

Fransada 1870-ci ildə qəbul olunan qanuna əsasən, vilayətlərdəki cəllad vəzifələri ləğv olundu. İndi mülki işlər üzrə edamı yalnız Parisdəki baş cəllad yerinə yetirə bilərdi. Vəzifənin rəsmi adı “cəllad” yox, “cinayət hökmlərinin baş icraçısı” idi. Xalq da “cəllad” sözündən hövüllənirdi və buna görə danışıq dilində ona “parisli cənab” deyilirdi.
Fransada 1791-ci ildən mülki cinayətlərə görə edam hökmü gilyotinlə, hərbi cinayətlərə görə isə güllələnmə ilə həyata keçirilməyə başlanıldı.
Marsel Şevalye 26 yaşında evlənmişdi. 1951-ci ildə arvadının əmisi Andre Obrext Fransanın baş cəlladı oldu. O da 1958-ci ildə qohumbazlıq edərək qardaşının kürəkəni Marsel Şevalyeni özünə köməkçi (cəlladın dörd köməkçisi ola bilərdi) götürdü.
Şevalye 1958-1976-cı illərdə 43 edamda iştirak etdi. İlk illərdə edam olunanların 24-ü Əlcəzair müstəqilliyi uğrunda mübarizə aparan Milli Qurtuluş Cəbhəsinin üzvləri idi.
Parkinson xəstəliyinə tutulan Obrext 1976-cı ildə istefa verdi və onun yerinə Şevalye keçdi. O, baş cəllad kimi 1977-ci ildə Cerrom Karreni (zorlamaq istədiyi 8 yaşlı qızın qatili) və Tunis kökənli Hamida Candubini (zorlama, işgəncə və qətl) edam etdi.
Oğlu Eriki köməkçi götürən Marsel Şevalye güman ki, onu öz yerinə hazırlayırdı – ailə peşəsi başqasına qismət olmasın. Amma Candubi Fransada edam olunan sonuncu şəxs oldu. Edamlara bir müddət moratorium qoyuldu. 1981-ci ildə isə prezident Mitteran edam cəzasının ləğvi barədə qanunu imzaladı. Baş cəllad vəzifəsi də ləğv edildi.