vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
10:00 | 23 fevral 2022 | Çərşənbə Məqaləyə 954 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni müttəfiqlik nə deməkdir?

Bəyannamə Rusiya-Ermənistan münasibətlərində gərginlik yaradacaq

FUAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya rəsmi səfəri zamanı Rusiyalı həmkarı Prezident Vladimir Putinlə təkbətək görüş keçirib. İlham Əliyevin öz sözlərinə görə bu səfər onun üçün “xüsusi önəm” daşıyır. İki dövlət başçısının görüşünün əsas səbəbi isə qarşılıqlı müttəfiqlik haqqında bəyanatın sənədinin qəbulu ilə bağlıdır.

Yeni sənədlə bağlı maraqlı məqam ondan ibarətdir ki, hər iki ölkənin yerli mətbuatında sənədin mahiyyəti və məqsədi barədə əvvəlcədən heç bir məlumat verilməmişdi.

Həmçinin bu sənədin Ukrayna - Rusiya arasında davam edən gərginlik və Moskvanın separatçı Donetsk və Luqanskın müstəqilliyini tanıması fonunda imzalanması ictimaiyyətdə də müzakirələrə səbəb oldu.

Belə olan halda Rusiya-Azərbaycan arasında müttəfiqlik bəyannaməsi ilə bağlı bəzi məqamlara diqqət etmək lazımdır.

Azərbaycan ötən ilin yayında Türkiyə ilə birgə müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalayıb və Rusiya ilə imzalanan sənəd ikinci belə bir bəyannamə olacaq.

Rusiyanın regiondakı nüfuzunu və 44 günlük Qarabağ müharibəsindəki rolunu nəzərə alsaq, o zaman belə bir sənədin imzalanacağı gözlənilən idi.

Azərbaycan artıq uzun illərdir ki, regionla bağlı xarici siyasətində ikitərəfli münasibətlərə daha çox önəm verdiyini həm sözdə həm də əməldə nümayiş etdirib.

Digər tərəfdən belə bir bəyannaməni imzalamaqla həm Azərbaycanın “Rusiyaya qarşı hər hansı hərbi-siyasi blokda yer almayacağı” dəqiqləşəcək, həm də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla bağlı müzakirələrə son qoyulmuş olacaq.

Azərbaycan və Rusiyanın bundan sonrakı hər hansı geosiyasi formatda birgə fəaliyyəti yeni bəyannamə sənədinin çərçivəsində həyata keçiriləcək.

Azərbaycanın bu sənəddən bir digər əsas gözləntisi də, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını daha konstruktiv hala gətirməkdir.

Lakin, Azərbaycan siyasi rəhbərliyinin regional təhlükəsizlik və özünün regional maraqlarına həssas yanaşmasını nəzərə alaraq qeyd etmək olar ki, rəsmi Bakının Rusiya ilə imzalayacağı bəyannamə sənədi, Türkiyə ilə imzalanan Şuşa bəyannaməsindən daha az əhəmiyyətli olacaq.

Yəni Azərbaycan özünə real təhlükə yarada biləcək amilləri öncədən Şuşa bəyannaməsini imzalamaqla neytrallaşdırmış ola bilər.

Belə olan halda iddia etmək olar ki, Türkiyə hökuməti də Rusiya ilə belə bir sənədin imzalanacağından öncədən xəbərdar idi. Ancaq Türkiyədən bununla bağlı hələlik heç bir rəsmi reaksiya yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğan hələlik ancaq Putinin separatçı “respublikaların” müstəqilliyini tanımasını tənqid edib və Prezident Zelenski ilə telefon danışığı zamanı Ukraynanın ərazi bütövlüyünü hədəfləyən qərarlara qarşı olduğunu bəyan edib.

Bəs Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanmasına Qərbin münasibəti necə olacaq?

Azərbaycan Rusiya ilə yeni bəyannamə sənədi imzalasa da özünün ənənəvi balanslaşdırma siyasətinə sadiq qalaraq digər tərəfdən bir neçə ildir Avropa İttifaqı ilə yeni əməkdaşlıq müqaviləsi üzərində işləri davam etdirir.

Belə olan halda bu bəyannamə sənədini bir növ Rusiya və Qərb arasında balans kimi də nəzərdən keçirmək olar.

Bu ayın əvvəlində Azərbaycan özünün Cənubi Qaz Dəhlizi layihəsi vasitəsilə Avropaya qaz tədarükünü artırmağa hazır olduğunu bildirmiş və Avropanın enerji təhlükəsizliyindəki rolunu daha möhkəmləndirməyə niyyətlənmişdi.

Avropa İttifaqının Enerji məsələləri üzə komissarı Kadri Simsonun bu minvalla Bakıya rəsmi səfərə gələrək Prezident İlham Əliyevlə görüşlər keçirməsi və daha sonra Aİ-nin Azərbaycanca 2 milyard dollar maliyyə paketi ayırdığını elan etməsi də rəsmi Bakının hələ də balanlaşdırma siyasətini çox aktiv şəkildə tətbiq etdiyini deməyə əsas verir.

Rusiya və Azərbaycan arasında imzalanmış yeni müttəfiqlik haqqında sənədin Rusiya-Ermənistan münasibətlərində qismən də olsa əlavə gərginlik yaratmaq ehtimalı var.

Ermənistan rəhbərliyi Azərbaycanla bu cür sənədin imzalanmasını özünün Rusiya ilə ənənəvi “strateji müttəfiqlik” münasibətlərinə xəyanət kimi də qiymətləndirilə bilər.

Hərçənd eyni mahiyyətli bəyannamə Rusiya-Ermənistan arasında 2000-ci ildə imzalanmışdı. Rusiya ənənəvi olaraq Ermənistanı müttəfiq adlandırsa da, Azərbaycanı vacib tərəfdaş olaraq qiymətləndirir və bunu regional siyasi diskursunda əsas element olaraq qəbul edir.