vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
22:29 | 9 iyul 2022 | Şənbə Məqaləyə 811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abe Yaponiyanı “gözəl xalq” kimi təsvir edirdi

Narada insanlar qətlə yetirilən keçmiş baş nazirin xatirəsini yad edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaponiyanın keçmiş baş naziri Şinzo Abeninin cəsədini daşıyan avtokarvan şənbə günü onun paytaxt Tokiodakı evinə gedib. Ölkənin qərbində yerləşən Nara şəhərində polis həmin gün təhlükəsizlik tədbirlərində qüsurların olduğunu deyib.

Cümə günü insanlar Yaponiyanın ən uzun müddət vəzifədə olan müasir liderinin evinin önünə və kampaniya çıxışı edərkən silahla öldürüldüyü yerə toplaşıb. Ölkənin siyasi isteblişmenti onun qətlini demokratiyaya hücum adlandırıb.

Polis Abeni yaxın məsafədən güllə ilə vuran 41 yaşlı şəxsi dərhal saxlayıb. Onlar şübhəlinin evdə düzəldilmiş silahdan istifadə etdiyini bildirib. Cümə günü kampaniya tədbirində xidmət göstərən yerli polis qüvvəsi şənbə günü təhlükəsizlik tədbirlərində nöqsanların olduğunu bildirib.

“Hadisənin nə ilə nəticələndiyini nəzərə aldıqda təhlükəsizlik planı ilə bağlı problemlərin olduğunu inkar edə bilmərik”, – Nara prefekturasının polis idarəsinin rəisi Tomoaki Onizuka mətbuat konfransında deyib.

“Mən çox böyük məsuliyyət hiss edirəm”, – o deyib və əlavə edib ki, polis nəyin yanlış olduğunu təhlil edib, hər hansı lazımı dəyişikliyi həyata keçirəcək.

Yaponiya parlamentinin yuxarı palatasındakı yerlər uğrunda səsvermə planlaşdırıldığı kimi bazar günü keçiriləcək.

Baş nazir Fumio Kişida cümə günü Abenin qətlindən sonra təcili olaraq Tokioya dönəndən sonra yenidən regiondakı seçicilərlə görüşmək üçün kampaniya turunu davam etdirib.

Kişidanın seçkiqabağı nitqlə çıxış etməli olduğu Fujiyoşida şəhərindəki məkanda, adətən cinayət nisbətinin çox aşağı olduğu Yaponiyada seçki tədbirlərində görünməyən metal axtaran cihaz quraşdırılıb. Bundan əlavə əraziyə çox sayda polis göndərilib.

Tokionun təxminən 450 kilometr cənub-qərbində yerləşən Narada insanlar Abenin şəklinin olduğu masanın üzərinə gül qoymaq üçün növbəyə dayanıb.

“Mən Narada belə bir hadisənin baş verdiyinə görə şokdayam”, – 50 yaşlı ev xanımı Natsumi Niva deyib.

Niva söyləyib ki, oğlu Masakuninin adı üçün mühafizəkar və iqtisadiyyatı tənzimləməyə yönəlmiş “Abenomics” siyasətinin memarı olan Abedən ilham alıb. Abe Yaponiyanı “gözəl xalq” kimi təsvir edirdi. “Kuni” yapon dilində xalq deməkdir.

Polis hələ də şübhəlinin səbəbi və cinayətə hazırlığı ilə bağlı detalları öyrənməyə çalışır.

Yaponiya mətbuatı polis mənbələrinə istinadən bildirib ki, şübhəli Tetsuya Yamaqami polisə deyib ki, o, Abenin anasanın maddi cəhətdən məhv olmasına və ailəsinin dağılmasına görə günahlandırdığı dini qrupla əlaqəsinin olduğuna inanırdı.

Polis həmin qrupun nə olduğunu hələ ki, açıqlamayıb.

Şübhəli müstəntiqlərə deyib ki, o, Abenin kampaniya çıxışları etdiyi başqa yerlərə, o cümlədən Naradan 200 kilometr uzaqda yerləşən Okayama şəhərinə də getdiyini deyib.