“Heç kimi tutdurmaq niyyətim yoxdur”
Şikayətçi məhkəmədən vaxt istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Ələt limanının sabiq rəisi, polis polkovnik-leytenantı Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə şahid qismində "Caspian Fish"in əməkdaşı Gülməmməd Muradov ifadə verib. Şahid ifadəsində Fərhad Məmmədxanovu su polisində rəis olan vaxtlardan tanıdığını deyib: "O vaxt müsadirə olunan balıqları bizə təhvil verirdilər. Həmin vaxtdan Fərhad müəllimlə aramızda münasibət yarandı. Bir gün dedi ki, bir dostu var, iş qurmaq üçün pul təklif edir. Razılaşdıq, rayonda böyük ferma tikdik, işləri qurduq”.
Şahidin ifadəsinə görə, sonradan F.Məmmədxanov onun yanına gələrək həmin dostuna-Hacı Eldara pul lazım olduğunu söyləyib: “50 min manat düzəldib verdim. Bir müddət keçdi, yenə Fərhad Hacıya pul lazım olduğunu deyib 100 min apardı".
Təqsirləndirilən Fərhad Məmmədxanov ifadəsində 38 il polis orqanlarında işlədiyini, dövlətə hər zaman sədaqətli olduğunu deyib: "Eldarla dost olmuşam. Ailəli olmuşuq. Hacı adamdır, mən yenə də deyirəm, borcum var. Amma o qədər deyil. Uşağım ağır xəstədir. Məni buraxın gedim xəstə balamın yanına. Quran gətirin əl basım ki, borcumu qaytaracağam. Hacı yaxşı adamdır”.
Hakim təqsirləndirilən şəxsə şəriət məhkəməsində olmadığını xatırladıb: "Quran bizim üçün müqəddəsdir. Lakin biz işə onun əsasında yox, qanunvericliyə əsasən baxırıq".
Prosesdə zərərçəkmiş Hacı Eldar Hənəfiyev ifadə verib: “Heç kimi tutdurmaq niyyətim yoxdur. Onun 5-10 il içəridə yatması mənə heç nə vermir. Vəkillərimlə məsləhətləşmək üçün məhkəmədən vaxt istəyirəm".
Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, o, Eldar Hənifəyevi işə düzəltmək adı ilə 185 min manat pulu mənimsəməkdə ttiham olunur. O həmin məbləğin 35 min manatı zərərçəkmişə qaytarıb.
F.Məmmədxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham edilir.
O, həbs edilməmişdən əvvəl DİN orqanlarından çıxarılıb.