vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
09:43 | 5 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 3596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sosial-iqtisadi böhrandan necə çıxaq?

6 bəndlik təklif…

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazın və işığın bahalaşması ölkədə xeyli dərin narahatçılığa səbəb olub. Dərman preparatlarının da qiymətləri artıb. Sərnişin və yük daşımalarda da qiymət artımı anonsu verilib. Çörəyin, ətin, suyun, benzin, nəqliyyat gedişi haqlarının da qaldırılacağı gözlənilir. Manatın get-gedə devalvasiyasını və inflyasiyaları da nəzərə alsaq, vəziyyətin düzəlməsi əvəzində varlı-kasıblı bütün ölkə dərin sosial-iqtisadi böhrana girir.

Böhrana müqavimətsizliyin də əsas səbəbi ölkənin neft gəlirlərindən asılı olması və qeyri neft sektorunun lazımınca inkişafına nail olunmamasıdır. Yaranacaq sənaye və aqrar istehsal sahələri, sahibkarlıq neftin bugünkü qiymətinin kəskin düşdüyü halda çətinliyi üzərinə götürməli idi. Həm daxili bazarı stabilləşdirməli, həm xaricə ixracatdan ölkəyə valyuta gətirməli idi. Alınmadı. Səbəb - dövlətin vaxtikən imzaladığı «qeyri-neft sektoru inkişafı» xüsusi proqramına məsul məmurların yarıtmaz və hətta, ziyankar mövqe-fəaliyyətidir.

Hazırkı durumda atıla biləcək ilk addımlar kimi bunları hesab edirəm:

1. Ölkənin bu cür, gözləmədiyimiz və düşməli olmadığı dərin sosial-iqtisadi duruma düşməsinə səbəbkar məmurların ziyankar əməllərinin inzibati və istintaq yolu ilə araşdırılması. Bu işdə məsuliyyətli və təqsirli olanların layiqli və sərt cəzasız qalmaması.

2. Konstitusiyadakı yeni dəyişiklik imkanlarından yararlanaraq:

a) ölkənin iqtisadi sistemi dairəsindəki inzibati orqanlara daha güclü ümumi nəzarət və fəaliyyətin çevikləşməsi üçün, yuxarı vitse-prezident imkanından tezliklə istifadə edilməsi. 

b) yaranmış yeni şəraitlə bağlı daha işlək, çevik, effektli Parlamentə ehtiyac olması nəzərə alınıb Milli Məclisin buraxılması. Milli Məclisə növbədənkənar yeni seçkilərin keçirilməsi.

3. Məhkəmə-hüquq sistemindəki ədalətsizlik və korrupsiya hallarının hər hansı təzahürünün qəti aradan qaldırılması məqsədilə əsaslı və sistemli tədbirlərin keçirilməsi. Ölkənin iqtisadi məkanındakı hər hansı monopoliya, rüşvət, məmur özbaşınalığı təzahürünün qanun və cəzanın bütün gücü ilə kökündən ləğv edilməsi.

4. Bahalaşmanın mənfi təsirini neytrallaşdırmaq məqsədilə təcili, mümkün qərar və dəyişikliklərin aparılması. Ölkədə orta və kiçik sahibkarlığın, hətta vergisiz fərdi sahibkarların belə (yəni, evində tum qovurub, şirniyyat bişirib küçədə satan tək, köməksiz qadından vergi alınmasın!) fəaliyyəti, durumu və inkişafına mane olan bütün inzibati əngəllərin ləngimədən götürülməsi.

5. Bahalaşmanın mənfi təsirinə daha kövrək, müqavimətsiz imkansız kasıb təbəqə və iş qabiliyyətsiz əlillərə kompensasiyalar ödənilməsi. Sosial və başqa sferadakı az maaşlı işçilərinin maaşlarının qaldırılması.

6. Nazirlər Kabineti və Vergilər Nazirliyinin, böhran dövrü üçün müvəqqəti olaraq, aylıq 200-300 və ya maksimum orta əmək haqqı qədər gəliri olan kiçik sahibkarın vergi ödəmədən azad olması qərarı barədə düşünməsi.

Xalqımız səbri, müdrikliyi, bacarıq və zəhmətsevərliyi ilə tarixin bütün çətin dövrlərindən şərəflə çıxıb. Hər zaman möhkəmliyini, dövlətçilik və ümummilli birlik əzmini saxlayıb və əminəm ki, bundan sonra da belə olacaq. Qafqaz regionunun ən bərəkətli torpağı və ən işlək insanları bizdədir. Hələ sovetlər dövründə bizdən neft çixarılıb, bizə bir qara qəpik verilməyəndə, bu xalq bu torpağın və öz əllərinin hesabına lazımınca dolanıb yaşayırdı.

Sadəcə olaraq bu saat, bu xalqa maksimum imkan verilməlidir ki, yəni qəti mane olunmamalıdır ki, indiki davamlı ağır sosial-iqtisadi zərbələrin təsirinə qapılmayıb, şoka düşməyib hərəkət etsin. İnsanlarımız yerlərdə öz sərbəst istehsalını, ticarətini qursun. Bir-biri ilə sərbəst mübadiləsini, azad və rahat alış-verişini etsin ki, yaranmış müvəqqəti çətin durumda başını və bir-birini dolandırsın.

İmkan verək ki, bu xalq bu çətin gündə açılışsın, çalışsın, işləsin: özünü də, ölkəni də bu böhrandan çıxartsın!

QEYD. İstərdim ki, bu yazıya uyğun bir konkret əməli xeyirxah addım ataq. Bu böhran dövrü ən vacib məsələ ölkədəki yoxsul və imkansız təbəqənin ayaqda qalmasıdır. Hesab edirəm ki, dövlət və hökumətin də narahat olub çalışdığı budur. Ona görə xahiş edirəm, çox kiçik sahibkarlıqla məşğul olan imkansız vətəndaşlar fəaliyyətlərinə hansısa haqsız, qanunsuz müdaxilə və maneçiliklər olduqda, mənim bu səhifəmə yazsınlar. Amma həqiqəti və obyektiv. Həm məsələni geniş ictimailəşdirmək, həm də lazım gələrsə, bir hüquqşünas kimi əlaqədar aidiyyətli instansiyalara müraciətimlə problemin aradan qaldırılmasına çalışaq.