

Xosrov 570-ci ildə anadan olub. Atası Sasani şahı IV Hörmüz, adı bilinməyən anası isə İranın yeddi böyük ailələrindən olan İspahbudhan ailəsindən idi.
Xosrovun 20 yaşı olanda iki dayısı IV Hörmüzü devirib əvvəlcə kor etdilər, sonra öldürdülər. Taxta bacıoğlu Xosrovu çıxardılar.
Bu zaman ölkədə məşhur sərkərdə Bəhram Çubinin başçılığı altında üsyan gedirdi. Bəhram ölkənin paytaxtı Ktesifonu ələ keçirdi, II Xosrov, arvadı (ya da iki arvadı), iki dayısı və 30 nəfərə qədər rəiyyətlə Bizans ərazisinə qaçdı. Bəhram özünü şahənşah elan etdi.
Xosrov Bizans imperatoru Mavrikidən kömək aldı və 591-ci ildə taxtını qaytarmaq üçün savaşmağa başladı. Bir neçə döyüşdə məğlub olan Bəhram vaxtilə döyüşüb qalib gəldiyi göytürklərə sığındı. O, türk xaqanı tərəfindən hörmətlə qarşılandı, Xosrovun Bəhramı təhvil verilməsi tələbi rədd edildi. Amma Xosrovun səfiri rüşvət yolu ilə bir türkü ələ aldı və Bəhram Çubin öldürüldü.
Bundan sonra II Xosrov atasının qatili olan dayılarından birini edam etdi, digərinin üsyanını isə çətinliklə yatırdı, onu da öldürdü.
Taxtını qaytarmaqda kömək etmiş imperator Mavrikinin 602-ci ildə üsyan nəticəsində öldürülməsi və senturion Fokanın imperator elan edilməsi Xosrova guya Mavrikinin qisasını almaq üçün Bizansla müharibə bəhanəsi verdi. Bu müharibə 26 il davam etdi, hərçənd 610-cu ildə bizanslılar özləri Fokanı devirib öldürdülər.
Müharibə əvvəlcə Sasanilərin üstünlüyü ilə keçdi. Onlar Dəməşqi, Qüdsü, Misiri, hətta Egey dənizində Rodosu tutdular. 626-cı ildə avarlarla ittifaqda Konstantinopolu mühasirəyə aldılar. Lakin imperator İrakli vəziyyəti dəyişə bildi, müttəfiqləri məğlub etdi və Şərqə doğru irəliləməyə başladı. Onun ittifaq bağladığı göytürklər 627-ci ildə Qafqazı keçərək Sasanilərə hücum etdilər.
İşlərin yaxşı getmədiyi bir zamanda Xosrov fevralın 25-ə keçən gecə arvad Mariyadan olan oğlu Şiruyə tərəfindən devrildi, üç gün sonra da öldürüldü. Şiruyə II Kavad (və ya Qubad) adı ilə taxta çıxdı. O, özünün 18 qardaşını qətlə yetirdi. Onların arasında Xosrovun digər arvadı Şirinin oğulları da vardı. Yeni şahənşah Şirindən arvadı olmasını tələb etdi, amma Şirin intihara üstünlük verdi.
II Kavadın hakimiyyəti çox çəkmədi, elə həmin ilin payızında taun epidemiyası nəticəsində öldü. Tarixçi Əl-Məsudi İran əhalisinin üçdə birinin taundan öldüyünü yazır. Bizansla sonu uğursuz müharibə kimi, tarixə Şiruyə taunu kimi düşən bu epidemiya da Sasanilər dövlətini xeyli sarsıtdı və ərəblərin ona qalib gəlməsini asanlaşdırdı.