vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
13:28 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2846 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sponsorun baldızı

(Yox, bu siz düşündüyünüz xanım deyil)

Hidayət ELVÜSAL

MÖVZU İLƏ ƏLAQƏLİ

Maşallah, telekanallar çox, bir babat adamı, sponsoru-zadı olan da maya qoyub o TV-lərin birində müəllif proqramı ala bilər. Elə mən də gördüm ki, falabaxanın, cinçıxardanın, dərzinin, sürücünün, zootexnikin, qabyuyanın, göysatanın… özəl proqramı var, girişdim bu işə.

Rəhbərliklə danışdım, düşdüm sponsor sorağına. Bir qohumun əli ilə tapdım. Pula pul demirdi. Amma bir şərti vardı ki, gərək proqramı şərikli, yəni onun baldızı ilə aparam. Əlbəttə, razılaşdım və baldızla görüşdük. Dədə, vayyy!

Nə boydaydı, ə, bu? Buna studiya yox e, ən azı basketbol meydançası lazım idi. Sponsor onu da həll elədi. Çəkilişlər orada olmalı, sonra montaj, sonra nümayiş, sonra… Sonra…

O boyda gövdədən bax bu boyda, bircə damcı səs çıxırdı. Danışanda deyirdin bəs yumurtadan yenicə çıxmış hinduşqa balası civildəyir. Proqramın adını da o qoydu  - «Balım, duzum». Yəni baldız adına yaraşsın deyə. Belə razılaşdı ki, baldız şirin-şirin danışacaq, mən də duzlu lətifə-zad söyləyib, tamaşaçıların kefini olacam.

Çəkiliş başlandı. Baldız civildədi:

- Xoş gördük əziz tamaşaçılar. İndi mən sizin üçün bir şpaqat açacam.

Allah, sən saxla! Bunu dedi, mikrofonu qoyub meydançanın ortasına gəldi və «haaa!» deyib qılçalarını 180 dərəcə araladı, yəni doğrudan da şpaqat açdı. Açmağına açdı da, amma qalxa bilmədi. Elə bil 3-4 tonluq ət döşəməyə yapışmışdı. Rejissor göz elədi, iki güvənlik gəldi ki, baldızı qaldırsın, gücləri çatmadı. Biz də qoşulduq, operator da. Birtəhər onu qaldırıb divana otuzdurduq və divanın ayaqları da onun altında şpaqat açdı.

Ara verdik. Həm də reklam götür-qoy edildi. Sponsorun mağazaları, tikdiyi binalar-zadlar təriflənməliydi.

Nəhayət, baldız özünə gəldi və gələn kimi də mikrofonu götürdü ki, oxuyacam. Rejissor:

- Nə oxuyacaqsınız, xanım?

- İndeyski.

- Diskiniz var?

- Canlı oxuyacam.

- Bəs musiqi?

- Musiqisiz!

Oxudu. Dəhşət! Hansı dildə civildədiyini özü də bilmirdi, amma hind qızları kimi boynunu sağa-sola fırladanda buxağının əti şappıltıyla sağa-sola dəyib, ətürpədən səs çıxarırdı. Rejissor da qaş-gözlə mənə işarə verirdi ki, narahat olma. Montajda kəsib, atacaq. Amma sponsora nə cavab verəcəyini düşünmürdü bədbəxt oğlu.

Baldız oxudu qurtardı. Elə ağzımı açmaq istəyirdim ki, civildədi:

- Bir dəqiqə! İki-üç dənə də şeirimi oxuyacam.

Ağzına gələni, qafiyəli, qafiyəsiz, mənasız, əttökən… Yenə fasilə…

Nəfəsini dərdi. Ayağa qalxan kimi yenə civildədi:

- Oynayacam!

- Nə?

- …

- !!!

…Neçə saat idi ki, baldız bizə zülm verirdi. Daha gözə bilmədim. Mikrofonu qoyub yavaşca aradan çıxdım. Yenə öz işimdəyəm. Taksi sürürəm. Və bir dəfə evə gələndə…

Gördüm baldız veriliş aparır. Oxuyur, oynayır, şpaqat açır, ağzına gələni danışır, xəbəri olmayan musiqidən, şeirdən, tarixdən, daha nələrdən danışır.

Bilirsiniz hansı telekanallarda?

Bilmirsiniz?!