vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
09:00 | 8 mart 2014 | Şənbə Məqaləyə 1497 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əli Həsənovdan çağırış

«Məmur hansısa cərəyanlara qoşulursa, artıq məmurluqdan çıxır»; Hakimiyyət dini təriqətlərə qarşı hərəkətə keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 7-də Beynəlxalq Mətbuat Mərkəzində «Dini etiqad azadlığı, missionerlik və media» mövzusunda konfrans keçirildi. Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda Prezident Administrasiyasının rəsmləri, deputatlar, MŞ üzvləri, QHT və media təmsilçiləri iştirak edirdi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri giriş sözü açaraq son zamanlar Azərbaycanda dini məsələlərin media gündəminin əsas mövzularından birinə çevrildiyini bildirdi. Azərbaycanda konstitusiya və qanunların vicdan azadlığını müdafiə etdiyini qeyd edən MŞ sədri ölkədə oturuşmuş tolerantlıq mühitinin olduğunu və bu məsələdə medianın rolunun olduğunu bildirdi. Medianın Azərbaycan dövlətinin din siyasətini dəstəklədiyini qeyd edən Ə.Amaşov eyni zamanda ölkədə missionerlik fəaliyyətlərinin olduğunu bildirdi. Onun sözlərinə görə, müstəqilliyin ilk illərindən Azərbaycana gələn bir sıra missioner təşkilatlar insanlar arasında təbliğat aparıb.

Ə.Amaşov bildirdi ki, bəzi təriqətlər cəmiyyətin həssas yanaşdığı təhsil, səhiyyə kimi sahələrə nüfuz edir və sosial ədalət prinsiplərini önə çıxarmaqla insanları özlərinə cəlb edirlər. Ə.Amaşov Azərbaycanda «Yahova şahidləri», vəhhabilik, nurçuluq kimi təriqətlərin də fəaliyyət göstərdiyini qeyd etdi. Şura sədri hətta bir zamanlar bəzi insanların bir qarın yeməyə görə təriqətlərə qoşulduğunu bildirdi: «Azərbaycanda iki ənənəvi müsəlman icması var: şiə və sünni. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini sünni icmasını təmsil edir».

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, dini cərəyanlar mövzusu hər zaman aktual olub, ancaq son 5 ildə xüsusi aktuallıq qazanıb. Xüsusən də «ərəb baharı» prosesində, hətta son olaraq Ukraynada yaşanan proseslərdə din amilinin gündəmə gəldiyini qeyd edən Ə. Həsənov bir sıra dövlətlərin və beynəlxalq qurumların din azadlığı, missionerlik mövzusundan istifadə etdiyini dedi: «Bir nəfərin fərd olaraq dövlətə təsir etməsi, əlbəttə, mümkün deyil, ancaq müəyyən bir inanc ətrafında birləşən insanların şəbəkələşərək bunu etməsi mümkündür. Odur ki, hüquqi normalar çərçivəsində mövcud qanunlara və ictimai davranış normalarına riayət etməyən, maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti nümayiş etdirən təşkilatlara və şəxslərə qarşı respublikada dövlət səviyyəsində ardıcıl, sistemli tədbirlər görülür, bundan sonra da görüləcək. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz. Azərbaycan dövləti bütün dini icmaların fəaliyyətini nəzarətdə saxlayır, lazım gələndə müdaxilə edir».

Daha sonra çıxış edən deputat, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun Azərbaycan xalqının mahiyyətcə tolerant olduğunu, dini radikallığa meyl etmədiyini bildirdi. Azərbaycanda bir neçə il əvvəl dini zəmində gərginliyin olduğunu, hətta Təhsil Nazirliyi qarşısında hicab aksiyasının keçirildiyini qeyd edən B.Sadıqovun iddiasına görə, sonradan araşdırma nəticəsində məlum olub ki, bu adamların ailə üzvləri çarşab taxmır, öyrədilmiş insanlardır: «Azərbaycan dünyanın yeganə dövlətlərindəndir ki, qadına hörmət əlaməti olaraq onun şərəfinə heykəl ucaldılıb. ABŞ-dan əvvəl Azərbaycan qadını seçkilərdə səs vermək hüququ qazanıb. Gəlib XX-XXI əsrlərdə Azərbaycan qadınını çarşaba qaytarmaq təbii ki, səhv idi. Bununla bağlı Azərbaycan mətbuatı dövlətin çarşaba qarşı gördüyü tədbirlərə kömək olaraq əlbir işlədilər. Bu gün, görürsünüz, bu zalda bir nəfər də olsun, çarşablı qadın yoxdur. Bu, bizim uğurumuzdur və mətbuatın köməyi ilə görülmüş işin nəticəsidir».

Daha sonra çıxış edən «APA Holding» MMC-nin prezidenti Vüsalə Mahirqızı bildirdi ki, Azərbaycan çox nadir ölkələrdəndir ki, burada məscid, sinaqoq və kilsə eyni küçədə yerləşir, hər üç dinin təmsilçiləri eyni sərbəstlik və rahatlıqla öz inanclarına aid məbədlərə gəlib, dini rituallarını, ibadətlərini yerinə yetirirlər. Ancaq V.Mahirqızı son dövrlərdə qeyri-ənənəvi təriqətlərin mediada aktiv fəaliyyət göstərdiyini bildirdi: «Çox təəssüf ki, bəzi hallarda həm ictimai müzakirələrdə, həm də mediada dini etiqad azadlığı ilə ayrı-ayrı sektaların dini bölücülük fəaliyyətləri qarışdırılır, zərərli missionerlik fəaliyyətinin təbliğinə yol verilir. Burada digər önəmli məsələ missionerliyin hansısa dinin, ya da sektanın təbliğatı mahiyyətindən çıxarılıb, dövlət maraqlarına toxunan, yayıldığı dövlətin təməl prinsiplərinə ziyan vuran, milli dünyagörüşün məhvinə yönələn, bəzi hallarda dövlət idarəçiliyi, dövlət quruluşu ilə bağlı dəyişikliklərin təbliğatını aparan formaya çevrilməsidir».

V.Mahirqızı deyib ki, missioner tipli təriqətlərdə əsas hədəflərdən biri də medianı nəzarətə almaqdır: «Bu məsələnin bu gün müzakirəyə çıxarılması bizim ölkəmizin də bu təhlükələrdən xali olmadığını, kənarda qalmadığını göstərir. Müzakirə olunan məsələlərlə bağlı medianın üzərinə böyük məsuliyyət düşür».

«BakıXəbər» qəzetinin baş redaktoru Aydın Quliyev müzakirəyə çıxarılan mövzunun Azərbaycanda milli təhlükəsizlik məsələsi olduğunu bildirdi: «Bizim medianın bu mövzu ilə bağlı xüsusi vəzifələri olmalıdır və buna əməl edilməlidir. İkinci növbədə medianın özü həmin sektaların təsirinə düşməkdən uzaq olmalıdır. Media olaraq biz bu kimi informasiyalara həssas yanaşmalıyıq. Bəzi şeylər var ki, onu dövlət deyil, cəmiyyət və media etməlidir. Biz bu yöndə əlimizdən gələni etməliyik ki, cəmiyyətdə bu cür tendensiyalar yayılmasın».

Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev bir sıra qeyri-ənənəvi təriqətlərin Azərbaycanda son illərdə geniş yayıldığını və artıq cəmiyyət üçün təhlükə yaratdığını bildirdi: «Vəhhabilərin Böyük Britaniya kəşfiyyatı tərəfindən yaradıldığı ilə bağlı məlumatlar hər kəsə məlumdur. Mən bir il qabaq Türkiyədə idim, bir sıra şəxslərlə, o cümlədən baş nazirin müavini ilə görüşdüm və qayıdanda bildirdim ki, bu ölkədə nəsə olacaq. Nurçular ABŞ kəşfiyyat idarəsi ilə əlaqəlidir. Son günlər bu məsələ Türkiyədə də geniş səs-küyə səbəb olub. Orada hamıya aydındır ki, bu qüvvələr ABŞ-dan idarə olunur. Türkiyə dövləti müstəqil qərarlar qəbul edərkən xarici qüvvələr bunların vasitəsilə hökumətə təzyiqlər edir».

E. Fətullayev 2007-ci ildə «Realnıy Azərbaycan» qəzetinin baş redaktoru olarkən hazırda həbsdə olan deputat Gülər Əhmədovanın ona bir şəkil verdiyini dedi: «2007-ci il idi. Deputat Gülər Əhmədova mənimlə görüşdü. O, mənə Milli Məclisin komitə sədrlərinin birinin Fətullah Gülənlə çəkdirdiyi şəkli təqdim etdi. Həmin şəkli yaymadım, çünki həmin dövrdə vəziyyət fərqli idi, təzyiqlər çox olurdu. Eyni zamanda mənim fikrimcə, o zaman bu təhlükə indiki kimi real deyildi».

E.Fətullayev PA-da çalışan məmurlardan birinin jurnalistləri təhqir etdiyini bildirdi. 

Deputat Aqil Abbas Mətbuat Şurasının media və din mövzusunda layihə həyata keçirməsini və mətbuatın bu layihəni dəstəkləməsini təklif etdi. Eyni zamanda TV-lərdə dini maarfiçilik verilişlərinin artırılmasını, QMİ-nin ruhanilərinin savadlandırılmasını təklif edən A. Abbas hazırda haqqında bəhs olunan Fətullah Gülən camaatı ilə bağlı daha əvvəldən məlumatlı olduğunu və narahatlıqları bölüşdüyünü bildirdi.

Deputat Çingiz Qənizadə isə MM-də Suriyaya savaşa gedənlərlə bağlı qanunvericilikdə dəyişikliklər hazırlandığını və yaxın zamanlarda xaricdə döyüşə gedənlərə sərt cəzaların nəzərdə tutan qanunlar qəbul olunacağını bildirdi. Deputat TV-lərdə şou proqramlarla yanaşı dini maarifçilik verilişlərinin olmasını təklif etdi.

Sonda növbəti dəfə çıxış edən Əli Həsənov Azərbaycanda din siyasətinin doğru qurulduğunu, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinin dövlət tərəfindən dəstəkləndiyini deyib: «QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı mövcud dini modelin, yəni tarixən bizi müşayiət edən dini modelin qorunub saxlanması, yaşadılmasında ən dəyərli və ən əsas qüvvədir».

Eyni zamanda hazırda ruhanilərin dini və dünyəvi savadının artırılması istiqamətində QMİ ilə danışıqların aparıldığını deyən Ə.Həsənov bu yöndə işlərin görüləcəyini bildirdi: «O fikirlə razıyam ki, Azərbaycanda dini ayinləri həyata keçirən imamlarımızın, axundlarımızın, mollalarımızın səviyyəsini yüksəltməliyik. QMİ-də artıq kurslar yaradılıb və bu kurslarda nəinki molla, axund, imamlarımızın xütbələri, məscidlərdə səsləndirdikləri moizələr və digər məsələlərlə bağlı onlarla iş aparılır. Eyni zamanda biz düşünürük ki, onların dünyəvi biliklərini artıraq». 

Son günlər PA daxilində qarşıdurma ilə bağlı iddialara münasibət bildirən şöbə müdiri bu məlumatları təkzib etdi. Ancaq eyni zamanda o, cəmiyyətdən gələn müəyyən siqnalların PA-nın şöbə müdirləri və digər strukturlar tərəfindən araşdırılmalı olduğunu dedi: «Dövlət strukturunda yerləşən məmurun vəzifəsi başqadır, həmin məmurun vəzifəsini həmin strukturun əsasnaməsi, onu vəzifəyə təyin edən və ondan hesabat istəyən adam müəyyən edir. Biz Prezident Administrasiyasında yalnız prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq.

Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təəssüflər olsun ki, belə qarşıdurma meylləri də var, belə qarşıdurma meyllərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda həqiqəti danmaq istəyənlər də var. Bu siqnalların içərisində bəzi həqiqət də var. Azərbaycan insanlarının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Bəzi insanlar var ki, sabitdir, inadkardır, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq qətiyyən mümkün deyil. Bəzi insanlar var ki, onunla müvafiq söhbət aparmaqla onun fikrini dəyişmək olar, onu bu və ya digər istiqamətdə istifadə etmək olar. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik».