vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
14:24 | 12 dekabr 2018 | Çərşənbə Məqaləyə 1108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki seçkidən doğan nəticələr

Cənubi Qafqazda demokratik dəyişikliklər dalğası

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Qafqaz subregionunun iki ölkəsi 2018-ci ilin son aylarını gərgin və dinamik siyasi atmosfer şəraitində başa vurmaqdadır. Gürcüstanda iki turdan ibarət prezident seçkiləri, Ermənistanda isə növbədənkənar parlament seçkiləri keçirildi.

Gürcüstan seçkiləri

Noyabrın 28-də yekunlaşmış Gürcüstan seçkilərinin daxili siyasətdəki əks-sədası hələ səngiməyib və səngiməyəcək də, çünki ölkə növbəti parlament seçkilərinin astanasındadır. Prezident seçkiləri müxalif siyasi qüvvələrin öz gücünü, potensialını ölçməsi, üstün və çatışmayan tərəflərini görməsi üçün yaxşı test oldu və indi onlar 2020-ci il parlament seçkiləri ərəfəsində daha əlverişli start vəziyyəti əldə etmək uğrunda mübarizəyə başlayıblar. İkinci turda məğlub olan və nəticələri legitim saymayan “Güc birlikdədir” müxalifət bloku nəticələrin ləğvi üçün məhkəmə iddiası qaldırsa da, onun əsas siyasi tələbi qarşıdakı parlament seçkilərinin tam proporsional sistem əsasında keçirilməsidir. Bu tələb digər siyasi qüvvələr tərəfindən də dəstəklənir və müxalifətin geniş spektrinin tələbidir. Əslində Gürcüstan Konstitusiyasına son dəyişikliyə əsasən qanunverici orqan tam proporsional sistem üzrə keçirilən seçkilərdə formalaşır, lakin sənədə keçid müddəası daxil edilib ki, bu sistem 2024-cü ildən etibarən tətbiq olunacaq. Müxalifət isə bu qədər gözləməyin məntiqsiz olduğunu bildirir və yeni seçki sisteminin 2020-ci ildən tətbiqini zəruri sayır. Çünki hazırda qüvvədə olan yarı proporsional, yarı majoritar sistem hakimiyyətdə olan siyasi qüvvəni rəqiblərindən azı bir addım önə çıxarır. Sirr deyil ki, birmandatlı dairələrdə bərabər yarış imkanları olmur və hakim partiyanın namizədləri, eləcə də onun dəstəklədiyi bitərəf namizədlər maddi, inzibati resurslardan geniş şəkildə faydalanır. Hətta mərkəzdən hər hansı tapşırıq, təlimat olmasa belə, istər rəsmi vəzifə daşıyan, istərsə də hər hansı rəsmi vəzifəsi olmayan bəzi yerli avtoritetlər, maraq qrupları öz təşəbbüsləri ilə seçkilərin nəticələrinə qanunazidd üsullarla təsir göstərməyə çalışırlar. Bu, postsovet məkanının reallığıdır. Gürcüstandakı prezident seçkilərində, xüsusən də ikinci turda qeyd etdiyimiz neqativliklər daha sıx müşahidə edildi. Amma ikinci turda hakimiyyətin dəstəklədiyi bitərəf namizəd Salome Zurabişvili ilə birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze arasında fərqi müəyyən edən əsas amil mərkəzi hökumətin qərarları idi. Banklardan və digər maliyyə qurumlarından mikrokreditlər götürmüş və bunları ödəyə bilməyən 600 mindən çox yoxsul vətəndaşın borcunun “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının lideri, milyarder iş adamı Bidzina İvanişvilinin maliyyələşdirdiyi “Kartu” Fondunun vəsaitləri hesabına silinməsi seçicilərin iradəsinə təsir göstərməyə yönəlmiş addım idi. Aztəminatlı ailələrin 18 yaşına qədər olan uşaqlarına ödənən müavinətlərin, əlillərin təqaüdlərinin artırılması da siyasi məqsədli populist gedişlər idi. Bu qərarlar özünü doğrultdu. Seçki günü kütləvi saxtakarlığın baş verdiyini söyləmək doğru olmaz, yekun protokollara yazılmış rəqəmlər əsas etibarilə həqiqidir. Hökumət seçkilərin taleyini seçkiyə qədər həll etdi. Bu səbəblə, Gürcüstan seçkilərini Avropa standartlarına tam uyğun, ədalətli və şəffaf adlandırmaq mümkün deyil. Yol verilən qüsurlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının birgə müşahidə missiyasının ilkin qiymətləndirməsində də yer alıb.

Qərb müşahidəçilərinin rəyindəki mənfi məqamlara baxmayaraq, Qərb rəsmi dairələri seçkilərə ümumilikdə müsbət qiymət verdilər və Salome Zurabişvilini təbrik etdilər. Bu cür tolerant münasibəti Gürcüstan ətrafında yaranmış həssas geosiyasi durum – bu ölkənin təhlükəsizliyinə Rusiya tərəfindən birbaşa təhdidin davam etməsi ilə izah etmək olar. “Gürcü Arzusu”nun siyasəti Qərb dövlətlərini qane edir və onlar ölkədə daxili stabilliyin pozulmasını, Gürcüstanın Rusiya ilə münasibətlərində mövcud olan problemlərin kəskinləşməsini arzu etmirlər. Məhz bu səbəblə, Qərb Mixail Saakaşvilinin siyasi revanşının gerçəkləşməsinə isti baxmır, çünki sabiq prezidentin radikallığı və Putinlə körpüləri yandırmış olması “Gürcü Arzusu”nun 2012-ci ildən sonra Moskva ilə əlaqələrdə nail olduğu kövrək anlaşmanın pozulması təhlükəsi yaradar. Bu mərhələdə cənab İvanişvilinin evolyusiya xarakterli avroatlantik siyasətinin Qərb dairələrində razılıqla qarşılandığını söyləyə bilərik. Seçkilərin nəticələri yaxın gələcəkdə bu siyasətdə hər hansı dəyişiklik olmayacağını göstərir. Əslində iki qərbyönümlü keçmiş diplomatın mübarizəsi gedirdi: xanım Zurabişvili Fransada doğulub və 30 ilə yaxın Fransa XİN sistemində çalışıb, Qriqol Vaşadze isə SSRİ diplomatiya məktəbinin yetirməsi olsa da, avroatlantik inteqrasiyanın qatı tərəfdarıdır. Rusiyayönümlü siyasi qüvvələr və liderlər artıq Gürcüstan siyasətində marginallaşıb, onlar mövcud xarici siyasət kursuna cəlbedici alternativ tapmaqda çətinlik çəkirlər, çünki toplum içərisində böyük çoxluq geriyə dönmək arzusunda deyil. Yeni prezident də seçildikdən sonra bu əhval-ruhiyyəni ifadə edərək Rusiya ilə dialoqun hal-hazırda mümkün olmadığını vurğuladı.

Onu da qeyd etmək zəruridir ki, Gürcüstanın xarici siyasətini prezident deyil, parlament çoxluğu və onun formalaşdırdığı hökumət müəyyənləşdirir. Prezidentin dövlət siyasətinin həyata keçirilməsində rolu məhduddur və onun icra səlahiyyətləri yoxdur. Prezident yalnız məhkumları bağışlamaq, vətəndaşlıq vermək hüququna malikdir, silahlı qüvvələrin ali baş komandanı kimi formal funksiya daşıyır, ölkəni beynəlxalq arenada təmsil edir, hökumətin razılığı ilə dövlətlərarası anlaşmalara imza atır. Bu qədər məhdud səlahiyyətli prezident vəzifəsini tutmaq üçün Gürcüstanda bütün 2018-ci il ərzində müşahidə etdiyimiz gərgin mübarizəni onunla izah etmək mümkündür ki, əvvəla, bu seçki prezidentin xalq tərəfindən seçildiyi son seçki idi və Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən, mövcud prezidentin 6 illik səlahiyyət müddəti yekunlaşdıqdan sonra prezidenti xüsusi Seçicilər Kollegiyası seçəcək. Yəni Gürcüstan tam parlament üsul-idarəsinə keçir. İkinci səbəbi yuxarıda qeyd etdik: cəmi 1,5 il sonra parlament seçkiləri ilə əlaqədar rəsmi kampaniyanın startı veriləcək. Əgər müxalifət prezident seçkilərində qalib gəlsəydi, parlament seçkilərinə daha əlverişli siyasi və psixoloji atmosferdə gedəcəkdi, iqtidar partiyasında isə daxili böhran qaçılmaz olacaqdı. Hakim partiya bu riskləri gördüyü üçün prezident postunu müxalifətə verməmək və dəstəklədiyi namizədin qələbəsi üçün bütün resurslarını işə saldı. Lakin bu, o mənaya gəlmir ki, 2020-ci il seçkiləri “Gürcü Arzusu” üçün asan keçəcək. Prezident seçkiləri göstərdi ki, ölkədə güclü müxalifət var, hakimiyyətdən narazılıq isə artır. Saakaşviliyə yaxın siyasi qüvvələr marginallaşmayıb və proseslərə real təsir imkanları var. 2020-ci ildə Gürcüstanda seçki yolu ilə növbəti hakimiyyət dəyişikliyinin baş verməsi ehtimalı az deyil və bunun üçün siyasi şərtlər yetişməkdədir. 2012-ci ildə belə bir nümunənin əsası qoyulub.

 

Ermənistan seçkiləri

Ermənistanda dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkiləri bu ilin aprelində baş vermiş “məxməri inqilab”ın məntiqi sonluğu oldu. Ermənistan siyasətində bir mərhələ qapandı, yeni bir mərhələ başladı. İnqilabdan sonra mümkün olan ən qısa vaxtda yeni seçkilərə getmək Nikol Paşinyanın əsas məqsədi idi, çünki qanunverici orqan köhnə rejim tərəfdarlarının nəzarətində idi və inqilabın siyasi nəticəsini plebissit yolu ilə legitimləşdirməyə ehtiyac vardı. Vaxtın uzanması inqilabi eyforiyanın soyuması və əksinqilab təhlükəsinin artmasına səbəb ola bilərdi, məhz bu səbəblə Serj Sarkisyanın respublikaçıları seçkilərin 2019-cu ilin may-iyun ayına təyin olunmasını təklif etmiş və parlamentin buraxılması prosedurunu sabotaj etməyə cəhd göstərməklə Paşinyanın planlarını pozmağa çalışmışdılar. Paşinyan bu maneəni də küçənin təzyiqi ilə dəf edə bildi. Erməni xalqı 9 dekabr seçkilərində aprel inqilabının nəticələrini təsdiqlədi. Paşinyanın “Mənim addımım” blokunun qələbəsi şübhə doğurmurdu və onlar gözlənildiyi kimi, qanunverici orqanda üçdə iki səs çoxluğu əldə etdilər. 5 faizlik minimum baryeri aşan digər 2 siyasi qüvvənin – “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan”nın da inqilaba dəstək vermiş partiyalar olması təsadüf deyil. Oliqarx Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası parlamentin əvvəlki tərkibində 31 millət vəklinə sahib olmaqla, ikinci böyük fraksiyaya malik idi. Konformist və opportunist siyasətçi kimi tanınan Tsarukyanın fraksiyası istər Nikol Paşinyanın baş nazir seçilməsində, istərsə də erkən seçkilərin təyin olunmasında mühüm rol oynadı. “İşıqlı Ermənistan”ın lideri Edmon Marukyan isə ötən illərdə Paşinyanla eyni blokda (Yelk – Çıxış) təmsil olunub və inqilabda fəal iştirak edib. Son 20 ildə Ermənistan siyasətində dominantlıq etmiş siyasi qüvvələr seçkilərdə fiaskoya uğradılar. 1999-cu ildən bəri parlament çoxluğunu əlində saxlayan Respublikaçılar Partiyası bu dəfə heç parlament müxalifəti statusu da qazana bilməyərək sistemin xaricində qaldı. Ən qədim erməni partiyalarından olan ultramillətçi Daşnaksutyun da eyni aqibətlə üzləşdi. Halbuki cəmi ilyarım əvvəl – 2017-ci ilin aprelində keçirilən seçkilərdə respublikaçılar 49,1 faiz, daşnaklar 6,5 faiz səs almışdı, daha doğrusu, bu qədər səs topladıqları elan edilmişdi. Həmin seçkilərdə iştirak faizi də 60,8 faiz göstərilmişdi, son seçkidə isə 48,6 faiz təşkil etdi. Ötən müddətdə erməni cəmiyyətində apolitizm yarandığını düşünmək yanlış olar, əksinə, toplum siyasi aktivlik və dinamizm nümayiş etdirdi. Məsələnin mahiyyəti budur ki, əvvəlki seçkilər şəffaf deyildi və “əsas məsələ kimin necə səs verməsi deyil, kimin necə saymasıdır” prinsipi ilə həm iştirak fazi süni şəkildə qaldırılırdı, həm də nəticələrə “əl gəzdirilirdi.” Keçmiş hakim partiyanın siyasi iflası da bunu təsdiqləyir, 2017-ci ildə 50 faizə yaxın səs almış partiya ilyarım ərzində bu dərəcədə əriyə bilməzdi. Görünür, respublikaçılar bunu təxmin etdiklərindən, ötən aylarda seçki qanunvericiliyinin dəyişdirilməsinə əngəl oldular, çünki mövcud qanunvericilikdəki bəzi qeyri-standart müddəalar seçkilərdə nisbətən aşağı nəticə göstərən partiyaların da parlamentdə təmsil olunmasına şərait yaradır. Məsələn, qanuna əsasən müxalifət qanunverici orqanda yerlərin üçdə birinə sahib olmalıdır. Əgər 5 faizlik baryeri 2 partiya (blok) keçərsə, seçkidə üçüncü olmuş partiya (blok) da topladığı səsin miqdarından asılı olmayaraq, parlamentə düşür. Maraqlıdır ki, bu müddəanın tətbiqindən asılı olaraq parlamentdəki yerlərin sayı minimal hədd kimi müəyyənləşdirilən 105-dən çox ola bilər. Əvvəlki parlament 105 millət vəkilindən ibarət idi, yeni parlamentdə isə 132 nəfər təmsil olunacaq. Çünki “Mənim addımım” bloku 70 faizdən çox səs alıb və 105 rəqəmi əsas götürüləndə, müxalifətə üçdə birdən az mandat çatır: “Mənim addımım” – 88, “Çiçəklənən Ermənistan” – 10, “İşıqlı Ermənistan” – 7 yer. Qanunun tələbi əsasında “Çiçəklənən Ermənistan”a əlavə 16 mandat (ümumilikdə 26), “İşıqlı Ermənistan”a isə əlavə 11 mandat (ümumilikdə 18) veriləcək. Respublikaçılar ümidli idilər ki, heç olmasa, 5 faiz səs alıb, parlamentdə təmsilçilik qazana biləcəklər və beləliklə, siyasi proseslərə az da olsa, təsir imkanlarını saxlayacaqlar. Baş tutmadı. Paşinyanın nəticələrdən əlavə daha bir mühüm qələbəsi isə bundan ibarətdir ki, beynəlxalq müşahidəçilər ilkin rəylərində seçki prosesinə müsbət qiymət verdilər. Hətta “barışmaz müxalifət” kimi dəyərləndirə biləcəyimiz respublikaçılar da qanun pozuntuları ilə bağlı ciddi faktlar ortaya qoya bilmədilər, baxmayaraq ki, seçkiqabağı şəraitin ədalətsiz olmasından, qeyri-bərabər rəqabət mühitindən və siyasi təzyiqlərdən şikayətçidirlər.

Beləliklə, Nikol Paşinyan vəd etdiyi Ermənistanı qurmaq üçün qarşıdakı 5 il üçün xalqdan mandat aldı. Hətta konstitusion çoxluq əldə etdi. İnqilab tam qələbə ilə yekunlaşdı. Lakin indi daha çətin mərhələ başlayır və Paşinyanın Ermənistanın Saakaşvilisinə çevriləcəyi, yoxsa müasir Ermənistanın demokratik yolla seçilmiş ilk prezidenti Levon Ter-Petrosyanın taleyini təkrarlayacağı bu mərhələdə ortaya çıxacaq. İnsanlar ilk növbədə öz gündəlik həyatlarında müsbət dəyişikliklər hiss etmək istəyəcək, yoxsulluğun aradan qaldırılmasını, sosial-iqtisadi problemlərin həllini gözləyəcək. Bürokratik aparatın yenilənməsinə ehtiyac var, köhnə qaydalar əsasında idarəçiliyə alışmış, aşağıdan yuxarıya korrupsiya zəncirinin həlqələri olan kadrlarla islahatlar aparmaq və Paşinyanın vəd etdiyi “iqtisadi inqilab”ı həyata keçirmək mümkün deyil. Korrupsiya düzənini dağıtmaq, dövlət vəsaitlərindən effektiv istifadəni təmin etmək, məhkəmə-hüquq sistemini yenidən qurmaq kimi çətin vəzifələr qarşıda durur. Xarici siyasətdə Paşinyanı gözləyən başlıca problemlər Rusiya ilə münasibətlərdə qarşılıqlı inam və etimadın bərpası və şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olacaq. Belə bir deyim var ki, xarici siyasət daxili siyasətin davamıdır, lakin Paşinyanın daxili siyasətdəki uğurları daha çox onun xarici siyasətinin nəticələrindən asılı olacaq. Rusiya Ermənistandakı inqilaba müdaxilə etmədi, amma sirr deyil ki, postsovet məkanındakı hər cür rəngli və ya rəngsiz inqilablara ciddi allergiyası var. Xüsusən ən yaxın və ən sözəbaxan müttəfiq ölkədə bu cür yolla hakimiyyət dəyişikliyinin baş verməsi Moskvanı məmnun edə bilməz. Yeni baş nazirin ilk addımları da Kreml üçün kifayət qədər qıcıqlandırıcı oldu: sabiq prezident Robert Koçaryana 1 mart 2008-ci il hadisələri ilə bağlı rəsmi ittiham irəli sürülməsi və barəsində həbs qərarının çıxarılması (sonradan Koçaryan sərbəst buraxılsa da, dekabrın 7-də yenidən həbs edildi), eyni cinayət işi üzrə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun istintaqa cəlb olunması və onun Ermənistanın təmsilçisi kimi həmin vəzifədən geri çağırılması, “Qazprom-Armeniya” şirkətinə və “Rusiya Dəmir Yolları”nın Ermənistandakı törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolu” QSC-yə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açılması Moskvada narahatlıqla qarşılanıb. Rusiyanın Ermənistan iqtisadiyyatının strateji sahələrini nəzarətdə saxlaması Paşinyanın korrupsiyaya qarşı mübarizə vədinin tez bir zamanda gerçəkləşməsini çətinləşdirən amildir, çünki istər-istəməz kələfin ucu gedib Rusiya şirkətlərinə çıxır. Rusiyanın Ermənistanın təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu isə geniş təhlil etməyə ehtiyac yoxdur: həm ikitərəfli müqavilələr, həm də KTMT çərçivəsində qarşılıqlı müdafiə barədə öhdəliklər götürülüb. Azərbaycan və Türkiyə ilə mövcud olan probemləri həll etmədən Ermənistandakı heç bir hökumət Rusiya ilə hərbi müttəfiqlikdən imtina etmək kimi ekzistensial riski üzərinə götürməz. Paşinyanın seçkidən dərhal sonra NATO-ya üzvlük arzusunda olmadıqlarını bəyan etməyə ehtiyac duyması bu baxımdan məntiqsiz deyil. Ümumiyyətlə, Rusiya faktoru Paşinyana ölkə daxilində problemlər yaratmaq gücündədir, xüsusən zaman keçdikcə və baş nazirin inqilabi eyforiyadan qaynaqlanan hazırkı anormal reytinqi normallaşdıqca, yəni aşağı düşdükcə, sistem xaricindəki müxalifət də dirçələcək və paralel olaraq Rusiyanın təsiri də artacaq. Paşinyan həssas geosiyasi reallığı dərk etdiyi üçün Qərbə doğru radikal reverans etmədən, ehtiyatlı xarici siyasət yeritməyə çalışacaq. Onun bu sahədə manevr imkanları geniş deyil.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, 2019-cu ildə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan baş naziri ilə Azərbaycan prezidentinin görüşünü təşkil etməyə çalışacaqlar. Paşinyan ötən aylarda danışıqlara Dağlıq Qarabağ ermənilərini də cəlb etməyin zəruriliyini vurğulayaraq bu məsələdə heç də öz sələflərindən daha yumşaq möve tutmayacağı barədə mesaj verməyə çalışdı. Bu mesajın seçki ərəfəsində daxili ictimaiyyətə, yoxsa Minsk qrupunun vasitəçilərinə yönəlib-yönəlmədiyini yaxın vaxtlarda görəcəyik. Hər halda, aydın olan budur ki, Azərbaycan razılıq vermədən DQ ermənilərini tərəf kimi prosesə cəlb etmək mümkün deyil. Azərbaycan yalnız sülh danışıqlarının ilk illərində olduğu kimi, Dağlıq Qarabağın hər iki icmasının danışıqlara qatılmasına razılaşa bilər. Seçki kampaniyasının gedişi və “Mənim addımım” blokunun liderlərindən olan Sasun Mikaelyanın sözlərinə (“inqilab Dağlıq Qarabağ müharibəsindəki qələbədən daha vacibdir”) olan reaksiyalar da göstərdi ki, Paşinyanın danışıqlarda istənilən güzəşti – hətta bu güzəşt konfliktin ümumən Ermənstanın maraqlarına uyğun həllinə zəmin yaratsa belə – Qarabağ klanı və daşnakların sərt reaksiyasına səbəb olacaq və baş nazirin əleyhinə istifadə ediləcək. “Qarabağ kartı” hələ də mühüm siyasi alət olaraq qalır. Ermənistan daxilindəki bu durum nizamlanma prosesində sıçrayışın əldə ediləcəyinə olan ümidləri azaldır.

Ermənistandakı dəyişikliklərin və demokratikləşmə həmləsinin Dağlıq Qarabağ ixtilafının həllinə mümkün təsirləri nə ola bilər? Bu sual Ermənistandakı aprel inqilabından bu yana azərbaycanlı sosial şəbəkə istifadəçilərinin əsas müzakirə mövzularından biridir. Əlbəttə ki, Ermənistan daxili siyasətində baş verən hadisələrlə münaqişənin həlli arasında korellyasiya axtarmaq yanlışdır, ikisi ayrı-ayrı prosesdir. Söhbət yalnız dolayı təsirlərdən gedə bilər. Ermənistandakı parlament seçkiləri Qərbdən yüksək qiymət aldı, hətta avrointeqrasiya istiqamətində son illər tərəqqiyə nail olmuş qonşu Gürcüstandakı son prezident seçkiləri ilə müqayisədə Ermənistan seçkiləri demokratik standartlara daha uyğun idi. Bu amil Ermənistanın beynəlxalq nüfuzunu artıracaq və artıq biz Qərb dövlətlərindən daxil olan təbriklərin mətnində bunu görməyə başlamışıq. Digər tərəfdən, Ermənistanda artıq xalqla daha çox hesablaşacaq, ictimai rəyə daha çox önəm verəcək hökumət var. Hər iki faktor – həm Qərbdə Ermənistanın demokratikləşmə istiqamətindəki addımlarından duyulan məmnuniyyət, həm də daxili ictimai rəyin qərarların qəbulunda oynayacağı rol Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində Ermənistanın mövqelərinin möhkəmlənməsinə zəmin yaradır. Təbii ki, Ermənistan-Rusiya münasibətlərində mövcud anlaşılmazlıqlar və etimadsızlığın dərin böhrana çevrilməsi, bununla paralel, Azərbaycan-Rusiya yaxınlaşmasının baş verməsi nəticəsində vəziyyətin Ermənistan əleyhinə dəyişməsi ehtimalı da var. İstənilən halda, Azərbaycanın da demokratikləşmə sahəsində ciddi addımlar atmağa ehtiyacının olduğu ortadadır. Qonşulardan bu sahədə geri qalmağın mümkün nəticələri barədə çoxlu fikirlər söyləmək, mübahisə etmək olar, amma mübahisəsiz həqiqətdir ki, belə bir vəziyyətin Azərbaycana hər hansı faydası yoxdur. Cənubi Qafqaz Baltik regionuna bənzəmir, amma iki qansız inqilabın gerçəkləşməsi göstərir ki, Orta Şərq də deyil. Burada demokratik inkişaf üçün zəmin var və bu, xalqların istədiyi yoldur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)