vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9570 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2216 AZN
Türk lirəsi 1 TRY = 0.3012 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
18:50 | 5 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 1404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağın saxta «ağrıkəsiciləri»»

Ağdamda atışma olan kimi Aqil Abbası verilişə dəvət edib ...

Aqşin YENİSEY

İkinci Dünya müharibəsi ərəfəsində dünya mətbuatında və o vaxtın gizlin siyasi yazışmalarında siyasətçilərin Avropa cəmiyyətinə qoyduğu «hərbi psixoz» ifadəsi müharibə təhlükəsini daha sərrast göstərirdi.

Bayquş sərçəni, ilan qurbağanı, canavar eşşəyi ovlamamışdan qabaq öz baxışları ilə necə hipnoz halına salırsa, Hitler də özünün amansız çıxışları ilə bütün Avropanı «key Balaxanımın» gününə qoymuşdu. Radio vasitəsi ilə Avropaya yayılan bu çıxışlar xalqların psixi durumunu zədələyir, onlarda fürerə qarşı gah izaholunmaz heyranlıq – buna mərhəmət naminə yaltaqlıq da demək olar, – gah da yaxınlıqda olan təhlükənin qoxusunu duymuş heyvani qorxu yaradırdı.

Hitler artıq müharibə başlayana qədər dalbadal vurduğu informasiya bombardmanı ilə Avropanın, demək olar ki, bir neçə ölkəsini döyüşsüz məğlub eləmişdi, qalırdı, sadəcə, onun gəlişini gözləmək. Məsələn, Birinci Dünya müharibəsindən qalib çıxmış Çexoslovakiya kimi. Alman ordusunun tez-tez keçirdiyi hərbi paradların gurultusu, sürətlə inkişaf edən sənaye avadanlıqlarının səsi Avropa xalqlarının ruhunu iflic etmişdi; Birinci Dünya müharibəsinin yaraları sağalmamış, İkinci Dünya müharibəsi üçün tənziflər, ağrıkəsicilər hazırlanırdı.

Hitler yaxşı başa düşürdü ki, məğlubiyyət döyüşü uduzmaq deyil, uduzulmuş döyüşü xalqın yaddaşında tarixi xatirəyə çevirməkdir. Ona görə də o, dövrünün alman şairlərinin dediyi kimi edirdi; qanla qızardılmış dəmiri soyumağa, yəni birinci müharibədən məğlub çıxmış barbar nəvələrinin qəzəbini soyumağa qoymurdu. O, bu qəzəbi irəli uzatdığı qolunun arxasınca yenidən müharibə meydanına aparırdı.

Biz isə Qarabağ savaşında boşalan yumruqlarımızı hələ də yenidən sıxa bilmirik, çünki tarixdən aldığımız döyüş dərsi çox lirikdir, lap Füzulinin qəzəlləri kimi: ölsək, anamız gözüyaşlı qalacaq. Tarix bizi vətənini anasının göz yaşına qurban verən «mamauşağı»na çevirib, sanki. Son Qarabağ hadisələri zamanı şəhid olmuş on yeddi-on səkkiz  yaşlı əsgərlərin ölüm xəbərini internet saytlarında, televiziyanın xəbər proqramlarında millətə şeirlə, qəzəllə, qaboy naləsi, kamança nisgili ilə çatdıran altını batırmış vətənpərvər qəzəb dağarcıqlarını görəndə bir daha anladım ki, güllənin qabağına kamança, tankın qarşısına daşla çıxan xalqların anaları həmişə gözüyaşlı olmağa məhkumdur.

Ümumiyyətlə, bəşəriyyətin müharibələr tarixinə xəyali bir gəzintiyə çıxsaq, görərik ki, böyük müharibələrdən daha çox kiçik xalqlar xeyir götürürlər. Götürək elə bizim kəndi: farslarla rusların isti təndir çörəyi kimi öz aralarında yarı böldüyü bu kənddə II Dünya müharibəsi başlayanda nə məktəb, nə düz-əməlli bir ev olub. Eynən Platonovun «Can» əsərində təsvir etdiyi türkmən aulu kimi it ulayan bir yiyəsizlik. Cəhənnəmin yer üzünə çıxmış bir parçası. Kişilərin başı mindikləri atdan və arvaddan başqa heç nədən çıxmır. Arvadlar isə öz talelərinin ağrı-acısını sağdıqları keçilərə həzin-həzin oxuyan övlad sarıdan yetim qalmış gözüyaşlı analardır. Müharibə başlarkən ruslar bu kəndin də kişilərini qabaqlarına qatıb Varşavaya, Praqaya, Berlinə, bir sözlə, Avropanın göbəyinə aparırlar. Müharibənin nə demək olduğunu bilməyən, adını yazıb-oxumağı bacarmayan, bədəninin sağ-solunu əlinə verilmiş daş-kəsəklə tanıyan bu kişilər Nitsşelərin, Bethovenlərin, Svayqların, Kafkaların doğulduğu torpaqlarda it boğuşdurur, xoruz döyüşdürürlər. Bax bu yerdə Nitsşelər ümidsizliyə qapılıb «Tanrının öldüyünü» yazır, Kafkalar insanın həşərata necə çevrildiyini təsvir edir.

Bu müharibə münhenli Feyxtvangerin məğlubiyyəti, alıqasımlı gürzəgöz Saroğlanın qələbəsi idi. Saroğlan qabağına çıxanları qıra-qıra gedib Münhenə çıxdı, Feyxtvanger isə son nəfəsdə «Yaşasın həyat!» deyə-deyə öldü.

Qayıdaq Qarabağa. Məncə, biz müharibə mövzusunu televiziyalarda, radiolarda, qəzet səhifələrində hər yerindən duran pudralı jurnalistikanın ixtiyarına buraxmamalıyıq. Ömründə bircə dəfə dünyaya Droqunovun snayper tüfənginin nişangahından baxmayan adam müharibənin real ölüm romantikası haqqında nə danışa bilər axı? Erməni Ağdamı televizorda almayıb ki, Ağdamda atışma olan kimi Aqil Abbası verilişə dəvət edib «Dolu» romanındakı mənfur düşmən obrazlarının xarakterik cəhətlərindən danışasan. Yaxud iyirmi il boyalı dodaqlarla gündə üç dəfə «Düşmən cavab atəşi ilə susdurulub» deməklə müharibə aparmaq olmur. Olmur da, olmur! Gündə üç dəfə susdurulan düşmən hər gün yenidən necə dil açır?! Həftə səkkiz, mən doqquz qəzet səhifəsinin əlçatmaz başlığına «Qarabağı və Qüdsü unutma» yazmaqla qələbə qazanmaq mümkündürsə, onda gəlin bu şüarımızı itkilərimizin tarixi xronologiyası ilə zənginləşdirək və belə yazaq: «Təbrizi, Ərdəbili, Dərbəndi, Zəngəzuru, Göyçəni, Qarabağı, Qüdsü... unutma!!!».

 Unutma, bəlkə, nə vaxtsa tarixin bizə yazığı gəldi. (1937.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)