vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
15:01 | 31 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 1565 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin təhlükəli ssenarisi

Rusiya Qarabağda ayrı “dövlət” yaratmaq istəyir

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Xankəndidə keçirilən aksiya Rusiyanın Azərbaycana qarşı təşkil etdiyi növbəti təzyiq idi. Nikol Paşinyan sülhməramlıların “mandatının” uzadılmasına qərar verə bilməz. Ermənistanın buna heç bir hüququ çatmır. Amma Nikolun etdiyi açıqlama Ermənistan Respublikasının mövqeyindən daha çox Rusiyanın marağını özündə əks etdirir.

Çünki Qərbə inteqrasiya yolunu seçən Paşinyan bunu istər Brüssel, istərsə də Praqa görüşlərində açıq-aydın göstərdi. Hələ bu azmış kimi Qərblə son aylar İrəvan arasındakı diplomatik təmasların əvvəlki zamanlarla müqayisədə bir xeyli artması, qarşılıqlı səfərlərin həyata keçirilməsində də tərəflərin aktivliyinin nəzərə çarpacaq dərəcədə çoxalması Ermənistanın Qərbə inteqrasiya siyasətinin əsas hissəsidir.

Bu hadisələr fonunda birdən-birə Paşinyanın ruspərəst bəyanat səsləndirməsi Soçi görüşü öncəsi həm özünü sığortalamaqdan irəli gələn məsələdir, həm də Kremlin təzyiqlərini üzərində azaltmaq məqsədi daşıyır.

Elə belə bir məqamda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətindəki Qarabağın Xankəndi şəhərində genişmiqyaslı etiraz aksiyasının keçirilməsi məsələsi də bir yandan Rusiyanın Paşinyana təzyiq vasitəsi kimi şərh edilirsə, digər tərəfdən də Moskvanın bölgədə erməni baş nazirin də qeyd etdiyi kimi sülhməramlıları daha uzun müddətə saxlayaraq regiondakı proseslərə istədiyi zaman müdaxilə imkanına malik olmaq məqsədi daşıyır.

Bununla da Kreml Soçi görüşü öncəsi həm Bakıya, həm də İrəvana sülhə gedən yolda Moskva variantını labüd hesab edib, Rusiyanın vasitəçiliyini dəstəkləmələri üçün bir mesaj verir.

İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı gözləntilərin az olmadığı bir vaxtda Qərbin təklif etdiyi sülh variantını neytrallaşdırmaq və masadan qaldırmaq məqsədilə Moskvanın istənilən destruktivliyi nümayiş etdirəcəyi istisna edilmirdi.

Xankəndidəki böyük izdiham Rusiyanın bu istiqamətdə düyməyə basdığının nümayişkəranə elanıdır!

Xankəndində dünən keçirilmiş genişmiqyaslı mitinqin təşəbbüskarı və planın müəllifinin kimliyi ilə bağlı bəzi vacib məqamların üstü açılır.

Nəzərə alsaq ki, mitinqin sırf təşkilati işləri ilə Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyun, sabiq prezident Robert Köçəryanın tərəfdarları və Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın “Şərəfim var” siyasi hərəkatı məşğul olublar və maliyyələşmə ilə bağlı “problem”lərin həlli erməni əsilli rusiyalı milyarder, Xankəndindəki separatçı rejimin “dövlət naziri” təyin edilmiş keçmiş rus vətəndaşı Ruben Vardanyana həvalə olunub, burada Rusiyanın barmağı olduğu istisna edilə bilməz. Adı çəkilən şəxslərin kim(lər)ə xidmət etdiyi, hansı dövlətin sifarişlərini uzun ullər icra etdikləri heç kimə sirr deyil.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti aksiyada əsas yükü üzərinə götürüb. Kontingentin komandanı, general-mayor Andrey Volkov məhz bu mitinqin keçirilməsində əsas fiqurlardan biri olub. Bunu onun verdiyi bəyanat da təsdiq edir. Belə ki, A.Volkov sülhməramlı kontingentin komandanı səlahiyyətlərini aşaraq ermənilərə bildirib ki, əgər Ermənistan rəhbərliyi Rusiyanın təklif etdiyi sülh müqaviləsi variantından imtina edərsə, sülhməramlı missiya buraları tərk edəcək. O, bu çıxışı ilə erməniləri seçim qarşısında qoyaraq Kremlin təzyiqini Xankəndi ermənilərinə hiss etdirib.

Rusiya bu izdihamlı mitinqin keçirilməsində Ermənistandakı bütün gizli və aşkar silahlarını işə saldı. 26 min nəfər iştirak etdiyi Xankəndindəki mitinqdə əgər sülhməramlıların müvəqqəti nəzarətindəki yerlərdən cəmi 8-9 min aralığında iştirakçı toplamaq mümkün olubsa, demək ki, yerdə qalanları ancaq və ancaq Ermənistandan gətirilə bilərdi. Təxminən 18-19 min insanın kütləvi sürətdə bir gün içərisində kiçik maşınlarla daşınmasının Laçın dəhlizinə alternativ yeni yolda hansı mənzərəni yaradacağını təsəvvür etsək, Rusiyanın diqqət çəkməmək üçün bu variantdan imtina edərək bu qədər adamı avtobuslarla, yük maşınları ilə daşıdığı variantına daha çox inanmaq olar.

Bu avtobus və yük maşınları karvanının Laçın dəhlizindən maneəsiz, yoxlamalarsız buraxılması məsələsinin birbaşa olaraq şəxsən A.Volkov tərəfindən əmr edildiyi də şübhə doğurmur. Volkov isə sadəcə Moskvadan gələn əmri icra edir.

Putinin Valday klubundakı çıxışından sonra və Soçi görüşündən öncə Xankəndində minlərlə erməninin böyük aksiya keçirməsi qondarma rejimin tam olaraq Rusiya himayəsində olduğunu bir daha göstərdi. Qondarma parlamentin qəbul etdiyi bəyanat da Rusiya prezidentinin Valdaydakı çıxışı ilə ardıcıllıq təşkil edir: “heç bir halda Qarabağ Azərbaycanın tərkib hissəsi olmayacaq”.

Həmçinin qondarma parlamentin qəbul etdiyi bəyanatda Rusiyanın Qarabağdakı “təhlükəsizlik” öhdəliyinə davam etməsi istənilir. Bir sözlə, qondarma rejim tam şəkildə Moskvanın proksisi rolundadır. Rusiyanın istənilən variantda öz qoşunlarını Qarabağda müddətli və müddətsiz saxlamaq istədiyi bəllidir.

Bu etiraz aksiyası ilə Moskva Soçi görüşünün nəticələrinə təsir göstərməyə cəhd edir. Rusiya Bakıya Moskva variantını seçib, prosesləri bir qədər axarına buraxması üçün bu cür təzyiq vasitəsini seçib.

Hazırkı konyukturada Rusiyanın Qarabağ “münaqişəsi” ilə bağlı mövqeyi və istəkləri bəlli olduğu üçün Soçidə hansısa ciddi sənəd imzalanıb imzalanmayacağından daha çox, Putin bu görüş vasitəsilə Qərbə sülh müqaviləsinin razılaşdırılması prosesinin öz himayəsində olduğunu, öz şərtləri çərçivəsində yekunlaşacağını göstərmək istəyəcək.

Xankəndi, avqust:

Belə aydın olur ki, Rusiya Qarabağın məlum ərazilərini tamamilə daxili məsələsinə çevirmək yolunda bütün gücü ilə çalışır. Bu ilin avqust ayının axırlarında Ermənistanda Rusiya əleyhinə ciddi narazılıqların hökm sürdüyü bir vaxtda sülhməramlıların müvəqqəti nəzarət zonasında (Xankəndidə) “Rusiya bayrağı günü”nün böyük təmtəraqla qeyd edilməsi deməyə əsas verir ki, Nikol Paşinyan istəsə də, istəməsə də Rusiya Qarabağın dağlıq hissəsindəki ermənilərin “təhlükəsziliyi” məsələsini Ermənistanın daxili məsələsi aspektindən çıxararaq özününküləşdirib.

Bu isə o deməkdir ki, Qarabağ məsələsi daha Ermənistanın yox, məhz Rusiyanın “əsas məsələsi” kimi ön plana çıxmağa başlayır. Bu gün sülhməramlıları vasitəsilə o ərazilərdə yerləşən Rusiya Qarabağda öz dövlət bayramlarını Ermənistan daxilindən fərqli olaraq çox rahat, sakit, etirazla qarşılaşmadan qeyd edirsə, bu, həmən yerlərin Rusiya səlahiyyətləri ilə idarə olunduğu anlamına gəlir və Kreml bunu əbədiləşdirmək sevdasına düşüb. Separatçılar orada sadəcə həmin ərazidə Moskvaya Azərbaycanla münaqişəli vəziyyəti saxlamaq, vaxtaşırı ərazi iddialarını qaldıraraq aradakı gərginliyi artırmaqla Rusiyanın Ukrayna ilə müharibədən başı açılana qədər zaman üçün lazımdır. 

Moskvada isə görünür düşünürlər ki, bunu ancaq köhnə ssenari ilə reallaşdıra bilərlər: Kreml Qarabağ məsələsini 1988-ci il səviyyəsinə qaytarmaq niyyətindədir. Azərbaycan indi daha çətin mərhələnin başlanğıcındadır. 1988-ci ildə ermənilər Moskvadakı havadarlarına və erməni diasporunun maliyyə yardımlarına, eləcə də lobbilərinin güclü olduğu dövlətlərin ayrı-ayrı siyasətçilərinin və partiyalarının gücünə güvənirdilərsə, indi konkret dövlətlərlə ikitərəfli müttəfiqlik müqavilələrinə güvənərək yeni səhifə açmaq niyyətindədirlər.

Putin də bu gün nəhayət Soçidə Qarabağla bağlı kartlarını açacağı gözlənilir. Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün gündəliyi rəsmən açıqlanmasa da, əsas müzakirə mövzusunun sülh sazişi və Zəngəzur dəhlizi ilə bağlı olacağı ehtimalları son bəyanatlar fonunda çox yüksək qiymətləndirilir.

Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Qərbin yol xəritəsinin məlum olduğu bir vaxtda, Soçidəki taleyüklü görüşlə də Rusiyanın əsas məqsədinə aydınlıq gəlmiş olacaq. Rusiyanın yol xəritəsi daha çox Qarabağın dağlıq hissəsi ilə bağlı məsələni gələcəyə saxlamağı özündə ehtiva etdiyi Moskva planında da əksini tapıb.

Xatırlasaq ki, son günlər Rusiya telekanallarda Azərbaycana qarşı aparılan informasiya müharibəsi, bəzi dairələrin Qafqazla bağlı fikirlərinin nədən ibarət olduğunu bu görüşə kimi göstərib, o zaman proseslərin bundan sonarkı axarı Azərbaycanla Türkiyəni yeni addımlar atmağa sövq edə bilər ki, bu zaman da sonunun savaşla yekunlaşmaq ehtimalı yüksəkdir. 44 günlük müharibəyə kimi ATƏT-in Minsk Qrupunun üç həmsədr üzvü olan dövlət və eləcə də Ermənistanın 30 il ərzində münaqişəli vəziyyəti uzatmalarının nəticəsi indi bütün dünyaya məlumdur. Yekunda müharibə qaçılmaz oldu.

Danışıqlarda Moskva variantının əsas götürülməsi Qarabağla bağlı mübahisəli məsələnin bundan sonra da qeyri-müəyyən müddətə qədər saqqız kimi uzanmasına gətirib çıxarmaq demək olacaq. Amma Azərbaycan bu dəfə vaxtın uzadılmasına izin verməyəcək. Bu isə yeni müharibəyə gətirib çıxara bilər.

 

Üçüncü savaşın anonsu

 

Önümüzdəki il 3-4 ay müddətində sülh müqaviləsinin imzalanması ləngiyərsə, regionun yeni müharibəyə şahid olacağı istisna edilmir. Rusiyanın və Qərbin rəqabət meydanına çevrilmiş Cənubi Qafqazda sülh quruculuğu prosesi çərçivəsində davam edən danışıqlar prosesində Bakının növbəti dəfə qəti mövqe sərgiləyəcəyi gözlənilir.

Rusiyanın bu gün Soçidə 15 bəndlik təklifində Qarabağla bağlı bəndi aktuallaşdırmaq istəyi öz əksini taparsa, bu Bakının ciddi etirazı ilə qarşılanacaq.

Bütün bunları erməni baş nazir də çox yaxşı başa düşür. Amma vəziyyətdən agah olan Paşinyanın Soçi səfəri öncəsi “Biz heç kimə Ermənistan Respublikasının ərazisindən dəhliz verməyəcəyik. Bu, əsaslı və dönməz mövqeyimizdir” açıqlaması bir yandan İrəvanın danışıqlar prosesindən, 10 noyabr üçtərəfli bəyanatından imtinası anlamına gəlirsə, digər tərəfdən də erməni baş nazir bununla Soçi görüşündə Bakını Rusiyadan tərəflərdən biri kimi asılılığına can atmaqdır. Amma Paşinyan bu bəyanatın onlara Laçın dəhlizinin bağlanması hesabına başa gələcəyini də gərək nəzərə alardı.

Moskva üçün Paşinyanın bu ikitirəliyi indiki məqamda bəlkə də onun üçün ən məqbul variantlardan biridir. Çünki aşağı-yuxarı rəsmi Kreml də hazırda Bakıya qarşı eyni oyunu oynamaqla məşğuldur.

Putin Valday konfransında çıxışı zamanı da Vaşinqton variantının Qarabağ üzərində Azərbaycanın tam hakimiyyətinin tanıdığını açıqlaması, Moskvada buna əks variantın mövcud olduğu demək idi. Bunun əksi isə Azərbaycanın ərazi bütövlüyünə təhdid, hörmətsizlikdən başqa bir şey ola bilməz. Hərçənd ki, bu açıqlamanın erməni ictimai rəyi üzərindən Ermənistan hakimiyyətinə təzyiq dalğası yaratmaq gedişi olduğu da bəlli idi, lakin Paşinyanın xüsusi nümayəndəsi Edmon Marukyanın “Vaşinqton sənədi”nin olmadığını, Qərbin şifahi təklif verdiyini deməsi, İrəvanın Moskva ilə ortaq məxrəcə gəldiyinə əsaslı şübhələr yaradır.

 

Bakı əjdahanın başı ilə savaşır

 

Lakin həm Ermənistan hərbi-siyasi rəhbərliyinə, həm Xankəndidə ötən gün etiraz aksiyası keçirən, Azərbaycanın tərkib hissəsi olmaq istəmədiklərini bildirən ermənilərə, həm də onlara havadarlıq edən Rusiya hamisinə xatırlatma: Prezident İlham Əliyev açıq bəyan edib, özü də bir yox, bir neçə dəfə ki, “Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq”.

Ermənistan birmənalı şəkildə anlamalıdır ki, sülhə aparan yol iki tərəfin (Ermənistan-Azərbaycan) də soyuq strateji yanaşma nümayiş etdirib, qarşılıqlı anlaşmasından keçir ki, nəticədə bu konstruktivlik Moskvanın bölgədən uzaqlaşdırılması ilə nəticələnə bilər. İndi belə bir fürsət yaranıb. Bu fürsət qaçılacaqsa, bundan ən çox Ermənistan tərəfi itirəcək və düşmənçilik yenə sonrakı nəsillərə ötürülmüş olacaq.

Tarix Azərbaycanı indi daha ciddi sınaqla üz-üzə qoyub. Amma bu imtahandan xalqımızın və dövlətimizin üzü ağ çıxması üçün 34 il əvvəllə müqayisədə bütün resursları mövcuddur. Dövlətimizin ikitərəfli və çoxtərəfli müqavilələr əsasında Türkiyə, Türk Dövlətləri Təşkilatlarına üzv dövlətlərlə, Pakistan və İsrail kimi müttəfiqləri var. Ən vacib və əhəmiyyətlisi isə xalqın düşmənə qarşı birləşmək, mübarizə əzmi kimi vacib keyfiyyəti var. Necə ki, biz bunun nümunəsini Vətən müharibəsi zamanı gördük.