vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
09:58 | 19 aprel 2017 | Çərşənbə Məqaləyə 2950 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölkəni varlandıracaq 5 məhsul

«İstehsalı və ixracını ən azı iki dəfə artırmaq olar»

Nərgiz LİFTİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev ölkəyə ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının adlarını açıqlayıb. Aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxış edən dövlət başçısı bildirib ki, kənd təsərrüfatı məhsulları üzrə ölkəyə ən çox valyuta gətirən fındıq və pomidordur.

O qeyd edib ki, bu məhsullar arasında fındıq birinci, pomidor ikinci yerdədir: «Fındıq məhsulunun ixracından ölkəmizə 105 milyon, pomidordan isə 94 milyon dollar valyuta daxil olub. Üçüncü yerdə xurmadır - 68 milyon dollar, dördüncü yerdə şəkərdir - 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni, şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər. Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq».

Ölkə başçısı bu məhsulların ixracından ötən il 350 milyon dollar gəlir gəldiyini açıqlayıb: «Qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla, görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik». 

Bəs görəsən, bu məhsulların istehsalını artırmaq üçün Azərbaycanın yetərincə potensialı varmı? İstehsal artarsa, dünya bazarında Azərbaycan məhsullarını ixrac edəcək hansı bazarlar var?

Kənd təsərrüfatı üzrə mütəxəssis, iqtisad elmləri doktoru Müslüm İbrahimov «Yeni Müsavat»a bildirdi ki, bu beş məhsul valyuta tutumlu məhsullardır və dünya bazarında da bu məhsullara tələbat böyükdür: «Xüsusən pambığa tələbat çox böyükdür. Dünyada pambıq bazarı neft bazarı kimi təkmilləşib. Orada da mütəmadi olaraq qiymətlər dəyişir. Digər bir məhsul, məsələn, fındıqla bağlı Azərbaycan ixtisaslaşıb. Rusiya və Türkiyə bazarına fındıq ixrac olunur. Türkiyənin özünün də fındıq ixracı ilə məşğul olmasına baxmayaraq, bu bazarda da Azərbaycan məhsuluna tələbat var. Bu il 105 milyon dollarlıq fındıq ixracı olub və bu da böyük gəlirdir. Fındıq özü həm də yeyinti sənayesində xammal kimi istifadə olunur. Bir önəmli məqamı da vurğulamaq istərdim ki, Azərbaycan aqrar sektoru tam texnologiya ilə əhatə olunmadığından daha çox əmək tutumludur. Bu isə o deməkdir ki, həmin məhsullar daha təbii, ekoloji təmiz və daha keyfiyyətlidir, həmçinin maya dəyərinə görə daha bahadır. Dünya bazarında ekoloji təmizliyə görə standartlar var və Azərbaycan məhsulları bu standartlara uyğundur».

Aqrar sahə üzrə ekspert Babək Tatlıyev də qeyd etdi ki, Azərbaycanın kənd təsərrüfatının böyük ixrac potensialı var: «Bu potensial sovet dövründə daha böyük olub. Mən sevinirəm ki, Azərbaycanın ixracdan gələn vəsaitlərində artım var. Təbii ki, bu bizim ixrac potensialımızın heç 25 faizi deyil. Azərbaycanda həm əkin və istehsal, həm də satış potensialı var. Cənab prezidentin orada dediyini mən qəbul edirəm ki, bu məhsulların istehsalını və ixracını ən azı iki dəfə artırmaq olar. Bütün potensialımızı istifadə etsək, hətta 10 dəfə də artırmaq olar».

Ekspertin sözlərinə görə, bizim məhsulların özəlliyi onların keyfiyyətindədir: «Bizim məhsullar Türkiyə, İran və Çin məhsullarında daha keyfiyyətli və dadlıdır və dünya bazarında belə bir imici var. Elə Rusiya bazarında Azərbaycan pomidorları digər hamısından fərqlənir və adla tanınır. Bizim məhsullar ekoloji cəhətdən təmiz və orqanik sayılır. Bizdə məhsulları yüksək keyfiyyətlə yetişdirmək mümkündür. Çünki onlara uyğun iqlim qurşağı var. Ancaq bunun üçün çox işlər görülməlidir. Azərbaycanda suvarma sistemləri bərpa olunmalıdır».

B.Tatlıyevin sözlərinə görə, bu məsələdə qonşu ölkələrin müsbət təcrübəsindən yararlanmaqda fayda var: «İlk növbədə fermerləri maraqlandırmaq lazımdır. Biz bunun üçün xarici ölkələrin təcrübəsindən yararlanmalıyıq. Bunun üçün yenə və daha innovativ texnologiyalardan istifadə etməliyik. Bu sahədə ən öncül ölkələrdən biri olan İsrailin təcrübəsindən faydalana bilərik».

Ekspert Azərbaycan məhsullarının ixracı üçün yeni bazarların araşdırılmasının vacibliyini də vurğuladı: «Digər bir vacib məsələ bazardır. Azərbaycan məhsullarını ixrac etmək üçün yetərincə bazarlar var. Ancaq bu məsələdə dünya bazarlarında vəziyyət bir qədər mürəkkəbdir. Burada Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi və digər məsələlər var. Həmin bazarları axtarmaq lazımdır. Bunu fermerlər edə bilməsələr də, bunun üçün müvafiq qurumlarımız var. Dünya bazarlarında bizim ixrac potensialımız indidən öyrənilməlidir. Çünki fermer nə qədər istəsə məhsul istehsal edə bilər, ancaq onu vaxtında sata bilməsə, həmin məhsul xarab olmaqdan başqa heç bir işə yaramayacaq. Ona görə də satış potensialımız öyrənilməlidir. Onu da nəzərə almaq lazımdır ki, bizə çox yaxın olan ölkələrin, Türkiyənin, İranın çox böyük ixrac potensialı var. Biz məhsul ixrac etdiyimiz ölkələri maraqlandırmalıyıq ki, məhz onların yox, bizim məhsullarımızı alsınlar. Bu da çətin bir proses deyil. Çünki dünyada vəziyyət sürətlə dəyişir. Dünənə kimi Türkiyə Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edirdi. Ancaq bir günün içində, məlum təyyarə olaylarından sonra ətraf ölkələrin ixrac potensialı birdən-birə artdı. Bu cür hadisələr də baş verir. İxrac məsələsi çox böyük bir sahədir və bunun üzərində işləmək lazımdır. Bizim fermerlərimiz bilsələr ki, Azərbaycanın böyük ixrac potensialı var, onlar da istehsalı artırarlar. Təkcə daxili tələbata yönəlməklə nə isə əldə etmək çox çətindir. Çünki bu elə də böyük məbləğ deyil, Azərbaycanın ərazisi və əhalisi o qədər də çox deyil».