“Məni ancaq sən çıxara bilərsən”
Həbsdə olan icra məmuru aldatdığı qadınla barışdı: “Biz düşmən deyilik”
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qəmər Miriyeva ifadə verib.
Şahid deyib ki, təqsirləndirilən şəxsin anası ilə münasibətləri yaxşı olub: "Mən anasını tanıyıram. Münasibətlərimiz bir qonşu kimi həmişə yaxşı olub. Bu işlə bağlı heç nə bilmirəm. Anası Mirvari xala bir gün mənə dedi ki, köçəcəklər. Əşyalarını yığmağa mən də kömək etdim. Gedəndə mənə selofanda sənədlər verdilər. Dedilər ki, zəngləşib Xamis adlı şəxsə verərsən. Mən də onların xahişini yerinə yetirdim. Onlar evi satıb getdilər. Məni də bu sənədlərə görə istintaqda dindirdilər. Heç nə bilmədiyimi dedim".
Məhkəmənin gedişatında məlum olub ki, zərərçəkmişlə Asif arasında münasibətlər yaxşılaşıb. Belə ki, Asif Məmmədov ötən proseslərdə mübahisə etdiyi, hətta təhqir etdiyi zərərçəkmiş Naibə Piriyeva ilə mülayim danışmağa başlayıb. Zərərçəkmiş də Asifin dediklərinə gülümsəyərək cavab verib. Tərəflər arasındakı bu münasibət məhkəmənin də diqqətindən qaçmayıb.
Hakimin “deyəsən barışmışınız” sualına Asif cavab verib. Deyib ki, Naibə Piriyeva ilə əvvəlcədən də küs deyilmiş: “Əsəbiləşib artıq nəsə demişəm. Amma biz düşmən deyilik”.
Daha sonra Asif üzünü zərərçəkmişə tutaraq deyib: “Ay Naibə, bilirəm ki, məni burdan ancaq sən çıxara bilərsən”.
Məhkəmə iclası fevralın 26-da davam etdiriləcək.
Bildirək ki, zərərçəkmiş Naibə deyib ki, qızıl alveri ilə məşğul olub. O bildirib ki, Asif Məmmədovu Binəqədi Rayon Polis İdarəsində olarkən tanıyıb.
Naibə Piriyeva qeyd edib ki, həmin vaxt Samirə adlı qadın ona qarşı dələduzluq etdiyi üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.
“Bu işi araşdırmağı Asif Məmmədova tapşırdılar. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi araşdırdı və sonda da razı qaldıq. Amma sonradan Asif özü mənə qarşı dələduzluq etdi” - deyən zərərçəkmiş Asif Məmmədovla aralarında yaranan yaxın tanışlığı da məhkəməyə izah edib.
Naibə Piriyeva deyib ki, onun şikayəti ilə bağlı araşdırma gedən zaman elə olub ki, evə gecə saatlarda gedib. Bu zaman Asif onu və digər şəxsləri maşınla evlərinə aparıb: "Beləcə onunla dostlaşdıq. O oğlumla da tanış oldu. Anasını da bizimlə tanış etdi, ailələrimiz bir-birimizin evinə gedib-gəldi. Asifə oğlum, o da mənə ana deyirdi".
Aldadıldığını deyən Naibə Piriyeva Asif Məmmədova ilk dəfə oğlunu İqtisadiyyat Nazirliyinə işə düzəltmək üçün Asifə 15 min verdiyini söyləyib.
Zərərçəkmiş deyib ki, Asif Məmmədov yalandan toy edərək pul yığıb. Naibə Piriyeva bu işdə ona kömək etdiyini də etiraf edib:
“Mənim bununla münasibətim yaxşı idi. Anası Mirvari xanımla da tanış olmuşduq, səmimi münasibətimiz var idi. Bir gün anası mənə dedi ki, qız tapım. Mənə dedi ki, yalandan toy edib pul yığmaq istəyirlər. Mən də belə bir adam tapa bilməyəcəyimi dedim. Amma məsləhət verdim ki, gəlinsiz toy etmək olar. Dini toy adı ilə qızın iştirakı olmadan məclis təşkil edə biləcəklərini dedim. Ağıllarına batdı və razılaşdılar. Asif Ədliyyə Nazirliyində, polisdə tanıdığını hamını toya çağırmışdı. Restoranda ancaq kişilər idi. Anası, mən və daha 6 nəfər qadın yaxınları da orada idik. Amma biz restoranın ikinci mərtəbəsində oturmuşduq. Onlar toy edib pul yığdılar”.
İttihama görə, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevanı aldadıb. Belə ki, onları işə düzəldəcəyini deyərək pullarını alıb.
A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.