vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
09:42 | 14 dekabr 2022 | Çərşənbə Məqaləyə 7333 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İncəsənət qalası”

İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin 100 illiyi qeyd edildi

Savalan FƏRƏCOV

Bu il Bakının ən qocaman mədəniyyət ocaqlarından biri olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin 100 yaşı tamam olur. Dekabrın 9-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə əlamətdar yubileyə həsr olunmuş “İncəsənət qalası” adlı gecə keçirildi.

Qeyd edək ki, 100 yaşlı mədəniyyət ocağı Cümhuriyyət Parlamentinin (1918-1920) üzvü (sosialist fraksiyası), Azərbaycanın ilk diplomatlarından biri, 1921-ci ildə Azərbaycan SSR-nin Türkiyədə səfiri olmuş İbrahim Əbilovun (1881-1923) adını daşıyır.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Sonra “Əbilov klubu” filmi nümayiş olundu.

Gecənin aparıcısı, aktyor Mehman Piriyev çıxış edərək İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin tarixindən qısa söz açdı. Qeyd etdi ki, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakıda – milyonçu Murtuza Muxtarovun evində (sonralar “Səadət” sarayı) Əli Bayramov adına qadınlar klubu fəaliyyətə başlamışdı. Azərbaycanda qadın hərəkatının öncüllərindən olan Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılan klub maarifçilik fəaliyyəti ilə yanaşı, qadınların mədəni həyata cəlb olunmasında fəal iştirak edirdi. Bir müddət sonra klubun filialları da yaranır.

Ceyran xanım xatirələr kitabında yazır  ki, Bakıda Şərq Xalqlarının Qurultayında (sentyabr 1920 – red.) iştirak edən İbrahim Əbilov bir türk qızının çıxışını görür və sevincdən gözləri yaşarır: “Mənim çoxdankı arzum idi ki, bir türk qızını hər hansı bir müsamirədə danışan görüm. Mən bu gün onu gördüm. Əgər bu gün danışırsa, demək gələcəkdə mənim arzularım çiçəklənəcək...”.

1922-ci ildə Ceyran Bayramovanın respublikanın rəhbəri Nəriman Nərimanova müraciətindən sonra o vaxtkı Dağlı məhəlləsində klubun daha bir filialı yaradılır. Ruqiyyə Əliyeva kluba rəhbər təyin edilir. 1923-cü ildə İ.Əbilov vəfat edir. Ceyran xanım fikirləşir ki, İ.Əbilovun arzuları bundan sonra mədəniyyət ocağında çiçəklənəcək. O, yeni yaradılan filiala İ.Əbilovun adının verilməsi xahişi ilə Xalq Komissarları Sovetinə müraciət edir və istəyinə nail olur.

Tezliklə İ.Əbilov adına klub şəhərin qabaqcıl mədəniyyət ocaqlarından birinə çevrilir. Burada qızlardan ibarət tar dərnəyi də yaradılmışdı. Dərnəyin ilk rəhbəri görkəmli bəstəkar, tarzən Səid Rüstəmov olur. Sonradan həmin musiqi dərnəyi Azərbaycana Ağabacı Rzayeva, Hökumə Nəcəfova kimi bəstəkarlar bəxş edir. 1926-cı ildə Qılman Salahovun rəhbərliyi ilə klubda kamança dərnəyi də açılır. 1927-ci ildə klubda ilk qızlar ansamblı yaradılıb. Həmin ansambla Əhməd Bakıxanov rəhbərlik edib.

Yubiley tədbirində sənətdə ilk addımlarını İ.Əbilov adına klubda atmış mədəniyyət xadimləri də xatirələrini, ürək sözlərini bölüşdülər.

Xalq artisti Ramiz Məlik kluba gəldiyi və rol aldığı illərdən danışdı. Qeyd etdi ki, 14 yaşım vardı. Bir gün məktəb yoldaşım Qasım Səfəroğlu mənə dedi ki, gedək mənimlə İ.Əbilov adına kluba. O, dram dərnəyinin üzvü idi. Gəldik kluba, dram dərnəyinin rəhbəri Məmmədağa müəllim idi. Yusif Əzimzadənin “Anacan” pyesini məşq edirdilər. Mən də oturub baxırdım. Bir az keçmişdi Məmmədağa müəllim Qasımdan soruşdu ki, bəs bu oğlan kimdi? O dedi ki, şagird yoldaşımdı. Bəlkə dram dərnəyinə yazılmaq istəyir? Yerimdən qalxaraq dedim ki, yox, istəmirəm. İki gündən sonra yenə gəldik. Qasım mənə dedi ki, Məmmədağa müəllimin gözü səni tutub. Deyir ki, gəlsin bir rol var ona verim... Beləliklə, dram dərnəyinin üzvü oldum. Həyatım bu səhnəyə bağlandı. 

Əməkdar artist Azad Şükürov tələbəlik illərində İ.Əbilov adına klubla əməkdaşlıq etdiyi vaxtlardan danışdı. Qeyd etdi ki, bir gün dostum mənə dedi ki, bir təşviqat briqadası yaradırıq. İstəyirəm sən də orada iştirak edəsən. Bizə maddi cəhətdən kömək də olacaq. Getdik, çox yaxşı bir təşviqat briqadası yaratdıq. Ucar rayonunda respublika birinciliyi keçirilirdi. Orada birinci yer tutduq. Qayıdandan sonra klubun direktoru Nəsimi müəllim bizimlə görüşdü. Bizə iki aylıq tələbə təqaüdü həcmində qonorar verdi. Bütün bunlardan sonra İ.Əbilov adına klub bizə doğmalaşdı.

Tədbirdə daha sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Zahid Əliyev, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, Əməkdar artistlər Cavanşir Məmmədov,  Firuzə İbadova və başqaları çıxış edərək İ.Əbilov adına Mədəniyyət Mərkəzi ilə  əməkdaşlıqdan danışdılar, yubiley münasibətilə mədəniyyət ocağının kollektivini təbrik etdilər.

Çıxışlardan sonra musiqi proqramı təqdim edildi. “Oğuzlar” folklor, “Cəngi” rəqs ansamblları çıxış etdilər. Xalq artisti Simarə İmanova, Əməkdar artistlər Cavanşir Məmmədov, Firuzə İbadova, müğənnilərdən Rəis Niftəliyev, Şahin İsmayılov və başqalarının ifalarında bəstəkar və xalq mahnıları ifa olundu.