsullarının ixracı ilə NATO-nun həmrəyliyinə, Vaşinqton müqaviləsinin 3-cü maddəsinə uyğun olaraq həyata keçiriləcək.

5. Hər üç ölkə dezinformasiyalara qarşı mübarizə aparmaq üçün öhdəlik götürür.

6. Finlandiya və İsveç Türkiyənin terrorda şübhəli bildiyi şəxslərin deportasiyası və ya ekstradisiyası ilə bağlı gözlənilən sorğularına baxacaq. Bu zaman Ankara tərəfindən təqdim edilən dəlil və kəşfiyyat məlumatları nəzərə alınmaqla problem operativ və hərtərəfli həll ediləcək. Bundan sonra ekstradisiya Ekstradisiya haqqında Avropa Konvensiyasına uyğun həyata keçiriləcək.

7. Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizm yaradılacaq.

Əldə edilən razılaşma ilə “Türkiyə daha çox qazandı” deyə bilərik və bunu heç bir halda geriçəkilmə taktikası kimi dəyərləndirmək olmaz.

Ən azından sənəddən etdiyimiz çıxarışlar belə deməyə güclü əsaslar verir ki, Ankara şərtlərini diktə etdirməklə prosesdən qazanclı çıxdı.

Çünki Türkiyə İsveç və Finlandiyanın bütün hallarda üzvlüyünə veto qoyacağını deməyib, sadəcə şərtlərinin qəbulu çərçivəsində NATO-ya üzvlüyün mümkünlüyünü bildirib ki, bu da reallaşmaq üzrədir. 

Razılaşma ilə Finlandiya və İsveç də NATO “övladı” olmaq şansını qazandı, hərçənd ki, Ankara bundan sonrakı gedişatlara nəzarət edəcək. 

Yəni, Skandinaviya ölkələrinin Avropanın təhlükəsizlik mexanizmlərində iştirakının dəstəklənməsi onların imzalanan sənədin müddəalarına nə dərəcədə riayət etməsindən asılı olacaq.

Türkiyə blef hesab olunan addımlarla real davranışların sərhədini müəyyən edəcək və bundan sonrakı proseslərdə də gəldiyi nəticələr əsasında qərar verəcək.

İmzalanan sənədlər Türkiyə terror narahatlıqlarını NATO-nun gündəminə sənəd şəklində gətirə bildi. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son iki aydakı təkidinin nəticəsidir.

Ərdoğan Türkiyənin təhlükəsizlik maraqlarının qorunması və daxili siyasətdəki reytinqinin saxlanılması üçün mümkün olan ən yüksək rıçaqları məharətlə qazandı.

İndi beyinlərdə bu sual dolaşır ki, Türkiyənin Rusiya ilə münasibətləri soyuyacaqmı? Bir balaca geniş yanaşsaq, “xeyr” cavabını verə bilərik, çünki Türkiyə NATO üzvü olsa da, Qərblə Rusiya arasındakı sərhədinin təməllərini əhəmiyyətli şəkildə dəyişməyəcək.

Ancaq ümumi narazılıqlar meydana çıxacaq ki, bunu da Ankara ilə Moskva yoluna qoyacaq.