vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MÜSAHİB  
13:10 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 3539 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Arif Hacılı olan yerdə intriqa var»

Ellada Məmmədli: «İsa Qəmbər közərən pambığı alışdırmağa qadirdir»

Söhbətləşdi: Əvəz ZEYNALLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış jurnalist Əvəz Zeynallı Strateq.az-da yeni layihəyə başlayır. Keçmiş baş redaktor müxtəlif mövzularda ölkənin ən müxtəlif çevrələrini təmsil edən şəxslərdən götürdüyü müsahibələrini, apardığı araşdırmaları «16-1» layihəsində cəmiyyətə çatdıracaq. Niyə məhz «16-1»?

«Yeni layihənin adını belə seçməyimdə səbəb var - 15 dəqiqə söhbət etmək istəyirəm müsahibimlə...

Amma ilk müsahibim vaxt məhdudiyyətini aşdı – 45 dəqiqə danışdıq. O, Azərbaycan siyasətinin «isimsiz qəhrəmanlarından» biri olub. İllərini, gəncliyinin ən gözəl zamanlarını milli hərəkata qurban verib. Müxalifətin və milli hakimiyyətin minlərlə çalışan, vuruşan, heç nəyi mühakimə etməyən təmənnasız nümayəndələrindən biri olub. İndi isə tamam tərsini yaşayır. Bu qədər çalışmağın müqabilində xəyalları uçurulmuş, siyasi dünyası tar-mar olmuş haldadır. Millətimiz və cəmiyyətimiz kimi darmadağındır. İndi hamı kimi hər şeyi sorğulayır, ehkamları sındırır və itirilən illərin hesabını sormağa başlayır.

Bu, Ellada Məmmədlidir. Müsavat partiyasının Qadınlar Birliyinin sabiq sədri, keçmiş müsavatçı bəy nəslinin nümayəndəsi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini. Onu «16-1»də danışdırmağa çalışdıq. O, Azərbaycanın işıqlı gələcəyini istəyən və bunun üçün çalışan minlərlə adamdan sadəcə biridir.

 

- Uzun illər Müsavat partiyasının ən sədaqətli üzvlərindən olmusunuz. İndi nə oldu, nə baş verdi?

- Əslində, mən indi də sədaqətli müsavatçıyam. Bilirsiniz ki, mən siyasətə xalq hərəkatından gələn adamam və Əbülfəz Elçibəyin yürütdüyü ideologiya gənc yaşlarımdan mənim üçün yeni bir tarix yaratdı. Həmin tarixdə daha bir şəxsiyyəti – Xudu Məmmədovu tanıdım. Əbülfəz bəyin, Xudu Məmmədovun, sonralar digər tanış olduğum ziyalıların fikirləri mənə aydın bir səhifə açdı. Fikirləşdim ki, indiyə qədər necə olub ki, mən yatmışam və belə bir fikirlərdən bixəbər olmuşam. Hansısa bir partiyaya sədaqətdən söhbət gedirsə, bu, ilk növbədə Vətənə, milli dəyərlərə bağlılıqdan irəli gələn hisslərdir. Biz zamanında beynəlmiləl ruhda tərbiyə alan, böyüyən gənclərdən olmuşuq. Bizə elə gəlib ki, rus, yəhudi, hətta erməni belə bizim qardaşımızdır. Bir azərbaycanlılardan, türklərdən başqa...

 

- Sonra gördünüz ki, elə deyil?

- Əvvəlcə işlədiyim mühitdə onu gördüm və dərk eləməyə başladım. O zaman Bakı Şəhər Sovetində işləyirdim. Onda dərk etdim ki, ilahi-pərvərdigara, sən demə, Azərbaycanın 70 faizini ruslar mənimsəyib. Rəsmi dil Azərbaycan dili olsa da, bütün sənədləşdirmə işləri rusca aparılır. Azərbaycanda bütün azsaylı millətlərin – rusun, erməninin, yəhudinin payı var, amma azərbaycanlıya cəmi 12 faiz pay düşür. Həmin 12 faiz azərbaycanlı da vəzifədə oturmaq üçün, Vətəninə və millətinə xidmət etmək üçün mütləq calaq bir azərbaycanlı olmalıdır. Ya valideynlərindən biri digər millətin nümayəndəsi olmalı idi, ya da özü ayrı bir millətlə ailə həyatı qurmalı idi. Mən bunu dərk edəndə artıq 20 yaşım vardı və sanki, məni ildırım vurmuşdu. Mənə çox pis təsir etmişdi və uzun zaman özüm-özümlə sorğu apardım - əsində biz kimik, hansı millətik? Nənəm də yanımda çox danışmışdı ki, onun pasportunda milliyyət olaraq "türk" yazılıbmış və sonradan -1937-ci ildə pasportları əllərindən alınaraq "azərbaycanlı" yazılıb. 37-ci illər repressiya dövrü idi və səsini çıxarıb, etiraz edəni cəzalandırırdılar – malını-mülkünü, daha dərinə gedəndə isə hər şeyini əlindən alırdılar. Sovet hökuməti də mənim dədə-babalarıma məxsus hər şeyimizi, hətta Həştərxandakı mallarımızı da əlimizdən aldı. İnanın, mən bu haqda düşünəndə, uzun müddət özümə gələ bilməmişəm.

 

Babam Səttarxan inqilabına yardım edib

- Həştərxanla hansısa bağınız var?

- Xeyr. Biz köhnə bakılılardanıq. Ancaq ulu babamın Təbrizdə, Tehranda və Həştərxanda böyük imkanları olub. Zamanının ən varlı tacirlərindən olub və onun ticarəti Çindən Azərbaycana qədər – Qədim İpək Yolu xəttilə irəliləyib. Bundan başqa, böyük nüfuza malik, sözü kəsərli insan olub. Ulu nənəmdən eşitdiyimə görə, babam Səttarxan inqilabına yardım edən şəxslərdən biri kimi yaddaşlarda qalıb. Bizim təkcə Bakıda, İçərişəhərdə bir neçə imarətimiz olub. Onlardan biri də Qorki küçəsində imiş. Babamı bir gün aparmağa gəlirlər və nənəm danışır ki, onu 20 kiloluq döşəyin yununun arasında gizlədiblər və döşəyi də iki yerə qatlayıb, qoyublar. Gəliblər, hər yeri, hətta yorğan-döşəyi belə dağıdıblar, lakin babamı tapmayıblar. O hadisədən sonra babamı xəlvət gəmi ilə Təbrizə yola salıblar. Nəyimiz var idisə - biz onların heç birini görməmişik – hər şeyimizi sovet hökuməti əlimizdən alıb. Biz bakılılar üçün bağ evlərinin başqa bir təmtərağı var. O zamanlar aprel ayından noyabrın əvvəllərinə kimi, bağda yaşayardılar. Həmin vaxt da gəlib nənəmə demişdilər ki, «evdən çıxın, artıq bura bizimdir». Nənəm də demişdi ki, «Necə çıxaq? Evdə bir nəfər də olsun, kişi xeylağı yoxdur»... Çarşaba bürünüb, qardaşıgilə üz tutur ki, hadisə ilə bağlı xəbər çatdırsın. Elə yoldaca, ürəyi tutub, dünyasını dəyişmişdi. Babamın bacısı Aleksandra imperator rus-müsəlman qız məktəbi – görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə açılmış Qızlar Məktəbində təhsil alıb və oranın ilk məzunlarından biri olub. Eşitdiklərimə görə, hələ zamanında çox aktiv olub və İçərişəhərdə onların Ədəbi Məclisləri fəaliyyət göstərib. Mirmövsüm Ağanın kiçik qardaşı Mirkazımla mənim babamın çox möhkəm dostluğu olub və birgə olduqları Məclisdə onlar xeyriyyə işlərilə məşğul olublar. Beləcə, biz də hər şeyi itirdik. Ailəmizi repressiya qurbanı da hesab etmək olar.

 

- Əslən bakılı olduğunuzu indi bildim...

- Əslində mən özüm də bu haqda ilk dəfədir ki, söhbət edirəm (Gülür...). Çünki bu haqda heç vaxt məndən heç nə soruşmayıblar. Ehtiyac da duymamışam ki, özüm danışım. Ancaq yaxın dostlarım bu haqda məlumatlıdırlar.

 

- O vaxtlar Müsavatı da bəy-xan hakimiyyətinin siyasi qurumu kimi qələmə verirdilər. Belə çıxır ki, partiyaya bağlılığınızın kökündə əslində bu amillər də durur...

- Bəli, görünür, belədir. Zamanla yanımda danışsalar da, heç bir vaxt deyilənlərin fərqində olmamışam. Millət anlayışını dərk edəndə, bayaq qeyd etdiyim kimi, 20 yaşım vardı və mən Bakı şəhər sovetliyində çalışırdım.

 

Hərəkata gəlməyimin səbəbi Meğri stansiyası oldu... 

- Əbülfəz Elçibəylə nə vaxt tanış oldunuz?

- 1987-ci ilin oktyabr ayında Elmlər Akademiyasında və Teatr Xadimləri İttifaqının binasında Xudu Məmmədovla bağlı keçirilən bir görüşdə başlayıb tanışlığımız. O qədər maraqlı görüş keçirilmişdi ki, xatirimdən heç silinmir. O görüşlər məni tamamilə çevirdi. Sanki, daxili zəlzələ keçirdim və özüm üçün yeni bir dünya, yeni bir həyat səhifəsi açdım. Mən bu gün də elə düşünürəm ki, bizim hər birimiz bu qədər Vətənsevər, millətpərəst olduğumuza görə Əbülfəz Elçibəyə borcluyuq. Mən Əbülfəz bəyin tələbəsi olmamışam, ancaq onun tələbələri özlərini xoşbəxt sanmalıdırlar. Hərəkata gəlməyimin kökündə dayanan səbəblərdən biri də Meğri stansiyasının alınması oldu. O zaman Meğrinin harada yerləşdiyini belə bilmirdim. Fevralın 3-ü idi və Dövlət Universitetinin tələbələri İran səfirliyinin qarşısında şüarlarla aksiya keçirirdilər. İşlədiyim yerin pəncərələri səfirliyə baxırdı. Mən milislərin aksiya iştirakçılarının qarşısını necə aldıqlarını, onlara necə mane olduqlarını gördüm. Hələ də anlaya bilmədiyim bir qüvvə məni yerimdən qaldırdı və ora apardı. O zamandan hərəkata qoşuldum. Hərəkatda birgə mübarizə apardığımız insanları bu gün də qardaşım, bacım bilirəm. Ondan sonra AXC yarandı, konfransları keçirildi. 1989-cu ildə Milli Dram Teatrında keçirilən toplantıda mən artıq AXC-nin Səbail rayonundan üzvü idim, sonradan bu rayon üzrə İdarə Heyətinin üzvü seçildim.

 

Turqut Özalın adamları Elçibəyin hakimiyyətdən gedəcəyini dedilər... 

- ...Və illər keçdi, siz Musavat partiyasının qadınlar Şurasının üzvü oldunuz...

- Bəli... İllər keçdi və belə oldu. Əslində mən AXC-nin dağılmasını istəmirdim. Bu təşkilatı böyük bir varlıq, qüvvə bilirdim. İnanırdım ki, AXC Azərbaycan üçün çox böyük işlər görə bilər. Ancaq sonradan – AXC hakimiyyətə gələndən sonra bəzi AXC İdarə Heyətinin üzvlərinin bilərəkdən, məhz bilərəkdən AXC-ni dağıtmaq prinsipləri özünü biruzə verdi. Mən o zaman da AXC-yə sədaqətimi nümayiş etdirdim və bunlarla mübarizə apardım. Gördüm bütün zəhmətim hədərdir. Hakimiyyətdə oturanlar AXC kimi böyük bir qüvvənin qalmasını istəmədilər. Cəbhədə kifayət qədər əqidəli, sadiq insanlar var idi ki, onlar hər şeydən bilərəkdən kənarlaşdırıldılar. 1992-ci ilin avqust ayında mən ixtisasımı artırmaq üçün Türkiyəyə getdim. Sentyabrın 3-də Süleyman Dəmirəllə Heydər Əliyevin məşhur İqdır görüşü baş tutdu. O zaman mən Turqut Özalı dəstəkləyən iş adamlarından öyrəndim ki, Süleyman Dəmirəl Türkiyədə hakimiyyətə gəldiyi təqdirdə, Azərbaycanda da hakimiyyətə Heydər Əliyev gətizdiriləcək.

 

- Yəni, təxminən, 1 il əvvəl siz artıq hakimiyyətə kimin gələcəyini bilirdiniz?

- Bəli.

 

- Bu barədə Əbülfəz Elçibəyi məlumatlandırdınızmı?

- Təbii ki, mən orada eşitdiklərimə inanmadım və Bakıya qayıdandan sonra bu cür söhbətlərin şahidi oldum. Mən dəfələrlə türk iş adamlarının bu haqda danışdıqlarını müşahidə etmişdim. Kim deyirsə ki, iqtisadiyyat siyasətdən ayrıdır, bu, səhv fərziyyədir. İqtisadiyyat tam olaraq siyasətin üzərində qurulur. 1992-ci ildə də kimin hakimiyyətə gələcəyi və hakimiyyətdə qalacağı məsələsi türk iş adamlarının əsas qayğılarından idi. O ərəfədə də artıq Ağdərə alınmışdı, insanlarda torpaqlarımızın geri qaytarılacağı ümidləri baş qaldırmışdı. Görünür, bu baxımdan, mənim dediklərim ciddi qəbul olunmadı və söylədiklərimə inanmadılar. Sonradan Sürət Hüseynovun bəyanatları, hakimiyyətə qarşı təpkiləri müəyyən izlər yaratmağa başladı və bu, gələcəkdə mənim dediklərimin öz təsdiqini tapması üçün zəmin yaratdı. Yəni, mənim proqnozlarımın düz olmasına baxmayaraq, ciddi şəkildə onun üzərində işləyən olmadı. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətdə olanda məclislərin birində çıxışı zamanı özü də demişdi ki, «ola bilsin, biz hakimiyyətdən gedək. Yəni, pis şeylər də ola bilər. Çox işlər görmək istəyirlər. Ya biz hakimiyyəti verməliyik, ya da bizi vətəndaş müharibəsinə aparacaqlar. Mən hər bir halda vətəndaş müharibəinin əleyhinəyəm. Mən razı ola bilmərəm ki, mənim ölkəm vətəndaş müharibəsindən keçsin. Bu bir dəhşətli qırğındır. Mən qardaşın qardaş qanını tökməyinə razı ola bilmərəm.» Bu sözlər o vaxtlar deyilirdi ki, artıq rusun qoşunu Azərbaycandan çıxırdı. Elçibəy Azərbaycanı rusun köləliyindən azad etmək üçün əhəmiyyətli addımlar atırdı. Təbii ki, onun sətiraltı ifadələri də ona işarə vururdu ki, rus qoşunu Azərbaycandan çıxdığı təqdirdə, o da hakimiyyətdən getməlidir. Sonralar heç bir partiyaya qatılmamaq üçün özümə söz vermişdim. Həyatım boyu heç bir partiyanın üzvü olmamışdım – nə Kommunist Partiyasının, nə də digərlərinin... Amma sonradan görəndə ki, Əli Ömərov mənim vaxtilə AXC rayon təşkilatnda min bir əzabla, əziyyətlə yaratdığım anketləri, sənədləri od vurub, yandırıb, dözə bilmədim...

 

Əli Ömərov AXC-nin arxivini od vurub yandırdı 

- Bütün sənədləri yandırdı?

- Bəli, əvvəlcə təşkilata kimlərin üzv olduqlarını öyrəndilər, sonradan isə yandırdılar. Televizor vasitəsilə gördüm ki, İcra hakimiyyətinin həyətində çala qazıb, tonqal qalamışdılar və bütün arxivi də orada yandırdılar.

 

- AXC-nin arxivi haradadır?

- Bilmirəm. Yəqin ki, buna marağı olan ayrı-ayrı şəxslərdə hansısa arxiv materiallarından qalıb.

 

- Amma sizdə heç qalmayıb?

- Yox. Heç nə saxlamadılar. Hər şeyi yandırdılar.

 

- Sonra nə oldu?

- Mən Dövlət Neft Şirkətində şöbə müdiri kimi çalışırdım. Heç bir partiyaya qoşulmaq üçün də özümdə ehtiyac hiss etmirdim. Müsavat Partiyasının necə yarandığının da şahidi olmuşam. Arif Hacıyev birbaşa yerlərdə icra hakimlərinə tapşırıqlar vermişdi və bölgələrdə təşkilat şöbələri yaranırdı. Ancaq bu üsulun özü də mənim üçün qəribə gəlirdi.

 

- Arif Hacılı bunu təkbaşına edirdi?

- Vallah, bunu hansı mexanizmlə aparıldığını bilmirdim, amma şahidi olduğum şeyləri deyirəm ki, belə edirdilər.

 

- O zamandan Arif Hacılıya qarşı antipatiyanız var?

- Xeyr, qətiyyən. Mənim ümumiyyətlə Arif Hacıyevlə heç bir yaxınlığım olmayıb. Sadəcə hər kəsin hərəkata nə cür gəldiyini, necə mübarizə apardığını, fəaliyyətini hansı istiqamətdə qurduğunu mən də bilirəm. Bu, bütün partiya liderlərinə məxsus bir xüsusiyyətdir. Bütün liderlər istəyirlər ki, onun yaxınında olasan və dediklərinə əməl edəsən. Bu da təbii olaraq belə bir tendensiya yaradır ki, partiyada olub liderin yanında olmamaq sənin partiyadan xaric olunmağına gətirib çıxarır.

 

- Demək, Arif Hacılı ilə aranızda yaranmış münasibətlər də bu tendensiyanın davamıdır?

- Bəli. Mən düşünürdüm ki, hər kəs öz fikrində, düşüncələrində, söylədiyi ifadələrdə azaddır, çünki Müsavat partiyası özünü həm də demokratik təşkilat kimi tanıdıb.

 

Arif Hacılı uzun müddətdən sonra birdən ortaya çıxdı...

- Ellada xanım, nə üçün məhz İsa Qəmbər başqanlıqdan gedəndən sonra belə bir qərar qəbul olundu?

- Əslində, İsa bəy közərən pambığı alışdırmağa qadir insan idi. Onun belə bir siyasi qabiliyyəti var idi. Mən Müsavatın ən ağır dövründə - 1993-cü ildə partiyaya gəldim. Ölkədə vəziyyət çox gərgin idi və İsa Qəmbər də həbs olunmuşdu. Fikirləşdim ki, partiyaya xidmət eləmiş olaram. Mən heç bir zaman karyera aşıqı olmamışam və onun dalınca da qaçmamışam. Heç bir zaman da karyera əldə etmək mənim üçün çətin olmayıb. Özünüz də bunu müşahidə edə bilərsiniz. Yalnız Vətənə və millətə xidmət etmək istəmişəm. Bu istiqamətdə də bir işə yaramaq üçün çalışmışam. Ancaq sonrakı illərdə - Heydər Əliyevin mətbuat və müxalifətə qarşı ardıcıl siyasət apararaq, hər iki istiqamətdə neytrallaşdırma işləri aparması dönəmində partiyada katibliklərin irəli sürülməsi məsələsi qaldırıldı. O zaman uzun müddət siyasi arenada görünməyən Arif Hacılı – 1995-ci ildən sonra onların əksəriyyəti ölkədə yox idilər, bəziləri Ukraynada, bəziləri digər ölkələrdə idilər – təxminən, 1997-ci ildə katibliklərin yaranması məsələsində ortaya çıxdı. İlk olaraq, Vurğun Əyyub baş katib seçildi. Arif Hacıyev çox kəskin çıxışlarla etiraz etməyə başladı ki, onun baş katib seçilməsini istəmir: «Vurğun Əyyub o yerə layiq deyil, o yerə layiq olan adamlar var. Məsələn, mən də o yerə layiq olan adamlardanam» və s. Çox təzadlı çıxışlar elədi. Baxmayaraq ki, sonunda səs çoxluğu ilə Vurğun Əyyub baş katib seçildi. Məclis üzvü olaraq məəttəl qaldım ki, uzun müddət adı partiyada olsa da, özü siyasi arenadan uzaq olan bu adam necə ittihamedici çıxışlar edə bilər? Ümumiyyətlə, bu çıxışların altında nə kimi məqsədlər yatır?

Bir qədər sonra Arif Hacıyevin təşkilat katibliyi məsələsi Məclisdə gündəliyə salındı. Mən onu təşkilat katibi olaraq da bu vəzifəyə layiq bilməmişəm. Çünki o, harada varsa, mütləq qalmaqal, intriqa da onunladır. Bəlkə də buna görə ondan hər zaman kənar gəzmişəm. Elə o ərəfədə mən də namizədliyimi təşkilat katibliyinə irəli sürdüm. Mənim bu addımım böyük bir rezonansa səbəb oldu. Mənə qəribə gəldi. Hətta onun arxalandığı, güvəndiyi bölgələrdən – Zaqatala, Balakən və s. zonalardan Məclis üzvləri məndən soruşdular ki, niyə sizin Mərkəzi Nəzarət Təftiş Komissiyasına namizədliyiniz irəli sürüləndə istəmədiniz, indi o boyda böyük vəzifədən imtina edib, təşkilat katibi olmaq istəyirsiniz? Belə iddialarla üzərimə gəlməyə başladılar. Mən də A.Hacıyevə müraciət elədim ki, niyə bunları mənim üzərimə göndərir? Axı mənası nədir? Seçkilər keçirilir, kim seçilsə seçiləcək... Seçkilərdə bu, gözləmədiyim təsiri bağışladı. Orada mənim iş qabiliyyətimlə tanış olan, Arif bəyi qəbul etməyən, eyni zamanda mənə üstünlük verən insanlar var idi. Bu baxımdan mənim seçkilərdə iştirak etməyim, bir çoxlarına pis təsir elədi, o cümlədən də Arif bəyə. Qeyd edim ki, seçkilərdə Arif Hacılı uddu. Ancaq mən özümdə aydınlıq gətirdim ki, xalq ideologiyası, müsavatçılıq təməli kimi şüarlar istənilən ssenarinin icra edilməsi üçün lazımdır.

 

Arif Hacılının qardaşı dedi ki...

 - Müsavatda «qardaşların hakimiyyəti» kimi bir amil varmı? Mediada da «Hacıbəyov qardaşları»nın birliyindən çox yazılır. Ümumiyyətlə, bu Müsavatın daxilində necə görünür?

- Var, belə bir amil var...

 

- Yəni deyirsiniz ki, qardaşlar Müsavat partiyasını özəlləşdiriblər?

- Əslində, bu haqda çox geniş danışmaq olar, sadəcə vaxtımız məhdud olduğu üçün bir şeyi qeyd etmək istəyirəm. 1997-ci ildə Arif Hacıyev partiyada təşkilat katibi seçiləndən sonra rayon təşkilat şöbələrində parçalanmalar başladı. İntriqalar o həddə qədər gücləndi ki, köhnə şöbələrə alternativ yeniləri yaradılır və Arif Hacılıya yaxın adamlar bura toplanaraq, köhnə müsavatçıları partiyadan uzaqlaşdırırdılar. Hansı rayon təşkilatları ki, əvvəldən Arif Hacıyevin tərəfində idilər, onların başına belə bir iş gətirilmirdi. Bu tendensiya 1998-ci ildən başladı və qardaşlardan biri olduğum Xətai rayon şöbəsində dedi ki, Xətai rayonunun özü bir maşındırsa, onun çarxlarından biri Ellada Məmmədlidir. Yaxşı olar ki, çarxlar dəyişdirilsin. Bu sözlərin məcazi olaraq, sözgəlişi deyildiyini düşünmüşdüm, amma göründüyü qədərilə belə də oldu. Rayon təşkilatının üzvülüyünə qəbul çətin prosedur olsa da, yavaş-yavaş öz adamlarını gətirməyə və digərlərini kənarlaşdırmağa başladılar. O zaman A.Hacıyev bir çox rayonların təşkilat rəhbərlərini dəyişməyə müvəffəq olsa da, xalq hərəkatından gəlmiş köhnə musavatçılar – A.Hacıyevin neqativ hərəkətlərini qəbul etməyən Əsgər Əhməd kimi adamlar duruş gətirməyə müvəffəq oldular və 2001-ci ildə A.Hacıyevin planlarının tam olaraq həyata keçməsinin qarşısını aldılar. Sonrakı illərdə də proses davam etdi. Köhnə, sadiq müsavatçıların hərəsini bir yolla partiyadan kənarlaşdırmaq planını hazırladılar.

 

Tofiq Qasımov 3 dəfə yanıma gəldi ki...

 - Necə?

- Hərəyə qarşı bir fərdi plan hazırlandı. İlk olaraq Əsgər Əhməd sıradan çıxarıldı. Bu ardıcıllıq davam etdi. Müsavatda böyük ümid edənlər var idi ki, 2003-cü ildə çox şey dəyişəcək. Bunu gözləyənlər var idi. Baxmayaraq ki. Mən artıq 1998-ci ildən partiyadan getmək haqqında düşünürdüm və fikrimdə də qəti idim. Lakin Tofiq Qasımovun israrlarına dayana bilmədim. Üç dəfə yanıma gəldi, dedi ki, getsəniz, bizim arxamızda kimlər dayanacaq, kim bizə dayaq olacaq? Nə isə... Tofiq Qasımova görə, mən partiyada qalmalı oldum. Amma içəridə gedən ssenari oyunları məni çox yorduğundan, uzun zaman orada görsənmədim. Ailəmə vaxtımı sərf etməyə başladım. Amma bununla yanaşı, partiyanın istənilən tədbirlərində - aksiya, mitinq, toplantılarında iştirak etdim. 2001-ci ildə yenidən Məclis üzvü seçildim. Baxmayaraq ki, haqqımda mənfi imic yaradılması üçün işlər aparılmışdı. Bu siyasət hakimiyyətdə də var. İstədikləri adamı yıxmaq üçün əvvəlcə onun haqqında yalan şayiələr yayır, onu nüfuzdan salmağa çalışırlar. Bu üsul «Hacıbəyli qardaşları»nda yaxşı alınır. Kimi istəmirlərsə, anında öz adamları vasitəsilə həmin adamları nüfuzdan salmaq üçün fərdi qaydada iş aparırlar. Yəni demək istədiyim odur ki, bu qardaşlar o cür siyasət aparmaq sahəsində mahirdirlər.

 

- Bəs, İsa Qəmbər necə, o, partiya daxilində baş verən bu hadisələri görmürdümü? Ümumiyyətlə, partiyada belə məsələlər müzakirə olunurdumu?

- Mən onsuz da partiyada heç bir vəzifə tutmaq niyyətində deyildim. Lakin Qadınlar Birliyinin fəaliyyəti məsələsi ortaya çıxanda – orada müavin idim – dayana bimədim. Müsavat Partiyasının Qadınlar Birliyinin 4 illik fəaliyyəti Vəfa Cümşüdlünün Arif Hacıyevin kabinetinə girişi və oradan çıxıb nəsə deməkdən ibarət idi. Belə-belə insanlar partiyadan soyumağa başladılar. Nə qədər istədik ki, müsbətə dönüş yaradaq, alınmadı. Sonradan fəallarla bir yerə yığılıb, Təşkilat Komitəsi yaratmalı olduq. Uzun müddət Arif bəy vaxtı uzatmağa və Qadınlar Birliyinin təşkilatlanmasını partiyanın qurultayından sonraya saxlamağa çalışdı. Lakin qadınlar fəallaşdı və Arif bəyin planlarını pozdular və İsa Qəmbərə müraciət elədilər. O, xanımların keçirəcəyi konfransın qarşısını almadı. Çünki bundan əvvəl Gənclər Birliyində yaranmış vəziyyət, onların dəfələrlə birləşmək cəhdlərinin alınmaması cəmiyyətdə yaxşı rezonans yaratmamışdı. Ona görə də qadınlara mane olmadılar. Konfransa gedənə qədər Arif Hacıyev bahalı arqumentlərindən başlayaraq, ucuz arqumentlərinə qədər ortaya qoydu. Hamıdan istifadə elədi. Siyasətin bütün çirkin oyunlarını oynadı: «Yox, onu seçə bilməzsiniz, o, dağıdıcıdır, qurucu deyil» və s. Bütün bunlara baxmayaraq, Təşkilat Komitəsi səmərəli işlədi və qadınların 51 faiz səs çoxluğunu topladım. Qalan 49 faiz - özünə güvənməyən adamlar, İsa bəyi bütləşdirərək, qəlbində bir abidə olaraq saxlayan adamlar və regionçuluğa üstünlük verənlər daxil idilər. İsa bəyə dəfələrlə bu haqda məlumat vermişəm. Hətta Xətai rayonunda keçirilən seçkidə Dilşad Nağıyevanın məsələsinə qədər. Rayon təşkilatlarında ümumiyyətlə üzvlərin say tərkibi dəqiqliyilə bilinmir. Yalandan 5-10 nəfər adamla konfrans keçirmək nə dərəcədə düzgündür? Belə neqativ tərəflər həddən ziyadə çox idi və qurultayda bunlar partlamalı idi.

 

Arif Hacılı, onun qardaşı, İsa Qəmbərin əli...

- Ellada xanım, bütün bu neqativliklər ona əsas verirmi ki, siz partiya üzvü olaraq Ədliyyə Nazirliyinə müraciət edib, qurultayın saxta seçkilər keçirdiyi haqda məlumat verəsiniz?

- Yox, əlbəttə. Məsələnin mahiyyəti tamamilə başqa bir şeydir. Heç bizim elədiyimiz də o deyil. O demək deyil ki, mənim Arif Hacıyevdən xoşum gəlmədi deyə nazirliyə şikayət etdim və s. Elə deyil! Əvvəla mən qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü idim və 4 ildə yaşadığım haqsızlıqlar, birmənalı olaraq, icra aparatı, Arif Hacılı, onun qardaşı, üstəgəl İsa bəyin əli bunu etməyə zəmin yaratdı.

 

- Hətta «İsa bəyin əli» dediniz? O da artıq qardaşlarla bir yerdə idi?

- Bəli, İsa bəy hərdən barmağını çıxarıb onlara, hərdən bizə sıxırdı. Anlamaq olmurdu ki, hansı proseslər gedir. Biz hətta təklif də elədik ki, bəlkə partiyanın Nizamnaməsində dəyişikliklər edək ki, başqan kimi o öz fəaliyyətini davam etdirsin. Çünki artıq mümkün deyildi. Biz uzun illərdir ki, Qubad İbadoğlu ilə bir hərəkatdayıq. Allah ondan razı olsun ki, o, bizə partiya daxilində baş verən hadisələri görmək və dərk imkanını yaratdı. Əgər Qubad bəy namizədliyini irəli sürməsəydi, biz hələ də bu qədər neqativləri görə bilməyəcəkdik. Ona qədər ayrı-ayrılıqda kimlərsə, bu neqativlikləri görürdülər, lakin onun cəmiyyətə hansı yolla açıqlanmalı olduğunu bilmirdik. İllərini Müsavat partiyasına qoymuş çox dəyərli insanlar var – Sülhəddin Əkbər, İbrahim bəy kimi adamları nəzərdə tuturam – ki, kimin nə deməsindən asılı olmayaraq, onlara damğa vurulur. Necə ki, sonda İsa Qəmbər bizə dedi ki, qurultayın nəticələrini tanımayanlar iqtidara işləyirlər, xəyanətkardırlar.

 

- Siz də Ədliyyə Nazirliyinə müraciət etdiniz?

- Biz Ədliyyə Nazirliyinə ona görə müraciət etdik ki, Təşkilat Komitəsində gördük ki, Arif Hacılıya səs verməyən adamların bilavasitə ya rayon təşkilatları dağıdılır, ya da həmin qurultay nümayəndələri ləğv olunur.

 

- O zaman belə çıxır ki, siz Ədliyyə Nazirliyindən ədalət gözləyirsiniz?

- Yox, biz Ədliyyə Nazirliyindən ədalət gözləmirdik.

 

- O zaman nə gözləyirdiniz?

- Əslində, biz ədalət axtarışında idik. Ədaləti haradasa görmək üçün mübarizə aparırdıq. Qurultayda kifayət qədər saxtakarlıqlar oldu. Mən gördüm ki, Qadınlar Birliyinin Gəncə şəhəri miqyasında özəyi dağıdıldı və onun sədri Samuxdan qurultay nümayəndəsi kimi verildi. Yəni biz bu haqda Nizamnamənin bəndlərinə uyğun şəkildə dönə-dönə İsa Qəmbərə, Arif Hacılıya, saxta seçilmiş Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət etmişik. Hamı bilir ki, Musavatda cəmi bir gün qurultay olub, ikinci gün olmayıb. Bu birinci günün qurultayı başqan seçiminə sərf olunub. Məclis üzlərinin səlahiyyəti və yaxud Məclis üzvlərinin seçkisi, eyni zamanda Mərkəzi Nəzarət Təftiş Komissiyasının seçkisi nə Məclisə həvalə olunub, nə də Nizamnamədə bunula bağlı dəyişikliklər olub.

 

Arif Hacılı Ədliyyə Nazirliyinin qetdiyyatından sonra... 

- Bu gün istədiyiniz nədir? Siz Arif Hacılının başqanlığını qəbul etmirsiniz. Onun partiyadan uzaqlaşdırılmasını və yenidən özünüzün partiyaya qayıtmağınızımı istəyirsiniz?

- Əslində, söhbət tək məndən getmir. İllərini Müsavat partiyasına xərcləmiş insanlar var. Bu partiyada uzun illər aktiv mübarizə aparan insanlar var. Bütün gəncliyini böyük ümidlər içində bu partiyaya sərf edən insanlar var. Elə fədakar insanlar var ki, partiyanın apardığı siyasətin arxasınca gedərək, illərlə hər şeyə möhtac, mərhumiyyətlər və ehtiyac içində ömürlərini başa vurublar. Qurultayın yenidən keçirilməsini o insanlar tələb edirlər. Onlar bununla həm də partiyadan haqqlarını tələb edirlər.

 

- Demək, qurultay yenidən keçirilməli və yeni namizəd irəli sürülməlidir. O namizəd də Arif Hacılı deyil... O zaman onu partiyada nə gözləyir?

- Bunu zaman göstərəcək. Arif Hacılının bütün arqumentləri əsassızdır. İndi Ədliyyə Nazirliyinə müraciətimiz gündəmdədir. Amma nə qədər ki, Ədliyyə Nazirliyi onun başqanlığını qeydə almamışdı, bizim hamımız partiyada idik, o zaman ki, o qeydiyyata alındı, öz aləmində partiyada «yenidənqurma» işləri aparmağa başladı və bizi oradan uzaqlaşdırdı. Yanvarda təsdiq olunub, fevralın 3-də Divanda mənə və Qubad bəyə yalançı xəbərdarlıq olunub. 4 gün sonra Qubad bəy partiyadan uzaqlaşdırıldı.

 

Arif Hacılı özünə iş axtarsın... 

- Arif Hacılının qeydiyyata alındıqdan sonra, qol-qanadının açıldığını və partiyada «təmizləmə» işləri apardığını iddia edirsiniz?

- Bəli.

 

- O zaman əgər məqsədinizə nail olsanız və qurultay yenidən keçirilsə, Arif bəy də başqanlığa seçilməsə, onun aqibəti necə olacaq?

- Vallah, Nizamnamədə nə nəzərdə tutulubsa, yəqin ki, o da olacaq. Digər tərəfdən, Arif Hacılını hansı aqibət gözləyə bilər ki? O, istənilən sahədə o qədərə məharətlə saxtakarlıq etməyə qadir bir adamdır ki, bundan da çıxış yolu tapacaq. O, dəfələrlə Sədrlər Şurasındakı çıxışları zamanı gileylənirdi ki, Müsavatdan başqa heç bir iş yeri yoxdur. O zaman özünə iş yeri axtarar və yaxud da partiyaya sıravi üzv olar. Gərək yuxarıda olsun? Biz heç Qubad İbadoğlunun da namizədliyini dəstəkləmirik. Biz hələ o ərəfədə də söyləmişdik, Ədliyyə Nazirliyinə etdiyimiz şikayətdə də bildirmişdik ki, yerlərdə yenidən qurultayla bağlı nümayəndəlik kvotası təsdiq olunsun, qurultaya hazırlıq işləri getsin.

 

- Hesab edirsiniz ki, əgər yenidən qurultay keçirilərsə, Arif Hacılı dəqiq başqan vəzifəsini tutmayacaq?

- Əgər İsa Qəmbər ona yenidən etimad göstərib yeni Milli Strateji Düşüncə Mərkəzində rəhbər vəzifədə görmək istəyəcəksə, onu deyə bilmərəm. Ancaq biz müsavatçıların istəyi odur ki, partiya həqiqətən intriqalardan təmizlənsin və sağlam fəaliyyətini davam etdirsin. Nə qədər ki, Arif Hacılı başqandır Musavat partiyası intriqalardan təmizlənə bilməyəcək bu da onun sağlam fəaliyyətinə ciddi təsir göstərəcək.

 

Kimlər «Əməkdar Siyasi Xadim» adını alacaq?!

- Siz bu gün ADR-in rəhbərlərindənsiniz. Bu qurumun yeri AXCP-Müsavat və «Azadlıq» qəzeti ilə «Yeni Müsavat» qəzeti arasındakı savaşın harasındadır?

- Biz orada yoxuq. Rauf bəy haqda müxtəlif fikirlər söyləyirlər. Mənim onunla heç bir dostluq münasibətim yoxdur. Rauf Arifoğlu fəaliyyəti dövründə hər zaman Müsavat partiyasını və İsa Qəmbəri təbliğ edən adam olub. «Əməkdar Jurnalist» adını alıb-almaması onun şəxsi məsələsidir. Bu gün mənə qəribə görünən də odur ki, dünənə qədər İsa Qəmbər Rauf Arifoğlunu dəstəkləyirdi, onun yanında olduğunu nümayiş etdirirdi, bu gün isə ona qarşı istiqamət götürüb. İsa Qəmbər deyirdi ki, qəzet hər günün nəbzini tutaraq yaşayan ictimai bir orqandır.

 

- Sizə qəribə görünən nədir?

- Qurultaydan sonra nə baş verirsə, artıq mənə qəribə görünmür. Sabah kimsə, «Əməkdar Siyasi Xadim» adını alarsa, təəcüblənməyəcəm.

 

- Yəni deyirsiniz ki, bu da baş verəcək?

- Ola bilsin ki, baş verəcək. Mən özüm üçün bir şeyi dərk etdim ki, müxalifət liderləri yalnız öz camiələrində olan insanların hüquqlarını müdafiə etmək üçün vardırlar. Başqalarının taleyi onları maraqlandırmır.

 

- Belə deyirlər ki, Qubad İbadoğlu da uzun illər hakimiyyətə işləyib, o da hakimiyyətin layihəsidir.

- Əgər belə olsaydı, fərd olaraq QHT yaradıb, orada da mübarizəsini davam etdirməzdi. Vətəndaş cəmiyyətinə də güclü təzyiqlər var, bu ondan da yan keçmir. Mənə gəlincə, onun indiyədək hakimiyyətlə işlədiyini sübuta yetirə biləcək heç bir neqativ hərəkətinin şahidi olmamışam.