vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
09:20 | 15 fevral 2018 | Cümə axşamı Məqaləyə 4160 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vergi nazirinin hədəfləri

Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?

Dünya SAKİT

MÖVZU İLƏ ƏLAQƏLİ

Vergilər naziri Mikayıl Cabbarovun yeni təyinatdan sonra etdiyi ilk geniş çıxış cəmiyyətdə ciddi rezonans doğurub. Onun vergi sistemində mövcud olan, illər boyu ictimaiyyəti, sahibkarları, mütəxəssisləri narahat edən problemləri açıq şəkildə sadalaması geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, M.Cabbarov vergi orqanlarında korrupsiyalaşmanın olduğunu deyib. Bildirib ki, «vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətinin itirməsi, plan-proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorları üzərində vergi yükünün qeyri-mütənasib paylaşdırılması, özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən qəbuledilməz metodların tətbiqi, ədalətlilik prinsiplərinin pozulması, vergi ödəyicilərini «özününki» və «özgə» kateqoriyalarına bölünməsi kimi xoşagəlməz hallar» baş verib...

O, belə halların aradan qaldırılacağını vurğulayıb: «Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcəkdir, bu mənada heç kəsə güzəşt edilməyəcəkdir. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir».

Nazir həmçinin bildirib ki, vergi orqanlarının fəaliyyətində mühüm bir istiqamət iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə olunan «kölgə iqtisadiyyatı»nın leqallaşmasıdır: «Bu, bütün dünyada müşahidə olunan problemdir və hər bir dövlət bununla bağlı müvafiq tədbirlər görməyə çalışır. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, ikili mühasibatlığın aparılması kimi xarakterik pozuntu halları geniş yayılıb. Vergi orqanları qeyri-rəsmi məşğulluğun və qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində bu gün inzibati tədbirlərdən istifadə edir, lakin bu kifayət deyildir. Biznesin fəaliyyətinin, xüsusilə qeyri-rəsmi məşğulluğun, işçilərə verilən əmək haqqının tam leqallaşdırılması, gəlirlərin düzgün bəyan edilməsi,  hesabatlılığın şəffaflaşdırılması istiqamətində bütün qanunvericilik və iqtisadi rıçaqlar işə salınmalıdır».

M.Cabbarovun çıxışında vurğulanan problemləri, xüsusilə də vergi sistemində kök salmış korrupsiyanı, bütün ölkədə ciddi problemə çevrilən kölgə iqtisadiyyatını aradan qaldırmaq mümkündürmü? Yeni nazir bunun öhdəsindən gələ biləcəkmi?

Bu suallarla bağlı fikirlərini bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, uzun illər boyu Vergilər Nazirliyi daxilində çoxsaylı kadr dəyişiklikləri həyata keçirilsə də, vergi orqanlarının fəaliyyətində ciddi keyfiyyət dəyişikliyi baş verməyib: «Xüsusilə də nazirlik tərəfindən dövlət büdcəsinə olan öhdəliklərin yerinə yetirilməsi sahəsində ciddi keyfiyyət dəyişikliyi müşahidə olunmurdu. Bu da son nəticədə rəhbərliyin dəyişilməsinə gətirib çıxartdı. Yeni nazirin çıxışında Vergilər Nazirliyinin bundan sonrakı fəaliyyəti ilə bağlı əsas prinsiplər açıqlandı, cəmiyyətdə müəyyən fikir formalaşdı».

İqtisadçı deyir ki, nazirin qeyd etdiyi problemlər barədə uzun müddət müstəqil ekspertlər məsələ qaldırıblar: «İndi bu problemlərin birbaşa sahəyə nəzarət edən qurumun rəhbəri tərəfindən səsləndirilməsi mühüm hadisədir, yaxşı bir başlanğıcdır. Hesab edirəm ki, nazirin qeyd etdiyi problemlərin qısa müddətə aradan qaldırılması bir qədər çətin məsələdir. Bu işlər kompleks yanaşma və bütün əlaqədar qurumların birgə fəaliyyətini tələb edir. Məsələn, vergi orqanlarındakı korrupsiya elementlərini götürək. Bildiyiniz kimi, korrupsiya yalnız vergi orqanlarında deyil, bütün ölkə səviyyəsində diqqət mərkəzində olan məsələdir. Cənab prezidentin çıxışlarında da davamlı olaraq bu problemə toxunulur. Vergilər Nazirliyi iqtisadi idarəetmə orqanları arasında iqtisadiyyatın düzgün çalışması üçün birbaşa cavabdehlik daşıyan bir qurumdur. Bu qurumun fəaliyyəti, bir növ, iqtisadiyyatın inkişafı üçün barometr hesab olunur. Ona görə də bilavasitə həmin strukturda korrupsiya elementləri aradan qaldırılarsa, bu, böyük bir hadisə, inqilab olar».

P.Heydərvun sözlərinə görə, vergi orqanlarında korrupsiyanın aradan qaldırılması üçün inzibati, təbliğat, kadr dəyişikliyi kimi üsullar yetərli deyil: «Bu işlərlə paralel, vergi siyasətinin təkmilləşdirilməsi işi də həyata keçirilməlidir.  Yəni buna bilavasitə strutkur daxilində tədbirlər həyata keçirməklə nail olmaq mümkün deyil. Lazımdır ki, vergi ödəyicilərinin özləri könüllü ödəyiciyə çevrilsinlər. Yəni qanunvericilik elə olmalıdır ki, ödəyici ondan yayınmaq üçün pul verməyə deyil, qanuni vergilərini ödəməyə həvəslənsin. Bunun üçünsə bütövlükdə vergi siyasətinə baxılmalıdır».

Müsahibimizin fikrincə, sahibkarlıq subyektləri arasında ayrı-seçkiliyin aparılması ölkədə mövcud olan inhisarçılıqdan qaynaqlanır: «Bu ayrı-seçkiliyi aradan qaldırmaq üçün mütləq ölkədə inhisarçılığın qarşısı alınmalıdır. İnhisarçı mövqeyə malik bir quruma vergi orqanları istəməsələr belə, fərq qoyulmaması mümkün deyil. Buna görə də həm qanunvericilikdə, həm də fəaliyyətlərdə elə qaydalar olmalıdır ki, heç kim üstünlük əldə edə bilməsin, inhisarlaşma getməsin. Baxın, neçə illərdir Azərbaycanda Rəqabət Məcəlləsi qəbul oluna bilmir. Sağlam rəqabət mühiti inhisarlaşmaya qarşı ən yaxşı mübarizədir. Yalnız bu şəraitdə vergi ödəyiciləri arasında da fərq qoymamaq mümkün ola bilər».

Kölgə iqtisadiyyatının qarşısının alınması məsələsinə gəlincə, P.Heydərov deyir ki, bütün dünyada bu problemin kökündə sahibkarların vergi ödəməmək istəyindən doğan fəaliyyətləri dayanır: «Bu fəaliyyətlər dünyanın elə bir ölkəsi yoxdur ki, olmasın. Sadəcə, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə bu amilin səviyyəsi inkişaf etmiş ölkələrə nisbətən xeyli yüksəkdir. Bizim kimi ölkələr diqqəti daha çox büdcə gəlirlərinin təmin olunması amilinə yönəldirlər. Buna görə də vergi ödənişləri ilə bağlı könüllülük prinsipinin təmin edilməsinə nail olunması çox vacibdir».