vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
11:10 | 30 yanvar 2019 | Çərşənbə Məqaləyə 2285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İgid pilotun “Əbədiyyətə uçuş”u

Milli Qəhrəman Viktor Seryoginin anım günündə ona həsr edilmiş sənədli film təqdim olundu

LALƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Yanvarın 28-də Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginə həsr edilmiş “Əbədiyyətə uçuş” sənədli filminin təqdimatı keçirildi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən növbəti ekran əsəri “Salnaməfilm” studiyasında ekranlaşdırılıb.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yolları və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdi.

Dövlət himni səsləndirildikdən sonra MAA-nın tədris işləri üzrə prorektoru Ədalət Səmədov tədbir iştirakçılarını təhsil ocağının rektoru, akademik Arif Paşayevin adından salamladı və qəhrəman təyyarəçilər haqqında filmin tələbələr qarşısında nümayişi təşəbbüsünə görə təşəkkürünü bildirdi.

Filmin yaradıcı heyətinə minnətdarlığını ifadə edən prorektor igid pilotun ömür yolundan danışdı. Bildirdi ki, Viktor Seryogin 23 mart 1944-cü ildə Tbilisi şəhərində doğulub. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilib. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olub. O, Qarabağ müharibəsi başlayarkən Ağdərə, Şuşa, Ağdamda dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşımışdı. Azərbaycanı öz doğma vətəni kimi sevən V.Seryogin 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa istiqamətində növbəti uçuş zamanı erməni silahlı dəstələrinin vertolyotu atəşə tutması nəticəsində heyətlə birlikdə qəhrəmancasına həlak olub. Onu da qeyd edək ki, ermənilərin raketlə vurduğu “Mİ-8” sərnişin vertolyotunda ümumilikdə 44 nəfər həlak olmuşdu. Bu, dünya aviasiya tarixində mülki vertolyota qarşı ən ağır terror hadisəsi sayılır.

Qəhrəman pilot Bakıda Şəhidlər xiyabanında dəfn edilib. 25 noyabr 1992-ci il tarixli Prezident fərmanı ilə Viktor Vasilyeviç Seryogin ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hazırda yaşadığı Xəzər rayonunun Buzovna qəsəbəsində onun adına küçə var, Xarkov şəhərində isə yaşadığı binaya xatirə lövhəsi vurulub.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə qeyd etdi ki, bir neçə ildir nazirliyin sifarişi ilə Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş silsilə sənədli filmlər lentə alınır: “Bu günə kimi 70-dən artıq film ərsəyə gəlib. Bu ekran əsərlərinin təqdimatları əsasən əlamətdar günlərdə, şəhidlərin xatirə günlərində onların oxuduqları məktəb və yaşadıqları regionlarda reallaşır. Viktor Seryoginə həsr olunmuş filmin Milli Aviasiya Akademiyasında təqdim edilməsi də onun xatirəsinə ehtiramdır. Şəhidlər Azərbaycan xalqının qəlbində yaşayır və mədəniyyət sahəsində çalışan insanlar hər zaman öz fəaliyyətlərində onların xatirəsinin əbədiləşdirilməsi, bu tarixin gələcək nəsillərə çatdırılmasına çalışırlar”.

Almaz Sultanzadə filmin ərsəyə gəlməsində dəstəyi olan əlaqədar təşkilatlara təşəkkürünü bildirdi, ekran əsərinin yaradıcı heyəti haqqında məlumatı diqqətə çatdırdı.

“Silk Way Helicopter Services” aviaşirkətinin baş direktoru Azər Sultanov həmkarları Viktor Seryogin haqqında sənədli filmin çəkilməsindən məmnunluğunu dilə gətirdi: “Bu gün Viktor Seryoginlə o ağır illərdə birgə işləmiş, uçuşlar etmiş pilotlarla çalışıram və bu qəhrəmanlar onların xatirələrində hər zaman yaşayır. Sevinirəm ki, Seryogin kimi qəhrəmanların vətənpərvərliyi gənc nəslə təbliğ edilir. Bu gün Azərbaycan aviasiyası inkişaf edir. Həmin illərə nəzərən hazırda ordumuzun maddi-texniki təchizatı isə müqayisəyəgəlməz dərəcədə müasirləşib”.

Filmin rejissoru Cəmil Fərəcov tədbir iştirakçılarına təşəkkür edərək filmin çəkilişlərində dəstək göstərən təşkilatlara və qəhrəmanın pilot dostlarına minnətdarlığını bildirdi.

Təyyarəçi, MAA-nın müəllimi, Qarabağ müharibəsi iştirakçısı Bayram Muxtarov Viktor Seryoginlə bağlı xatirələrini bölüşdü. O, şəhid pilotun həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs edərək bu şərəfli ömrün gənc nəsillər üçün örnək olduğunu vurğuladı.

Daha sonra “Əbədiyyətə uçuş” filmi nümayiş olundu. Qəhrəmanın həyat yolundan bəhs edən filmdə Viktor Seryoginin təyyarəçi dostlarının xatirələri yer alıb.

Filmin operatoru Nizami Abbas, icraçı prodüseri Kamil Məmmədovdur.

Təqdimat mərasimində Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Valentina Volkova da iştirak edirdi.