vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ŞƏXSİYYƏT  
10:39 | 31 mart 2020 | Çərşənbə axşamı Məqaləyə 15525 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir aktyorun “PORTRET”ləri

Və onların cəmindən törəmiş “Bəşir Səfəroğlu AvtoPORTRETİ”...

Tahir ABBASLI

Həyat səhnəsinə “Səfəroğlu Səhnəsi”ndən sonra qədəm qoyanlara bəyanlayaq ki, bu aktyorun teatra gəlişi də “vaxtından əvvəl” olub, gedişi də. Səhnə sənətimizin bel sütunundan, kütləvi zövq kisəmizdən, ölkəvi törən-tədbirlərin “özəl diqqət”, “daimi anşlaq”, “sürəkli alqış” obyektliyindən gedib. Yorularaq yox, qocalaraq, avazıyıb-soluşaraq, bitib-tükənərək deyil, küllü-sənətsevərləri tamarzı qoyaraq gedib...

Həm də... tele-səhnəciklərindən birində dediyi templə – “yavaş-yavaş” yox, hər ekran görünəyinə dua-sənalı dodaqları qaçan, bəzən də gözləri yaşarınca uğunaraq onu “Bu zalım oğlu “Safaroğlu” döy e, “Kafaroğludu!” ayaması ilə öyən rəhmətlik Nərgiz nənəm demişkən, “ataş-ataş” gedib!...

 

Sənətə gəlişi də atəşin olub

On dördcə yaşındaykən qəfil bir iç qığılcımından od alıb-gəlibmiş. Sonrakı iyirmi doqquz ildə çağının qaynar gözü, mətbu sözü önündə səhnə-səhnə, ekran-ekran parlayaraq, o dövr teatrının yeni etalonuna çevrilməyə başlayıb. Ömür “40”-ınadək sənət qapılarının “40”-ıncısını da açıb və üstündən üçcə il keçər-keçməz, canındakı “sənət odu-zəhmət çatı” duallığıyla səhhət badına gedib...

Bu ikiməcazlı qarşılıq (“sənət odu-səhhət badı”) nitqimə belə bir deyim də diqtələr ki, bu alovlu aktyorun cismi yanıb küllərə, xatirəsisə – səhnə ömürlüyü dönəmində yağışına tutulduğu güllərə çevrildi...

Deyirəm, sözün bu “rekviyem”iyyə dəmində, qəmu-qüssəmizi təbi-təbəssümə tərk üçün, rəhmətliyin yaddaşlar yaraşığı olan super “XALlar”ına baş vuraq. Həmin o “gülvurma”lardan  biri də – “Durna” operettasındakı “vur, vurum!” (vır, vırım!) höcətləşməsidir ki; ona bax-ona bax, gör, cəmi-səhnə məcnunlarından füzun baməzəlik istedadı olan bu sənətkar o “Uzun” roluna necə canı-dildən girib! Belə “girişib” ki, nəinki sıravi tərəf-müqabillərinə, hətta, bu an “söz davası” etdiyi Lütfəli Abdullayev kimi nəhəngə də səhnə ortağı qismində yox, büsbütün “Qoşun” obraz-tipində baxır! Deyəsən, bu adam heç sizi-bizi – qəşşi-uğunma mövsümü yaşamaqda olan tamaşaçılarını da saya salmır; nə “yaşa”-“bravo!” hayqırtılarımıza pəhsinir, nə alqış leysanımıza bənd olur. Elə bir ucdan döşəyir, ha! Nə biləsən, bəlkə elə “toxunulmaz” statuslu ssenari mətninə də əl (bu halda dil) qatır? Əlbəttə! Belə müdaxilələr bütün yaradıcı sahələrçün keçərli məsələdir. Əks təqdirdə sənətçilik sənədçilikdən uzağa gedə bilməzdi...

Hə, eynimizi açmaqçün bənzərsiz “Bəşir həşirləri”nə davammı edək? Yox...          

Nədən ki... bu cılxa Güləş-Gülümsər(ov) bəndəyə aid xoş epizodlarla naxoş olaylar para-paralel, “duet”, “duel”, “birevli”!

Hə... işə bax; özün təpədən-dırnağa major notlar saçasan, anar-yazarlarısa minor-azarlara “salasan”!... 

Bəli, bu doğal Səhnə fərdinin “batal” həyat səhnəsinə gəliş-gediş dramındakı “pərdə”lər, “şəkil”lər, “remarka”lar ən daşürək bəhskarları belə kədərə köklər...

Bəhs edəcəyim növbəti qərəmət öncəsi rəhmətliyin daha bir unikal XALını – “Milyonçunun dilənçi oğlu”ndakı minbir təhər-tövrlü (qaş-göz, əl-ayaq, dil-dodaq, bər-bədən titrəyişləri, ekspromt söz-bez və s.) “Ölünün də qıdığı gələr?!” deyimini xatırlayaq...       

Və ardınca ərz edək ki, bu sənət Məcnununun dünyadəyişiminə səbəb olan xəstəliyin özü də nadir azarlardan!

Bəs “səhnə nadirləri”ndən olan bu bəndənin o mərəzi necə qarşılama məsələsi? Bəli, əfəndilər, bəlli bir zərb-məsələ yozu-yorumla desəm, böyük əksəriyyətin “kəfənə bürün, dəfnlə sürün” ruhsuzluğuyla büzüşüb gözlədiyi o olayı bu bəni-Adəm seçilmişi, öz ləhcəsilə desək, alayı cür qarşıladı. Yəni, son “həyat rol”unu da (bütün ərəfə-“qrafa”sıyla) özünəməxsus yaşayıb-yaratdı. Böyük teatrların foye-vestibüllərində səslənən 3-cü zəng timsallı “son nəfəs” çağınadək sənət və həyat səhnələrindən düşmədi. Salonlardan püskürən alqışları, yağdırılan gül-çiçəkləri, andırılan “oxay”ları, komplimentləri “mən ki bugün-sabahlığam” düşkünlüyü ilə yox, “biz gəldi-gedərik – sən yaşa, dünya!” fəlsəfəsi, “sənət əbədidir” dialektikası, “hər kəs ki canın cananı üçün istər...” poetikası ilə qarşıladı!

...Bir kərə iki dostunun söhbətindən eşitdiyimə görə, bu bənzərsiz hal-əhval ustadı, qarşısındakı böyük (və hələ gənc...) sənətkarın sönməkdə olan gözlərinə “daha mən heç nə edə bilmirəm” təəssüfü (və çarəsizliyi!) ilə baxan həkimin eynini məşhur “Gəl, sanma Füzuli dərdini asan, ey təbib!” – misrasıyla açıb. Onu tez-tez əyani yoluxanların cəmi-xatirələrindənsə belə bir qiyabi “epiqriz-qənaət”ə də gəlmək olar ki; “...Rəhmət sənə Füzuli, kim, rahət öldün – Əfğanınla xəlqə əziyyət vermədin!...” 

Bəli, bu sənətkar səhnəmizin o dövrdəki çox az azmanları içərisində əsl Füzuli Məcnunu idi; böyür-başından yel ötməmiş, öz səviyyə ranqlarındakı fanatlarına efir-ekran  ağlaşmaları qurduran “bəzi” müasir “korifey” (“trofey” terminiylə qarışdırmamalı) sənətçilər kimi ah-zar etmədi. Nədən ki, bu Səhnə əmirinin bio-xəmiri büsbütün kültür iksirilə yoğurulubmuş. Və elə məhz bundanmış ki, hər növ, hər qəbil ədəbi-dramaturji mətnlər (xüsusən, komedik materiallar) bu korifeyin ifasında ekspromt-əlahiddə elementlər saçır, rejissura mizan-düzənləri əlavə ştrixal dillər, dinamikal-mozaikal güllər açırdı...

Bütün bunların daha rahat görkü (və dərki) üçün, onun hələ sadəcə “Bəşir Səfər oğlu Səfərov”luq dövründən də –


Müxtəsərcə...

Bu bəhsi, yığcamlıq xatirinə, Səfəroğlu orijinallığından xali bir “trafaret”lə təqdim edəsi oluram.

1925-ci ilin martında Bakıda doğulub. Ailə dolanışığı ucbatından orta məktəbi 7-ci sinifdən buraxmalı olub. On dördündə maddi və siyasi-repressiv gərginliklərlə ləbaləb həyat səhnəsindən adi (öz təbirincə “küncəvoy”) bir sürücülər klubunun dram dərnəyi səhnəsinə yol tapıb. Sonra “qazamatdan da qəzalı “mülki həyat hekayəti”ndən könüllü olaraq faşizm dramına yollanıb və kontuziya “təltifat”ı ilə geri qayıdıb.

Amma bu “geri” nəsnələri o müharibə nəmənələrindən heç də geri qalmayıb. Belə ki, orada dili tutulub, qulaqları batmış bu gənci burada işə götürmürlər. Birazdan qulaqları “pıçıltıları buraxıb, qıcırtıları antenalaya bilsə də”, alovlu sənət eşqini  teatr-səhnə yarına izhar edəsi orqan açılmır ki açılmır! Bir müddət yük maşını sürməli olur və sən demə, lalın dilini analarla bahəm, yaxşı insanlar da bilirmiş: Niyaz Şərifov ad-soyadlı bir rejissor istedadından agah olduğu bu gəncə “müdam tamaşalara gəl” deyir və bir neçə ay sonra “kəkələmə rolları” verməklə, onu truppaya qəbul edir. Bu qayğıdan bir qədər də həyəcanlanan, həyatını “sevincdən xali” talenin bu gərgin “ssenari”si üzrə qurmağa məhkum olan, gündüzlər teatra gedib-gəlib, gecələr “kəkələmə ələmi”lə yatıb-duran Bəşir bir gecə yuxuda necə bir zəlzələvi həyəcan yaşayırsa, hövlən oyanıb, röya vahiməsini “ay aman-ay dad!” ilə qarşılaması ardınca əlavə edir ki, bəs, “ey dili-qafil, dilim açılıb ki!...”

Və bu xoş “kulminasiyalı” yuxu sayəsində o adi Bəşir Səfər oğlu Səfərov “yavaş-yavaş” yanıb olur –

 

Qeyri-adi Bəşir Səfəroğlu!

(Hələ o “ov-yev”izm erasında (“Şuşinski-Şəkinski” sferasında) özəl-özgürlənib “SəfərOĞLU” millinaməsilə məhz öz atasının oğlu olduğunu bəyanlama cəhdi-cəsarəti!)

Yuxarıkı yarımbaşlıq altında daha münasib çıxası bir nüansı burda qısaca ərz edim ki, valideynləri üçün adi “bəndəbala” olaraq doğulmuş bu uşaq, teatr-səhnə aləminə “Allahın bəlası” kimi gəlibmiş; fitri istedad ləbaləb, sənətə biət siləbəsilə, aqilliyi zəki-zəki, qabilliyi tökü-tökü. Və... o dövr vurğunlarından biri demişkən, “üzündə də şeytan tükü”! Hə, onun saysız vurğunlarının deyimləri içərisindən məhz bu parafrazı xatırlatmağım heç də “təsadüfi” deyil; bu aktyora (“köhnə” xalq təbirilə – bu artistə!) elə-belə – yəni teatral qrim-durum, mizan-düzənsiz baxanda da adamın gülməyi gəlirdi. Bu sehrin sirrindən (hələ də) agah olmayan xalq isə, adətən, aldığı ləzzəti, qaldığı heyranlığı hər fürsətdə lənətlədiyi (bu halda “alqışladığı”) abstrakt varlığın tükü ilə bağlayır...

Və... (lənət sənə, şeytan!) cəmisi qırx dörd illik ömrün otuz ilində yüzlərlə mükəmməl obraz-portret yaradıb-yaşadan bu ustadın dəyər-əyar urvatını – yazıb-çözdükcə bitməyən oçerk təsviratını bir-iki “şanlı məktub” vərəqinə ekvivalent qəzet səhifəsinin üçdəikisinə necə sığışdırasan? Elmi-metodoloji yazılara, bəhslərə marağın azalıb-avazıdığı bir dövrdə bu helmi, saya-suya zikrlərlə o sayaq bitkin, mükəmməl obrazların pərdəarxası “həngamələrini”, laborator ədavalarını nə tövr açasan? “Durna”dakı Uzun-Qoşun “muz-müharibəsi”, “Ulduz”dakı (zahirən “eleqant”, daxilən pedant, “həm ciddi, həm şən”) Gülümsərovunun: “Məni elmdən uzaqlaşmağa vadar edənlər tarix qarşısında cavab verəcəklər!” vəsiyyətini ifa zamanı tamaşaçıda (istər-istəməz) “ikili” münasibət yaradan səs tonu, sir-sifət “dil”i, “Əhməd haradadır”dakı epizodik bir “sərxoş” personajını tamamilə tipikləşdirməsi kimi ustadlıq örnəklərinə ədəbi dilimizlə nə ilmələr əlavə edəsən ki... bu bənzərsiz sənət xalısındakı misilsiz çeşnilərin yüzdəbirinə adekvat olsun?...

Bu aktyorun tamaşalarda oynadığı digər rolları isə, elə yuxarıdakı tərcümeyi-hal qəlib-qəbilində təqdim edim: “Beş manatlıq gəlin”də Möhsün, “Keto və Kote”də Qaradavoy, Çiko, “O olmasın, bu olsun”da Məşədi İbad, Qoçu Əsgər, “Durna”da Uzun, “Ulduz”da Gülümsərov, Qədir, “Gözün aydın”da Səlyanski, Qəhrəman, “Mərdi-Xəsis”də Hacı Qara, “Rəisin arvadı”nda Baləmi, “Milyonçunun dilənçi oğlu”nda polis rəisi, “Bizə bircə xal lazımdır”da Səbrəli və (bu say-sanbalı tükənməyənlərin çoxluğuna görə) sair və ilaxır...


Fikir-zikrimdə

 törəndikcə-genələn bu yazını nəhayət ki, bitirmək gərək – müdrik çağdaşlarının, qədirbilən xələflərinin maraqlı xatirə və deyimlərinə yer verə bilməməyim təəssüfü ilə birgə...

Hələ yuxarıdakı bioqrafiq (“maddi və siyasi-repressiv gərginliklərlə ləbaləb həyat səhnəsi” ilə ilgili) nəqlimdə geniş toxuna bilmədiyim nüanslar...

Bu xüsusa dair heç olmasa buncığazı deyim ki, bütün həyat səhnələrinə yalnız yasaq yaşadan sovet rejimində bu teatr səhnəsi vunderkindi öz tamaşaçılarına xeyli “anti-antrakt”lar da yaşadırdı; “Bizə bircə xal lazımdır” operettasındakı “ortabab” ictimai-sosial replikalara əlavə etdiyi “söz-bez”lər, ironik-lağlağı təbəssümlər, “Milyonçunun dilənçi oğlu”ndakı sir(r)-sifət “mozaika”ları, milliyyətçi müəllifdən (Şıxəli Qurbanovdan) gəlmə ikibaşlı ifadələrə bir baş da qüvvət verən səs tonu və zəngin ifa “aksesuar”ları...

Heç bu yazı prosedurunda (materialın daha layiq alınması üçün) bu azman kişinin sənət-istedad-ləyaqət yadigarı qızına – ünlü sənətkarımız Afaq Bəşirqızına da xitab etmədim; bu xanımın “haqqı, həqiqi sənət reputasiyası olan sənətkarlar öz dəyər-əyar “dissertasiya”sını özləri müdafiə edər!” əks-sədası ilə...