vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MEDİA-QHT  
09:48 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2941 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hamı narazıdır, düzəldənsə yoxdur

Aparıcılar belə milli kanallara baxmırsa, deməli...

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Son illər Azərbaycan telekanallarının reytinq qurbanına çevrilməsi fikri geniş yayılıb. Guya tamaşaçı əyləncə verilişlərinə üstünlük verir, bu verilişlər reytinq və reklam gətirir. Halbuki ölkədə reytinqin ölçülməsi ilə bağlı sual doğuran məqamlar çoxdur. Çünki bu nəticələr ictimaiyyətə açıqlanmır, tamaşaçı da bundan xəbərsiz qalır.

Azərbaycanda yaş kateqoriyasına görə 55-64 yaş arasında vətəndaşlar telekanallara daha çox baxır. İkinci yeri isə 35-44 yaş arasında olanlar tutur. TV-lər əsasında aparılan orta reytinq göstəricisinə görə, ən çox izlənilən proqramlar kriminal verilişlər və şou yarışmalarıdır. İkinci yeri seriallar və satirik proqramlar, komediyalar tutur. Ən az tamaşaçı toplayan verilişlər isə təhsil, gənclik proqramları və sənədli filmlərdir. Evlərində kabel televiziyası olan əhalinin yalnız 34 faizi yerli kanallara baxır. Qalan 66 faiz isə xarici kanalları seyr edir.

Bununla paralel, telekanallar hər gün səviyyəni qaldırmaq əvəzinə, aşağı salırlar. İstisnasız olaraq, ya vur-çatlasın, ya da ağlaşma verilişlərinin əsirinə çevrilib. Bəzən kanallar arasında «gəzişmə» edəndə bunun daha çox şahidinə çevrilirsən. Keyfiyyət etibarilə bir-birindən aşağı olan verilişlər, seriallar, şoular, yarışmalar...

İnsafən, hökumət məmurları səviyyəsində buna kəskin etirazlar da olur. Məsələn, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən bununla bağlı bir neçə dəfə etiraz dolu məqalələr yazılıb. Məmurlar, deputatlar, televiziya mütəxəssisləri tərəfindən zaman-zaman tənqid çıxışları səslənib. Və haqlı bir sual meydana gəlir: Bununla bağlı tədbir görülməsi üçün daha kim dilə gəlməli, hansı tədbirlər görülməlidir? Vahid konsepsiya, ciddi cəza mexanizmləri...? «Cücə yumurtadan yaranıb, ya yumurta cücədən...?» misalı tamaşaçı telekanalların arxasında sürüklənir, ya telekanallar tamaşaçının arxasınca?

Bu günlərdə mətbuata müsahibə verən ARB kanalının aparıcısı Rövşanə Ağasəfqızı da milli kanallara baxmadığını bildirmişdi. Ümumi mənzərə onu göstərir ki, artıq bu sferada olanlar da teleefir məkanından narazılıqlarını gizlətmirlər. Reytinq xatirinə efirə yaraşmayan davranışların edilməsi, layiq olmayan insanların efir vasitəsilə insanlara ağıl verməsi kimi hallar ciddi qıcıq doğurur.

Bir neçə ay bundan öncə Prezident Aparatı İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov da bu mövzu ilə bağlı maraqlı açıqlama verib. Deyib ki, son 10 ildə telekanallarda süni reytinqə qaçmaq, kənar saxta sorğular da müəyyən problemlər yaradıb: «İlk növbədə KİV və telekanal rəhbərləri bilməlidirlər ki, onlar cəmiyyətə nümunə təqdim edirlər. Azərbaycan cəmiyyətinə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur».

Ə. Həsənov televiziyaların tərkibində akademiyalar yaradılmasını vacib sayıb: «AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur. Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu məsələni Türkiyə əleyhinə məsələ kimi qabardaraq, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur».

Bundan başqa, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov da bəzi özəl televiziya və radio kanalları barədə «onlar gəncləri işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, barlara çağırır» deyib. Onun sözlərinə görə, əsgərlərin hərbi xidmətlə bağlı məruz qaldıqları ən amansız psixoloji təsir mülki həyatdan və KİV-lərin ordu həyatı, hərbi xidmət barədə yaydıqları yalanlardan irəli gəlir.

Bir sıra hallarda bəzi qüvvələrin ordu ilə cəmiyyət arasında uçurum yaratmaq, ordunun imicini ləkələmək üçün çalışdıqlarını qeyd edən nazirlik rəsmisi özəl TV və radio kanallarını tənqid edib: «Bəzi özəl televiziya və radio kanalları gəncləri işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, restoranlara, barlara çağırır. Mənasız, bayağı şoular təşkil edərək kosmopolit düşüncə və əxlaq tərzini təbliğ edirlər».

Media ekspertləri isə düşünür ki, efirdəki sözügedən problemin həlli üçün ən təsirli vasitə tamaşaçı auditoriyasının təpkisidir. Belə ki, ayrı-ayrı  tamaşaçı cəmiyyətləri, eyni zamanda televiziya ilə bağlı ekspertlər, hətta hökumət nümayəndələri təpkilərini dilə gətirəndə problemə təsir edir. Yerli telekanallarda media azadlığının, seçimin olmaması, menecerlərin özünün təsdiqə ehtiyac duyması, müstəqil proqram siyasətlərinin olmaması kimi problemlər köklüdür. Milli televiziyada çalışanlar isə bu rejimdə işləməyə öyrəşiblər və dəyişmək istəmirlər. Bu cür iş sistemi xüsusi vərdiş tələb etmir. Ümumən isə milli telekanallarda baş verənlər cəmiyyətdə gedən proseslərin tərkib hissəsidir. Yəni cəmiyyətin bütün sahələri hansı vəziyyətdədirsə, televiziya da o cür olmalıdır.