Milli mətbuat tarixinin tədqiqinə töhfə
ADA Universiteti “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatından nəşrini davam etdirir
1918-1920-ci illərdə çap olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatından III cildi latın qrafikasında nəşr edilib. Layihənin təşəbbüskarı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevdir. ADA Universitetinin dəstəyi ilə nəşr edilən III cild 1918-ci ilin dekabr ayını əhatə edir.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin orqanı olan “Azərbaycan” qəzetində rast gəlinən xəbərlər o dövrün hadisələrinə dair ilkin mənbələrdir. Məsələn, III cilddə “Qarabağ əhvalı” (1918-ci il 5 dekabr, N 56) sərlövhəli yazıda oxuyuruq: “Ağdam Milli Komitəsindən və Ağdamda yaşayan Şuşa şəhəri sakinləri tərəfindən Azərbaycan Hökumətinə gələn teleqramlardan görünür ki, Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının dağbasar [dağətəyi] hissələrində toplanmış olan erməni üsyançıları tərəfindən müsəlman əhalisinə olmazın zülmlər edilir. Andranikin dəstəsi Şuşaya hücuma hazırlanır və əlyövm [hal-hazırda] Şuşanın 20 çağırımlıq (verst) bir məsafəsində “Müsəlmanlar” adlanan mövqedə vuruşma gedir. Yuxarıda adları yazılmış qəzaların erməniləri də Andranikin dəstəsinə qoşularaq əməliyyatda iştirak edirlər.
Bu hadisələr, əhalinin həyəcanına və işdən-gücdən qalmasına səbəb olurlar. Bunun üçün də Ağdam Milli Komitəsi teleqraflarla Hökumətə müraciət edərək buna qarşı təcili tədbirlər ittixazını [görülməsini] rica edir”.
Qəzetin 1918-ci il 7 dekabr 58-ci nömrəsində dövrün qabaqcıl ziyalılarından biri olan Xəlil İbrahimin “Azərbaycan Parlamanı dəvəti münasibətilə” yazısı isə bu günün oxucusuna Cümhuriyyət hökumətinin demoratikliyindən xəbər verir: “Azərbaycan türkləri həmişə ağalıq, hakimlik üçün deyil, hüquqi-milliyyə və bəşəriyyənin təmini üçün çalışdıqlarını bir daha isbat edərək, Cümhuriyyətimiz daxilində yaşayan ümum vətəndaşlarımızı həyatımızın quruluşunda iştiraka dəvət etdilər. Azərbaycanda heç millət, heç sinif, heç silk [təbəqə] hakim ya məhkum ola bilməz. Hamı vətənin həm ağasıdır, həm nökəri. Hər bir vətəndaş gərək ümumi vətənin səadəti ilə məsud, ələmi ilə müəlləm olsun [kədərlənsin]”.
Kitabı vərəqlədikcə 1918-ci ildə müxtəlif sahələr üzrə problemlər göz önündə canlanır. “Bakıda xalq məktəbi müdirlərinin yığıncağı” (16 dekabr, N66), “Maarif müfəttişlərinin yığıncağı” (18 dekabr, N67, 19 dekabr, N68) sərlövhəli yazılar dövrün təhsil problemləri haqqında oxucuda geniş təsəvvür yaradır. Pedaqoq, publisist Fərhad Ağazadənin “Bakıda neft ticarəti və onun müxtəsərcə tarixi” (1918, 5 dekabr, N56) məqaləsi isə müvafiq sahəyə dair dəyərli mənbədir.
“Türkiyədə qadınlıq məsələsi” (3 dekabr, N55) adlı məqalədə qadın hüquqları ilə yanaşı, övlad tərbiyəsinə də diqqət çəkilir: “Bir validənin ağuşunda böyüməkdə olan övladına qarşı məhəbbəti nə qədər çoxsa, tərbiyənin aldığı şəkil və cəsamətcə [böyüklüyǝ görǝ] o nisbətdə də vətəninə məhəbbət olar. Vətənin müşfiq validələri övladlarını hər tərəfdə qorumaq əsasına binaən [uyğun olaraq], hərb meydanlarına qədər gəlir: cəngavərlərin aldığı nişaneyiiftixarını – yarasını sarar, baxar, onu bir çocuğu qədər nəvazişi nəzərlərə qərq edər”.
ADA Universitetinin rektoru Hafiz Paşayev kitaba ön sözdə yazır: “Azərbaycan” qəzetindəki materiallar Azərbaycan Cümhuriyyətinin bilavasitə tarixini əks etdirir. Qəzetin səhifələrində Azərbaycan Hökumətinin qərarları, Parlament üzvlərinin çıxışları, paytaxtda və bölgələrdə baş verən hadisələrin təfərrüatları, müxtəlif təhlillər, xatirələr öz əksini tapıb. Günümüzdə xüsusi əhəmiyyət kəsb edən Qarabağ, Zəngəzur bölgələrinə dair materiallar oxucularda böyük maraq doğuracaqdır. Eləcə də Azərbaycan Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri, dövrün ab-havası müfəssəl şəkildə qəzetin səhifələrində əks olunub. Ümumiyyətlə, bu qəzetin transliterasiyası Azərbaycan Cümhuriyyəti tarixşünaslığında yeni bir səhifə açacaq və gələcək tədqiqatlar üçün mühüm stimul olacaqdır.
İlk dörd nömrəsi Gəncədə, sonrakı nömrələri Bakıda nəşr edilən “Azərbaycan” qəzetinin 15 sentyabr 1918 – 28 aprel 1920 tarixləri arasında 443 nömrəsi çapdan çıxmışdır. Qəzetin redaktorları müxtələif vaxtlarda Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olmuşdur. Qəzet əksəriyyətlə 4 səhifə həcmində çıxsa da, bəzi nömrələrdə səhifələrin sayı fərqlilik göstərir. Hər səhifədəki sütunların sayı və səhifələrin ölçüsü, qəzetin çap olunduğu 19 ay yarımlıq müddət ərzində bir neçə dəfə dəyişmişdir”.
Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib. Onlar transliterasiya zamanı mǝtnin orijinallığını qorumaqla yanaşı, materialların müasir oxucu üçün mümkün qədər anlaşılan olmasına çalışıblar. Bu səbəbdən bəzi sözlərin imlasını müasirləşdirmək lazım gəlib. Məsələn, “çoq”, “yoq”, “etmǝgi”, “kibi”, “numero” kimi sözlərin müasir yazılışına (çox, yox, etmǝyi, kimi, nömrǝ) üstünlük verilib. Eyni zamanda “teatro”, “qǝzetǝ”, “böylǝ” kimi bəzi sözlərə toxunulmayıb. Bir tərəfdən, bu sözlər qəzetdə həmişə eyni cür yazılıb, digər tərəfdən də, mütaliəni çətinləşdirmədən dövrün ab-havasını saxlamağa xidmət edir.
Çətin anlaşılan söz və ifadələr üçün cildin sonuna lüğət əlavə etmək münasib görülməyib. Əvvəla, hər dəfə mütaliəni kəsərək lüğətə baxmaq oxucu üçün çətindir, ikincisi, bəzi sözlərin bir çox mənasından məhz hansının nəzərdə tutulduğunu təyin etmək barəsində oxucu tərəddüddə qala bilər. Çətin anlaşılan söz və ifadələrin necə başa düşülməli olduğu mətnin işində kvadrat mötərizədə göstǝrilib. Qəzetin hər nömrəsindən sonra əlavə edilən “Qeyd və şərhlər”dǝ oxucular üçün faydalı məlumatlar yer alır. Cildin sonunda “Adlar göstəricisi” verilib. Kitabı elektron formatda da əldə etmək mümkündür.
Xatırladaq ki, 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatı 20 cilddə olacaq. Bundan öncə çapdan çıxan I cild 1918-ci ilin sentyabr-oktyabr aylarını, II cild 1918-ci ilin noyabr ayını əhatə edir.