vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
20:09 | 28 noyabr 2013 | Cümə axşamı Məqaləyə 8773 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Araz» kursları bağlanmayacaq

Türkiyədəki radikal qərarın Azərbaycanda tətbiqi ciddi əks-effekt verər

İlkin Muradov, Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə dərshanələr - universitetlərə özəl hazırlıq kursları yeni tədris ilindən olmayacaq. Baş nazir Rəcəb Tayyib Ərdoğanın partiyası - AKP-nin noyabr ayından etibarən hazırladığı qanun layihəsi bunu nəzərdə tutur.

Hökumətin planına görə, ali məktəblərdə hazırlıq üçün Türkiyədə çox geniş yayılan, az qala hər bir yuxarı sinif şagirdinin universitetlərə qəbul imtahanına azı 1 il qalmış getdiyi məktəbdənkənar hazırlıq kursları, o cümlədən əlavə istedad tələb edən kurslar qapadılacaq. Hökumətin məqsədi dərshanələrin bağlanması ilə orta məktəblərdə təhsilin keyfiyyətini artırmaqdır.
Xatırladaq ki, Türkiyədəki dərshanələrin nəzdindəki yurtların - yataqxanaların əksəriyyəti Amerikada yaşayan nurçu camaatın lideri Fətullah Gülənin davamçılarının nəzarətindədir. Bu hazırlıq kursları təkcə Türkiyədə deyil, dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərir. Həmçinin Azərbaycanda da demək olar ki, ölkənin bütün böyük şəhər və rayonlarında da həmin hazırlıq kursları var. Onlar «Araz» kursu kimi tanınır.
Maraqlıdır ki, ölkəmizdə fəaliyyət göstərən və nəticələri ilə bütün orta məktəbləri qabaqlayan və Bakı (əsasən Sabunçu, Xətai rayonlarında), Sumqayıt, Zaqatala, Mingəçevir, Gəncə, Şirvan, Lənkəran, Şəki, Qax, Şamaxı, Naxçıvan və s. şəhərlərdəki «Araz» kursları da bu qərardan sonra bağlana bilərmi?
Türkiyədə qəbul olunan qərardan sonra həmin dərsanələrin bir növ Azərbaycandakı filialları sayılan həmin kursların da bağlanacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta həmin kurslara xəbərdarlığın edildiyi ilə bağlı məlumatlar da var.
Tanınmış təshil eksperti, «XXI əsr» Təhsil Mərkəzinin sədri Etibar Əliyev (Qasımoğlu) məsələ ilə bağlı fikirlərini virtualaz.org saytı ilə bölüşüb. Onun sözlərinə görə, bu kursların bağlanması indiki halda mümkünsüzdür: «Çünki bu kursların bağlanması üçün siyasi qərar da lazımdır. «Araz» kurslarının bağlanması da inandırıcı deyil. Çünki Azərbaycanda tanınmış kurslar var ki, onlar hakimiyyətdə yüksək vəzifə tutan şəxslərə məxsusdur. «Araz» kursları bağlansa, gərək həmin vəzifəli şəxslərin kursları da mütləq bağlansın. Bu kursların təşkilinə isə külli miqdarda pul xərclənib. Hazırkı kurslarda orta məktəblərdə dərslərini buraxıb orada çalışan müəllimlər var».
E.Əliyevin sözlərinə görə, Türkiyədəki radikal bir qərarın Azərbaycanda da tətbiq edilməsi ciddi şəkildə əks-effekt verə bilər: «Abituriyentlərin demək olar ki, hamısı deyir ki, mən «Araz», «Kaspi» kurslarında oxumuşam. Vətəndaşların əksəriyyəti seçim edərkən kurslara üstünlük verir. Kurslara binalar tikilməsi üçün xeyli vəsait ayrılıb, orada dərs deyən müəllimlər orta məktəblərdən daha çox maaş alır. Bu mənada onların bağlanacağı gözlənilən deyil».
Kursların bağlanmasını inandırıcı saymayan təhsil eksperti deyir ki, orta təhsil müəssisələrində təhsilin keyfiyyəti artırılmadığı halda sürətlə artan kurslar orta təhsili tamamilə məhv edə bilər: «Orta məktəblərdə təhsilin səviyyəsi artırılmalıdır. Amma Təhsil Nazirliyi bu istiqamətdə hələ ki, çıxış yolu tapa bilmir».
E.Əliyev onu da bildirdi ki, ölkədə fəaliyyət göstərən kursların artımı keçmiş təhsil naziri Misir Mərdanovun dönəmində geniş vüsət alıb.
«Araz» kurslarının bağlanması ilə bağlı xəbərdarlıq edilməsi iddialarına münasibət öyrənmək üçün «Bakı Araz kursları» təsisatı ilə də əlaqə saxladıq. «Araz» kurslarının mərkəzi ofisi sayılan «Bakı Araz kursları»ndan bildirdilər ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir: «Bu məsələ ilə bağlı Azərbaycanda fəaliyyət göstərən «Araz» kurslarına heç bir xəbərdarlıq edilməyib».
Təhsil Nazirliyindəki mənbələrdən əldə etdiyimiz məlumata görə isə «Araz» kurslarının bağlanması məsələsi gündəmdə deyil. Mənbə bildirir ki, Türkiyədə dərshanələrin bağlanması ölkədaxili məsələ olduğundan bunun xarici ölkələrdə fəaliyyət göstərən kurslara heç bir aidiyyəti yoxdur.