vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ŞƏXSİYYƏT  
14:52 | 22 fevral 2019 | Cümə Məqaləyə 2396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qoca Şərqin söz güzgüsü

Hekayələrində gülüşü, gözyaşını və müsibəti üzvi surətdə birləşdirən dahi

Aynurə ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır”. Bu fikirlər bir əsrdən çoxdur Azərbaycanın ədəbi-mədəni mühitində, mətbuat salnaməsində adı hörmətlə çəkilən görkəmli yazıçı-dramaturq, maarifçi, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadəyə məxsusdur...

Cəlil Məşədi Hüseynqulu oğlu (Mirzə Cəlil) 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik etmişdir.

“Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm...” deyən ədib gənc yaşlarından qaranlıq mühiti işıqlandırmağa başlamışdır. Maarifçi mühitin inkişafına mühüm töhfələr verən Mirzə Cəlil bədii əsərləri, zəngin publisistikası ilə xalqımızın, geniş mənada insanlığın gələcəyinə işıq salmışdır.

Görkəmli dramaturq və mütəfəkkir Mirzə Fətəli Axundzadədən sonra Azərbaycan ədəbi və ictimai fikrində böyük islahat Mirzə Cəlil yaradıcılığı ilə baş verir. O, Azərbaycan realizminin yeni istiqamətlərini müəyyən edir. Bununla da yeni qəhrəmanların həyata realist münasibəti və bədii təsvirin yeni prinsipləri meydana çıxır. Yazıçı Azərbaycan ədəbiyyatını ictimai ideal, konflikt və problem yetkinliyi nöqteyi-nəzərindən tam yeni bir mərhələyə qaldırır. Artıq burada konfliktin əsasında öz fərdi taleyi ilə ayrı-ayrı şəxsiyyətlər durmur, münaqişələrdə zümrə və təbəqələr qarşılaşır. Təsadüfi deyil ki, bu əsərlərin adları da artıq konkret məfhumu ifadə etmir. “Ölülər”, “Dəli yığıncağı”, “Danabaş kəndinin əhvalatları”, yaxud “Kamança”, “Anamın kitabı” kimi simvolik mənalar ifadə edir. Tənqid bilavasitə avamlığa, cəhalətə qarşı deyil, bunları doğuran ictimai mühitə qarşı çevrilir. O, milli ictimai məişətin bu vaxta qədər hamıdan fərqlənən, hamıdan dərin, orijinal sosial təhlilini verir. Bu realizmdə ictimai münasibətlər öz real, obyektiv mahiyyəti və qanunauyğunluqları ilə görünür.

1903-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işə başlayan Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında bu qəzetin müstəsna rolu olmuşdur. Müəllifin “Poçt qutusu” hekayəsi, “Kişmiş oyunu” pyesi, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayəsi ilk dəfə bu qəzetdə dərc edilmişdir.


Dünyaya açıq nəzərlə baxmaq vaxtıdır...


Mirzə Cəlilin çox sevilən nəsr əsərləri “Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hürriyyət”, “Quzu”, “Zırrama”, “Xanın təsbehi”, “Konsulun arvadı”, “Buz”, “Yan tütəyi”, “Şərq fakültəsi”, “Bəlkə də qaytardılar”, “Proletar şairi” və s. hekayələridir.

“İranda hürriyyət”, adından da göründüyü kimi, 1905-ci ildə başlanmış İran inqilabının Qafqazdakı cənublu fəhlələr arasında oyatdığı fikirlərə, “Qurbanəli bəy” tüfeyli çar məmurlarının, harın, lovğa, həm də yaltaq mülkədar və bəylərin həyat tərzinə, əxlaq normalarına satirik gülüş oyadır.

Qeyd edək ki, yazıçının hekayələri 1927-ci ildə çap olunmuş “Bəlkə də qaytardılar” adlı kitabında toplanmışdır.

C.Məmmədquluzadəni ilk dəfə qiymətləndirib ona xüsusi məqalə həsr edən görkəmli ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli 1906-cı ildə “Usta Zeynal” hekayəsi barədə yazmışdı ki, bu gözəl əsərində müəllif dini mövhumatın müsəlmanlara necə böyük ziyan verdiyini maraqlı süjet vasitəsilə göstərir; o, Usta Zeynalların tənbəl, fəaliyyətsiz, cəsarətsiz... olduqlarını dərin təəssüf və can yanğısı ilə qələmə alır. Mirzə Cəlil hekayələrində özünəməxsus səmimi, təbii təsvir yolu ilə babası və övladı, qardaşı və bacısı sayıb halına yandığı sadə insanlara demək istəyirdi ki, bu gedişlə, bu xasiyyətlə yaşamaqdan əl çəkməsəniz, sizi ağır günlər gözləyir. Dünyaya ayıq, iti gözlə baxmaq, ağıllı, fəal olmaq vaxtıdır. Ədibin hekayələrində gülüşlə, komizmlə bərabər, gözyaşı, müsibət də vardı; bunlar üzvi surətdə birləşirdi...

Bunu biz “Danabaş kəndinin əhvalatları” povestində, eləcə də dram əsərlərində də görürük. Müəllifin müxtəlif illərdə qələmə aldığı “Çay dəsgahı”, “Kişmiş oyunu”, “Ölülər”, “Kamança”, “Anamın kitabı”, “Danabaş kəndinin məktəbi”, “Ər”, “Lənət”, “Oyunbazlar”, “Dəli yığıncağı” pyeslərində ictimai-siyasi mühitin qaranlıq tərəfləri, milli maraqların qorunması kimi məsələlər yüksək sənətkarlıqla əksini tapmışdır.

Şərq qaragüruhçuluğunu baltalayan “Ölülər” tragikomediyası qələmə alınandan  yeddi il sonra, 1916-cı ildə Bakıda tamaşaya qoyulub. Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və başqa görkəmli ədib və mədəniyyət xadimləri bu münasibətlə mətbuatda öz heyranlıqlarını ifadə edirlər. N.Nərimanov təbrikində “Ölülər”i “ideyası inqilabi” əsər adlandırmışdı. Tamaşanın təşkilində böyük xidməti olan Ü.Hacıbəyli isə “Açıq söz” qəzetində yazmışdı ki, “Ölülər” “Molla Nəsrəddin” jurnalı kimi “baltanı dibindən vuran” bir pyesdir. Çox çəkmədən bu əsər Orta Asiya, Tatarıstan, İran və s. ölkələrdə də tamaşaya qoyulur.

Azərbaycan xalqının milli müqəddəratı, ana dilimizin taleyi ədibin “Anamın kitabı” (1920) əsərində diqqət mərkəzinə çəkilmişdir. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansısa dövlətin ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir. Hadisələr son nəticədə Vətəni təmsil edən Ananın, yəni Zəhrabəyim surətinin üzərində mərkəzləşir. Oğullarının bir-biri ilə dil tapa bilməmələri ananı dərdə salır. Ananın sözlərinin təsirsiz qaldığını görən Gülbahar qardaşlarının bir-biri ilə yadlaşmasında onların kitablarını günahkar bilir. Buna görə də o həmin kitabları yandıraraq anasının qoynunda gəzdirdiyi vəsiyyəti oxuyur. Müəllifin “Anamın kitabı” rəmzi adını verdiyi bu kitab əslində Vətənin kitabıdır. Kitabda ata öz övladlarına Ana ətrafında birləşməyi vəsiyyət edir...


Satirik mətbuatın banisi


Mirzə Cəlilin naşirliyi və redaktorluğu ilə 1906-cı ilin aprelində çapdan çıxan “Molla Nəsrəddin” satirik dərgisi Azərbaycanın mətbuat və ədəbiyyatında yeni mərhələnin əsasını qoymuşdur. Jurnalın tənqid hədəfləri çox geniş idi. Müstəmləkəçilik, dini mövhumat, ictimai-mədəni sahədəki müxtəlif problemlər “Molla Nəsrəddin”in hədəfi olmuşdur. Jurnal son saylarına qədər bu istiqamət üzrə mübarizəsini davam etdirmişdir.

Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Əli Nəzmi, Bayraməli Abbaszadə, Mirzəli Möcüz, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqverdiyev və başqalarının çıxış etdiyi jurnal qısa müddət ərzində ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanmışdır. Bu dərgi sayəsində Azərbaycanda “Molla Nəsrəddin” ədəbi məktəbi, tənqidi realizm ədəbi cərəyanı, karikaturaçılıq ənənəsi formalaşmışdır. Bundan əlavə, jurnal ölkəmizdə, eləcə də Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, maarifçi-demokratik hərəkatın inkişafına təsir göstərmişdir. Dərgi həmçinin ölkəmizdə satirik mətbuatın inkişafında da mühüm rol oynamışdır. “Bəhlul”, “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Məzəli”, “Babayi-Əmir”, “Şeypur” və s. jurnallar məhz “Molla Nəsrəddin”in açdığı cığırla getmişlər.

1920-ci ilin iyun ayında Cəlil Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada “Molla Nəsrəddin”in səkkiz nömrəsini çap etmişdir. Mirzə Cəlil və bu jurnal Cənubi Azərbaycanda mətbuatın və demokratik fikrin inkişafına təkan vermişdir.

Cəlil Məmmədquluzadə bədii yaradıcılığında olduğu kimi, publisistikası ilə də dövrün hadisələrinə həssas münasibət bildirmişdir. O, çar Rusiyasının müstəmləkə zülmünü, sosial ədalətsizlik və fanatizm əleyhinə çevrilmiş yüzlərlə publisistik məqalə, felyeton, şeir və satirik miniatürün müəllifidir. Ədib 1917-ci ildə qələmə aldığı “Cümhuriyyət” məqaləsi ilə xalqımızın müstəqilliyə necə yaxın olduğunu göstərməklə yanaşı, müasir respublika quruluşunun ideya-siyasi əsaslarını da ortaya qoymuşdur.


* * *


Xalqın dərdi-səri ilə uğraşan Mirzə Cəlil və onun “Molla Nəsrəddin” jurnalı sovet rejiminin meyarlarına uyğun gəlmirdi. Mövcud quruluşun verdiyi vədləri yerinə yetirməməsi, insanların adi hüquqlarının nəzərə alınmaması kimi məsələlər jurnalın diqqətindən yayınmırdı. Buna görə də jurnala hökumət tərəfindən hücumlar başlanmışdı. Xüsusilə 1930-cu ildən jurnalın “Mübariz, Allahsızlar İttifaqının Mərkəzi və Bakı Şurasının orqanı”na çevrilməsi Mirzə Cəlilin inam və ümidinin üstündən xətt çəkir. Görkəmli ədib məhz bu sarsıntılar nəticəsində 1932-ci ilin 4 yanvarında vəfat edir...

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu il böyük ədibin 150 illik yubileyi qeyd olunur. Cəlil Məmmədquluzadə milli və bəşəri yaradıcılığı, humanizm idealları ilə əsrlər sonra da xatırlanacaq. Çünki onun əsərləri insanları haqları uğrunda mübarizəyə, birliyə, humanizmə səsləyir...