vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TÜRK DÜNYASI  
21:52 | 22 fevral 2025 | Şənbə Məqaləyə 158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türk dilindən gələn “təhlükə” ...

... Və ideoloji işbazların dil “sevgi”si haqqında bəzi mülahizələr

Elvüsal MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlərdə Türk dilinin Azərbaycan dili üçün təhlükə yaratdığını iddia edən nöqteyi-nəzər, eləcə də mövqe xeyli aktuallaşıb. Mülahizələrimizi bəndlər şəklində aşağıda dərc edirik:

1. Hər şeydən əvvəl, qeyd edim ki, türk dili, türkçülük, Türkiyə, Turan – bir sözlə “türk” elementli sözlər və söz birləşmələrindən, habelə anlayışlarından narahat olmaq kifayət qədər ideoloji məzmuna sahibdir. Bu narahatlığı bizdə intellektual-elmi müzakirələr doğurmur! Söhbət ideologiya və mədəniyyətdən getdikdə bu ideologiya və mədəniyyətin sözlü ifadəsi olan dil həmişə bu müstəvidə aparılan müzakirə və mübahisələrdə antaqonist tərəflərin yaranmasına səbəb olur. Bu baxımdan Türk dilinə, türkçülüyə, türk etnosuna Azərbaycanda açıq və dolayı nifrətin, açıq və dolayı soyuq münasibətin, açıq və dolayı etirazın kökündə başqa mədəniyyət və ideologiyanın təəssübünü çəkmək dayanır. Təəssüf ki, bizdə ideoloji baxımdan İran və Rusiyanın təsiri altında qalanlar türk adı gəldikdə ağız büzən “cəbhə”ni əmələ gətirən “əsgərlər”in böyük hissəsini təşkil edir. Rusiya və İran kifayət qədər ideoloji dövlətlər hesab olunur; üstəlik, cənubi Qafqazın əsas dominant dövləti hesab olunan Azərbaycana təsir imkanlarının əsasən ideoloji-mədəni müstəvidə daha uğurlu ola biləcəyini hər iki dövlətin ideoloqları yaxşı başa düşürlər. Cənub qonşumuz İranda vəziyyət daha dözülməzdir; digər xalqlara öz dilində təhsil almaq hüququ tanındığı halda, oradakı türk xalqına bu haqq verilmir; fars şovinizmi ölkədə islam respublikasının qurulmasına baxmayaraq, dövlətin daxili mədəni-dil siyasətinə istiqamət verən əsas ideoloji baza kimi öz gücünü qoruyub-saxlayır. Təsəvvür edirsinizmi, Təbrizdə – bu türk şəhərində ölkənin türkəsilli prezidenti türk şairi Şəhriyardan iki bənd şer deyir, fars şovinizminin soyuqluğunu üzlərinin hər cizgisində əks etdirən donuqsifət məmurlar məktubla ona xəbərdar edirlər ki, baba, özünə gəl, həddini aşma! Çox təəssüf ki, İran, şahlıq üsul-idarəsi devrilsə də, xüsusən türklərə münasibətdə fars şovinizminin islam beynəlmiləlçiliyinə qalib gəldiyi ölkə olaraq qalır. Dünyada, o cümlədən Azərbaycanda baş verən hadisələrə İranın maraqları əsasında münasibət bəsləyən “həmvətənlər”imizə gəlincə (onlar heç də az deyil; ölkədə mərkəzi hakimiyyətin güclü və sayıq olmağı bu “funksioner-apologetiklər”i öz qınına çəkilməyə, fikirlərini gizli tutmağa məcbur edib; dövlət müdaxiləsinin məhdud olduğu “instagram” platforması onların “çənlibeli”nə çevrilib), onları İranda türk dilinə münasibət, İranda təhsil alan, o cümlədən İran dini ritorikasının təsiri altında qalan ilahiyyatçıların fars aksenti ilə moizə oxumaqları narahat etmir; əllərinə fürsət düşən kimi, türk dilinə, Türkiyəyə, Turan, türkçülük ideyalarına hücum edirlər. İran nədən narahatdırsa, bu apologetiklər də ondan narahatdır! Türk dilinə, türkçülüyə, Turana, Türkiyəyə İranın münasibəti bütün aydınlığı ilə İran ideoloji siyasətinin təsiri altında qalanların mövqeyində əks olunub.

2. Rus dilinin Azərbaycan dilinə təsirinə gəlincə, təhlükə xalqın kütlə məntiqi ilə rus sözlərindən istifadə etməsində deyildir; mədəniyyətlərin qovşağında belə hallara həmişə rast gəlinmişdir, indi də gəlinir; təhlükə öz dilində danışa bilməyən azyaşlı uşaqlarına ana dili kimi rus dilini öyrədən, rus bölməsinə övladlarını yazdırmaq üçün natamamlıq kompleksi ilə, rus mədəni qəsbkarlığının qurbanlarına xas təfəkkürlə növbəyə dayanan, evdə, uşaqları ilə, öz aralarında rus dilində danışan valideynlərin hərəkətlərində ifadə olunmuşdur. Rus dilini ikinci dil (xarici dil olaraq!) kimi öyrənməklə onu ana dilinin yerinə qoyaraq, hələ heç qığıdamağı bacarmayan körpələrə ana dili kimi öyrətmək fərqli şeylərdir!

3. Rus dilinin təhlükəsi bu dilə aid dil faktlarının dominant formada Azərbaycan dilinə keçə bilmə ehtimalı ilə ölçülmür. Sözalma və sözvermə təbii prosesdir və burada qorxulası heç nə yoxdur. Təhlükə ideoloji müstəvidədir. Bu baxımdan narahatverici haldır ki,  Azərbaycanda, xüsusən paytaxtda əhalinin müəyyən hissəsi ana dilində düzgün danışa bilməyən, deməli, hələ milli-mənəvi kimliyi tam formalaşmayan övladlarını rus məktəblərinə göndərir. Bu vəziyyətin narahatedici tərəfini ana dili kimi seçilən istənilən dilin milli-mənəvi kimliklə dialektik əlaqəsi meydana gətirir.

Məlumdur ki, uşaqların milli-mənəvi kimliyinin formalaşmasında ana dilin birbaşa rolu vardır. Çünki ana dildə sözlə (forma ilə) məna (məzmun) bir-birindən ayrı deyildir, yəni mənanı formasız və ya formanı məzmunsuz təsəvvür etmək qeyri-mümkündür. Məhz sözün, simvolun, maddi qabığın mənaya, məzmuna “lehimlənməsi” ana dilin uşaqlarda həyəcan, eyni dildə danışan başqa uşaqlarla sövqi-təbii olaraq qarşılıqlı münasibət yarada bilməsinin səbəbini izah edir. Uşaq psixikasının formalaşmasında ilk dilin rolunu öyrənən linqvistika tədqiqatlarında qeyd olunur ki, kimlik (identiklik) oyanmaları, milli-mənəvi “konturlar”ın özünü göstərməsi ilk dili öyrənərkən baş verir. Dediyimiz kimi, ana dildə simvollarla məna vəhdətdə olur, ana dilini əmələ gətirən, uşağın da instinktiv formada, bişüur olaraq mənimsədiyi sözlər özündə ana dilin aid olduğu xalqın düşüncə tərzini, dəyərlərini, həyata, insana baxışını əks etdirir, milli-mənəvi “ionlar”ın daşıyıcısı kimi çıxış edir.

Hər hansı bir dili ana dili kimi öyrənmək bir şeydir, ikinci, üçüncü xarici dil kimi öyrənmək isə başqa şey! Yəni, xarici dili, deməli, əcnəbi həyat tərzini, insana, dəyərlərə, həyata, dünyaya əcnəbi baxışını ifadə edən bir dili ana dili kimi öyrənmək və öyrətmək olmaz! Bu özü ilə ciddi problemlər gətirəcəkdir. Ləpəsi fındıqdan, qabığı isə qarğıdalı qılafından ibarət anormal hibrid nədirsə, adda Fatma, Tükəzban, Gülçöhrə, Dadaş, Məhəmməd olan, amma rus kimi düşünən, ancaq rus dilində danışan, işdir, öz dilində danışmaq zərurəti yarandıqda “yadplanetli” təki əziyyət çəkən, milli-mənəvi dəyərlərə, milli həyat tərzinə, ailəyə, uşaq tərbiyəsinə şimal qonşumuz kimi münasibət bəsləyən azərbaycanlı da həmin şeydir.

Bəli, rus dili zəngin dildir, bizimlə tarixi əlaqələri olan bir xalqın dilidir, onu öyrənmək lazımdır, AMMA! Amması budur ki, onu ikinci, üçüncü xarici dil kimi öyrənmək və öyrətmək lazımdır, ana dili kimi deyil! Uşaq dünyaya gəlir-gəlməz onunla rus dilində danışmaq, onu milli-mənəvi dəyərlərin, mədəniyyətin daşıyıcısı olan Azərbaycan dilindən məhrum etmək, üstəlik, məktəbə getmək vaxtı çatanda rus dili təmayüllü məktəblərə göndərmək başqa mədəniyyət və düşüncənin daşıyıcısı olan, amma adda bizim olan fərdlər yetişdirmək deməkdir.

Unutmayaq: ana dili mənəviyyatın, milli-mənəvi kimliyin, ikinci, üçüncü əcnəbi dil isə əsasən biliklərin, informasiyanın daşıyıcısdır.

Nə qədər ağrılı olsa da, müqayisəni aparmağa məcburam: bizə qarşı ermənilərə hər cür dəstək verən rusların dilinə Ermənistanda ailədaxili və məktəb mühitində göstərilən münasibətlə bizdəki “sevgi” arasında yerlə göy qədər fərq vardır. Məntiqə qalsa, ermənilər rus dilinə daha çox vurulmalı, ailələrdə uşaqlarına xilaskarlarının, havadarlarının dilini öyrətməli idilər. Eyni hala Gürcüstanda da rast gəlirik. 

4. Türk dilinin təhlükəsinə gəlincə, bu ifadənin özü kifayət qədər qərəzlidir, çünki, xüsusən televiziya vasitəsilə bəzi türk sözlərinin xalqın dilində işlənmə intensivliyi qazanması Azərbaycan dilinin nə leksikasını, nə morfologiyasını, nə də sintaksisini vurub sıradan çıxaracaq gücdə deyildir. Ümumiyyətlə, bunu təhlükə adlandırmaq kifayət qədər gülməli haldır; sadəcə olaraq, bəzi sözlərin xalq dilində (Azərbaycan dilinin ədəbi danışıq üslubunda deyil!) kütlələrə xas bişüur formada işlədilməsi türkçülüyün, Türkiyənin, türk dilinin, türk etnosunun adı gələndə narahat olanlara girəvə verib, başlayıblar içlərindəki narazılığı, nifrəti “təhlükə” bəhanəsilə üzə vurmağa. Babalar, qospodinlər, Azərbaycan dilinə təhlükə fars aksenti ilə danışmaqdan, öz uşaqlarını rustəmayüllü məktəblərə qoymaqdan gəlir! Üç-dörd türk sözünün xalqın dilində işlədilməsi ilə qüdrətli Azərbaycan dilinin taxt-tacı zəifləməz, hakimiyyəti laxlamaz! İnsafınız olsun, son 30 il ərzində rəsmi yazışmalarda, dərsliklərdə, orfoqrafiya və izahlı lüğətlərdə Türk dilinin təsirini görürsünüzmü?! Rəsmi üslub bütün aydınlığı ilə ölkə başçısının çıxışlarında ifadə olunur. Prezident İlham Əliyevin çıxışları təmiz Azərbaycan dilindədir, bu dilin bütün normalarının tələblərinə cavab verir. Dərsliklər, lüğətlər, rəsmi qəzetlər də Aərbaycan dilinin bütünlüyü və immanentliyini mühafizə edir.

Bəli, biz öz dilimizdə danışmalıyıq, öz sözlərimiz qala-qala heç bir dilin sözlərinə üz tutmamalıyıq! Xüsusən qardaş Türkiyədə təhsil alan həmvətənlərimiz respublikaya qayıtdıqdan sonra yazıları və nitqlərində Azərbaycan dilinin normalarını gözləməlidirlər.

Bəs dilimizə münasibətdə biz nə iş görürük? Televiziya və mediada vəziyyət ürəkaçandırmı? Hər zaman yanımızda olan Türkiyəni qaralamağa hesabalanan “təhlükə” müzakirələsini aparmaqdansa, mediada, televiziya və mətbuatda dil məsələsini polemika mövzusu seçməliyik.