vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:54 | 25 noyabr 2017 | Şənbə Məqaləyə 3006 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pullar qayıtmadı

Azərbaycanda xalq şairinin qohumlarının 3 milyon manatı mənimsənildi

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftənin ən səs-küylü məhkəmə proseslərindən biri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Burada dələduzluqda, mənimsəmədə təqsirləndirilən «Dəmir Bank» ASC-nin Bayıl filialının sabiq müdiri 31 yaşlı Fərəh Rəşadətli, xəzinədarı 31 yaşlı Tamamgül Xanlarova və bankın əməkdaşı 28 yaşlı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.


Bir ailənin üzvləri və 3 milyon manat

 

İstintaq yolu ilə müəyyən edilib ki, Fərəh Rəşadətli «Dəmir Bank» ASC-nin Bayıl filialının müdiri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda əmlakı ələ keçirib, dələduzluq edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib.

O, Tural Axundovdan 395 min manat, Əzizə Axundovadan 1 milyon 155 min manat, Bəhruz Axundovdan 400 min manat, Pərvanə Əliyevadan 400 min manat, Gülnur Axundovadan 300 min manat, Sevda Xəlilovadan 300 min manat, Firəngiz Xəlilovadan 150 min dollar, Rüstəm Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib. Qeyd edək ki, adları çəkilən şəxslər Azərbaycanın xalq şairi Xəlil Rzanın qohumlarıdır.

«Dəmir Bank»ın nümayəndəsi Firudin Quliyev mülki iddia qaldıraraq banka dəymiş maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

 

Qohum bank müdiri

 

Təqsirləndirilən Fərəh Rəşadətli istintaqa verdiyi ifadəsində 2011-ci ildən etibarən «Dəmir Bank» ASC-nin Bayıl filialına müdir təyin olunduğunu, 2016-cı ilin avqustunda rəhbərlik tərəfindən işdən azad edildiyini göstərib. İşlədiyi dövrdə filial müdiri olaraq kreditlərin verilməsinin təşkil olunmasına, əmanətlərin banka cəlb edilməsinə və işçilərin iş fəaliyyətinə nəzarət edib.

«Bayıl» filialına əmanət yerləşdirən Bəhruz Axundov, Tural Axundov, Pərvanə Əliyeva, Əzizə Axundova, Gülnur Axundova, Sevda Xəlilova və Firəngiz Xəlilova ilə uzaq qohumluqları olub.

 

Bütün sənədlər saxtalaşdırılıb

 

F.Rəşadətli ifadəsində göstərib ki, adları çəkilən qohumları biznes fəaliyyəti ilə əlaqədar pullarını əmanət kimi banka yerləşdirib faizini alaraq qazanc əldə etmək istəyiblər. Əmanət müqaviləsinə uyğun olaraq həmin müştərilərə hər ay əmanətlərinin faizləri vaxtlı-vaxtında ödənilib: «2015-ci ilin fevralında devalvasiya ilə əlaqədar filiala yerləşdirdikləri əmanətlərini dollara çevirmələrini istədikdə bunu formal qaydada əmanət kitabçasına qeyd etdim, əslində isə çevirmədim. Müştərilər əmanətləri dollarla geri tələb etdikdə isə ödəmək iqtidarında olmadım».

F.Rəşadətli istintaqa verdiyi ifadəsində bildirib ki, əmanət müqavilələrinin bank tərəfindən müəyyən edilmiş müqavilə şərtlərinə və standartlara uyğun olmayan şərtlərlə, yəni yüksək faiz və məbləğlər göstərməklə bağlamaqda məqsədi həmin müştərilərin cəlb edilməsi və əmanətlərinin ona etibar edilməsi olub. Həmin müqavilələrdə təsadüfi nömrələr qeyd edilib. Qeyd olunan sənədlərə aidiyyəti olmayan möhürlər vurulub. Həmin müqavilələr və əmanətlər barədə digər işçilərin məlumatı olmayıb. Möhürü sənədlərin üzərinə özü vurub. Möhür və ştampları sənədlərə vurmaqla əmanətçilərin təqdim etdiyi vəsaitlərin banka mədaxil olunması görüntüsü yaratmaq niyyətində olub. Həmin müqavilələri özü kompüterdə tərtib edib, müştərilərin adlarına tərtib etdiyi əmanət kitabçalarında «müdir», «xəzinədar», «əməliyyatçı» qrafalarında olan imzaların hamısı özü tərəfindən icra edilib.

Həmçinin ifadəsində göstərib ki, əmanətlərin bir hissəsini banka mədaxil etsə də, digər hissəsini bəzi xərclərini ödəmək və qazanc əldə etmək üçün özündə saxlayıb, şəxsi iş qurmaq üçün sərf edib. Lakin işi alınmadığına görə pulları qaytara bilməyib.

Məhkəmə prosesi dekabrın 22-də davam edəcək.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırlıq iclası zamanı F.Rəşadətlinin barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

F.Rəşadətli 3 milyon manata yaxın pulu mənimsəməkdə, bankın digər iki əməkdaşı isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinirlər. Cinayət işində 7 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.