vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MÜƏLLİF  
21:18 | 1 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 4708 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əxlaqımızın seksual sığınacağı»

İndi evdən deyil, gözdən pərdə asmağa başladıq...

Aqşin YENİSEY

Kamünün «Yad» romanının baş qəhrəmanı, anasının ölümünə, qadının sevgisinə, hətta öz ölüm hökmünə belə biganə qalan key Mersonun həbsxanada cinayətkarları edama hazırlayan keşişlə pərdəarxası söhbətinin bizim yazımızdakı pərdə mövzusuna heç bir dəxli yoxdur. Çünki sonra Şərq-Qərb mədəniyyətlərini çərşənbə yumurtaları sayaq toqquşdurub şərq yumurtalarının lax və sınıqlığını qədimliyin təntənəsi kimi qeyd eləyən həmşərilərimiz deməsinlər ki, qərblilər pərdəni, pərdələnməyi də bizdən oğurlayıb.

Dövlətlə vətəndaş arasında siyasi-ictimai, yazıçıyla oxucu arasında etik-estetik, şagirdlə müəllim arasında elmi-zorakı, kişiylə qadın arasında ailəvi-kütləvi pərdələrin olduğu sovet mədəniyyəti on beş qardaş ölkəyə - ataları  «soyuq müharibə»nin şaxtasına dözməyib qacıyan kimi hamısı bir-birinə düşmən oldular - belə diktə edirdi ki, insan yalnız qurşaqdanyuxarı hissədən ibarətdir, yəni yarımçıqdır, qurşaqdanaşağı hissəsi yoxdu. Guya, Marks özü Allah şahididir ki, insanı torpaqdan qaldırıb ikiayaqlı edən də insanın maddi və mənəvi istehsal vasitələrinin göbəkdən yuxarıda təmərküzləşməsi olmuşdur.

Bizim «pərdə» söhbəti Nuhun gəmi düzəltdiyi əyyamlara gedib çıxır. Doğmaların öz aralarında pərdə saxlaması ənənəsi, demək olar ki, xalqımızın bütün milli-mənəvi dəyərlərinin əcdadı, ayağıçarıqlı ulu babasıdır. O zamanlar ilk pərdələr Azərbaycanda kəndli-rəncbər ailələrində ata ilə oğul arasında çəkilirdi. Kasıblıq, vərəm-yesirlik ucbatından cibinin imkanı, qolunun heyi və ömrünün qısalığı birotaqlı daxma tikməyə güclə çatan kəndli atalar ilk övladlarını yeniyetmə yaşında vurhay evləndirərkən həmin uçuq otağı yeni qurulan ailə ilə yarı bölməli olurdular; toy günü arvadlar evin bir küncünü pərdə ilə ayırıb təzə bəy-gəlin üçün, bir növ, seksual sığınacaq düzəldirdilər. Pərdənin bir tərəfində atanın, o biri tərəfində isə təzə evlənmiş oğulun utancaq külfəti yerləşirdi. Yeni ailə ta özünə daxma tikənə qədər bu pərdənin arxasında gecələyir, doğub-törəyirdi. İstifadə müddəti çoxdan çıxmış, tarixin özündən də qoca olan Nikolaydanqalma əyalət qarıları danışırlar ki, o vaxtlar belə daxmalarda bəzən gəlinlə qayınananın doğuş sancısı birdən tuturdu və pərdənin bir üzündə qayınana, o biri üzündə gəlin doğurdu. Bəzən əmi ilə qardaşoğlu eyni gündə dünyaya gəlirdi. Amma ortada pərdə olduğu üçün hər iki ailənin üzvləri özlərini elə aparırdı ki, guya, elə belə də olmalıdır.

Ata ilə oğul arasında pərdənin olması məsələsi sonralar, kəndlilər artıq ikiotaqlı, üçotaqlı evlər tikməyə, yəni ata ilə oğulu pərdələr deyil, divarlar ayırmağa başlayandan sonra seksual sığınacaq əhəmiyyətini itirib, mənəvi, əxlaqi məna kəsb etməyə başladı və bu dəyər ailə-məişət darısqallığından çıxıb həyatın digər sferalarına da tətbiq olundu.

Pərdələr evlərdən çıxıb küçələşdi, ölkələşdi, siyasiləşdi, kütləviləşdi, amma pərdəarxası rüsvayçılıqlar rüsvayçılıq olaraq qaldı. İndi evdən deyil, gözdən pərdə asmağa başladıq; günəmuzd hakimiyyətlər xalqların, məişət «müqəddəsləri» evdar «inanclıların, eybəcərliklər gözəlliklərin gözündən gözəgörünməz pərdələr asdı.

Yazımızın əvvəlində «Yad» romanının baş qəhrəmanı, anasının ölümünə, qadın sevgisinə, hətta öz ölüm hökmünə belə biganə qalan key Mersonun həbsxanada cinayətkarları edama hazırlayan keşişlə pərdəarxası söhbətinin bizim yazımızdakı pərdə mövzusuna heç bir dəxli yoxdur yazmışdıq. Bizim yazımıza dəxli olan nüans şifahi ədəbiyyatımızdakı məşhur sevgi «seks-simvollarımızdan» birinin adının Yanıq Kərəm olmasıdır.

Kəsəsi, bizim müasir oxucular görməmişliyi ucbatından ədəbiyyatın sinəsini aça bilməyib ehtirasının gərginliyindən tüstülənən yanıq Kərəmlərdir. Onlar öz yazarlarını alfons kimi ovuclarında saxlamağa razıdılar ki, təki yazar qız-gəlinin qurşaqdanaşağı nahiyələrinə baş vurub orada gizlənmiş «həqiqəti» üzə çıxarsın. Düzdür, oxuculara alfonsluq edən yazarlarımız da bəzən özlərinin seks-simvol olduqlarını gözə soxmaq üçün əldəqayırma qadın obrazlarını yatağın yox, varağın üstündə alt-üst edirlər. İndi ədəbiyyatımız seksual sığınacağa çevirilib. Uzaqdan baxanda bu sığınacaqda daldalanmış yazarlarımızın təslim olmuş ayaqları, oxucularımızın isə tələsən tumançaq yanbızları görünür. (1937.az)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)