vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜBAHİSƏ  
09:42 | 30 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1523 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Namizədliyimi irəli sürməməyim mümkündür»

Arif Hacılı: «İsa Qəmbərin seçkidən çəkilməsi Azərbaycanda yeni bir demokratik ənənənin başlanğıcı olacaq»

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Müsavat Partiyasının Məclisi partiya qurultayının keçirilməsi ilə bağlı qəti qərar verdi. Məclisin qərarında da göstərildiyi kimi, partiya maksimum səylər göstərməklə ali tədbirini uyğun bir yerdə keçirməyə israrlıdır. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri, başqanlığa iddiaçılardan biri Arif Hacılı ilə söhbətimizdə qurultay, başqan dəyişikliyindən sonra Müsavatı gözləyən perspektivlər, Azərbaycanın durumu və s. məsələlərdən danışdıq.

 

- Arif bəy, qurultayın keçirilməsi barədə partiya rəhbərliyində əvvəlcədən konkret yekdil mövqe var idi, yoxsa Məclisdə ekspromt alındı? 

- Qurultayın keçirilməsi ilə bağlı məsələ Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində, partiyanın Divanında ətraflı müzakirə olunmuşdu. Sentyabrın 27-də qurultayın keçirilməsi ilə əlaqədar məsələnin Məclisin müzakirəsinə çıxarılması da əvvəlcədən razılaşdırılmışdı.

 

- Məclisdəki müzakirələri haqqında səsləndirilən fikirlər oldu, xüsusilə də başqan dəyişikliyinə gediləcəyi halda partiyanın gələcəyi ilə bağlı narahatlıqları nəzərdə tuturam. Bu narahatlıqları bölüşmək olarmı?

- Narahatlıqlar təbiidir. Təbii ki, partiya üçün çalışan hər kəs partiya üçün narahatlıq keçirtməlidir və keçirir. Amma bu narahatlıqlar təkcə başqan dəyişikliyi ilə bağlı deyil. Bütövlükdə partiyanın taleyinin nə cür olacağı, partiyanın rəhbərliyinə hansı şəxslərin gələcəyi, seçki kampaniyasının necə nəticələnəcəyi və s. məsələlər müəyyən gərginlik yaradır. Bu gərginliyin simptomları Məclisin iclasında da görünürdü, mən buna təbii yanaşıram. Etik normalar aşılmasa, hansısa təhqirlər və yolverilməz ifadələr səsləndirilməsə, bunu normal rəqabət şəraiti kimi dəyərləndirmək olar. 


- Partiya başqanı olmaq niyyətində olan bir şəxs kimi artıq prosesə start verirsiniz, yoxsa hələ gözləməyi üstün tutursunuz? 

- Mən əvvəlcədən demişəm, bu məsələyə öz taleyim və şəxsi karyerama aid olan məsələ kimi baxmıram. Mən kamil həyatımın əsas hissəsini Müsavat Partiyasına həsr etmişəm. Mənim həyatımın əsas layihəsi məhz Müsavat Partiyasıdır. Ona görə də bu partiyanın uğur qazanması mənim üçün həyati vacib məsələdir.

Əgər partiyanın mənafeləri və demokratik düşərgənin, Azərbaycan cəmiyyətinin mənafeləri tələb edərsə, Müsavat Partiyası başqanlığına öz namizədliyimi irəli sürəcəyəm. 


- Bu gün rayon və şəhər təşkilatları arasında sizin Müsavat başqanı olmağınızı istəyənlərin say əmsalı nə qədərdir? 

- Açığı, hələlik mən heç bir iddia ortaya qoymamışam. Yəqin ki, rəsmi şəkildə seçki kampaniyası elan olunandan sonra son qərarımı verəcəyəm və bu qərarın nə cür olacağını indidən demək, məncə, düzgün deyil. Təbii ki, iddiaçılar var və iddiaçıların sayı arta da bilər. Şanslar məsələsinə gəldikdə isə namizəd olacağım təqdirdə şanslarımı yüksək qiymətləndirirəm. Ancaq seçkidir, heç kəs seçkilərin nəticələrinin - xüsusilə demokratik seçkidən söhbət gedir - nə cür olacağı barədə əvvəlcədən fikir səsləndə bilməz. Seçkilərin demokratik keçiriləcəyinə isə heç bir şübhə yoxdur. Biz əlimizdən gələni edəcəyik ki, seçki prosesinin hər hansı bir şəkildə pozulmasına imkan verməyək.

 

- Nəzəri cəhətdən mümkündürmü ki, siz namizədliyinizdən geri çəkiləsiniz, yaxud ümumiyyətlə ortaya iddia qoymayasınız?

- Namizədlikdən geri çəkilməyim hələlik mümkün deyil. Çünki hələ namizədliyimi irəli sürməmişəm. Namizədliyimi irəli sürməməyim mümkündür, bəli. Partiyanın, demokratik düşərgənin və Azərbaycan cəmiyyətinin maraqları tələb edərsə, namizədliyimi irəli sürəcəyəm. Namizədliyimin irəli sürülməməsi Müsavat Partiyasının, demokratik düşərgənin və Azərbaycan cəmiyyətinin maraqlarını ifadə edərsə, o halda namizədliyimi irəli sürməyəcəyəm. 


- Məclisdə belə bir fikir səsləndi ki, hakimiyyət ölkədə status-kvonun saxlanmasında maraqlıdır. Hesab etmək olarmı ki, hakimiyyət heç Müsavat Partiyasının rəhbərliyinin də dəyişməsini istəmədiyi üçün qurultaya problemlər yaradır? 

- Belə fikirlər də var. Ancaq bu fikirlər mübahisəlidir. Hakimiyyət hər hansı bir dəyişikliyin əleyhinədir, çünki dəyişikliyin hansı nəticələrinin olacağını bilmir. Təbii ki, söhbət təkcə başqan dəyişikliyindən getmir, ümumiyyətlə, partiya rəhbərliyində, Divanda, NTK-da baş verəcək dəyişikliklərdən gedir. Biz uğurlu qurultay keçirə bilsək, partiyanın fəaliyyətinin dinamikliyi və səmərəliliyi artacaq. Hakimiyyət də bu hala yol verilməsini istəmir. 


- Qurultaydan sonrakı ilk günləri necə təsəvvür edirsiniz? Yəni bu gərginlik partiyanın perspektivi baxımından doğrudanmı ciddi neqativlər vəd edir, yoxsa tezliklə səngiyəcək?

- Tarix sübut edir ki, demokratik seçkilərin, qəbul olunmuş qaydalara, prinsiplərə əməl olunmasının alternativi yoxdur. Düşünürəm ki, hər hansı bir problemlər yaransa belə, məhz nizamnamə, demokratik prinsiplər vasitəsilə bu problemləri də həll etmək və irəli getmək mümkün olacaq. 


- Bəs, mümkündürmü ki, qurultayda nizamnamə dəyişikliyinə gedilsin və İsa Qəmbərin üçüncü dəfə başqan olması barədə qərar qəbul olunsun?

- Bu məsələ ilə bağlı partiya strukturlarında hər hansı bir problem yoxdur. Hələ 7-ci qurultayda Nizamnamənin dəyişdirilməsi ilə bağlı təkliflər müzakirəyə çıxarılaraq səsə qoyulsa, bu məsələ asanlıqla həll olunardı. İsa bəy yenidən Müsavat başqanlığına öz namizədliyinə irəli sürmək niyyətində deyil. İsa bəyin namizədliyinin irəli sürülməməsi Azərbaycanda yeni bir demokratik ənənənin başlanğıcı olacaq. İlk dəfə olaraq Azərbaycan cəmiyyətində hər hansı vəzifəyə seçilmiş adamın müəyyən olunmuş müddətdən daha artıq namizədliyini irəli sürməməsi presedenti yaranacaq. Görünür, hakimiyyət dairələri Müsavat Partiyanın qurultayının keçirilməsinə əsasən bu məsələyə görə maneçilik törədir.  


- Tələb olunan yerin verilməyəcəyi şübhə doğurmur. O halda hansı variantın seçilməsini istərdiniz?

- Hər halda, biz uyğun yer ayrılması üçün mümkün olan vasitələrdən maksimum istifadə edərək buna nail olmağa çalışacağıq. Ancaq istənilən halda qurultayın keçirilməsi əzmindəyik. 


- Azərbaycan dövlətinin indiki durumu ilə bağlı müşahidələriniz nə deyir? 

- Azərbaycan dərin siyasi böhran içərisindədir. İsa bəy Müsavat Məclisində çıxış edərkən hakimiyyətin status-kvonu saxlamaqda maraqlı olduğunu qeyd etdi. Biz də status-kvonun dəyişdirilməsində maraqlı olmalıyıq və maraqlıyıq. Ölkədəki siyasi vəziyyəti demokratik düşərgənin xeyrinə dəyişmək üçün müəyyən təkliflərimiz var və yaxın zamanlarda o təkliflərin həyata keçirilməsi yolu ilə ölkədə real siyasi dəyişikliklərə nail olmaq mümkün olacaq. 


- Üç digər postsovet ölkəsindən fərqli olaraq Azərbaycan daha ehtiyatlı mövqe sərgilədi və assosiativ sazişin imzalanmasını ertələdi. Bu seçimə haqq qazandıranların arqumentlərini bölüşürsünüzmü?

- Hakimiyyətin mövqeyinə qiymət verərkən yalnız bu gün mövcud olan reallıqlardan çıxış etmək düzgün deyil. Bu gün mövcud olan reallıqların yaranması hakimiyyətin apardığı yanlış siyasətin nəticəsidir. Əgər Azərbaycan hakimiyyəti vaxtında düzgün siyasət aparsaydı, yəqin ki, Azərbaycanın bugünkü vəziyyəti Şərqi Avropa ölkələrinin, Baltikyanı respublikaların vəziyyətinə uyğun olardı. Ancaq bu günə kimi balans siyasəti adı altında aparılan yanlış siyasət ona gətirib çıxarıb ki, Azərbaycanın bugünkü real təhlükəsizlik sistemində yeri yoxdur. Yəni Azərbaycan hərbi güc mərkəzi olan Rusiya ilə də, real güc mərkəzi olan Qərblə də öz təhlükəsizlik məsələsini həll etməyib. Təbii ki, Rusiya ilə Azərbaycanın öz təhlükəsizlik məsələsini həll etmək imkanları yoxdur.

Çünki Rusiya Ermənistanla əbədi müttəfiqdir və Rusiyanın öz qarşısına qoyduğu iddialar, Rusiya xarici siyasətinin istiqaməti, Rusiyada olan imperiya ambisiyaları Azərbaycanla Rusiyanın təhlükəsizlik maraqlarının eyni çətir altında olmasına imkan vermir. Ona görə Azərbaycan uzun illər ərzində daha düzgün siyasət yeridərək digər güc mərkəzində, yəni Qərbdə, NATO-da öz təhlükəsizliyini təmin etmək barədə düşünüb bu istiqamətdə uğurlu siyasət yeritsəydi, hələ uzun illər bundan əvvəl buna nail olmaq, Azərbaycanın indiki geopolitik durumunun müqayisədə qat-qat yaxşı olmasına nail ola bilərdi. Ancaq aparılan siyasət Azərbaycanı gətirib bugünkü vəziyyətə çıxarıb. Bu gün də atılan qətiyyətsiz addımlar xarici siyasətin birmənalı olaraq müəyyənləşdirilməməsi Azərbaycanın milli təhlükəsizliyi üçün yaxşı heç nə vəd etmir. 

Çünki Azərbaycanda sovet hakimiyyətinin son illərində, Mütəllibov hakimiyyəti dövründə Rusiyaya daha loyal, daha isti münasibət bəslənilib. Ancaq bu, Azərbaycanın ərazi bütövlüyünün, milli təhlükəsizliyinin təmin olunması üçün yetərli olmayıb. Əksinə, Rusiya həmin illərdə Azərbaycana qarşı daha aqressiv siyasət yürüdüb. Ona görə də Azərbaycan öz xarici siyasətini müəyyənləşdirərkən yalnız mövcud olan reallıqlardan çıxış etməklə kifayətlənməməli, mövcud olan reallıqları Azərbaycanın mənafelərinə uyğun olaraq dəyişdirməyə çalışmalıdır. Strateji baxımdan Azərbaycan Avroatlantik məkana inteqrasiya istiqamətini götürməli və ən qısa yolla Avrointeqrasiya istiqamətində addımlamalıdır. 


- Ukrayna və Gürcüstanın Rusiya qarşısında tək qoyulması bir faktdır. Belə bir hadisənin Azərbaycanın da başına gətirilməsi riski nə qədərdir? 

- Əvvəl, nə Gürcüstan, nə də Ukrayna Rusiyaya qarşı mübarizədə tək deyil. Xüsusilə də Ukrayna Qərbdən kifayət qədər dəstək alır, bunun Ukrayna üçün çox uğurlu nəticələrini uzun müddət gözləmək lazım gəlməyəcək. Düşünürəm ki, Gürcüstan öz xarici siyasətində hansısa mənfi dəyişikliklər etməsə, Azərbaycandan daha tez azad və müstəqil bir dövlət olacaq. Bu baxımdan Azərbaycan nə Ukrayna, nə də Gürcüstandan irəlidə deyil, əksinə, geridədir.  


- Müxalifət düşərgəsində yenə də seçkiqabağı ənənəvi birliklər modelinə üstünlük verilməsinin tərəfdarısınız? 

- Azərbaycanda başlıca problem siyasi birliklərin olmaması yox, real, demokratik institutların fəaliyyətinə hakimiyyət tərəfindən törədilən maneçiliklər, avtoritar rejimin mövcudluğu, cəmiyyətin dəyişikliklər uğrunda fədakar mübarizəyə hazır  olmamasıdır. Bu baxımdan siyasi qüvvələr - Azərbaycanda ciddi dəyişikliklərə nail olmağa qərar verən qurumlar ilk növbədə Azərbaycan cəmiyyətinin fəallaşması istiqamətində çalışmalı və Azərbaycan cəmiyyətinin fəallaşdırılması məsələsini əsas hədəf kimi qəbul etməlidir.


- Həm də seçkilərə gedilməsi şəraitində? 

- Seçkilərdən kənarda qalmaqla hər hansı bir dəyişikliklərə nail olmaq mümkün deyil. Ona görə seçki prosesində iştirak etməklə hər hansı dəyişikliklərə nail olmaq, seçki kampaniyasının imkanlarından istifadə edib cəmiyyətlə təmas qurmaq və cəmiyyəti fəallaşdırmaq mümkündür. Ona görə də mən həmişə seçkilərdə iştirakın tərəfində olmuşam.  


- Mümkündürmü ki, seçkilərə marağı artırmaq üçün partiya rəhbərliyinə daxil olan şəxslər də bələdiyyə seçkilərinə qatılsın? 

- Azərbaycanda klassik mənada, hüquqi mənada anlaşılan yerli özünüidarə sistemi ümumiyyətlə, mövcud deyil. Bu mənada partiyaların birinci şəxslərin seçkilərində iştirak edəcəyi bələdiyyələr mövcud deyil. Bələdiyyələr kənd, küçə, qəsəbə səviyyəsində olan bələdiyyələrdir və bu bələdiyyələr də real özünüidarəetmə funksiyalarına malik deyillər. Ancaq təbii ki, rayon təşkilatları rəhbərlərinin, partiya rəhbərliyinin ikinci eşalonuna daxil olan şəxslərin bu seçkilərdə iştirakı məqsədəuyğun olardı. Seçkilərdə iştirak dedikdə yalnız seçkilərdə namizəd olaraq iştirak nəzərdə tutulmur. Həm də vəkil, namizədin nümayəndəsi olaraq da iştirak mümkündür. Biz namizədliyini irəli sürərək qeydə alınmış hər bir namizədin seçicilərlə görüşlərində, digər təbliğat aksiyalarında bilavasitə iştirak etməyə hazır olduğumuzu bildirmişik. Yəqin ki, namizədlərimizin müdafiəsi üçün bu prosesdə fəal iştirak edəcəyik və namizədlərə dəstək verəcəyik.