vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
09:28 | 4 aprel 2014 | Cümə Məqaləyə 1843 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hakimin sürücünü döymə məsələsi böyüdü

Hakim Rauf Əliyev «Döyməmişəm, döyülmüşəm» dedi; ««Azpetrol» sürücüsünü müdafiə edəcəkmi» sualı açıq qalıb

E.MƏMMƏDƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün əvvəl Rəsulzadə-Novxanı şossesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə «Azpetrol» Şirkətlər Qrupunun sürücüsü İlqar Paşayev arasında mübahisə yaranıb və sonradan dava-dalaşa çevrilib. Nəticədə hadisə yerinə bir qrup polis əməkdaşı gəlib, sürücü həbs edilib. Hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən bizimyol.info-ya daxil olan məlumata görə, hadisəyə səbəb R.Əliyevin işıqforu qırmızı işıqda keçərək qəza şəraiti yaratması olub:

«Qaydanı pozmasına baxmayaraq, hakim avtomobildən düşərək sürücünü söyməyə başlayıb və sonra onu vurub. İlqar Paşayev da onun hərəkətlərinə cavab verib. Hakim hadisə yerindən Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində rəis müavini işləyən oğlu Bəhruz Əliyevə zəng edib. Bir neçə polis əməkdaşı ilə hadisə yerinə gələn B.Əliyev İ.Paşayevi döyərək bölməyə aparıb. Burada onun barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi (Xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə olunmaqla törədildikdə) ilə cinayət işi açılıb. Sürücünün günahı təsdiqlənərsə onu 3 ildən 7 ilədək həbs cəzası gözləyir».

Mənbə bildirib ki, baş verən olay yaxınlıqdakı nəzarət kamerası tərəfindən qeydə alınıb. Qeydlərə baxış keçirilərkən davaya hakim R. Əliyevin təşəbbüs etdiyi əksini tapıb. Qaynaq daha sonra bildirib ki, hazırda iş Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Zamanov tərəfindən araşdırılır. «Müstəntiq işə qərəzlə yanaşır, yuxarıda bəhs olunan videogörüntüləri gizlədir, sürücü İlqar Paşayevin əlində heç bir əşya olmadığı halda CM-in 221.3-cü maddəsi ilə cinayət işinə başlayıb. Rauf Əliyev öz hakim səlahiyyətindən istifadə etməklə sürücünü tutdurmaq istəyir. Müstəntiq Elşən Zamanov da işi bu istiqamətdə aparır» - deyə mənbə vurğulayıb.

R.Əliyev virtualaz.org saytına açıqlamasında bu yazıların həddən artıq şişirdildiyini və təhrif olunduğunu deyib: «Mənim 60 yaşım var. O isə cavan oğlandır. Mənim onu döyməyim necə mümkün ola bilər? Bu, heç də inandırıcı deyil. Bunu nə üçün yazıblar - bilmirəm. İstintaq davam edir. Baş verən hadisə yazılarda təhrif olunub. Paşayev mənə fiziki təsir göstərib, xəsarət yetirib. Əlimi dəmir alətlə vurub əzmişdi. Bunu sübut edən fotolar da var».

Hakim Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsində rəis müavini işləyən oğlu Bəhruz Əliyevin hadisə yerinə gəlməsi haqda yazılanların həqiqət olmadığını bildirib. Məhkəmə hakimi hadisənin nə səbədən baş verməsindən də danışıb: «Həmin şəxs avtomobili təhlükəli sürürdü. Maşını az qala üstümə sürəcəkdi. Mən də ona əllə işarə etdim ki, bu necə maşın sürməkdir. İşıqforda gəlib mənə dedi ki, mənə niyə əl elədin. Heç maşından düşməyimə də imkan vermədi».

Baş verən hadisənin nəzarət kameralarına düşməsinə gəlincə, R.Əliyev bu haqda məlumatının olmadığını və hadisənin onun danışdığı kimi baş verdiyini söylədi: «Mən hüquqşünasam. Hadisəni təhrif edə bilmərəm».

R.Əliyev hadisənin martın 20-də saat 15:12-də baş verdiyini qeyd edib. ANS məsələyə aydınlıq gətirmək üçün hakimin oğlu Bəhruz Əliyevlə əlaqə saxlayıb. 

«Mən bu məsələdən sonra xəbər tutmuşam. Lakin hadisə yerində heç vaxt olmamışam. Axı hansı ata istər ki, oğlu problem yaşasın. Mənə sonradan atamın döyülməsi barədə deyiblər. Bir də, atam həmin şəxsdən yaşlıdır və onu döyməsinə heç fiziki baxımdan da gücü çatmaz. Deməli, iddia yalandır. Hansı zəmanədə yaşayırıq ki, polis küçənin ortasında istədiyi adamı döysün?» - deyə Bəhruz Əliyev bildirib.

Qeyd edək ki, B. Əliyevin rəis müavini olduğu ərazi 4-c mikrorayon ərazisidir. Lakin hadisə 4-cü bölmənin ərazisində baş verib. Məhz orada hansısa əməliyyat keçirməyə də 4-cü bölmənin və ümumi idarənin əməkdaşları səlahiyyətlidir.

B.Əliyev deyib ki, insidentlə bağlı məsələ məhkəmə tərəfindən araşdırılır: «Məhkəmə qərar çıxarandan sonra hadisənin günahkarı məlum olacaq. Mən bu məsələ ilə məşğul olmuram. Heç maraqlanmamışam da. Çünki sonra deməsinlər ki, oğlu polis işləyir, məsələyə müdaxilə edir. Heç bir müdaxilə olmadan yazırlar. Gör mən indi məsələ ilə maraqlansam, nələr yazarlar».

«Azpetrol» şirkətindən sürücüyə vəkil ayrılıb-ayrılmaması haqda məlumat ala bilmədik. Bununla belə, sürücünün vəkilini, nümayəndəsini və yaxınlarını da dinləməyə hazırıq. («Yeni Müsavat»)