vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
22:00 | 22 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 778 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu, münasibətlərin inkişafında yeni mərhələdir

Azərbaycanla Rusiya arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndirir, onları möhkəmləndiririk. “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib. Fevralın 22-də Kremldə Rusiya və Azərbaycan prezidentlərinin təkbətək görüşü olub.

Görüşün mətbuat üçün açıq hissəsində çıxış edən Prezident Vladimir Putin bildirib ki, Azərbaycanın dövlət başçısının Rusiyaya budəfəki səfəri ikitərəfli münasibətlərdə əlamətdar hadisə – diplomatik əlaqələrimizin yaradılmasının 30 illiyi ərəfəsində keçir. “Bu gün biz “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub”, – deyə Putin vurğulayıb.

Rusiya Prezidenti əlavə edib ki, bu məsələdə hələ qarşıya çıxan problemlərə baxmayaraq, hər halda məmnun ola bilərik ki, hazırda olduğumuz səviyyəyə çatmışıq: “Lakin istənilən halda həm orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından, həm də ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması baxımından artıq müəyyən razılaşmalar var. Bilirəm ki, hələ mübahisələr var, üzərində işləniləsi məsələlər var. Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi və əlbəttə, bu prosesə cəlb edilmiş bütün tərəflərin razı qalmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik”.

Putin qeyd edib ki, nəqliyyat kommunikasiyaları məsələlərinin həll edilməsində təkcə Azərbaycan və Ermənistan maraqlı deyil, həm Rusiya Federasiyası, həm də iki ölkənin  qonşuları məsələdə maraqlıdır.

İki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafını, pandemiyaya baxmayaraq, keçən il əmtəə dövriyyəsinin 16 faizdən çox artdığını, eləcə də regional əlaqələrin səmərəli inkişaf etdiyini deyən Rusiya rəhbəri qarşılıqlı fəaliyyəti dəstəklədiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Putin həmçinin Rusiya və Azərbaycan üçün də çox vacib olan humanitar məsələlərin həllini, ilk növbədə, rus dilinin inkişafını dəstəklədiyinə görə dövlət başçısına təşəkkürünü ifadə edib: “Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik”.

Rusiya Prezidenti son günlər Ukrayna ilə münasibətlərdə yaranmış vəziyyətdən bəhs edərək Azərbaycanın dövlət başçısını bu barədə də məlumatlandıracağını deyib. Bu xüsusda bir qədər öncə Qazaxıstan Prezidenti ilə də danışdığını diqqətə çatdıran Putin vurğulayıb ki, Rusiyanın keçmiş imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyalar əsla həqiqətə uyğun deyil: “Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq”.

“Bildiyiniz kimi, biz beynəlxalq terrorizmin xarici təcavüzü ilə əlaqədar Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti çərçivəsində özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxartdıq və bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk... Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisindən Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir...”, – deyə Putin əlavə edib.

Azərbaycan Prezidenti nitqində ikitərəfli münasibətlərin çox dinamik şəkildə inkişaf etdiyini vurğulayıb: “Biz daim əlaqə saxlayırıq, zəngləşirik. Əlbəttə, şəxsi görüşlərimiz həmişə xüsusi əhəmiyyət kəsb edir, xüsusən ona görə ki, Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasında ən mühüm sənədin imzalanması ərəfəsində. Rəmzi haldır ki, bu görüş, Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində keçir”.

Prezident bildirib ki, Azərbaycan və Rusiya arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” həm ikitərəfli münasibətlərin gələcəyi, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcək. Dövlət başçısı qeyd edib ki, bəyannamənin 40-dan çox bəndi var və o, qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir.

“Bütövlükdə ölkələrimiz arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir. Hazırda bu münasibətlər ən yüksək səviyyəyə çatır. Ticari-iqtisadi əlaqələrdə yaxşı dinamika olması barədə Sizin fikrinizə şərik olduğumu bildirmək istərdim. Bizim əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və Sizin qeyd etdiyiniz kimi, 16 faiz artıb. Bu ildə də artım perspektivi var, yanvar ayının göstəriciləri buna dəlalət edir. Biz çoxsaylı konkret layihələri həyata keçiririk”, – deyə İlham Əliyev əlavə edib.

Humanitar sahədə əməkdaşlığın önəmini vurğulayan Azərbaycan Prezidenti bildirib ki, bu həm Rusiya üçün, həm də Azərbaycan üçün vacibdir: “Məktəblər məsələsinə gəldikdə, bir qədər dəqiqləşdirmək istərdim. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Mənim fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır, ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm amildir”.

Azərbaycan Prezidenti daha sonra deyib: “Əlbəttə, Sizin qeyd etdiyiniz kimi, bu gün bizim regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət barədə danışacağıq. Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb. 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək.

Beləliklə, gündəliyimiz çox genişdir, bu səfər xüsusi səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyadayam. Lakin bu, xüsusi haldır. Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq...”.

***

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar.

Bəyannaməyə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

Sənəddə vurğulanır ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər.

Sonra prezidentlər mətbuat üçün bəyanatlarla çıxış ediblər.