vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:51 | 29 sentyabr 2022 | Cümə axşamı Məqaləyə 1524 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şakaya pul lazımdır...

... Yaxud Paşinyanın “indiyski” iştahası

Elçin ALIOĞLU

“Yalançını və zalımı dəstəkləmək, məğlub olsa da hikkəsindən əl çəkməyənə bəd işlərində yardım etmək insanın ruhunu məhv edib onu heyvana çevirir”. Bunu Hindistanın ən məşhur sadhularından biri, “Maharaştranın incisi” adlandırılmış Şivai Quru demişdi.

O kəs ki, Hindistanın baş naziri Narendra Modi indi yürütdüyü ifrat millətçilik, müsəlmanlara qarşı az qala zooloji nifrətinin və islamofobiyasının kökündə Şivainin “yanlış insanpərvərliyinin tanınmaması”nın durduğunu da etiraf etmişdi.

32 il əvvəl vəfat etmiş sadhu Hivai bəşəri duyğulara və amallara dəvət etdiyi Hindistanın indiki xarici siyasətindən xəbərdar olsaydı, bəlkə də intihar edərdi.

Səbəb bəsit, hətta çox primitivdir.

Pakistanla düşmən münasibətlərdə olan Hindistan rəsmi İslamabadda tərəfdaş və müttəfiq əlaqələrə malik ölkələrin hamısını avtomatik olaraq özünə düşmən bilir.

Azərbaycanla Pakistan arasındakı çox sıx, genişmiqyaslı və bir çox sahələri əhatə edən qarşılıqlı əlaqələri, qardaşlıq münasibətlərini nəzərə alsaq rəsmi Dehlinin Bakıya olan münasibətini “şərtləndirən amillər” aydın olur.

Həmin amillərin məcmusu “Azərbaycan Pakistanla yaxındırsa, deməli, bizə uzaqdır” təki evfemizmdən, diplomatiyada yolverilməz absurddan ibarətdir.

Atılanda uçmayan, uçanda çatmayan silahlar

Hindistan Ermənistana ümumi dəyəri 20 milyard rupi, yəni təqribən 244,7 milyon dollarlıq silah və hərbi texnika satmağa hazırlaşır.

“The Economic Times”in yaydığı məlumata görə, satış İrəvanla Dehli arasında sentyabrın əvvəllərində imzalanmış saziş əsasında həyata keçiriləcək.

Anlaşmaya görə, ermənilər Hindistanda 214 mm çaplı “Pinaka mk2” reaktiv yaylım atəşi qurğuları (MBRL), tank əleyhinə raketlər, mərmilər, gecəgörmə cihazları, portativ radiolokasiya və radioəlaqə qurğuları və s. alacaqlar.

Hindistandakı Müdafiə Tədqiqatları və İstehsalı Təşkilatının (Defence Research and Development Organisation, DRDO) istehsal etdiyi “Pinaka”dan ölkənin silahlı qüvvələrində 10 alay formalaşdırmaq nəzərdə tutulmuşdu. Yəni Hindistan ordusuna 160 “Pinaka” verilməliydi.

Lakin Pakistan və Çinlə sərhəddəki silahlı qarşıdurma olayları zamanı istifadə olunmuş “Pinaka”ların bəyan edildiyi kimi, 60 km yox, cəmi 25 km uzaqlıqdakı hədəfləri vura bildiyi aşkarlandı.

“Tatra” avtomobilinin şassisində olan “Pinaka mk2” MBLRS qurğusunda 12 raket olur.

6 “Pinaka-2”dən ibarət batareyanın 3,9 km sahədəki hədəfləri darmadağın etdiyi deyilsə də, belə deyil.

Məhz keyfiyyətinin aşağı və hədəfvurma dəqiqliyinin yayğın olması səbəbindən “Pinaka”lara Hindistan ordusunda maraq böyük deyil: 2015-ci ildən bəri orduya cəmi 80 “Pinaka” verilib.

İstehsalına “Armament Research & Development Establishment” (ARDE), “Combat Vehicle Research & Development Establishment” (CVRDE), “High Energy Material Research Laboratory”(HEMRL) və “Eectronics & Radar Development Establishment” (ERDE) dövlət şirkətlərinin cəlb olunduğu “Pinaka mk2” MBLRS-ləri rəsmi Dehli indiyədək bir çox ölkələrə satmaq istəsə də, heç bir dövlət bu sistemi almayıb.

Səbəb az öncə yazdığım kimidir: aşağı keyfiyyət və qeyri-dəqiqlik.

Ümumiyyətlə, sözügedən problem Hindistanın hərbi-sənaye kompleksinin istehsalı olan məhsulların az qala hamısına aiddir.

Ermənistana gəldikdə isə, baş nazir Nikol Paşinyan diplomatiya, iqtisadiyyat və xarici siyasət məsələlərində əsl diletant olduğu kimi, hərbi-sənaye məsələlərində, xüsusilə ordunun maddi-texniki və silah təminatı sahəsində tam cahildir.

Məsələn, məhz onun təşəbbüsü ilə 2020-ci ildə Ermənistan Hindistandan “poziüiy Swathi” yerüstü artilleriya mövqelərinin aşkarlanması üçün radiolokasiya stansiyası (Weapon Locating Radar, WLR) almışdı.

Rusiya Federasiyasının və Polşanın da iştirak etdiyi tenderdə üstünlük nədənsə Hindistana verilmiş, sonucda Dehli İrəvana 40 milyon dolların müqabilində 4 “Swathi” vermişdi.

Artilleriya minaları və mərmilərinin atış mövqelərini müəyyənləşdirməli olan bu WLR İkinci Qarabağ Müharibəsində tam yararsız, keyfiyyətsiz olduğunu göstərdi.

Ötən il isə ermənilər Dehliyə üz tutaraq ümidləri doğrultmamış “Swathi”ləri geri qaytarmaq istədiyini desələr də, rədd cavabı almışdılar.

Hindistanın Ermənistana satmağa hazırlaşdığı mərmilərə, tank əleyhinə idarəolunan raket qurğularına (Infantry Anti-Tank Guided Missiles, İAGM) gəldikdə isə, İrəvana “Nag”ların verilməsi nəzərdə tutulub.

Onların da keyfiyyəti və texniki imkanları qənaətbəxş deyil, 1990-cı illərin taktiki-texniki göstəriciləri səviyyəsindədir.

Hindistanın hərbi-sənaye kompleksi hələ də keyfiyyətli, müasir tank əleyhinə idarəolunan raket kompleksləri istehsal edə bilmir.

Məhz bu səbəbdən Hindistan ötən il təcili olaraq İsraildən 240 ədəd “Spike LR” alıb.

Alışlar indi də davam edir və dünya silah-sursat bazarında Hindistan şirkətləri “tank ovçuları” istehsalçıları kimi tanınmırlar.

 

İslam düşməni Modi

 

Hindistanın Ermənistanla “ilıq və mehriban” münasibətlərini şərtləndirən amillərdən biri də rəsmi Dehlinin daxili siyasətində yer alan çox güclü, qabarıq büruzə verilən islamofobiyadır.

Xatırladaq ki, Hindistanın iqtidarda olan Xalq Partiyasının (“Bharatiya Canata Parti, BJP) mətbuat katibi Məhəmməd peyğəmbəri təhqir edib.

Mətbuat katibi Nupur Şarma TV-lərdən birində canlı yayıma qoşularaq Məhəmməd peyğəmbəri təhqir edib. Bununla kifayətlənməyən N.Şarma tarixi Gyanvapi məscidinin söküləcəyini və yerində hindus məbədinin tikiləcəyini bildirib.

Canlı yayımdan sonra Uttar Pradeş əyalətindəki hindus radikallar yenidən müsəlman məhəllələrinə hücum edib.

Bu, Hindistanda İslama və müsəlmanlara qarşı dövlət səviyyəsində aparılan təqib, aşağılama və qısnama siyasətinin bir hissəsidir.

Faktlar çoxdur.

Məsələn...

Hindistan hökumətinin BMT-yə müraciət edərək “islamafobiya” ifadəsinin “religiyafobiya” ifadəsi ilə əvəzlənməsini istəyib...

Hindistanda iqtidarda olan “Bharatiya Canata” Partiyası ölkədə ictimai yerlərdə hicabın yasaqlanmasını tələb edib...

Dasna Devi məbədinin rəhbəri Yati Narsinqhanandın “müsəlmanlara qarşı müharibəyə” çağırış edib...

Son illərdə Hindistanda çəkilmiş və populyarlaşmış bir sıra filmlərdə, o cümlədən “Padmavaat”da, “Roja”da, “Omerta”da, “Sooryavanshi”də, “Goodachari”də, “Khakee”də, “Mulk”da müsəlmanlar maniakal dərəcədə qəddar, cəllad, psixopat və s. kimi təqdim olunublar...

 

Nə baş verir?

 

Hindistanın baş naziri Narendra Modi onillərdir ki, “Hindistan hinduslar üçün” şüarını təkrarlayır. Bu şüar ölkədə iqtidarda olan BJP partiyasının fəaliyyət prinsipinə və ölkə hakimiyyətinin daxili siyasətinin leytmotivinə çevrilib.

Hindistan əfsuslar olsun ki, gün keçdikcə aqressiv, mürtəce, iyrənc hindus millətçiliyinə, “Hindutva” ideologiyasına doğru hərəkət edir.

Baş nazir Narendra Modinin tam dəstək verdiyi hindutva ideologiyası yenilik deyil.

Haqqında bəhs etdiyimiz bu aqressiv və mürtəce ideologiyanın müəllifi 1923-cü ildə “Hindutva: kim hindusdur?” məqaləsini dərc etdirmiş Vinayaka Damodar Savarkardır.

Hazırda ölkədə hindutva tərəfdarları “Sanqh Parivar” (“İttifaq Ailəsi”) adlı hindus millətçiləri alyansında birləşiblər. Alyansa iqtidardakı “Bharata Canata Parti” ilə yanaşı, “Raştriya Svayamsevak Sanqh” (“Millətin Könüllü Xidmətçiləri İttifaqı”), “Bacranq Dal” (“Qüdrətlilər Dəstəsi”) və “Vişva Hindu Parişad” təşkilatları daxildir.

Hindutvaya görə, ölkədəki caynistlər, buddistlər və siqhlər birləşməli, “hindus etnosu”nu formalaşdırmalıdırlar. Çünki məhz onlar “Hindistanın əsl sahibləri, dövlətin siyasi simasını müəyyənləşdirməli insanlardır”.

Hindistandakı müsəlmanlara və xristianlara isə bütün siyasi hüquqlarla azadlıqlardan məhrum edilmiş azlıq rolu hazırlanıb.

Baş nazir Narendra Modinin və yaxın ətrafındakı ideoloqların fikrincə, hinduslar dünyanın ən qədim sivilizasiyasıdır - hindusların müqəddəs kitabları isə “bəhəriyyət üçün həyati önəm daşıyan gerçəklər”dən ibarətdir.

Rəsmi Dehlinin Ermənistana az qala bütün sahələrdə tam dəstək verməsi də artıq rutin məsələdir.

Əslində, təəccüblü deyil: Hindistandakı hakim dairələrin kütlənin beyini hindutva ilə zəhərlədiklərini nəzərə alsaq, rəsmi Dehli düşmən hesab etdiyi türk dünyasına, müsəlman aləminə bütün vasitələrlə qarşı çıxır.

Hindistanda indi dövlət səviyyəsində “hindus faşizmi” adlandıra biləcəyimiz siyasət yürüdülür. Dövlət qurumları hindutva tərəfdarları olan dəstələri və yaraqlıları qeyri-rəsmi şəkildə dəstəkləyir, müsəlmanlara hücumların qarşısını almaq əvəzinə tərifləyir. Ölkədə hindus faşizminin, yəni hindutvanın yayılmasının təhlükəli olduğunu deyənlər isə terrora məruz qalır.

Bu eycəbərlik istənilən başqa ölkədə olsaydı kollektiv Qərb dərhal bəyanatlar istehsalına başlayar, sanksiyalar tətbiq edər, cəza mexanizmlərini işə salardı. Hadisələr Hindistanda baş verdiyi üçün “demokratik və mütərəqqi” Qərb susur, lal, kar və kor olur. Çünki Qərb üçün indi Hindistanın baş naziri Narendra Modinin hakimiyyəti Çinə qarşı mübarizə vasitəsidir. Bu səbəbdən Dehlinin faşizminə, islamofobiyasına və irqçiliyinə göz yumulur.