vaxtlı-vaxtında oxuyun! Şənbə, 9 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
RƏY, REPLİKA  
11:30 | 14 aprel 2017 | Cümə Məqaləyə 3960 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vahid namizəd seçməlidir»

Pənah Hüseynin təklifinə müxalifətdən reaksiyalar gəldi

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

AXP sədri Pənah Hüseyn jurnalist Əvəz Zeynallıya müsahibəsində 2018-ci il prezident seçkilərində müxalifətin iştirakı məsələsindən danışıb. P.Hüseyn öncə deyib ki, ölkədə vəziyyət əhəmiyyətli bir şəkildə dəyişməsə, ümumiyyətlə, hansısa indiki siyasi müxalifətdən kimlərinsə bu seçkidə iştirak eləyəcəyini hesab etmir. O baxımdan, indi hər şeyi bir kənara ataraq, 2018-ci il prezident seçkilərinə guya seçki kimi klassik söz mənasında hazırlaşmaq bir qədər cəfəngiyyatdır və mənasızdır:

«Amma bunu qeyd eləyib deməklə yanaşı, bu 2018-ci ili də orientir kimi götürərək, müxalifət daxilində birləşmənin və bir araya gəlmənin yollarından və üslubundan biri kimi müxalifətin prezidentliyə namizədi məsələsində 2018-ci il prezident seçkilərinin adını çəkmək də olar, çəkməmək də. Müxalifətin prezidentliyə vahid namizədinin seçilməsi istiqamətində prosesi başlatmaq lazımdır. Bu, 2018-ci il prezident seçkiləri olacaq, 2020-ci ildə olacaq, ya bu gün olacaq, dəxli yoxdur. Amma müxalifətin prezidentliyə namizədinin müəyyən olunması prosesini başlatmaq lazımdır. Vahid namizəd olaraq. Mənim şəxsi yanaşmam müxalifətin bir araya gəlməsi ilə bir əməkdaşlıq formatının formalaşmasıdır. Mən belə görürəm».

Pənah Hüseynin müxalifətin vahid namizədinin seçilməsi prosesinin başladılması barədə dediklərinə digər müxalifət partiyaları sədlərinin münasibətini öyrəndik.

KXCP sədri Mirmahmud Mirəlioğlu vahid namizədin müəyyənləşməsi istiqamətində müzakirələrə başlanmasında problem görmədiyini bildirdi: «İstənilən nəzəri məsələni müzakirə etmək olar. Əslində seçki bitən günün səhəri növbəti seçkiyə hazırlaşılmalıdır. Pənah bəyin də dediklərinin hamısı doğru və reallaşması arzuediləndir. Amma onu Azərbaycanda doğrultmaq mümkün deyil. Hələ ki, belədir. İstərdik ki, doğrulsun».

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, Pənah Hüseyn əslində müxalifətin Funksional Əməkdaşlıq Mərkəzində təxminən üç ay müzakirə edilən məsələdən danışıb: «O vaxt biz bu barədə mediaya açıqlama vermədik. Hesab etdik ki, ortalığa ciddi nəticə qoymaq üçün əlavə fikir mübadiləsi aparaq. İndi görünür, Pənah bəy, həmişəki kimi, tələsib və hesab edib ki, vahid namizəd məsələsi barədə açıqlama və təklif verməyin vaxtı çatıb. Ona görə də vaxtilə müzakirə edib qərarlaşdırdığımız məsələni ictimaiyyətə açıb. Vahid namizədin indidən müəyyənləşdirilməsi müzakirəsinin başlanması və bunun necə nəticələnəcəyinə gəldikdə, məncə, bu gün müxalifətin edə biləcəyi, xalqa və özünə verə biləcəyi yeganə xeyir bundan ibarət ola bilər. Xeyirlə şər qardaşdır. O yerdə ki, xeyirdən söhbət gedir, düşünməlisən ki, burada şər də var və şər də xeyirin əleyhinə çıxacaq. Odur ki, şübhəsiz, müəyyən qüvvələr olacaq ki, vahid namizəd ideyasının əleyhinə çıxsın. Bunun da şərti odur ki, əleyhinə çıxmaq parçalanma yarada bilər. Siyasət reallıq elmidir. Burada indi kimsə namizədlik iddiasını da qoya bilər. Amma situasiya elə şərtlər diktə edə bilər ki, sən istəməsən də ona tabe ola bilərsən. Məsələn, 2003-cü ildə prezidentliyə çoxlu iddialılar var idi, lakin situasiya diktə edəndə əksəriyyət İsa Qəmbərin namizədliyini müdafiə etdi. Milli Şura 2013-cü ildə öncə Rüstəm İbrahimbəyovun üzərində dayanmışdı, sonra vəziyyət elə gətirdi ki, Cəmil Həsənlinin namizədliyini müdafiə etdilər. İndi də bu gün çox iddialılar ola bilər, ancaq seçkiyə az qalanda kimin üzərində dayanılmasını vəziyyət diktə edəcək».