vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ASİYA  
09:16 | 7 avqust 2024 | Çərşənbə Məqaləyə 360 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəfil istefa siyasi boşluqlar yaradacaq

Etirazlar Banqladeşin baş nazirini necə devirdi?

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Həftələrlə davam edən hökumət əleyhinə etirazlar nəticəsində baş nazir Şeyx Hasinanın devrildiyi Banqladeşdə tezliklə müvəqqəti hökumətin yaradılması gözlənilir. Hasina istefa verərək ölkədən qaçdıqdan sonra böyük izdiham Baş nazirin Dəkkdəki iqamətgahına basqın edib.

BBC-nin verdiyi xəbərə görə, 15 illik hakimiyyəti dövründə getdikcə avtoritarlaşdığı deyilən keçmiş demokratiya simvolu Hasina hazırda Hindistandadır. Onun orada qalacağı, yoxsa başqa yerə gedəcəyi hələlik bəlli deyil.

 

Etirazlar necə başladı?

 

Etirazlar iyulun əvvəlində universitet tələbələrinin 1971-ci ildə Pakistana qarşı Banqladeş müstəqillik müharibəsi veteranlarının qohumları üçün ayrılmış dövlət qulluğu kvotalarının ləğvi ilə bağlı dinc tələbləri ilə başlayıb.

Fəallar sistemin ayrı-seçkilik olduğunu və yenidən müzakirəyə ehtiyac olduğunu iddia etdilər. Onların tələbləri böyük ölçüdə yerinə yetirilsə də, etirazlar tez bir zamanda daha geniş hökumət əleyhinə hərəkata çevrildi. Dəkkə Universitetinin sosiologiya professoru Samina Luzfa keçən ay verdiyi açıqlamada “Görünür, indi təkcə tələbələr deyil, əksər insanlar da etiraza qoşulub”, – deyib.

Hərəkatın genişlənməsi ilə təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı 300-dən çox insan həlak olub. Banqladeşdə media və etirazçılar ölənlərin sayının çoxluğunda polisi günahlandırıb. Lakin hökumət iddia edirdi ki, polis yalnız özünümüdafiə və ya dövlət əmlakını qorumaq üçün atəş açıb.

Hasina dəfələrlə ölkənin bəzi yerlərində interneti kəsib, ümummilli komendant saatı tətbiq edib və ona qarşı çıxan etirazçıları “milləti sabitliyi pozmaq istəyən terrorçular” adlandırıb.

 

Tələbələr niyə əsəbiləşirlər?

 

170 milyon əhalisi olan Cənubi Asiya ölkəsi dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olsa da, ekspertlər artımın universitet məzunları üçün işə çevrilmədiyini vurğulayırlar. İş axtaran təxminən 18 milyon gənc kollec məzunlarının işsizlik nisbəti daha az təhsilli həmyaşıdlarına nisbətən daha yüksək olub.

Digər tərəfdən Banqladeş hazır geyim ixracında hərəkətverici qüvvəyə çevrilib. Ölkə qlobal bazara təxminən 40 milyard dollarlıq hazır geyim məhsulları satıb. Sektorda əsasən qadınlar olmaqla 4 milyondan çox insan işləyirdi. Lakin iddialı gənc nəsil üçün fabrik işləri kifayət etməyib. Qismən buna görə də onlar dövlət işlərində kvotaların ləğv edilməsini istəyiblər.

 

Niyə etirazlar artıb?

 

Ali Məhkəmə kvota sistemini ləğv etdikdən sonra etirazlar tələbələrdən kənara da yayılmağa davam etdi və basqılar Hasina hökumətinə qarşı qəzəbi daha da artırdı. Bir sıra sektorlarda, xüsusən də infrastrukturda (yeni yollar, körpülər, fabriklər və metro xətləri) artıma baxmayaraq, korrupsiya iddiaları irəli sürülüb. Dünya Bankının məlumatına görə, son on ildə adambaşına düşən gəlir üç dəfə artıb və 20 il ərzində 25 milyondan çox insan yoxsulluqdan xilas edilib.

Ancaq bir çox insanlar bu artımın daha çox baş nazirə yaxın olanların xeyrinə olduğunu düşünür. “Biz xüsusən də hakim partiyaya yaxın olanlar arasında çoxlu korrupsiya görürük. Korrupsiya uzun müddətdir ki, cəzasız qalır”, – - Lüzfa bildirib.

Son aylar Banqladeş sosial mediasında ordu komandiri, polis rəisi, yüksək vəzifəli vergi məmurları və dövlət məşğulluq rəsmiləri də daxil olmaqla, Hasinanın bəzi keçmiş yüksək vəzifəli məmurlarına qarşı korrupsiya ittihamları ilə bağlı müzakirələr üstünlük təşkil edib. Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Hasinanın yaxın müttəfiqi olan keçmiş polis rəisi Bənazir Əhmədlə bağlı araşdırmalara başlayıb.

Korrupsiyaya qarşı mübarizə aparacağına söz verən Hasina 34 milyon dollar dövlət vəsaitini oğurladığı üçün qulluqçusunu işdən çıxardığını etiraf edib.

Hüquq müdafiəçiləri Hasinanın dövründə demokratik fəallıq məkanının da daraldığına diqqət çəkərək hökuməti müxalifəti sıxışdırmaqda, medianı və hökumət tənqidçilərini susdurmaqda, ən səs-küylü əleyhdarlarını həbs etməkdə və ya yox etməkdə ittiham ediblər. Nazirlər bu ittihamları rədd ediblər. “Hökumətə və hakim partiyaya qarşı qəzəb uzun müddətdir ki, artmaqdadır. İndi insanlar öz nifrətlərini nümayiş etdirirlər. Onlar başqa çarəsi qalmadıqda etiraza əl atırlar”, – Luzfa deyib.

***

Banqladeşi yaxın gələcəkdə nə gözlədiyini təxmin etmək hələ tezdir. Hasinanın uzun müddət fəaliyyət göstərməsi, mübahisələrə baxmayaraq, müəyyən sabitlik və iqtisadi artım gətirib. Ancaq ümidlər bir yana qalsın, onun qəfil istefasının yaratdığı siyasi boşluqla bağlı narahatlıqlar var.

Hakimiyyət həbsdə olan keçmiş baş nazir Halide Ziya və tələbə etirazçıların azadlığa buraxılmasına göstəriş verib. Ana müxalifət partiyası (Ziyanın lideri olduğu Banqladeş Millətçi Partiyası) 2014 və 2024-cü il seçkilərini boykot edərək, Hasinanın hakimiyyəti altında azad və ədalətli seçkilərin mümkün olmadığını bildirmişdi.