vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ENERGETİKA  
11:55 | 9 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 2360 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zəncirin mərkəzi hissəsi - TANAP

Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?

Kler NUTTAL, “bne Intellinews”

MÖVZU İLƏ ƏLAQƏLİ

Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Rusiya qazına yeni alternativ yaradır. O, qaz nəqlini şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa çalışan Avropaya Azərbaycan qazını Türkiyə ərazisi ilə çatdırmağa hazırdır.

TANAP-ın Yunanıstan sərhədinə uzanan ikinci mərhələsi iyulun 1-dən etibarən fəaliyyətə başlayıb. Gələn il Türkiyə-Yunanıstan sərhədində TANAP Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşdikdən sonra Azərbaycanın “Şahdəniz” yatağından Avropa bazarlarına qaz nəql ediləcək.

Xəzər regionunun müstəqil postsovet ölkələrindən Avropaya qaz çatdırmaq fikri 1990-cı illərin əvvəllərində intişar tapıb və boru kəmərlərinin tamamlanması Cənub Qaz Dəhlizini gerçəkləşdirəcək.

Marşrutun birinci mərhələsi artıq başa çatıb. Cənubi Qafqaz boru kəməri Azərbaycana qazını Gürcüstan və Türkiyəyə nəql edir. O, TANAP-a aiddir, öz növbəsində, Yunanıstan və Albaniya vasitəsilə, daha sonra Adriatik dənizindən İtaliyaya keçərək TAP-la bağlanır.

TANAP – zəncirin mərkəzi hissəsi – Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş təbii qaz boru kəməridır. TANAP-ın maraqlı tərəfləri – SOCAR (Azərbaycan), Türkiyənin “Botaş”, bp və “SOCAR Turkey Energy” şirkətidir.

TANAP üçün son investisiya qərarı 2013-ci ilin dekabr ayında alınıb, iki ildən sonra tikinti işləri başlayıb. TANAP-ın Türkiyə-Gürcüstan sərhədlərindən Eskişehirə qədər olan birinci mərhələsi 2018-ci ilin iyun ayında tamamlanıb və ilk kommersiya qazı eyni ayda Türkiyəyə çatdırılıb.

SOCAR prezidenti iyulun 1-də bildirib: “Bu gün TANAP Avropaya təbii qaz tədarük etməyə hazırdır və biz TAP boru kəmərinin işinin tamamlanmasını gözləyirik”.

O, həmçinin əsas tikinti layihəsi zamanı xərclərin qənaət edildiyini vurğulayıb: bir çox böyük infrastruktur layihələrində xərclərin əksəriyyətindən fərqli olaraq, təxmin edilən 11,7 milyard dollarlıq xərclər daha sonra 7 milyard dollara endirilib.

“Azərbaycan dünya səviyyəsində nümayiş etdirdi ki, biz həm ölkə daxilində, həm də xaricdə kompleks transmilli layihələri yüksək effektivliklə yerinə yetirmək qabiliyyətindəyik. TANAP-ın həyata keçirilməsi zamanı SOCAR və onun tərəfdaşları təxminən 5 milyard dollar qənaət ediblər, layihənin ümumi dəyərini 40 faiz azaldıblar. Bu, Azərbaycan və Türk xalqının böyük nailiyyətidir”.

 

Onilliklərin prosesi

 

Cənub Qaz Dəhlizinin əsas məqsədi Avropanın Rusiyadan qaz idxalına olan asılılığını azaltmaqdır, buna görə də, qitənin bir hissəsi Moskvanın “enerji diplomatiyasına” qarşı həssas olacaq. Bu, 2000-ci illərin ortalarında “Qaz müharibələri” ilə daha da aktuallaşıb, çünki “Qazprom” tez-tez, əsasən, Ukraynanı cəzalandırmaq üçün kranları bağlayıb.

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi ilə Rusiya və Ukrayna arasındakı qarşıdurma güclənib, Qərbin sanksiyalarına səbəb olub.

Əslində, Türkmənistan, Orta Asiyada dünyanın ilk dörd ən böyük qaz ehtiyatına sahib ölkələrdən biri, ilkin mərhələdə, Cənubi Qaz Dəhlizinin əsas tədarükçüsü hesab olunub.

Ancaq o vaxtdan bəri Çin Orta Asiyada irəliləyib, bölgəni əhatə edən böyük boru kəmər şəbəkəsi qurub. Türkmənistan, həmçinin “Qazprom”la orta müddətli qaz tədarükü müqaviləsi üzrə danışıqlar aparır. Rəsmi Aşqabad Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) boru kəmərinin inşası məqsədini də həyata keçirir. Xəzər dənizinin dibindən keçən, Türkmənistandan Azərbaycana qədər sualtı boru xətti planları beş sahilyanı ölkə arasında dənizi bölüşmək uğursuzluğundan arzu olaraq qalıb.

Bunun əvəzinə, TAP başa çatdıqdan sonra, gələn ildən Azərbaycan Avropaya qaz ixrac etməyə başlayacaq. Bu qaz bp-nin başçılıq etdiyi beynəlxalq konsorsium tərəfindən hazırlanmış nəhəng “Şahdəniz” yatağının ikinci fazasından nəql olunacaq.

“TANAP-ın başa çatdırılması cari ildə qazın daşınması üçün əhəmiyyətli bir komponent kimi xidmət edir və Rusiyadan yan keçməklə, Azərbaycandan Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur “, – Stratfor analitiki Yevgeni Çausovski “tvit” atıb.

 

Təchizatların şaxələndirilməsi

 

Cənub Qaz Dəhlizi rus qazından asılılığı azaltmaq istəyən Avropa dövlətlərinin yeganə layihəsi deyil. Aİ üzvü olan Rumıniya Qara dənizdəki neft və qaz ehtiyatlarını inkişaf etdirir və Yassı-Ungeni boru kəmərinin açılmasına qədər tamamilə Rusiya qazından asılı olan boru kəməri infrastrukturuna, o cümlədən qonşu Moldovaya investisiya yatırır.

Daha sonra şimalda, Polşa və Danimarka 2018-ci ilin noyabr ayında Polşanın Rusiyadan qaz idxalını azaltması üçün hazırlanan əsas enerji infrastruktur layihəsi olan Baltik Boru Kəmərinin tikintisinə dair yekun qərar qəbul edib.

Digər Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri enerji təhlükəsizliyini artırmaq üçün LNG infrastrukturunu qururlar. Məsələn, Bolqarıstan bu yaxınlarda ABŞ-dan ilk LNG satın alıb və Krik adasındakı Xorvatiyanın LNG terminalına Macarıstan kimi Mərkəzi Avropa ölkələrinin böyük marağı var.

Bununla yanaşı, Rusiya öz boru kəməri infrastrukturunu Avropaya uzadır. Qitə hələ də Rusiyanın qazından çox asılıdır. “Nord Stream 2” və “Türk Stream” kimi yeni boru kəmərləri Rusiyaya, Ukraynadan yan keçərk, Avropa bazarlarına çıxışı təmin edəcək.

“Qazprom”, bu müddətdə yerinə yetiriləcəyi dəqiqləşdirilməli olsa da, Ukrayna ilə qaz tranziti müqaviləsinin başa çatmasına, 2020-ci ilədək Baltik dənizi vasitəsilə Almaniyaya uzanacaq “Nord Stream 2” boru kəmərini tamamlamağa tələsir. 2019-cu ilin may ayından etibarən “Qazprom” əvvəlcədən nəzərdə tutulmuş 9,5 milyard avro dəyərində maliyyələşdirmənin 6 milyard avroluq hissəsini təmin edib və tikinti üçün, Danimarka istisna olmaqla, bütün icazələri alındığını bildirib.

Rusiya, eyni zamanda 31,5 milyard kubmetr həcmli “TürkAkımı” kəmərinə investisiya yatırır. Birinci xətt həcmin yarısını türk istehlakçılarına çatdıracaq. İkinci xətt Avropadakı istehlakçılar üçündür.

“Qazprom”un boru kəmərinin ikinci xətti 2020-ci ildən başlayaraq, Bolqarıstan və Serbiyanı əhatə edəcək, sonra isə 2021-ci ildən başlayaraq 2022-ci ilin ikinci yarısında Macarıstan və Slovakiyaya keçəcək. Buna görə də, əvvəlki “Cənub Axını” layihəsində uduzan bir çox ölkəyə xidmət edəcək.


Azərbaycanın uduşu

 

SOCAR-ın press-relizində qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizinin açılması Azərbaycana, əlbəttə, fayda verəcək. Bu da ölkənin gəlirinə və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

Mayın sonunda TANAP vasitəsilə Türkiyəyə 1,9 milyard kubmetr qaz ixrac edilib. Bu, 2019-cu ilin ilk beş ayında ölkənin qaz ixracatının artımı, keçən ilin eyni dövrünə nisbətən, 1,8 dəfə çoxalaraq 4,9 milyard kubmetr təşkil edib.

Qaz ixracını artırma qabiliyyəti, 2016-cı ildə aşağı qaz qiymətləri ilə yaranmış durğunluqdan çıxan Azərbaycan iqtisadiyyatını gücləndirəcək. Rəsmi Bakı iqtisadiyyatını karbohidrogenlərdən asılı olaraq şaxələndirməyə, eləcə də yeni ixrac infrastrukturunun qurulmasına yönəldib.

Avropanın ən kiçik iqtisadiyyatlarından biri olan Albaniya üçün də layihənin yeni imkanlar yaradacağı gözlənilir. “Deloitte Albania”-nın baş meneceri Kseni Kakariqi bildirib ki, TAP “Albaniyanın enerji bazarını inkişaf etdirməkdə və ölkənin Qərbi Balkanlarda qaz qovşağı olmasında böyük rol oynayacaq”.

Ancaq layihəyə dair mübahisə də var. Avropalı qurumların Cənub Qaz Dəhlizini maliyyələşdirməsi QHT-lər, xüsusən də “Bankvoç” tərəfindən tənqid olunub. Azərbaycanda insan haqları pozuntusu və korrupsiyanın yüksək səviyyəsinə görə. Amma bu, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının TAP-ı maliyyələşdirməsinə (Avropanın enerji təhlükəsizliyini inkişaf etdirmək məqsədilə yanvar ayında 3,9 milyard avro vəsait) mane olmayıb.

Qaz, həmçinin Cənub-Şərqi Avropanın çox hissəsində kömürə alternativ kimi baxılır.

TANAP-ın tamamlanması ilə bağlı tələskənliyə baxmayaraq, Oksford Enerji Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, “2030-cu ilə qədər Cənub Qaz Dəhlizinin Avropanın qaz balansına qeyri-ciddi töhfə verəcəyi ehtimal olunur”.

Analitik mərkəzin 2018-ci il tarixli hesabatda “Şişirtməyək: Cənub Qaz Dəhlizinin 2030-cu ilə qədərki perspektivləri” adlı məqaləsində Türkmənistandan tədarükün təmin edilməməsi, Avropada beynəlxalq iqtisadi böhran zamanı qaz tələbatının azalması kimi faktlara işarə edilir. 2000-ci illərdə Yamal yarımadasından daha ucuz rus qazının gəlməsi də buna əlavə olunur.

Sənəddə deyilir: “Siyasi liderlər Dəhlizin 2021-22-ci illərdən sonra çox parlaq rənglərdə perspektivlərini çəkməyə davam edərkən, Xəzər regionu, Qafqaz, Türkiyə və Avropada bazarın dinamikası daha az perspektivlidir. Cənub dəhlizinin müvəffəqiyyəti üçün ticarət şərtləri siyasi dəstəyin artması ucbatından pisləşib.Bütün bu dəyişikliklərin nəticəsidir ki, Cənub Dəhlizi ilkin nəzərdə tutulan 10-20 faiz yox, 2020-ci ildə Avropanın qaz tələbatının təxminən 2 faizini təmin etməyi nəzərdə tutan daha təvazökar layihə kim irəli sürülür”.