vaxtlı-vaxtında oxuyun! Şənbə, 9 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜSAHİB  
19:29 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 3955 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnkişafın 4 şərti var…»

«İsa Qəmbər səsini əvvəlcədən bəyan eləmişdi» (I hissə)

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «ABŞ-ın əsas marağı…»

Qubad İbadoğlu ilə Amerikadan əvvəlki qayıdışında – yanvar ayında görüşmək imkanımız olmadı. «Qaynar Qazan»da o zaman söhbətləşəcəkdik. Amma Qubad bəy söz verdi ki, Azərbaycana qayıdanda ilk müsahibəsini «Qaynar Qazan»a verəcək. Sözünə əməl elədi də. Gələn kimi, ilk müsahibə üçün vədələşdik.

Təbii ki, «Qaynar Qazan»ın formatı çox mürəkkəb və ağırdır. Bu, sadəcə 3-4 suallıq, ya da səthi yanaşılacaq müsahibə növündən deyil. «Qaynar Qazan»da hazırlaşmaq və çətin suallara cavab tapmaq lazımdır. Qubad bəy də o prizmadan yanaşırdı və ona görə müsahibəmiz bir müddət gecikəsi olmuşdu. Qubad İbadoğlu sıradan bir adam deyildi və «Qaynar Qazan» da bunu bilirdi.

Talanan, yağmalanan, susdurulan və satın alınan Vətəndaş Cəmiyyətinin önəmli simalarından biridir Qubad İbadoğlu. Vətəndaş Cəmiyyətinin ağır günlərində Amerikaya bir illik səfərə getdi – müəmma…

Özü demiş, 19 illik ömrünü verdiyi Müsavat partiyasında gözlənilməz çıxış etmiş və Arif Hacılı ilə partiyanın güclü başqanı İsa Qəmbəri zor duruma salmışdı. Təbii ki, hakimiyyət də bundan məharətlə istifadə edərək Qubad İbadoğlunu özünün adamı kimi təqdim etməyə cəhd etmişdi – müəmma…

ABŞ-da onu yüksək səviyyədə qarşılamış, bütün görüşlərini mükəmməl təşkil etmiş, Amerikanın siyasi və iqtisadi elitasına onu təqdim etmişdilər – müəmma…

Əslində, «müəmma» adlandırdığımız bu həlqələr normal prosedurlar olsa da, Qubad bəyin haqqında əfsanələr yaranmasına səbəb olmuşdu. Onu artıq «Amerikanın Azərbaycan hakimiyyətinə hazırladığı adam» kimi təqdim edənlər vardı.

Güman ki, hələ qarşıda bizi maraqlı günlər gözləyir. REAL hərəkatının partiyaya çevrilməsindən və İlqar Məmmədovun azadlığa buraxılmasından sonra meydana fərqli mənzərələr çıxa bilər. Və Qubad İbadoğlu ilə İlqar Məmmədov ənənəvi Azərbaycan müxalifətinə və eyni zamanda daşlaşmış və oturuşmuş Azərbaycan iqtidarına ciddi problem yarada bilər. Hələ bu siyahıya əlavə olunacaq bir maraqlı ad da var – Hillari Klinton ABŞ  prezidenti seçilərsə, onun dostu, Harvard məzunu Bəxtiyar Hacıyev. Nədən olmasın? ABŞ Azərbaycanda bir şeylər edəcəksə, nədən bu adamlar da yeni və dünya standartlarına cavab verəcək «Yeni dünya»nın liderləri olmasın…

Bu düşüncələr içərisində Qubad İbadoğlu ilə dünyanın siyasi xəritəsinin önündə, Strateq.az saytının redaksiyasında görüşdük. Mən ilk dəfə idi ki, Qubad İbadoğlu ilə müsahibə götürür və onu belə demək mümkündürsə, tarayırdım. Son dərəcə təmkinli, səbirli, demokrat bir adamdır. Buz kimi soyuq məntiqi var. Elə bil, qarşında Azərbaycanın bir əyalət gənci oturmayıb, elə bil, Çörçilin nəslindən bumbuz bir ingilisdir. Məntiqi də odur. Mən ilk azərbaycanlı ilə qarşılaşırdım ki, «insanlara çox yaxın olanda adamı yandırır, çox da uzaq olanda dondurur» məntiqi ilə yaşasın – tam amerikan düşüncəsi, tam ingilis beyni.

Bütün suallarla tanış olmuşdu. Hansı kəskinlikdə olur-olsun, elə eyni templə də cavab verirdi. Nə qədər sərt, ya da yumşaq olmasından asılı olmayaraq, əsəbiləşmir, hirslənmir, heç ona meyl də eləmirdi. Beləcə, «danışmaz», «o qədər danışmaz» deyə təxmin etdiyim Qubad İbadoğlu ilə 2 saatdan çox zamanın getdiyini heç bilmədik belə. Azərbaycanın bütün əsas məsələlərindən danışdıq. İqtisadi durumun ağırlığını gözlər önünə sərdi və elə bir müsahibə alındı ki, bunu dərs vəsaiti kimi öyrənmək lazımdır sadəcə.

Qubad İbadoğlu hakimiyyətin ali zirvələrinə hazırdırmı, bilmirəm. Onu ABŞ-da son bir ildə hansı istiqamətdə köklədilər, dediyi qədərilə o da məlumdur, ancaq bir şey aydındır ki, bu adam artıq dünyanın mötəbər qurumlarının tanıdığı, etibar göstərdiyi məşhur bir iqtisadçıdır. Ölkənin bu vəziyyətdən çıxarılmasında önəmli rol oynaya bilər və Azərbaycan hakimiyyəti bu istiqamətdə düşünməlidir. Təbii ki, Qubad İbadoğlunu özünə işlətmək mənasında yox, onun düşüncələri istiqamətində ölkənin yönünü Qərb dəyərlərinə dəyişdirmək baxımından. Güman edirəm ki, soyuq məntiqli bu iqtisadçının məntiqi onu dinləyənləri də təsirləndirəcək.

Hə, az qala unutmuşdum, Qubad İbadoğlunu dinləyə-dinləyə Müsavat partiyası haqqında da düşündüm. Məncə, bu qocaman tarixi partiya Qubad İbadoğlunu itirməklə, xeyli qüvvə itirmiş olub. Həm də, Azərbaycan müxalifətinin niyə gündən-günə zəiflədiyinin manifestidir Qubad İbadoğlunun bu müsahibəsi. Dinləyənlər daha yaxşı qərar verəcək, təbii ki…

«Qaynar Qazan»da budəfəki qonağımız Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğludur…

 

«Təqibdən-təzyiqdən qorxsaydım, geri dönməzdim»

 

– Qubad bəy, xoş gəlmisiniz, həm Azərbaycana, həm də «Qaynar Qazan»a…

– Çox sağ olun, dəvət elədiniz. Xoş gününüz olsun.

 

– Amerikada nə qədər qaldınız?

– Amerikada, demək olar ki, 1 il qaldım. Ötən ilin mart ayında getdim, bu ilin mart ayında geri döndüm.

 

– Cəmiyyətdə belə bir rəylər var ki, hökumətin təqib-təzyiqindən sığortalanmaq üçün ABŞ-a getmisiniz, indi də təqib-təzyiqlər ortadan qaldırılıb, geri gəlibsiniz. Bu cür rəylərin sizin səfərinizlə oxşarlığı varmı? Bir növ də deyəsən üst-üstə düşdü…

– Təqib və təzyiqləri sığortalamaq çox çətindir. Xüsusilə də Azərbaycan kimi avtoritar bir ölkədə. Çünki bunu müəyyənləşdirən bir nəfər olur. Yəni bir qrup adamlar olur. O, bir siyasətin nəticəsində baş vermir. O baxımdan, mən hesab edirəm ki, deyilənlər düz deyil. Çünki mənim səfərim planlı səfər olub. Əvvəlcədən, hətta bir neçə ay qabaqdan mən ölkəyə nə vaxt qayıdacağımı demişəm. Bu açıqlamanı verəndə mən bilməmişəm ki, ölkəyə qayıdanda bizim dostlarımız azadlıqda olacaq və qayıdışımda bu hadisə ilə üst-üstə düşəcək. Mən yanvar ayında Azərbaycana qayıtdım. Əgər təqibdən-təzyiqdən qorxsaydım, yanvar ayında geri dönməzdim. Ötən ilin dekabr ayında Azərbaycana döndüm, yanvarda yenidən ABŞ-a getdim. O zaman təqiblər-təzyiqlər heç də səngiməmişdi. Bizim dostlarımız da hələ həbsdə idilər. Yenə də vətəndaş cəmiyyətinin üzərində basqı var idi. Buna baxmayaraq, mən Azərbaycana gəldim. Mən təzyiqdən, təsirdən çəkinib heç vaxt qərar qəbul eləməmişəm və 45 illik ömrümün 5 ili Azərbaycanda o təqiblərin, təzyiqlərin müxtəlif səviyyələrdə olduğu vaxtlara təsadüf edir. Mən yaxşı bilirəm ki, Azərbaycanda siyasətlə məşğul olmaq nə deməkdir, Azərbaycanda vətəndaş cəmiyyətini təmsil eləməyin hansı təhlükələri var. Təzyiqin ən pik vaxtı – 2014-cü ilin iyun-iyul ayları və eyni zamanda avqust ayı idi. Bizim dostlarımızdan da çoxu elə o zamanlar həbsə atıldılar. Mən həmin dövrdə Bakıda olmuşam və Bakıda olduğum zaman da həmişə aktiv olmuşam. Həmin dönəmdə siz də təəssüf ki, həbsdə idiniz. Siz də öz azadlıq haqqınıza çox gec qovuşdunuz. Amma mən o zaman sakit dayanmamışdım və Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin xətti ilə bizim digər vətəndaş cəmiyyəti alyanslarının formatında tədbirlər keçirirdim və fikrimi deyirdim. Təzyiq ümumi idi və ondan hər bir vətəndaş cəmiyyəti təmsilçisi əziyyət çəkib və mən də 2014-cü ilin yayından etibarən bu təzyiqin altında fəaliyyətimi davam etdirmişəm və demək olar ki, bank hesabları bağlanan ilk vətəndaş cəmiyyəti nümayəndələrindən biri olmuşam. İndiyə qədər hələ də bank hesablarım açılmayıb.

 

«Hakimiyyət yumşalmaları məcburiyyətdən edir»

 

– Bu günlərdə açıqlama verdilər ki, aprelin 1-dən tətbiq edilən müəyyən qadağalar artıq götürülüb, bank hesabları açılıb. Sizin təşkilat o siyahıda yoxdur?

– Yox, orada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün üzvü olan QHT-lər var və bizim təşkilat da həmin təşəbbüsün yaradıcılarından biri olub. Ümumi siyahıda biz də varıq.  Amma bilirsiniz ki, indiyə qədər bu proses mərhələ-mərhələ həyata keçirilir və bizim təşkilata indiyədək nəsə şamil olunmayıb. Yeganə nəticə ondan ibarətdir ki, bizim təşkilatın sədri ölkəni tərk edəndə və bu ölkəyə qayıdanda hər zaman sərhədlərdə xüsusi yoxlamalara məruz qalırdı. İndi isə bu yoxlamalar aradan götürülüb. Bu gün isə gözləntilərimiz var ki, bəzi dəyişikliklər baş verəcək. Bunun da ciddi səbəbləri var. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti heç də vətəndaş cəmiyyətinə, xüsusi olaraq şərait yaratmaq məqsədilə həyata keçirmir. Azərbaycan hakimiyyəti bunu müəyyən məqsədlər üçün, belə deyək, məcburi olaraq edir və bunun səbəbləri bizim dinləyicilərimiz, tamaşaçılarımız üçün maraqlıdırsa, mən onu da açıqlaya bilərəm. Çünki Azərbaycan hakimiyyəti hal-hazırda maliyyə vəsaitlərinin azlığından əziyyət çəkir.

 

– Bu, çox maraqlıdır. Mən istərdim ki, bu səbəbləri açıqlayaq.

– Azərbaycan böyük investisiya öhdəlikləri götürüb – bunun bir qismi dövlət tərəfindən həyata keçirilməlidir, digər qismi isə, ARDNŞ vasitəsilə Azərbaycan hökumətinin öhdəlikləri olaraq icra edilir. Bu öhdəliklərin icra olunması üçün ölkəyə külli miqdarda vəsait lazımdır. Bu vəsaitlərin cəlb edilməsinin bir yolu da borcların götürülməsidir. Azərbaycan hakimiyyəti hazırda borc almağa üstünlük verir. Onu da bildirim ki, borc əldə etmək məqsədilə beynəlxalq maliyyə-kredit təşkilatlarına xeyli vaxtdır müraciət edilib.  Beynəlxalq maliyyə-kredit təşkilatlarının da içərisində aparıcı mövqeyə malik olan Dünya Bankıdır. Dünya Bankının verdiyi qərar digər banklar üçün də əsas rol oynayır. Azərbaycan hökuməti hal-hazırda Dünya Bankı ilə danışıqlar aparır və Dünya Bankının Azərbaycana 2 milyar dollarlıq kredit ayırması gözlənilir. Bu kredit də TANAP-ın tikintisinə yönəldiləcək. Amma bu kredit Azərbaycanın beynəlxalq maliyyə-kredit təşkilatlarından aldığı yeganə məbləğ olmayacaq. Çünki borc konsorsiumu yaradılıb və bunun da əsasını Dünya Bankı qoyacaq. Digər banklara da müraciət olunub. Digər banklar da bildiriblər ki, onlar Azərbaycana maliyyə vəsaitini yalnız o zaman ayıracaqlar ki, Dünya Bankı buna razılıq versin. Ona görə də danışıqlar Dünya Bankı ilə aparılır. Dünya Bankı isə Azərbaycanda hesabatlılığı və şəffaflığı bütün fəaliyyəti dövründə dəstəkləyib. Azərbaycan da hesabatlılıq və şəffaflıq üzrə beynəlxalq təşəbbüsə qoşulub. Biz ona Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü – MSŞT – deyirik. Bilirsiniz ki, ötən il Azərbaycanın bu təşəbbüsdə üzvlüyü aşağı salındı. Azərbaycan əvvəlcə bunun tam hüquqlu üzvü idi, namizəd üzv statusu alacaqdı. Bu, 2015-ci ilin aprel ayında oldu. O zaman da mən ABŞ-da idim və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin tam hüquqlu üzvü kimi həmin toplantıda iştirak edirdim. Həmin toplantı Konqoda keçirildi və ARDNF-nun icraçı direktoru ilə birlikdə Azərbaycanın təmsilçiləri idik. Eyni zamanda mən həm də Avrasiya regionunun vətəndaş cəmiyyətini təmsil edirdim.

 

«Azərbaycanın statusunu əlindən aldılar – mənə qarşı təzyiqlər başladı»

 

Həmin toplantıda Azərbaycanın statusunu əlindən aldılar. Onu da qeyd edim ki, mənə qarşı təzyiqlər həmin toplantıdan sonra artmağa başladı. Aprelin 15-də Azərbaycanın statusunu əlindən aldılar. 2 gün sonra isə Nərimanov rayon məhkəməsi bizim ofisimizə hücüm edərək axtarış aparmaq üçün qərar verdi. Ofis o vaxta qədər bağlı idi və ora gedib-gələn də yox idi. Mayın 13-də təşkilatın rəhbəri təsadüfən ofisə daxil olanda Baş Prokurorluğun istintaq idarəsinin əməkdaşları da ofisə daxil olub, bizim kompüter avadanlıqlarımızı və eyni zamanda maliyyə mühasibat sənədlərimizi apardılar. Onda mən ABŞ-da idim və bilirdim ki, bunun başlıca səbəbi ABŞ-da keçirdiyim görüşlərlə bağlıdır. Eyni zamanda mənim təmsil olunduğum beynəlxalq idarə heyətinin Azərbaycanla bağlı verdiyi qərarla əlaqədardır. Çünki Azərbaycanın bu qurumda statusunu itirməsinə Azərbaycan hakimiyyəti çox sərt reaksiya vermişdi. Hətta o zaman deyilirdi ki, biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxmaq istəyirik. O zaman da böyük şirkətlər və eyni zamanda maliyyə-kredit institutları öz narahatçılıqlarını bildirdilər. İlk narazılığı BP şirkəti bildirmişdi. Qeyd etmişdilər ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxması məqsədəuyğun hesab olunmur. O cümlədən də Dünya Bankı və digər təşkilatlar bunu açıq bildirmişdilər. İndi vəziyyət belədir: Dünya Bankına 2 milyard dollar vəsait almaq üçün müraciət olunub. Dünya Bankı da pulu enerji sektoruna verməlidir. O da deyir ki, sizin enerji sektorunuzun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulmağınız məsələsinə bu ilin iyunun 1-2-də baxılacaq. Həmin toplantı Osloda olacaq və həmin toplantıda Azərbaycana keçən ilin aprelin 15-də təqdim olunmuş islahedici planın icra vəziyyəti müzakirə olunacaq. Bu islahedici planın müddəti 1 il olub. Müddət bu ilin aprel ayında başa çatır. İslahedici planın əsas məsələləri Azərbaycanın vətəndaş cəmiyyətinə şərait yaratmaqdır.

 

«Hökumət aprelin 15-nə hazırlaşır»

 

– Bütün bu hadisələr həmin məsələlərdənmi qaynaqlanır? Hökumət aprelin 15-nə hazırlıq işlərimi aparır?

– Təbii… Azərbaycan hakimiyyəti aprelin 15-nə kimi Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak edən vətəndaş cəmiyyəti institutlarının məhdudiyyətlərini aradan qaldırmalıdır. Əks təqdirdə, iyun ayında Azərbaycan hökumətini daha ağır cəza gözləyir. Əgər bunlar olmasa, o zaman iyunun 1-2-də Osloda keçirilən toplantıda Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə fəaliyyəti dayandırıla bilər. Və yaxud da Azərbaycanı o təşkilatdan tamamilə çıxara bilərlər. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə önəm verən Dünya Bankı da açıqlayıb ki, əgər bu, baş verərsə, onda bizim Azərbaycan hökuməti ilə kredit əməkdaşlığımız, yəqin ki, alınmayacaq. İndi bizim də az qiymətimiz yoxdur. Ən azı 2 milyard dollarlıq dəyərimiz var. İş heç o 2 milyardla da bitmir, çünki Dünya Bankı əgər 2 milyard dollar ayırmağa razılıq versə, ondan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Avropa İnvestisiya Bankı da əlavə olaraq borc konsorsiumuna vəsait qoymalıdır.

 

– Deməli, Azərbaycana nə qədər vəsait ayrılacaqsa, bu, Dünya Bankından alınan 2 milyard dollarlıq borc ayrılandan sonra baş verəcək?

– Bəli, çünki bütün beynəlxalq maliyyə-kredit təşkilatları Dünya Bankının qərarını gözləyir və Azərbaycan hakimiyyətinə də deyiblər ki, «siz bizimlə danışıqlara Dünya Bankı razılıq verəndən sonra başlaya bilərsiniz.» Hesab edirəm ki, indi ölkədə ən vacib məsələ odur ki, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün münbit şəraitin yaradılsın və bu fəaliyyət mühiti yalnız Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak edən vətəndaş cəmiyyəti institutlarına şamil olunmasın. Çünki Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün iştirakçıları əlahiddə olaraq Azərbaycanda fəaliyyət mühitinə də malik deyil. Belə ki, ölkədə ümumi olaraq QHT-lər üçün sağlam bir şərait yaradılmalıdır. Bununla yanaşı, azad media üçün münbit şərait yaradılmalıdır. Hesab edirəm ki, bu da son nəticədə bütövlükdə bizim bütün istəklərimizə cavab verib, bizim məqsədlərimizə xidmət edir. Biz Azərbaycanda nə üçün çalışırıq? Azərbaycanda açıq cəmiyyət üçün çalışırıq. Azərbaycanda azad və demokratik ölkənin qurulması üçün çalışırıq. Bunların da təməl sütunları açıq cəmiyyətdən, azad mətbuatdan keçir və bu baxımdan hesab edirəm ki, proses gedir və Azərbaycan da bu prosesi əgər müsbət istiqamətdə aparacaqsa, o zaman iyunun 1-də Azərbaycanla bağlı ciddi bir problem yaradılmayacaq. Məsələ bundan ibarətdir ki, iyunda Azərbaycanın məsələsi müzakirə olunan beynəlxalq İdarə Heyətinin toplantısında hökumətin adamları olmayacaq. Çünki Azərbaycan hökumətinin nümayəndəsi bu ilin fevralında Peruda yekunlaşan toplantıda dəstək qazana bilmədi. Ona görə də mən bu təşkilatda Azərbaycanın yeganə təmsilçisiyəm. Mən də namizədliyimi irəli sürmüşdüm…

 

«İki od arasında qalmışam»

 

– İndi Azərbaycanı siz təmsil edirsiniz?

– İndi Azərbaycanı mən təmsil edirəm. Amma bunun yaxşı və pis tərəfləri var. Ötən bir ildə burada olmamağıma baxmayaraq, Azərbaycanda baş verən hadisələrdən xəbərdar olmuşam. Hər zaman burada gedən prosesləri mətbuat vasitəsilə izləyirdim. Eyni zamanda özümün də əlaqədə olduğum insanlar var idi ki, onların vasitəsilə birbaşa məlumatlar alırdım. Azərbaycanda dəyişən yalnız iqtisadiyyatdakı böhran, siyasətdəki məhdudiyyətlər deyil. Mən siyasi azadlıqların ümumiyyətlə, mülki hüquqların reallaşması nöqteyi-nəzərindən nəzərdə tuturam. Azərbaycanda insanlar da çox dəyişib: ötən bir il ərzində baş verən bu təpkilərdən və bu basqılardan həqiqətən də dəyişib. O baxımdan, demək istəyirəm ki, tutaq, o iclasda bütün bu problemləri həll elədilər, həqiqətən, kollektiv planda nəzərdə tutulan tədbirlər Azərbaycanda realizə olundu. Buna baxmayaraq, mən orada faktı və gerçəkliyi müdafiə edəcəyəm. Çünki mənim üçün bu, yalnız Azərbaycan məsələsi deyil, həm də fəaliyyətim qlobal səviyyədə – beynəlxalq təşəbbüslə əlaqədardır. Yəni bu, şəffaflıqla, hesabatlılıqla bağlı təşəbbüsdür. Bu baxımdan da mən gerçəyi müdafiə eləmək niyyətindəyəm. Təsəvvür edin ki, əgər həmin toplantıya qədər bütün bu problemlər həll olunsa, – ola bilsin ki, bütün bunlar aprelin 15-dək çatdırmaq mümkün olmasın. Ancaq mən elə düşünürəm ki, Azərbaycan elə bir rejimlə idarə olunur ki, bütün bu problemləri 1-2 saata da həll etmək mümkündür. Düzdür, bəziləri üçün prokurorluğun vəsatəti lazımdır, eyni zamanda bank hesablarının açılması üçün məhkəmə müəyyən qərarlar verməlidir. Mənə də bildiriblər ki, problem yoxdur, sizin də bank hesablarınız açılacaq. Ancaq bunun baş verməsi üçün mütləq məhkəmə qərar verməlidir. Çünki bizim bank hesablarımızı bank bağlamayıb. Bank hesablarımızı məhkəmə bağlayıb, məhkəmə də açılması ilə bağlı qərar çıxarmalıdır. Təsəvvür edin ki, bütün bunlar baş verdi və mən də İdarə Heyətinin toplantısında əsas regionun – Azərbaycanın təmsilçisi olaraq, söz sahibiyəm və mən də deyəcəyəm ki, ölkədə bütün bu proseslər baş verib, öhdəliklər icra olunub. Düzdür, qərar tək mənim dediklərimə əsaslanmayacaq. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün İdarə Heyəti adından araşdırıcı qrup göndəriləcək. Çox güman ki, onlar may ayında Azərbaycanda olacaqlar və görüşlər keçirəcəklər. Onda da bəzi dostlarımız yazacaqlar ki, Qubad İbadoğlu hakimiyyətə işləyir, bu yolla Azərbaycanın statusunu qaytardılar. Azərbaycanın statusunu qaytarmaq əvəzinə, indi Azərbaycanın təşkilatdakı fəaliyyətini dayandırsalar və Azərbaycanı təşkilatın üzvlüyündən çıxarsalar, onda da yazacaqlar ki, Qubad İbadoğlu ölkənin maraqlarını satdı, xəyanət elədi və ona görə də Azərbaycanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən qovdular və ölkə üçün belə ciddi problemlər yarandı. Bizim məqsədimiz təbii ki, Azərbaycanın inkişaf etməsidir. İnkişaf etməsi deyəndə söhbət yalnız bizim dolanışığımızla, yaşam şəraitimizin yaxşılaşması məsələləri ilə bağlı deyil.

 

«İnkişafın 4 şərti var…»

 

Burada institutlar bərqərar olmalıdır. Mən dəfələrlə bunu demişəm. İnkişafın 4 şərti var: təbii sərvətlər, coğrafi mövqe, institutlar və mədəniyyət. Burada da söhbət klassik mədəniyyətdən getmir. Bazar mədəniyyəti, mülkiyyət hüquqlarına hörmət mədəniyyət, insan haqlarına hörmət mədəniyyəti, siyasi azadlığa hörmət mədəniyyəti… Yəni söhbət bu mədəniyyətlərdən gedir.

İndi bizim timsalımızda baxın: təbii sərvətlər Azərbaycan üçün, demək olar ki, öz funksiyasını demək olar ki, bitirib. Çünki ölkənin əsas gəlirləri gəlib, qiymət də aşağı düşüb. Bizim də neft gəlirlərindən əldə etdiyimiz qazancımız azalıb. Yerləşdiyimiz region və coğrafi mövqeyimiz kifayət qədər mürəkkəbləşib. Bu mövqeyimizdə də Rusiya ilə bağlı müəyyən problemlər yaranıb. Eyni zamanda Yaxın Şərqdə gedən proseslərlə bağlı Azərbaycan demək olar ki, yaxşı mövqedə yerləşməyib. Üçüncüsü, institutlar. Bizə lazımdır ki, ölkədə institutlar olsun. İnstitutlar dayanıqlı və davamlı inkişaf üçün əsas vacib elementlərdən biridir. İnstitut deyəndə mən nəyi nəzərdə tuturam? Mərkəzi Seçki Komissiyası da institut sayılır. Amma belə imitasiya olunan institutlar yox. Parlament də institut sayılır, amma belə saxtakarlıqla formalaşan institut yox. İnstitut deyəndə burada söhbət baza institutlarından – siyasi institutlardan gedir ki, onlar ölkədə demokratiyanın və bazar iqtisadiyyatına keçidin aparıcı iştirakçısıdırlar. Bu gün Azərbaycan manatının dəyəri nəyə görə onun xərclənməsindən çox baha başa gəlir? Çünki ölkədə valyuta bazarlarına lazım olan institutlar yoxdur. Yəni iştirakçılar yoxdur. Mədəniyyət məsələsi də bəllidir. Hələ Azərbaycanda siyasi mədəniyyət formalaşmayıb. Azərbaycan cəmiyyətində yenə belə bir fikir formalaşır ki, guya Azərbaycan demokratiyaya hazır deyil, demokratiya Azərbaycan üçün hələ uzun illərdən sonra məqbul ola bilər. Demokratiya bir yaşayış tərzi deyil, bu, həyat tərzi deyil. Demokratiya bir daha göstərdi ki, insanın ilk növbədə təhlükəsizliyi üçün, insanın azad və sərbəst şəkildə fəaliyyət göstərməsi üçün bir mühit yaradır.  Nəyə görə Birləşmiş Ştatlar bütün dünyada demokratiyanı müdafiə edir və bundan sui-istifadə edənlər olur. ABŞ-ın nə marağı var ki, Azərbaycanda demokratiya və insan haqlarından danışır? ABŞ-ı bir kənara qoyub, Suriyaya baxaq. Orada nə baş verdi? Suriyada hakimiyyət atadan oğula keçdi. Sonra da avtoritar bir rejim davam elədi. İndi isə Suriya bütün dünya üçün təhlükə mənbəyinə çevrilib. Elə digər ölkələri də misal gətirmək olar. Rusiya da ora daxildir. Avropa da bunu müzakirə edir. Miqrasiya problemləri yaranıb. Bu ölkə kifayət qədər təhlükə mənbəyinə çevrilib. Çünki İŞİD-in əsas fəaliyyət məkanı Suriyadadır… Belə nəticə çıxarmaq olar ki, əgər zamanında Suriyada demokratiya olsaydı, dövlət olaraq bu qədər təhlükə mənbəyinə çevrilməzdi.

 

«ABŞ-ın əsas marağı ondan ibarətdir ki…»

 

Mən belə düşünürəm: ABŞ-ın əsas marağı ondan ibarətdir ki, ölkələr demokratikləşsin və qlobal səviyyədə, regional səviyyədə təhlükələr azalsın. Bu təhlükələrin də azalması dünyanın əmin-amanlıq içərisində, sülh şəraitində yaşaması üçün vacibdir. O ki qaldı, digər sosial-iqtisadi məsələlərə, o cümlədən də rifah məsələsinə bu, artıq özümüzdən asılıdır. Bütün ölkələrin iqtisadi yüksəlişini araşdırsaq, görərik ki, bu ölkələrdə insanın yüksəlişi təbii sərvətlərə deyil, haqqında danışdığımız institutlara söykənir. Azad bazar iqtisadiyyatı, liberallaşma, əks-mərkəzləşmə yolu ilə ölkədə stabil və rifahlı bir cəmiyyət yaranıb. Biz də bunu istəyirik. Bu baxımdan da bütün problemlərin həlli istiqamətində Azərbaycan hakimiyyətinin atdığı addımlar praktiki müstəvidən hüquqi müstəviyə keçəcəksə – çünki indi praktiki səviyyədə o proseslər gedir, artıq bəzi adamların üzərindən ölkədən çıxmaları ilə bağlı qoyulan qadağalar götürülür. Hətta ölkədən çıxarkən də üzərlərində aparılan yoxlama aradan qaldırılıb. İndi də başqa məsələlərə baxılır. Sabah bütün bunlar hüquqi müstəvidə də məhkəmə qərarları ilə təsbit ediləcəksə, biz də onu müdafiə edəcəyik. Və mən də əvvəlcədən deyirəm ki, beynəlxalq İdarə Heyətinin üzvü kimi, mövcud gerçəkliyin təsdiqi üçün çalışacam ki, Azərbaycanda vəziyyət necədirsə, orada da elə təbliğ olunsun. Yaxşıdırsa yaxşı, pisdirsə də pis… Qərarı İdarə Heyəti verəcək. Bəri başdan deyim ki, mən azərbaycanlı olduğuma görə, beynəlxalq İdarə Heyətində səsvermə hüququna malik olmayacam. Çünki bu, maraq konflikti yaradır. Azərbaycan məsələsi müzakirə olunanda Azərbaycan nümayəndəsi səsvermədə iştirak etmir, bu hüquqdan məhrum edilir.

 

«Vətəndaş cəmiyyətinin 2 milyard dollar qiyməti var…»

 

– Qubad bəy, belə çıxır ki, bəzi siyasi məhbusların və vətəndaş cəmiyyəti nümayəndələrinin problemlərinin ən azı 2 milyard qiyməti var… Bir növ də bu adamlara bağlıdır…

– İndiki halda mən bunu müqayisə ilə təqdim edə bilərəm. Ola bilsin, Azərbaycan hakimiyyəti də desin ki, «Vermirsinizsə, heç verməyin o borcu, başqa yerdən gedib ala bilərik». Amma getdilər də… Səudiyyə Ərəbistanına getdilər, əliboş qayıtdılar.  Qətərə getdilər, əliboş qayıtdılar.

 

– Borc üçün getmişdilər?

– Yalnız borc üçün getməmişdilər, amma əsas məqsədlərdən biri də borc almaq idi. Mən o danışıqların iştirakçısı olmamışam. Amma birdən-birə nə oldu ki, Azərbaycan hökuməti ilə Ərəb dövlətlərinin belə sıx münasibətləri formalaşmağa başladı? Görüşməyə, müzakirə eləməyə başladılar? Çünki onlarla problemlər də eynidir. Onlarda da neft gəlirlərinin azalması ilə çətinliklər yaranıb. Dünya bazarı bu dövlətlər üçün eyni bazardır və satılan da eyni məhsuldur. Eyni məhsula görə də qiymətin ucuzlaşması prosesi gedir. Bir də, Əvəz bəy, bir var borcu Dünya Bankından alasan, bir də var Səudiyyə Ərəbistanından alasan. Səudiyyə Ərəbistanından almağın fərqi var.

 

«Səudiyyə Ərəbistanının şərti, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun şərti»

 

– Demokratiya məsələsinə görə?

– Düz tutdunuz. Səudiyyə Ərəbistanı demokratiyanı şərt qoymur, lazımdırsa, verəcək o borcu. Bununla yanaşı, onun da başqa şərtləri var. O bankların İdarə heyətləri hansısa layihələrin pay iştirakçısı olmağı şərt kimi irəli sürürlər. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu borcu verəndə buna sadəcə maliyyə vəsaiti kimi baxmır. Borcu verəndə şərt qoyur ki, ölkədə vətəndaş cəmiyyətinin vəziyyəti yaxşı olmalıdır. Vətəndaş cəmiyyəti bu layihənin monitorinqi məsələsinə cəlb olunmalıdır. Eyni zamanda şəffaflıq olmalıdır. Hesabatlılıq və şəffaflıqla da bağlı Azərbaycan iki təşəbbüsə qoşulub. Ən böyüyü Mədən Sənayesində Şəffaflıq Təşəbbüsüdür. Bir də Açıq hökumət təşəbbüsü. Məsələ ondadır ki, Açıq hökumət təşəbbüsü məsələsində Azərbaycanın vəziyyəti əvvəlki illərlə müqayisədə pisləşib. İndi Açıq hökumət təşəbbüsü üzrə İH-nin növbəti toplantı mayın 4-də Cənubi Afrika Respublikasında (CAR) olacaq. Həmin toplantıda da Azərbaycan müzakirə olunacaq.

 

«Bu ölkə əgər inkişaf eləmək istəyirsə, ilk növbədə beynəlxalq inteqrasiyadan faydalanmalıdır»

 

– Siz bu toplantıda da Azərbaycanı təmsil edəcəksiniz?

– Mən orada olmayacam, amma müzakirələrdə iştirak edəcəm. Mən eyni vaxtda iki beynəlxalq təşkilatın İdarə Heyətində çalışmaq imkanında deyiləm. Həqiqətən də mənim indi təmsil olunduğum beynəlxalq İdarə Heyətinin işi kifayət qədər çoxdur. Mən həm də orada qiymətləndirici komitənin üzvüyəm. Qiymətləndirmə Komitəsi də təkcə bu il 36 ölkədə qiymətləndirmə aparmalıdır. Təsəvvür edirsinizmi, mənim hələ orada nə qədər böyük və məsuliyyətli işim var. Hər ölkənin hesabatı ən azı 150-200 səhifə olur. Mən onların hamısı ilə tanış olub, onlara rəy verməliyəm ki, bu ölkələr Komitəyə üzv olduqlarına görə qiymətləndirmədən keçsinlər və ya keçməsinlər. Amma bu təşəbbüslər bir-birinə yaxın olduqlarına görə, orada da mənim rəyim nəzərə alınır. Orada da vəziyyət belədir ki, onların da komitələri var və bu komitə fevral ayında toplaşaraq, Azərbaycanı müzakirə eləyib. İdarə Heyətinə də təklif ediblər ki, Azərbaycanın statusunu aşağı salsınlar. Azərbaycanın statusunu ifadə eləmək çox çətindir. Ona görə də tamaşaçılardan çox üzr istəyirəm. «İnəktiv» sözü onsuz da başa düşüləndir. Azərbaycanı «inəktiv» üzv kimi, yəni aktiv olmayan bir ölkə kimi, əgər İdarə Heyəti təsdiqləsə, mayın 4-cə CAR-da Azərbaycanın aktiv olmayan bir üzv kimi statusunu aşağı salacaqlar.   Yəni bu ölkə əgər inkişaf eləmək istəyirsə, ilk növbədə beynəlxalq inteqrasiyadan faydalanmalıdır. Biz onsuz da uzun müddət beynəlxalq inteqrasiyadan faydalana bilmədik. Çünki xarici ticarətdə əsas məhsulumuz neft olub. Yəni bizim başqa məhsullarımız olsaydı, biz təbii olaraq xarici iqtisadiyyatdan daha çox bəhrələnə bilərdik. Ölkəmizə digər mənbələrdən də valyuta gəlirləri daxil olardı. İndi görürsünüzmü, neftin qiyməti düşüb, manatın da qiyməti adekvat olaraq düşür. Bu baxımdan, xarici ticarətdən də kənarda heç olmasa belə təşəbbüslər var. Bu da beynəlxalq inteqrasiyanın başqa bir tərkib hissəsidir. Çünki hökumət bu təşkilata könüllü qoşulub və heç kəs də Azərbaycana məcburi şəkildə deməyib ki, gəl, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak elə. Gəl, Açıq Hökumət Tərəfdaşlığı Proqramına qoşul. Azərbaycan könüllü olaraq qoşulub, qoşulanda da üzərinə öhdəlik götürüb. Qoşulanın da qarşısına şərt qoyurlar. Bayaq Səudiyyə Ərəbistanı ilə Dünya Bankını müqayisə elədik. Dünya Bankının da öz öhdəlikləri var. O borcu da elə-belə vermir ki… Dünya Bankı klassik bank funksiyasını yerinə yetirmir ki… Dünya Bankı ölkələrin makroiqtisadi analizini aparır, proqnozlar verir və kredit verilən dövrdə ölkələrdə iqtisadiyyatın durumuna cavabdehdir. Mən Vaşinqtonda olanda Dünya Bankı ilə 2 dəfə görüş keçirdim. Onların böyük əksəriyyəti Azərbaycandakı mövcud iqtisadi durumdan böyük narahatlıq keçirirlər və mən bilirəm ki, aprel ayının ortalarında Maliyyə naziri ilə Mərkəzi Bankın sədrini Vaşinqtona dəvət ediblər və bu məsələlər də orada müzakirə olunacaq. Çünki əgər belə gedərsə, ölkə iqtisadiyyatı dağılır. Bu iqtisadiyyatın islah olunması üçün yalnız hərdən bir fərman imzalamaq kifayət eləmir. Bunun üçün ciddi kompleks, fundamental işlər tələb olunur. Bu hakimiyyətin indiki komandası ilə də bütün bunları həyata keçirmək mümkün deyil. Hakimiyyətdə təmsil olunanların hərəsinin özünün qrup maraqları, biznesi var. Bu islahatlar da o biznesin liberallaşmasına xidmət eləyir, bu bizneslər arasındakı rəqabətə xidmət eləyir.

 

«Siyasi hakimiyyətlə biznes hakimiyyətini bir-birindən ayırmalıdırlar…»

 

Bu biznesə nəzarət edən adamlar bütün bu islahatların keçirilməsində nə dərəcədə maraqlı ola bilərlər? Ən azı, siyasi hakimiyyətlə biznes hakimiyyətini bir-birindən ayırmalıdırlar ki, onlar da görsünlər ki, Azərbaycan hakimiyyəti imitasiya eləmir. Azərbaycan hakimiyyəti həqiqətən ciddi şəkildə ölkədə islahatların həyata keçirilməsində maraqlıdır və bunun konseptual əsaslarını yaratmır, bunu praktik olaraq həyata keçirmək üçün komanda formalaşdırır. Bu komanda da heç bir biznes, korporativ marağı olmadan Azərbaycanda islahatların keçirilməsinə qadirdir. Belə bir dəyişiklik müşahidə olunmalıdır.

 

– Qubad bəy, siz ABŞ-da olarkən müxtəlif təşkilatlarla görüşlər keçirmisiniz, müzakirələr aparmısınız. Siz Azərbaycanda təxminən nələrin baş verəcəyini əvvəlcədən bilirdinizmi? Son ayda Azərbaycanda baş verən hadisələrlə bağlı təxmini məlumatlarınız var idimi?

– Çox arxayın şəkildə bilirdim. Bilməsəydim, ən azı, yanvar ayında Bakıya gəlməzdim. Azərbaycan hakimiyyəti üçün müqəddəs heç bir şey yoxdur. Mən təminat vermirəm ki, sabah hər şey yenidən dəyişə və tərsinə çevrilə bilməz. Lakin mən təxmini bilirdim ki, bunu eləmək gücü əvvəlki qədər yüksək deyil. Əvvəlki qədər də nə maliyyə gücünə, nə iqtisadi qüdrətə malik deyil. Artıq Azərbaycanda da bütün vətəndaşlar iqtisadçı olublar. Hamı manatın xarici valyutaya nisbətdə məzənnəsinə baxır, hamı dünya bazarlarında neftin qiymətini izləyir. Bu baxımdan, xüsusi izahata ehtiyac yoxdur, amma hamı bilir ki, ölkə iqtisadi baxımdan zəifləyib, əhali də yoxsullaşıb. Ona görə də mənim müəyyən gözləntilərim var idi. Amma mən Azərbaycan hakimiyyətinin edə biləcəklərini heç bir vaxt proqnozlaşdırmamışam. Çünki bunu proqnozlaşdırmaq mümkün deyil. Burada o qədər qeyri-müəyyənliklər var ki… Gözləntilərim var idi ki, bunun sonu belə gəlməli idi. Gözləntilərim də gedən müzakirələrlə bağlı idi. Mən də bu müzakirələrin içində olmuşam. Keçən ilin aprel ayında islahedici plan qəbul olundu…

 

«Ofisimizdən 202 qovluq – bir yük maşını maliyyə-mühasibat sənədlərini aparıblar»

 

– Biz buradan da sizin konqresmenlərlə, Dünya Bankının nümayəndələri ilə görüşlərinizi izləyirdik və təbii ki, yəqin bizim bilmədiyimiz görüşlər də olub.

– Mən ora getdiyim ilk 6 ayda əsas proqramım bu görüşlərin təşkilinə, bu müzakirələrdə iştirakıma yönəlmişdi. Mən özüm beynəlxalq səviyyədə şəffaflıq və hesabatlılıq təşəbbüsündə iştirak elədiyimə görə, çalışmışam ki, ilk növbədə özüm şəfaf və hesabatlı olum. Çalışdığım İqtisadi Tədqiqatlar Mərkəzi çox azsaylı təşkilatlardan biri idi ki, hər il hesabat yığıncağı keçirirdi. Ora bütün tərəfdaşlarımızı çağırırdıq. Orada həm də dövlət orqanlarından nümayəndələr də, donorlar da, əməkdaşlıq etdiyimiz institutlar da var idi. Biz maliyyə və proqram məlumatlarına qədər hamısını onlara açıqlayırdıq. Sonda da onu illik hesabat şəklində nəşr edirdik. Bizim ofisimizdən maliyyə-mühasibat sənədlərini aparanda 202 qovluq aparıblar. Bir yük maşını ofisimizdən maliyyə-mühasibat sənədlərini aparıblar. Hələ bu, 5 ilin maliyyə-mühasibat sənədləri idi.

 

– Prokurorluq aparıb?

– Bəli. Həmin görüşlərdə də təbii ki, bu məsələlərin hamısı müzakirə olunurdu.  Mənim birinci proqramım ABŞ Konqresi tərəfindən maliyyələşib. Mən hara gedirəmsə, hansı ölkədə oluramsa, onun maliyyə mənbəyinin hansı təşkilata məxsus olduğunu da açıqlayıram. Heç vaxt da bunları gizlətməmişəm. Yenə deyirəm ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak edən adamamsa, ilk növbədə özüm hesabatlı və şəffaf olmalıyam. İlk 6 ayı Vaşinqtonda qalmışam və həmin dövrdə proqram Konqres tərəfindən maliyyələşib. Əsas məqsəd də o olub ki, məni həm Konqresdə, həm Dövlət Departamentində, Obama Administrasiyasında qarşılayıblar. ABŞ-ın iki aparıcı İnstitutu var ki, siyasi partiyaların, Vaşinqtonun mərkəzində qərargahı yerləşir – Respublikaçılar İnstitutu və Milli Demokratiya İnstitutu. Vaşinqton dünyanın mərkəzidir və siyasi mərkəzdir. Orada böyük tədqiqat, analitik mərkəzlər var – Karnegin Fondundan tutmuş Corc Hopkins institutuna (Johns Hopkins University) qədər hər birində mənim görüşlərim təşkil olunub. Qərar qəbul edənlərlə görüşlərim dövlət orqanlarında, tədqiqat mərkəzlərində olub.

 

«…bu məsələdə hakimiyyətlə həmrəy olacam»

 

– Görünür, görüşləriniz yüksək səviyyədə keçirilib.

– Mən gözlədiyimdən də yüksək səviyyədə təşkil olunmuşdu. Bunun da yeganə səbəbkarı mən deyildim. Orada bir ciddi səbəb də Azərbaycan idi. Son bir ildə Azərbaycan məsələsi beynəlxalq müzakirələrin gündəmində çox olub. Yəni beynəlxalq səviyyədə…. Mətbuatı siz izləyirsiniz. «Washington Post» demək olar ki, həftədə bir dəfə Azərbaycandan yazırdı. «New-York Times» yazırdı. İndi o yazılar bir qədər səngiyib, indi «Finansial Times» yazır, çünki iqtisadiyyat önə çıxdığı üçün Azərbaycandakı iqtisadi vəziyyətə daha çox diqqət yetirirlər. O zaman da Azərbaycan məsələsi gündəlikdə idi və mən gedib görüşürdüm, ölkəmi təmsil edirdim. Milli və dövlətçilik maraqlarını da hər zaman üstün tutmuşam. Mən indi Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün İdarə Heyətində təmsil olunuram. Biz iyun ayında Polşada yığışırıq, oktyabr ayında isə Astanada yığışacağıq. Elə həmin vaxt da Ermənistanın təşkilata üzvlük məsələsinə baxacağıq. Orada Azərbaycan dövlətinin mövqeyi ilə mənim mövqeyim arasında heç bir fərq ola bilməz. Çünki Ermənistanın bu prosesdə üzvlük məsələsində biz öz şərtlərimizlə işğal olunmuş ərazilərdə bu institutlardan istifadəni məhdudlaşdırmağa gətirən şərtlərlə çıxış edəcəyik və çalışacağıq ki, bu prosesi əngəlləyək. Bu, mənim bir vətəndaş olaraq borcumdur. Çünki bu eyni zamanda mənim  dövlətimin də məsələsidir və bu məsələdə hakimiyyətlə həmrəy olacam. Elə məsələlər var ki, təbii olaraq mən onları bölüşürəm, ancaq elə məsələlər də var ki, bölüşmürəm. Məsələn, ölkədə bir yerdə çalışdığımız vətəndaş cəmiyyəti nümayəndələri var ki, heç bir əsas olmadan, qanunsuz olaraq həbsə atılıblar, indi də onların arasında Xədicə İsmayıl, İlqar Məmmədov, İlkin Rüstəmzadə, Seymur Həzi kimi adamlar var. Hazırda bizim Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün iki üzvü həbsdədir – Fuad Qəhrəmanlı və Asif Yusifli. Bu, artıq bir faktdır və hamı da bilir ki, bu adamların həbsi haqsız yerədir və onların həbsxanada çəkdiyi əziyyətlər, onlara təzyiq və basqının nəticəsindədir. O baxımdan, bu məsələlər orada da müzakirə olunub, biz də mövqeyimizi açıqlamışıq. İkitərəfli görüşlərimiz, qrup görüşlərimiz, geniş müzakirələrimiz olub ki, onların hər biri haqqında mən məlumatları paylaşmışam. Heç vaxt da gizlətməmişəm. Amma bundan sui-istifadə edənlər tapıldı. Bütün bunlar da mən Azərbaycandan gedəndən sonra baş verib. Yazdılar ki, «Azərbaycanda hakimiyyət çevrilişi olacaq və ABŞ Qubad İbadoğlunu hakimiyyətə hazırlayır. O, parlament seçkiləri ərəfəsində Azərbaycana qayıdacaq və Azərbaycanda bu planı reallaşdıracaq…» Biz Azərbaycanda təbii ki, sabitliyin, təhlükəsizliyin, Azərbaycanda demokratik İnstitutların bərqərar olmasının və açıq bir cəmiyyətin qurulmasının, əhalinin rifah halının düzəlməsinin tərəfdarıyıq. Bunun üçün bundan sonra da mübarizə aparacağıq. İşimiz də o yöndə davam edir.

 

ABŞ hakimiyyətə kimi hazırlayır?

 

– Mən bu məqama toxunacaqdım bir qədər sonra. Amma söhbəti özünüz açdığınız üçün bu sualı verirəm. ABŞ-ın sizi Azərbaycanda hakimiyyətə hazırlaması məsələsini təkzib edirsiniz?

– Bilirsinizmi, ABŞ bayaq qeyd elədiyim kimi Azərbaycanda demokratiyanın təmin olunmasında maraqlıdır və məni Azərbaycan hakimiyyətinə heç bir qüvvə hazırlaya bilməz. Çünki ən azı buna mən özüm imkan vermərəm. Ona görə ki, ilk növbədə mən burada Azərbaycan xalqının iradəsilə hakimiyyətin formalaşmasının tərəfindəyəm. Mən dəfələrlə demişəm ki, xalq kimə etimad göstərəcəksə, kim azad və ədalətli seçkilərdə qalib olacaqsa, mən o komandada çalışmağa hazıram və bu baxımdan mən nə ABŞ-ın, nə Rusiyanın, nə İranın, nə də başqa birinin bu istiqamətlərdə təşəbbüslərini – əgər varsa – təqdir eləmirəm.  Amma mən  belə bir istək də görməmişəm ki, ABŞ hakimiyyətə kimisə hazırlasın. Rusiya, ola bilər ki, İranın münasibətləri fərqlidir. Rusiyadakı, İrandakı rejim Azərbaycandakı rejimə oxşar bir rejim ilə idarə olunur. Ola bilsin, onların marağında var Azərbaycanda hakimiyyət dəyişikliyi. Ancaq Amerikada olan maraqlar Azərbaycanın yerləşdiyi regionda təhlükəsizlik, enerji və eyni zamanda insan haqları və demokratiya maraqlarıdır. Bu baxımdan, mənim üçün ən vacibi Azərbaycan xalqının iradəsidir, Azərbaycan vətəndaşının səsidir. Yəni bu, kimə məxsus olacaqsa, kim bu hüququ azad və ədalətli seçkidə qazanacaqsa, hesab edirəm ki, həmin namizəd də Azərbaycani idarə eləməlidir. Mənim özüm də əgər bilsəm ki, kimisə bu istiqamətdə hazırlayırlar, təbii olaraq onun əleyhinə çıxış edərəm. Çünki burada ilk növbədə Azərbaycan xalqının təmsilçisi olmaq lazımdır, hansısa bir dünya qüvvələrinin yox…

 

«Mən ilk növbədə iqtisadçıyam»

 

– Sizin bu beynəlxalq məsələlərlə bağlı görüləcək işləriniz çoxdur, amma eyni zamanda bir Azərbaycan Demokratik Rifah Hərəkatı (ADR) da var. Burada işlərinizi necə tarazlayacaqsınız? Çünki bu, həm də daxili siyasətdir. Söz-söhbətlər də ona görə yaranır ki, Müsavat Partiyasından getməyiniz və yenidən siyasi təşkilatlanmağınızın arxasında yəqin ki, planlaşdırdığınız məqsədləriniz var. Bunları necə nizamlayacaqsınız?

– Əvəz bəy, mən ilk növbədə iqtisadçıyam. İqtisadçı olaraq da dəfələrlə dəyərləndirmişəm. Yalnız nəzəri tədqiqatlarıma görə deyil, həm də praktik fəaliyyətimə görə… Tədqiqatlarım dünyanın demək olar ki, 15-dən çox ölkəsində dərc olunub. Praktiki olaraq mən Qırğızıstanda, Qazaxıstanda, Tacikistanda hökumətlərlə işləmişəm. Orada da Qırğızıstan istisna olmaqla, iqtisadi islahatlar Azərbaycandan fərqlənməyib. Amma onlar mütəxəssisə, ekspertə daha çox dəyər verirlər. Qırğızıstanda fəaliyyət göstərəndə mən gördüm ki, o ölkədə demokratiya olmayınca, bizim kimi mütəxəssislərin də dəyəri yoxdur. Ola bilər ki, sən dünya şöhrətli mütəxəssis olarsan, Nobel mükafatı alarsan, bu ölkədə sənin təsir edəcəyin bir şey olmayacaq. Çünki sənin nəyəsə təsir etməyin üçün, sənin bu proseslərə, müzakirələrə cəlb olunmağın lazımdır. Sən bu prosesdə iştirak etməsən də heç olmasa, irəli sürdüyün tövsiyələrin reallaşdırılmasına ehtiyac var. Amma mən o zaman da gördüm ki, ekspert kimi daha çox Qırğızıstanda iş görürəm, nəinki Qazaxıstanda… Daha çox Qazaxıstanda iş görürəm, nəinki Azərbaycanda… Yəni müqayisəli götürürəm… Mənim fəaliyyətimin də bir hissəsi Azərbaycanda demokratiyanın bərqərar olmasına yönəlib. Ona görə də Müsavat Partiyasına gəlmişəm, bu partiyanı seçmişəm, ömrümün 19 ilini də Müsavat Partiyasında keçirmişəm. Mən Müsavat Partiyasına gələndə, elmdə bir mərhələni başa vurub gəlmişdim – artıq aspiranturanı bitirəndən, elmi işimi müdafiə edəndən sonra gəldim ki, bir mərhələ elmdə başa çatdı. Və bundan sonra siyasi fəaliyyətim elmi fəaliyyətimə az problem yaradacağını hesablayıb, hər iki fəaliyyətlə məşğul oldum ki, ölkəm inkişaf eləsin.

 

«Yaşadığım kənd hələ də işğal altındadır – onun azad edilməsi üçün görülən tədbirlər məni qane eləmir»

 

Eyni zamanda əsas məqsədlərimdən biri də Qarabağ məsələsi idi və mən hesab edirəm ki, Qarabağın azad olunması da Azərbaycanın demokratikləşməsindən keçir. Bu baxımdan da siyasi proseslərdə iştirakımı məqsədəuyğun hesab eləmişəm və ən azı yaşadığım kənd hələ də işğal altındadır. Onun azad edilməsi üçün görülən tədbirlər məni qane eləmir. İndiki halda ADR də bizim bu məqsədlərimizi reallaşdırmaq üçün bir vasitədir. Yəni biz istəyirik ki, Azərbaycanda Qarabağın qaytarılmasına, ölkənin ərazi bütövlüyünün təmin olunmasına töhfə verə bilək. Biz istəyirik ki, Azərbaycanın ümumiyyətlə şərəf tarixində yerimiz və rolumuz olsun. Çünki çox mürəkkəb bir dövr yaşayırıq və Azərbaycanda demokratiyanın və açıq cəmiyyətin formalaşması üçün bizim də müəyyən töhfələrimiz olsun. Biz, eyni zamanda diləyirik ki, Azərbaycanın iqtisadi potensialı nə qədərdir, Azərbaycan cəmiyyəti necə yaşamağa layiqdir. O yaşayış hüququnu təmin eləmək üçün ölkədə fərqli bir cəmiyyətin formalaşmasında iştirak eləyək.

 

«…artıq o səhifəni bağlamışam»

 

– Qubad bəy, Müsavat Partiyasına qayıdış məsələsi nə vaxtsa, mümkün ola bilərmi? Yoxsa o mövzu, o dövrə qapandı?

– Bilirsinizmi, buna uyğun yaxşı bir aforizm var ki, «gedənin dalınca baxanda, gələni görmək olmur…»  Mən artıq o səhifəni bağlamışam və yeni bir səhifə açmışam.

 

– İsa Qəmbərlə görüşləriniz, söhbətləriniz olurmu? Yoxsa bütün bunlar da dayanıb?

– Yox. Mən ümumiyyətlə insanlarla – bəlkə, siz də bunu müşahidə eləmisiniz – nə çox yaxında olmağı, nə də uzaqda durmağı sevməmişəm. Həmişə məsafəm olub. İsa Qəmbərlə də o qədər yaxın olmamışam ki, bu gün də o münasibətlərdən əziyyət çəkim ki, bizim bu qədər yaxınlıq, dostluq əlaqələrimiz var idi, sonradan bu istiqamətə dəyişdi. Yəni mən keçid dövründə də bu münasibətlərdən çətinliklə çıxım. Hesab edirəm ki, insanlara çox yaxın olanda adamı yandırır, çox da uzaq olanda dondurur. Ona görə də nə yaxın durmaq lazımdır ki, yandırsın, nə də uzaq durmaq lazımdır ki, dondursun. Həmişə mərkəzdə olmuşam. Proseslərin də mərkəzində olmuşam, amma heç kənarda olmamışam. Yəni bütün müzakirələrin içində olmuşam. O baxımdan da elə bir narahatçılığım yoxdur. Hesab edirəm ki, hərənin öz yolu var və onlara da öz yollarında, öz fəaliyyətlərində uğurlar arzulayıram. Ümumi işimizin əgər xeyrinə olacaqsa, təbii ki, mən bunu gələcəkdə dəstəkləyəcəm. Çünki cəmiyyətin problemlərinin hamısını biz Azərbaycan Demokratik Rifah Hərəkatı olaraq, həll etmək iddiasında da deyilik. Çünki ən azından buna bizim heç gücümüz də çatmaz. Ona görə də biz istəyirik ki, həqiqətən də gerçək olaq. Əgər kimlərsə, bizim də həll etmək istədiyimiz problemlərin həllində iştirak eləyirsə, hesab edirik ki, onlar da bu yolda uğurlara və müvəffəqiyyətlərə layiqdirlər.  Bu baxımdan da mənim üçün bu istiqamətdə nə qədər çox ayrı-ayrı təşkilatlardan qüvvələr olacaqsa, bunu daha düzgün yol hesab edirəm. Ona görə ki, Azərbaycanın indiki vəziyyəti də, ölkədəki siyasi institutların durumu da onu göstərir ki, bir qüvvə bütövlükdə bu problemlərin həllinin öhdəsindən gəlmək iqtidarında deyil.

 

«İsa Qəmbər səsini əvvəlcədən bəyan eləmişdi»

 

– İsa Qəmbər «Qaynar Qazan»a müsahibə verərkən maraqlı bir fikir səsləndirmişdi və demişdi ki, mən səsimi əvvəlcədən bəyan eləsəydim, heç ikinci tur söhbəti olmaya bilərdi… Ümumiyyətlə, o fikir cəmiyyətdə indi də var. Deyirlər ki, İsa Qəmbər o vaxt mövqeyini desəydi, Qubad İbadoğlu o qədər səs almaya bilərdi.

 

– Bir şeyi deyim ki, İsa Qəmbər səsini əvvəlcədən bəyan eləmişdi. Hamı da bilirdi ki, İsa Qəmbər Arif Hacılını dəstəkləyir. Açıq şəkildə bunu deməsə də, öz hərəkətləri, davranışları, özünün rəhbərlik elədiyi Qurultaya Hazırlıq Komitəsindəki qərarları ilə buna rəvac vermişdi. Təsəvvür edin ki, 2 gündən sonra qurultay keçiriləcək, Qazax rayonundakı konfransın nəticələrinin ləğvini müzakirəyə çıxarır. Mən də söz alıb deyirəm ki, İsa bəy, axı bu adamlar əziyyət çəkiblər, konfrans keçiriblər. Çünki rayonlarda bilirsiniz konfrans keçirmək üçün yer problemi, insanları toplama problemi var. Axı nə problem yaranıb ki, Qurultaya Hazırlıq Təşkilatı olaraq qərarı ləğv eləyək? İsa Qəmbərin mənə cavabı ondan ibarət oldu ki, «siz indi mənimlə 3 səsin davasını eləyirsiniz?» Onların 3 səsi var idi və onlar da bilirdilər ki, İsa Qəmbər də bilirdi ki, həmin o 3 səs mənim səsim idi. 3 də olmasa, 2 səs mənim səsim idi. İsa Qəmbər dedi ki, «siz indi mənimlə 3 səsin davasını eləyirsiniz?» Amma Arif Hacılı 3 səslə keçdi. Yəni 225 səs toplasaydı, ikinci tur olacaqdı, 228 səs topladı. Yəni orada çox proseslər gedirdi və hamısına da İsa Qəımbərin özü nəzarət edirdi. Təsəvvür edirsinizmi, Gəncə Təşkilatından üzv olan xanımların kimə səs verəcəklərini bildikləri üçün onları Samux təşkilatına transfer eləmişdilər və oradan da qurultay nümayəndəsi seçmişdilər. Yəni bütün bunlar təkzibolunmaz faktlardır. Amma mən yenə də dedim ki, mən geridə olanın dalınca baxmaq niyyətində deyiləm. Çünki onda gələcəyi görmək çətin olur.

 

– Amma Ədliyyə Nazirliyinə müraciət etmişdiniz… Niyə?

(Söhbətin 2-ci hissəsi)