vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜBAHİSƏ  
16:50 | 27 noyabr 2014 | Cümə axşamı Məqaləyə 4745 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qardaşı İsa Qəmbərə qarşı

Rövşən Qəmbər: «Aprel ayında Qubad bəyin tərəfdarları ilə yeni partiya yaradacağıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər Hafta.az-a müsahibəsində partiyanın dünəni və gələcəyi ilə bağlı maraqlı nüanslara aydınlıq gətirib. Mövzunun gündəmdə olduğunu nəzərə alıb söhbəti Vaxt.az oxucularına təqdim edirik:

- Müsavat Partiyası həmişə monalitliyi ilə digərlərindən fərqlənirdi. Bəs indi necə partiyanı bu cür hesab etmək olar?

- Müsavat Partiyası Azərbaycan tarixində çox böyük siyasi proses olub. Uğurlu yol keçib. Amma demək istəmirəm ki, bu gün partiya çox böyük böhran içərisindədir. Çünki hazırda «Müsavat»da çox güclü fikir mübadiləsi gedir. Bu fikir mübadiləsi də partiyanı mütləq və mütləq gücləndirməlidir. Azərbaycan xalqının zəkasına, ziyalıların iş birliyinə can atmasına çox inanıram. Ancaq 27 sentyabrda qurultayda baş verən hadisələr bizim hamımızı düşündürməyə vadar etdi. Əvvəla 600 nəfərlik qurultayı çox da dinamik hesab etmirəm. İllər boyu deyilib ki, biz min nəfərlik qurultay keçirmək istəyirik. İri saray əldə edə bilmədilər, verilmədi. Bəzi saraylarda tədbir keçirməyə isə maliyyə imkanları yox idi. Azərbaycanda olsaydım təklif edərdim ki, dostlar, gəlin Müsavat Partiyasının qərargahının tutduğu qədər üzvlə, yəni 125 nəfərlə qurultayımızı keçirək. Çünki Azərbaycanda millət vəkillərinin də sayı 125 nəfərdir. Biz də müxalifət partiyası olaraq bu üsulla hökumətə deyərdik ki, sizin siyasətinizdən daha yaxşısını bizim təmsilçilər yerinə yetirə bilərlər. Bu şəxslərlə həftələrlə, aylarla müzakirələr edərək Azərbaycanın taleyi üçün çox böyük «işıqlar yandıra» bilərdik. Arif Hacılı bu gün deyir ki, Müsavat Partiyasının maliyyə imkanları olmadığı üçün hesabat vermirik. Mən isə deyirəm ki, xeyr partiyanın maliyyə imkanlar var, ancaq həddindən artıq çox azdır. Buna görə də partiyanın yüksəlişi üçün həm də maliyyə hesabatı vermək və vəsaitdən daha səmərəli istifadə etmək lazımdır. Bu gün «Müsavat»ın daxilində beş partiyanın potensialı var. Sadəcə olaraq bundan düzgün istifadə etmək lazımdır. Hesab edirəm ki, hazırda «Müsavat»da olan durğunluq müvəqqətidir.

 

- İctimaiyətdə fikirlər səsləndirilir ki, əgər İsa Qəmbər Qubad İbadoğlunu dəstəkləsəydi, siz Arif Hacılının tərəfində olardınız. İsa Qəmbərə qarşısınız?

- Əvvəla İsa bəy Azərbaycanda hələ ki, ən çox sevdiyim vətəndaşımdır. Çünki hesab edirəm ki, Qarabağ probleminin həlli üçün İsa bəyin fikirləri xalqımıza, dövlətimizə çox böyük köməkliklər edə bilər. İsa Qəmbərin dərin məntiqi və yaddaşı var. Onunla uzun zaman şahmat oyunu oynamışam. Yadımdadır ki, hətta hesabımız 250:250-yə qədər çatıb. Qardaşıma qarşı heç zaman müxalifət olmaram. Ancaq məsələyə vətəndaş gözü ilə yanaşdıqda bəli, müxalifət ola bilərəm. Məsələn, onunla mənim Qarabağ problemi ilə bağlı fikirlərim üst-üstə düşməyə bilər.

 

- Bildirmisiniz ki, əgər İsa Qəmbər mənim fikirlərimi dinləməsə özündən küssün. Fikirləriniz nədir və İsa Qəmbərə nə edəcəksiniz?

- İsa bəy düşünür ki, Arif Hacılı pis-yaxşı başqanlığa seçilib. Lakin Arif bəyin topladığı səs çoxluğu fantastik sayda deyil. Cəmi üç səs çoxluğu ilə başqan olub. İsa Qəmbər deyir ki, Arif Hacılını dəstəkləsəydi o daha çox səs toplayardı. Lakin mən belə düşünmürəm. Çünki müsavatçıların əksəriyyəti bilirdi ki, İsa bəy Arif Hacılını dəstəkləyir. Arif Hacılı özü də mətbuata açıqlamışdı ki, İsa bəyin kimi dəstəklədiyini bilirəm və bundan çox razıyam. Bu isə bir mesaj idi ki, İsa bəy məni dəstəkləyir. Ən azından gərək Müsavat Partiyası iki günlük qurultay keçirərdi. Nizamnamə haqqında bir az geniş müzakirələr aparmaq, Məclis üzvlərini orada seçmək lazım idi. Qurultayın əsas məqsədi nizamnaməni müzakirə etməkdir. İsa Qəmbərin partiyadan getməsi heç də demokratik proses deyil. Əsaslı gəliri olmayan bir qurumun başından getmək hesab edirəm ki, demokratik addım sayılmamalıdır. Demokratik proses o zaman olardı ki, nə qədər ağllı və istedadlı müsavatçılar varsa, hamsının fikirlərini eşidib tətbiq edərdilər.

 

- Qubad İbadoğlunu dəstəkləmənizin səbəbi nədir?

- Qubad bəy dinamik bir gəncdir. Onu dünyanın müxtəlif ölkələrinə dəvət edirlər. Bəs məni nə üçün dəvət etmirlər? Demək o savadlıdır, daha dinamikdir və zamanın tələbləri ilə uzlaşan biliyə sahibdir ki, xarici dövlətlər də bunu qiymətləndirirlər. Namizədlərin üçü də çox ləyaqətli insanlar idi. Lakin Qubad bəyin üstün keyfiyyətləri daha çox idi. Onun potensialı barəsində danışarsaq 100-ə yaxın müsbət keyfiyyətini göstərmək olardı ki, partiyanın inkişafı üçün sərfəli olsun. O həm də davakar, emosional adam deyil. Davakar olub, mitinqlərə çıxıb sonra isə həbslərdə yatmağı böyük siyasət saymıram.

 

- Qurultayda çıxış etmək barəsində müraciətiniz olub. Hansı fikirləri söyləyəcəkdiniz?

- Çıxış edərək müsavatçılardan, qardaşlarımdan xahiş etmək istəyirdim ki, Qubad bəyin bütün potensialını nəzərə alaraq, ona səs versinlər. Eyni zamanda bildirəcəkdim ki, Arif bəy və özüm Qubad İbadoğlunun müavinləri olaq. Yaxşı olardı ki, İsa Qəmbər ağsaqqal kimi irəli düşüb, namizədlərlə birlikdə kollegial başqanlıq yaradardı. Bununla da Azərbaycanda yeni ənənə yaranmış olardı. Bu şəxslər Müsavat Partiyasının inkişafına çox böyük töhfələr verə bilərdilər. Digər partiyalara da təklif edirəm ki, tək başqanlıqdan çəkinsinlər. Partiya başqanlığında monopolyanın olması heç də yaxşı hal deyil. İsa bəy 8 il öncə Dünya Azərbaycanlıları Məclisinin tədbirində söyləmişdi ki, əgər iş birliyinə nail olmaq istəyirsinizsə, bir-birinizdə qüsur axtarmayın. Mən də heç kimdə qüsur axtarmaq istəmirəm.

 

- Bəs 2009-cu ildə Müsavat Partiyasından nə üçün istefa verdiniz?

- İstefa deyildi. Qardaşıma məktub göndərdim ki, Almaniyada yeni bir partiya qurmaq istəyirik. Bu partiya ilə Almaniya parlamentində fraksiya yaratmağa nail ola bilərik. Almanların təklifi ilə partiyanın rəhbərlərindən biri də mən olacaqdım. O zamanlar bizim milli qəhrəman dostumuz Şahin Tağıyev sosial şəbəkədə şikayət fikrini paylaşmışdı ki, Rövşən Qəmbər nə üçün iki partiyanın üzvü olmalıdır. Həmin zamanlar Almaniyada da digər bir partiyanın üzvü idim. Beləliklə həm o partiyadan, həm də «Müsavat»dan geri çəkilmək məcburiyyətində qaldım. Məqsədim isə qurduğumuz yeni partiya ilə həm Azərbaycana həm də Almaniyaya xidmət etmək idi. Bir aydan sonra Almaniyadakı partiyada tədricən millətçilik meyarları çoxaldı. Buna görə də oradan biz geri çəkildik. Qardaşım İsa bəylə 2009-cu ilin oktyabr ayında Berlində görüşdük. O zaman soruşdum ki, mənim partiyadan çıxmaq məsələm necə oldu? Bildirdim ki, artıq partiyanı qura bilmədiyimiz üçün, «Müsavat»dan da ayrılmağıma ehtiyac yoxdur. İsa bəy mənə bildirdi ki, bu barədə heç məlumat yaymadıq. Çünki sənin partiyadan çıxamağın yaxşı qarşılanmayacaqdı. Bundan çox razı qaldım.

 

- Müsavat Partiyasının üzvüsünüzsə nə üçün sizə qurultayda çıxış etmək imkanı yaradılmadı?

- Bu ilin sentyabr ayında İsa bəyə bəyənat göndərdim ki, Qubad bəy daha üstün keyfiyyətə sahib olduğu üçün onu dəstəkləyirəm. İsa Qəmbər mənə bildirdi ki, bu bəyənatı vermə. Yoxsa müsavatçılar düşünəcəklər ki, bunu mən sənə tapşırmışam. Mən də cavab verdim ki, ay qardaş, səni çox istəyirəm, ancaq Azərbaycanı səndən də çox istəyirəm. Məqsədim Müsavat Partiyasının inkişafına nail olmaqdır. Sonra isə Qurultayın hazırlıq və təşkilat komitəsinə məktub göndərib xahiş etdim ki, orada çıxış etmək üçün mənə 10 dəqiqə vaxt ayırsınlar. Ardınca da yazdım ki, əgər imkan yarada bilmirsinizsə, partiyanın başqanlığına namizədliyimi irəli sürürəm. Görünür, bu məktubumu Arif Hacılının tərəfdarları oxudular. Elə Arif Hacılının ən böyük tərəfdarı İsa Qəmbərdir. Bu gün İsa bəy bunu gizlətməyə çalışsa da bu açıq- aşkar hiss edilir. Ancaq Müsavat Partiyasının başqanlıq kürsüsü kef etmək üçün deyil. Bu çox çətin bir işdir. Uzun sözün qısası İsa Qəmbərin adından mənə cavab məktubu gəldi. Qeyd edim ki, İsa bəy indiyə qədər mənə siz deyə müraciət etməyib. Ancaq məktubda yazılmışdı:

«Rövşən bəy, sizin göndərdiyiniz ərizəyə baxıldı. Müsavat Partiyasının başqanlığına namizədlik verməyiniz mümkün deyil. Çünki siz 2009-cu ildə partiyadan çıxmısınız . Yəqin ki, bunu xatırlayırsınız». Sonrakı fikirlərimə isə İsa bəydən cavab gəlmədi.

 

- Sizin başqan olmaq fikriniz var idi?

- Qətiyyən yox idi. 10 dəqiqə çıxış etmək istədim. Düşündüm ki, şərait yaradılmasa başqanlığa namizədlik verərək 15 dəqiqə namizəd kimi çıxış etmək imkanı əldə edib.

 

- Yəqin ki, namizədliyinizi də Qubad İbadoğlunun xeyrinə geri götürəcəkdiniz...

- Müraciət etsəydim ən azı mənə 40 nəfər səs verəcəkdi. Bəlkə namizədliyim qalıb ikinci tura da keçə bilərdim. Bu turda isə Qubad bəylə ikimiz qalsaydıq, namizədliyimi onun xeyrinə geri götürə bilərdim. Onlara deyirəm ki, ay qardaşlar, vaxtı ilə Ana Torpaq Partiyasının sədri olmuşam. Böyük tərəfdarlarımız olub və onlarla birlikdə Müsavat Partiyasının tərkibinə qatılmışıq. Necə ola bilər ki, mən Qubad İbadoğlun dəstəklədiyim halda, siz bildirirsiniz ki, partiya üzvü deyilsən? Demişəm ki, məni tezliklə partiyaya bərpa edin. Dəfələrlər partiyanın bir çox rayon təşkilatlarından mənə təklif ediblər ki, fəxri divan üzvü olum. Belə getsə Ana Torpaq Partiyasının tərəfdarlarını «Müsavat»dan ayırıracağam və narazı şəxslərlə birlikdə Demokratik Müsavat Partiyasını yaradacağam.

 

- Milli Şuradan necə sizə təklif gəlirmi ki, onlara qoşulasınız?

- Bəli, Milli Şuranın üzvü olan bir dostum var. O bildirib ki, nə zaman üzvümüz olmaq istəsəniz sizə təklif edə bilərik. Əli Kərimli 1996-cı ildə Almaniyada bir qurultayda iştirak etdiyi zaman o mənə bildirmişdi ki, AXCP-nin Almaniya yaxud da Avropa təmsilçisi ola bilərsiz. Sual verdim ki, Müsavat buna necə baxar? O da mənə cavab verdi ki, əgər onlar sənə təklif ediblərsə nə üçün olmursan. Dedim ki, bu sonrakı məsələdir. Ancaq açığın deyim ki, «Müsavat» bunu mənə təklif etməmişdi.

 

- AXCP ilə Müsavat Partiyasının əlaqələrinə necə baxırsız? Sizcə yaxınlaşsalar yaxşı olar, yoxsa elə belə qalmaları lazımdır?

- Yaxınlaşsalar çox yaxşı olar. Təklif edirəm ki, ölkəmizdə «təəssüfkeşlər» statusu altında bir qurum yaradılsın. Həmin şəxslər istədikləri partiyaya köməklik göstərə bilsinlər. Bu şəxslərə ixtiyar verilsin ki, məsələn, Müsavat Partiyasının üzvü olmadığı halda onun namizədinə səs vermək hüququna sahib ola bilsin. Bizi hazırda dünyada birləşdirənlər qeyri-müsəlmanlardır. Sosial şəbəkələri yaradanlardır. Sosial şəbəkə bizi daha çox birləşdirir, nəyinki Azərbaycanın qanunları, qaydaları və adətləri.

 

- Almaniyada hazırkı fəaliyyətiniz nədən ibarətdir?

- Hazırda özüm xəstə olsam da burda mənə iş təklif edirlər. Almaniya xarici işlər nazirinin müşaviri vəzifəsini istəyərdim. Ancaq dünyanın hər yerində belədir ki, insanlar öz inandıqları adamları, usaqlıq dostlarını də sairləri vəzifəyə çəkirlər. Əgər etibar etsələr Azərbaycana da gəlib bu vəzifəni icra edə bilərəm.

 

- Azərbaycana gəlmək fikriniz varmı yaxın zamanlarda?

- Bəli, aprel ayında Azərbaycana gəlib Müsavat Partiyasının qurultayını keçirmək niyyətindəyəm. Əgər bu baş tutmasa Ana Torpaq Partiyasını «Müsavat»dan ayırıb Demokratik Müsavat Partiyası kimi adlanacaq yeni siyasi təşkilatın yaranmasında iştirak edəcəyəm. Müsavat Partiyasının qərargahından getmək istəmirik. Biz orada İctimai Palata kimi qurum yaratmışdıq. İsa bəy ya təcili sürətdə Qubad İbadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada xanımı və digərlərini partiyaya dəvət edib Müsavat Partiyasındakı vəziyyətə yenidən baxacaqlar ya da qeyd etdiyim kimi Ana Torpaq partiyasının və Qubad bəyin tərəfdarları ilə birlikdə Demokratik Müsavat Partiyasını yaradacağıq. Bu qətiyyən İsa bəyə xəyanət hesab olunmamalıdır. Biz Azərbaycan üçün, birlik üçün çalışırıq. Azərbaycan xalqı o qədər ağllıdır ki, ölkəmizin Qarabağ problemini də həll edə, Avropanın ən inkişaf etmiş dövlətinə də çevrə bilər. Biz ölkə başçısı İlham Əliyevlə birlikdə Qarabağ problemin həll etməliyik. Heç bir xarici dövlətdən qorxmamalıyıq.

 

- Demokratik Müsavat Partiyasını yaratmaqda məqsədiniz prezidentliyə namizədliyinizi verməkdir?

- Prezidentliyə namizəd kimi məndən daha ağllı Qubad İbadoğlu , Hikmət Hacızadə var.

 

- Yeni partiyanın başqanı kim olacaq?

- Kollegial olsa daha yaxşı olar. Çünki Qubad bəy xaricə çox səyahətlər edir. İsa bəy bu prosesə qoşularsa, Demokratik Müsavat Partiyasını elə hazırkı «Müsavat»ın özündə yaradardıq. Əgər buna imkan verilməsə, kənarda bu partiyanı yaradacağıq.