

Cəmiyyəti tədricən rus dilindən uzaqlaşır
Səs-küylə heç nəyə nail olmaq mümkün deyil
Telekanallardan düşməyən əzəmətli filoloqların dilimizə xidməti nədədir?
Bakıda gəlirəm, Qazaxda gəleyrəm, qaradənizdə geleyrum və istanbulda gəliyorum ...
Bizim “obrazovannı”lar
... Və ideoloji işbazların dil “sevgi”si haqqında bəzi mülahizələr
Dilinin statusunun artırılması üçün mümkün hüquqi və idarəetmə addımları
Süni vasitələrlə edilən nə varsa, ekspansiyadır
Məqsəd nədir?
Ana dilimiz çətinliyinə görə 3-cü qrupa daxil edilib
Azərbaycan dilinə (Azərbaycan türkcəsinə, Azərbaycan türk dilinə, azərbaycancaya) qarşı təhlükə Azərbaycandan başqa heç yerdən gəlmir. Dünyanın heç bir böyük, güclü, qüdrətli, üstün, dominant dili Azərbaycanın dövlət dilini zəiflədə, gücsüzləşdirə, eybəcərləşdirə, sıradan çıxarda bilməz!
Bunu yalnız Azərbaycan, Azərbaycanın televiziyaları və digər KİV, orta və ali təhsil müəssisələri, ziyalıları edə bilər.
“Türk dili Azərbaycan dili üçün təhlükəlidir” düşüncəsi oradan yaranır ki, bu fikrin və ifadənin müəllifləri bizim insanların “qəsəbə”yə “kasaba” dediyi zaman sözlərdəki fərqləri (ə-a, q-k) dərhal görür və anlayır. Amma, adam, məsələn, rusca danışaraq “posyolok” sözü işlədirsə, bu fərq görünmür və narahatlıq da “yaratmır”.
Müasir dövrdə dünyanın heç bir inkişaf etmiş ölkəsində təhsilə, işə, vəzifəyə, karyera “məntəqəsi”nə qəbul zamanı dövlət dili ilə yanaşı bir və ya bir neçə başqa xarici ölkənin də dilini bilmək tələb olunmur, o dilləri bilənlərə üstünlük veriləcəyi elan edilmir.
Spesifik sahələrdən başqa.
Misal üçün, diplomat təbii ki, xarici dil bilməlidir. Amma hansısa universitetə “Azərbaycan tarixi” kafedrasında işə qəbul zamanı fəlsəfə doktorundan ingilis dilini mükəmməl səviyyədə bilmək tələbi çayın yuxarı hissəsində dayanan qurdun özündən aşağıda olan çəpişi suyu bulandırmaqda ittiham etməsinə bənzəyir.
Azərbaycanda isə əksinə, bu tələb edilir, ancaq Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilini bilməyin vacibliyi qabardılmır.
Ona görə də Azərbaycan Respublikasının vətəndaş(lar)ı öz gələcəyini qurmaq və yaxşı yaşamaq istəyini təmin etmək üçün bizim dövlətin dilindən başqa tələb olunan “vacib” dilləri böyük səy göstərərək mükəmməl öyrənir. Azərbaycan dilini isə elə-belə.
Azərbaycan dilində əşyaların və hərəkətlərin adını bilir və elə düşünür ki, Azərbaycan dilini bilir, yaxud da özünü elə göstərir.
Ona görə də müasir ana dilimizdə “Mən hörmət edirəm o insanlar kim ki bacarır güldürmeyi” kimi frazalar yaranır və yayılır.
Azərbaycanın az qala bütün səviyyələrdə elitası (məmurlar, ziyalılar, alimlər, siyasətçilər və b.) öz aralarında rus, ingilis dillərində danışırlar, yazışırlar. Ona görə də ictimai mühitə çıxanda, mətbuata müsahibə verəndə “problemi individualno götürsök”, yaxud “meseleye kardinalno baxsox” kimi ifadələr işlədirlər və iddia edirlər ki, “Azərbaycan dilində danışırux de, moltanı dilinde yox ki!”
Mən bir fərd və vətəndaş kimi dilimizə təzə sözlərin gəlməsinin, yaxud dilimizin müasir tələblərə uyğun inkişaf etməsinin, zənginləşməsinin, daha da müasirləşməsinin əleyhinə deyiləm, ancaq ala-bəzək, hibrid, calaq dilin əleyhinəyəm.
...Və qəti şəkildə əminəm: öz dilimizə təhlükə yalnız özümüzdən qaynaqlanır!
Xarici təsir, yəni daim başqa dillərə, o cümlədən bizim dilimizə qarşı, “ekspansiya siyasəti” yeridən heç bir qüdrətli dil daxildəki geniş “dil casusları” şəbəkəsinin köməyi olmadan hərəkət edə, içəriyə doğru irəliləyə və özünə möhkəm yer edə bilməz.
Tələb belə olmalıdır: Azərbaycan dilini bilmək məcburidir!
Əlavə dil biliyi üstünlük ola bilər, ancaq Azərbaycanın dövlət dilini bilmirsənsə, əlavə dillər heç bir üstünlük verə bilməz!
İşə və başqa yerlərə qəbul zamanı 1-ci şərt bizim dili bilmək olur, yalnız bundan sonra Azərbaycan dilini mükəmməl bilən iki şəxs arasında seçim etmək lazım gələrsə, yenə də yalnız o halda başqa dilləri də bilənə üstünlük verilə bilər. Ancaq bu da gündəlik iş və digər fəaliyyət prosesinin xarakterindən asılı olaraq müəyyən edilə bilər.
Bizdə isə təəssüf ki, əksinədir: xarici dil bilirsənsə, keç başa, azərbaycanca bilsən də olar, bilməsən də. Bu, artıq sənin öz işindir.
Odur ki, təhlükə özümüzük!