

Gəlin qayınatanı, qayınları çimizdirməlidir
Seksual inqilab haqda gələcəkdə geniş danışacağıq, amma sabah 8 mart olduğundan sözügedən inqilabdan sonrakı feminizm dalğasının qadınlara gətirdikləri barədə bəzi şeyləri, yüngülvari də olsa, paylaşmaq maraqlı olar deyə düşünürəm. Bunun üçün feminizmin qadın həyatına təsirlərini birinci əl olaraq təcrübə etmiş Britaniyalı jurnalist və yazıçı, bir zamanlar hərarətli feministlərdən olmuş Petronella Vaytın “The Daily Mail”də yayımlanmış müsahibəsini sizə olduğu kimi təqdim edirəm...
“Hər bazar ertəsi Londonda restoranların birində bir qrup qadın dostumla görüşür, pəncərə yaxınlığındakı masaların birində oturub həyatımızı müzakirə edirik. Bizim ortaq cəhətlərimiz çoxdur - hamımız 50 yaşlarımızın ortalarındayıq və yüksək təhsilli karyera qadınlarıyıq. Amma həyatımızda bir boşluq var. Hamımız subayıq və övladımız yoxdur. Getdikcə daha çox hiss edirəm ki, mənim yaxın dostlarım kimi bir çoxları da feminizmin nəslimizi yarı yolda qoyduğunu düşünür. Mən bu inanclarla böyümüşəm, daha doğrusu, mənə bu fikirləri zorla yeridiblər. Hələ 13 yaşım olanda Qadın Azadlıq Hərəkatından olan xalamın Yeni il üçün mənə verdiyi hədiyyələr Qloria Steynem və “müasir feminizmin anası” hesab edilən Simona de Bovuarın kitabları idi. (Xalam 1970-ci ildəki Miss Dünya müsabiqəsini yarıda dayandıran o məşhur militantlardan biri idi).
Mən və mənim yaşıdlarım Meri Poppins filminə baxaraq, qətiyyətli subay dayəni (gözlərində yansıyan kədəri heç vaxt anlamadan) idealizə edir və sufragist Misis Banksa simpatiya bəsləyirdik, eyni zamanda niyə darıxdırıcı ərini tərk etmədiyini düşünürdük. Bizim qəhrəmanımız Marqaret Tetçer idi. O, bunu inkar etsə də, faktiki olaraq feminist idi. Həyatın insana dərs verdiyi anlardan birində, mən 15 yaşımda olarkən, mərhum atamın evində Ledi Tetçer ilə tanış oldum (atam siyasətçi Vudrou Uaytt idi). O, bizim ilk qadın baş nazirimiz idi və tanışlığımızdan sonra mənə həyat haqqında danışmağa başladı. Onun çıxışının mahiyyəti o dövrün hər bir feministini sevindirəcəkdi: bir qadının karyerası, əks cinslə əlaqələrindən qat-qat üstün olmalı idi. (Onun öz evliliyi də, ehtimal ki, şərti idi. Həqiqətən, Tetçerlər bizimlə birlikdə şam yeməyində olanda, Denis (əri) başqa qadınlarla birlikdə salona çəkilirdi).
Özəl məktəbim Sent Polsda da biz, Tetçer in uşaqları, oxşar şəkildə evlilikdən və qadınlıqdan uzaq şəkildə tərbiyə olunurduq. Evlənməmiş məktəb dostlarımdan biri xatırlayır: “Müəllimlərim mənə elə hiss etdirirdilər ki, evlənmək utanc vericidir. İngilis dili müəllimim bir dəfə gəlinlik jurnalı oxuduğum üçün mənimlə lağ etdi, amma o, kişiləri şeytanlaşdıran arxifeminist idi”. İkimiz də xatırlayırıq ki, bizə deyirdilər: “Paulinalar yemək bişirməz, onlar düşünərlər”. Bu, gənc olduğunuz və böyüklüyə can atdığınız zaman çox yaxşı səslənir, lakin bütün qızlar nə icraçı rəhbər, nə də ali məhkəmə hakimi olmaq üçün böyüyür. Feminizm isə bunu bizə bu təhlükəni bildirməyi unutmuşdu.
Tarixən feminist arqumentlərinin bəzi əsaslı məqamları var idi. Keçmişdə, cinsimizin nümayəndələri əvvəlcə atalarına, sonra isə ərinə bağlı olduqları zaman, onların həyatları həsəd aparılmayacaq qədər çətin idi. Lakin bir qadın yaxşı təhsil alsaydı, rahat gəlir qazana və kişilərin təsdiqindən asılı olmayaraq müstəqil qala bilərdi. Əgər evlilik və övlad arzusu üstünlük qazanırdısa, demək olar ki, işini itirirdi.
Dünya indi elə bir şəkildə dəyişib ki, bunu erkən feministlər anlamaqda çətinlik çəkərdilər. Bəzən mən və dostlarım düşünürük ki, Qərb feminist fəlsəfəni artıq keçmişdə qoyub və onun zərərli hala gəldiyini hiss edirik. Məsələn, bu fəlsəfə bizim kimi qadınları biz 50 yaşlarımızın ortalarına çatıb özümüzlə baş-başa, yalnız, kimsəsiz qaldığımız zaman hara qoyur?
Xoşbəxtliyin əsas səbəblərindən biri sevildiyini hiss etməkdir, halbuki yoldaşlıq və sevilmə hissi xoşbəxtliyi hər şeydən çox artırır. Hər on Britaniyalı qadından biri, 50 yaşlarına gəlsə də, heç vaxt evlənməyib və tək yaşayır. Bu vəziyyət nə xoşbəxtlik gətirir, nə də sağlamlığa faydalıdır.
Gözəl rəfiqəm Salli, 55 yaşında, yaşıla çalan gözləri olan bir qadındır, o, bir dəfə mənə dedi:
“Qadın olaraq daim istənilmədiyimi hiss edirəm, çünki feminizm bizə ənənəvi qadının, kişilər tərəfindən bizi əzmək üçün yaradılmış bir stereotip olduğunu öyrətdi. Bu səbəbdən, kişilərə qarşı o qədər əleyhdar idim ki, onları özümdən uzaqlaşdırdım. İndi isə bunun cəzasını çəkirəm.”
Amerikalı bir tibbi institutunun son araşdırmasına görə, orta yaşlı qadınlar arasında depressiyanın əsas səbəbi tənhalıqdır. Bu hissi çox yaxşı bilirəm, çünki mən də bu yaxınlarda amansız zehni xəstəlik məngənəsinin qurbanı oldum. Bir çox subay dostlarım, küçə pişiklərinin belə qaçacağı qədər tənha bir həyat tərzi səbəbindən depressiyadan əziyyət çəkir.
Bundan əlavə, işin iqtisadi tərəfləri də var. İki gəlirin bir gəlirdən daha yaxşı olduğu hər kəsin qəbul etdiyi həqiqətdir və tanıdığım çox sayda subay qadın aşağı və ya orta maaşlı peşələrdə işləyir. Bir universitet professoru dostum şikayətlənir:
“Subay bir qadın olaraq, bir tərəfdaşdan heç bir dəstək almadan xərcləri ödəmək getdikcə çətinləşir. Hər hər J.K.Roulinq kimi (milyonçu) olmadığı üçün, qəpik-quruşa dolanan milyonlarla qadın var. Feminizm beynimə maliyyə müstəqilliyinin ideal olduğunu təkrar-təkrar yeritdi, lakin praktikada bu, yalnız hedc fondu idarə edirsinizsə və ya (J.K.Roulinq kimi) çox satılan romanlar yaza bilirsinizsə, baş verir. Eyni dərəcədə məyusedici olan odur ki, bir çox subay qadın həyatda uğursuz olduqlarını hiss edir. Feminizm bizi gücləndirməkdən uzaq, əksinə, daha qeyri-müəyyən vəziyyətə gətirdi. Karyeram bitib, heç vaxt evlənməmişəm və özümü bir insan kimi dəyərsiz hiss edirəm,” deyə 53 yaşlı gözəl dostum Reyçel müşahidələrini mənimlə bölüşür.
Ümumi özünəinam, hər şeydən çox, sevgi almağa alışmaqdan yaranır, xüsusilə əks cinsdən. Əri və uşaqları olan bir qadın onların sevgisini təbii bir qanun kimi qəbul edir, lakin bu, onun zehni sağlamlığı və uğuru üçün böyük əhəmiyyət daşıyır. Keçmişdən bizə miras qalan qurumlar arasında heç biri feminizm qədər insanları ailədən uzaqlaşdırmayıb. Feminist ideallara sahib bir çox qadın, uzun iş saatları və ev xanımlarının tənqid edilməsi səbəbindən valideynliyi nənələrindən daha ağır bir yük kimi hiss edir. (Bütün bunların fonunda) doğum nisbətinin azalması təəccüblü deyil?!
Bazar ertəsi qrupu dostlarımdan biri belə deyir: “Məni, xüsusilə uşaqlar olmaqla, heç bir “maneə” olmadan yaşamağa öyrəşdirmişdilər. Və ya ən azından karyeramda müəyyən bir mövqeyə çatana qədər gözləməyim tövsiyə edilirdi, amma indi çox yaşlıyam və o fürsəti əldən vermişəm.”
Son vaxtlarda, depressiyam dözülməz hala gəldikdən sonra, evimdə 20 yaşlı bir tələbə ilə yaşadım. Tanışlığımızın bir həftəsindən sonra, onun üçün 30 yaşından əvvəl evlənməmək və doğmamaq fikrinin tamamilə yolverilməz olduğunu və bu düşüncəni tamamilə rədd etdiyini anladım.
Qısası, o, həyatını bir qadın kimi yaşamaq istəyirdi.
“Bəli, qadın haqlarına inanıram,” deyə düşünürdü, “amma anamın böyüdüyü militant feminizmə inanmıram. Bu, çox ifrat bir şeydir.” Uşaqların sözləri ilə böyük həqiqətlər ifadə olunur...
Gəncliyimdə mənə zorla yeridilən feminizm, cinsimin nümayəndələrinə kişilər kimi davranmağı və düşünməyi tövsiyə etməklə səhv etdi. Bu, ciddi bir səhv idi və mənim kimi qadınlar sanki bir kazinoda qumar oynayanlar kimi bunun cəzasını çəkir.
Artıq mədəni bir dəyişiklik vaxtıdır. Mənim və dostlarım üçün çox gec ola bilər, amma feminizmin gələcək nəsillərin həyatını da məhv etməsinə icazə verilməməlidir”.