vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MÜSAHİB  
11:07 | 20 iyun 2014 | Cümə Məqaləyə 1706 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müsavatın qorxulu röyası dilə gəldi

Nazim Nağıyev: «Təəssüf ki, sönük fəaliyyət göstərirlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir zamanların ən məşhur personalarından olan və müxalifətin mitinqlərinin dağıdılmasında özünəməxsus xidmətlər göstərən keçmiş polis rəisi Nazim Nağıyev Moderator.az-a geniş müsahibə verib. Onunla söhbətin birinci hissəsini Vaxt.az oxucularına təqdim edirik:


- Nazim müəllim, son vaxtlar demək olar ki, mətbuatda görsənmirsiniz. Jurnalistlər Sizi aramırlar, yoxsa Siz onlardan qaçırsınız?

- Onu deyim ki, polis orqanlarında işlədiyim vaxt həmişə jurnalistlərlə dostluq etmişəm. Heç vaxt jurnalistlərlə əməkdaşlıqdan qaçmamışam. Ona görə də harada onlarla rastaşıram, çox səmimi görüşürük və hətta söhbətləşirik də. Bir-iki gün öncə bir yaxın dostumun övladının toyu idi, orada Sahil Kərimli ilə görüşdüm. Onu tanıyırsınız yəqin...

 

- Bəli, «Lider» telekanalının jurnalistini deyirsiniz təbii ki...

- O vaxt Sahil bizimlə çox tez-tez görüşərdi. 2003-cü ilin 15 oktaybr prezident seçkilərində də mən Səbailin rəisi idim. Yadınızdadır ki, o vaxt Müsavatın qarşısında mitinq keçirirdilər.

 

- Elə həmin mitinq zamanı da Sahili deyəsən döymüşdülər...

- Bəli. Həmin günləri xatırlayırsınız. Guya ki, bunlar hakimiyyəti artıq ələ alıblar, sabahısı hamımıza divan tutacaqlar, bir sözlə, cəfəngiyat danışırdılar. 15 oktyabr gecəsində bunların planlarıyla bağlı bizdə çox dəqiq məlumatlar vardı, niyyətləri belə idi ki, oturaq mitinq keçirsinlər, həmin mitinq də şişib gedib «Domsovet»in qabağınadək çatsın. Amma biz bilirdik ki, onların buna gücü çatmayacaq, çünki hay-küy qoparsalar da cəmiyyətin onlara münasibətindən xəbərdar idik ki, əksəriyyət onları qəbul etmir. Elə həmin gecə də Müsavatın qabağına uzağı 400-500 adam toplaşmışdı. Bildirim ki, onların təxribat planlarından məlumatlı olduğumuzdan tərəfimizdən çox ciddi tədbirlər görülmüşdü. Baxmayaraq ki, seçki günü olduğundan bütün polis qüvvələri seçki məntəqələrində ictimai asayişin mühafizəsini təmin etmək üçün səfərbər edilmişdi, ancaq biz onların bu təxribatının qarşısını da almağa qadir idik.

 

- Nazim müəllim, 2003-cü il 15-16 oktyabr hadisələriylə bağlı ayrıca bir neçə sualımız olacaq. Amma indi yadınıza salın görək sonuncu dəfə jurnalistlərə nə vaxt açıqlama vermisiniz?

- Sonuncu dəfə səhv etmirəmsə, polis orqanlarından çıxanda jurnalistlərin suallarını cavablandırmışam. Yəni polisdən təqaüdə gedəndə jurnalistlər mənimlə tez-tez əlaqə saxladılar və mən də qeyd elədim ki, polisdə kifayət qədər uzun müddət xidmət etmişəm, necə deyərlər, 32 il «kalendarnı», 42 il də imtiyazlı xidmət keçmişəm. Təqaüd yaşım çatsa da iki dəfə müddətimi artırdılar, sonradan dedim ildə bir dəfə xidmət müddətini artırmaqdansa özüm ərizə yazdım ki, bundandırsa təqaüdə getsəm yaxşıdır.

 

- Amma o vaxt barənizdə çoxlu şayiələr, nağıllar, dastanlar uydurdular...

- Təbii ki, onların hamısı əsassız və uydurma məlumatlar idi. Təbii ki, məni istəməyən adamlar da az deyildi və mən bunları bilsəm də əhəmiyyət verməməyə çalşırdım. Mən hər zaman çalışırdım ki, bir polis rəisi kimi rəhbərliyin qarşımda qoyduğu tapşırığı yüksək səviyyədə yerinə yetirim və heç vaxt da nəinki polis haqqında qanunun tələbindən irəli gəlir deyə, ümumiyyətlə, siyasi fəaliyyətlə məşğul olmayım. Ümumiyyətlə təbiətim belədir ki, kiminləsə münaqişədə olmaqdan qaçmağa çalışmışam. Amma istər-istəməz dövlətin siyasətini müdafiə edirsənsə səni ittiham edənlər də tapılacaq. Çünki Heydər Əliyev kimi bir kişinin siyasətini qoruyursansa, dövlətçiliyi müdafiə edirsənsə elə istəməsən belə, siyasətin içində olursan. Ona görə də əks düşərgədə olan insanların əksəriyyəti ümumi mənafeyə xidmət etməyən adamlar idi. Ona görə də işlədiyim dövrdə də, ondan sonra da mənim barəmdə şər-şəbədə yaymağa, bunu tirajlamağa cəhd etdilər, amma gördülər ki, boş şeydi, uydurduqları yalanın ömrü çox çəkmədi, o zaman bundan əl çəkdilər.

 

- Heydər Əliyev hakimiyyətə gələndə DİN-də hansı vəzifədə işləyirdiniz?

-Mən o vaxt DİN Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini vəzifəsində işləyirdim.

 

- Vaxtilə Şahlar Əsgərov deyirdi ki, Bakıda hətta Heydər Əliyevin adının çəkilməsi riskli olduğu halda o təsadüfən DİN-dəki kabinetinizdə Heydər Əliyevin portretini görərək heyrətlənib...

- Həqiqətən də o dövr çox ağır dövr idi. Hətta bəzən Heydər Əliyevin adını çəkmək çox çətin idi. Təsəvvür edin ki, mən DİN-də işləsəm də yaş senziylə bağlı mitinqlərə adamları cəlb etmək üçün heç bir tərəddüd etmədən çalışırdım. Görürdüm ki, bu kişi gəlməsə, Azərbaycan məhv olacaq. Ona görə də karyera düşünmək vaxtı deyildi. O vaxt təbii ki, Əli Nağıyev də çox böyük cəsarət sərgiləyərək o prosesləri nizama salırdı, mitinqlərin təşkilinə çox böyük enerji sərf edirdi. Amma təsəvvür edin ki, mən DİN zabiti idim və həmin dövrdə o boyda qurumda yalnız mənim otağımda Heydər Əliyevin portreti vardı. O vaxt mən Şahlar müəllimi tanımırdım, o gəlib o vaxt bizim nazir müavini olan Eldar Həsənovun yanına. Mən də Eldar Həsənovla bir mərtəbədə otururdum. O mənim kabinetimin qabağından keçəndə qapı açıq olduğundan Heydər Əliyevin portreti görsənib. İçəri boylanıb baxsa da otağa keçmədən çıxıb gedib. Heydər Əliyevin tərəfdarları da bir yerə toplaşıb müzakirələr aparanda Şahlar müəllim deyib ki, deyirlər DİN-də bizi istəyən yoxdu, amma mən bu gün orda bir kabinetdə Heydər Əliyevin portretini görmüşəm. Araşdıranda bəlli olub ki, bu mənəm. Yeri gəlmişkən, ədalət naminə bir məqamı da demək lazımdır. Həmin dövrdə DİN orqanlarında da Heydər Əliyevə hüsn-rəğbəti olan bir çox adam tanıyırdım, amma onlar Ulu Öndərin portretini seyflərində saxlayırdılar, onu çıxarıb kabinetlərində divardan asmağa qorxurdular. Elə mənim özümə də dəfələrlə şöbə rəisi Dəmir Gözəlov irad tutmuşdu ki, o şəkili oradan götür, demişdim ki, gedin işinizlə məşğul olun, mənim Heydər Əliyevə sevgimin işimə dəxli yoxdur, bunu mənə irad tuta bilmərsiniz. Bundan əlavə Məhərrəm Əliyev də mənim kimi Heydər Əliyevin portretini çəkinmədən kabinetində divardan asan adam olub. Hətta yadımdadır, o «Qara şəhər»də bölmə rəisinin müavini olarkən İsgəndər Həmidovun Naxçıvandan gətirdiyi Seyid adlı bir rəis vardı, onunla bu portretə görə savaşmışdı da. Aralarında çox ciddi insident olmuşdu, Məhərrəm ona stul-zad atmışdı. O vaxt mən DİN-də idim, məsələyə müdaxilə etdim və Məhərrəmi sakitləşdirdim ki, bu portreti kabinetindən asmağa haqqın var, amma bir qədər təmkinli davranmalıydın. Deməyim odur ki, Məhərrəm Əliyev də Heydər Əliyevi sevən adam olub və heç nədən çəkinmədən bunu nümayiş etdirib.

 

- O vaxt Şahlar Əsgərov nə əcəb içəri keçib bu portreti otağında saxlayan şəxsin kimliyini öyrənmək istəməyib?

- Yox, o vaxt şəxsi tanışlığımız yox idi. Sonradan tanış olduq. Mən içəridə olsam da o otağa daxil olmadığından mənim də bundan xəbərim olmayıb.

 

- Səbayelin polis rəisi olanda Azərbaycanda ilk dəfə Sizin təşəbbüsünüzlə həmin idarədə Heydər Əliyev məktəbi yaradaraq fəaliyyət göstərməsinə rəhbərlik etmisiniz, sonradan bu təşəbbüs nəinki Azərbaycan polisinə, bütün ölkənin icra strukturlarına yayıldı...

- Heydər Əliyevin həyatını vərəqləyəndə görürük ki, sovet hökumətindən başlayaraq həqiqətən də dövlətimiz və xalqımız üçün kimsənin edə bilməyəcəyi nəhəng işlər görüb. Belə bir deyim var ki, dağdan uzaqlaşdıqca onun əzəməti, möhtəşəmliyi daha çox nəzərə çarpır. Heydər Əliyev bu gün cismani olaraq bizimlə olmasa da ötən hər gün onun müqayisəyəgəlməz nəhəng siyasətçi olduğunu sübuta yetirir. Mən xoşbəxtəm ki, onun rəhbərliyi altında çalışmışam, onun dövründə yaşamış və işləmişəm. Bir neçə dəfə onunla üzbəüz söhbət etmək xoşbəxtliyi nəsib olub mənə. Bununla bərabər həmişə belə hesab eləmişəm ki, Heydər Əliyev tükənməz bir məktəbdir və onu öyrənmək ancaq millətimizə, dövlətimizə fayda gətirər. Təəssüflər olsun ki, həmin məktəblər bu gün sönük fəaliyyət göstərir. Mənim təşəbbüsümlə o vaxt Heydər Əliyevin ad günlərinin birində şəxsi heyyətin qərarı ilə hər il mayın 10-u səhər saat 10-da Ulu Öndərin məktəbinin keçirilməsi barədə qərar qəbul etmişik. Ayda da bir dəfə bu məşğələni keçirmişik, ildə də bir dəfə konfrans keçirirdik, çoxlu maraqlı çıxışlar olurdu. Deyim ki, həmin çıxışların demək olar ki, bütün mətnləri indi də məndədir.

 

- DİN rəhbərliyindən icazə aldınız, yoxsa bu məktəbi elə öz təşəbbüsünüzlə təsis etdiniz?

- O barədə nazirlikdən icazə almamışdım. Amma bilirdim ki, nazirlik də bu təşəbbüsü alqışlayır və elə bunun nəticəsi idi ki, məndən sonra Heydər Əliyev məktəbləri ölkənin bütün polis orqanlarında yayıldı. Məsələn, o vaxt Bakı şəhər Dövlət Yol Polisində böyük bir guşə yaradıldı. Biz Səbayel Polis İdarəsində də Heydər Əliyevin fəaliyyətini əks etdirən ayrıca bir guşə yaratmışdıq, orada videofilmlər və çoxsaylı stendlər, kitablar nümayiş olunurdu. Səbayelin Polis İdarəsi yeni binaya köçüb, bilmirəm ki, həmin guşəni saxlayıblar, ya yox, amma o vaxt bu təşəbbüsümüz polis orqanlarında geniş vüsət aldı. Mən Binəqədi rayonuna gedəndən sonra orada da bunu davam etdirdim. Özü də heç vaxt elə olmayıb ki, mən həmin məktəbin iclasını, daha doğrusu, məşğələni tək aparım. Yadımdadır ki, həmin məşğələlərdə Səməd Seyidov, Rəfail Hüseynov, Zahid Qaralov, Əli Əlirzayev, Əli Əhmədov, Siyavuş Novruzov, Bahar Muradova dəfələrlə iştirak və çıxış ediblər. Həmin məşğələlərdə iki dəfə Heydər Əliyevin müəllimi Lətif Hüseynzadə iştirak edib.

 

- O vaxt deyəsən, naziriniz Vaqif Novruzovla yola getməmisiniz və sizi qəbuluna çağırıb nəsə təklif edib...

 

Ardı var...