vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
PROBLEM  
16:41 | 15 yanvar 2017 | Bazar Məqaləyə 3040 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Artan avtobus qəzaları

20 qəpiyə oxşayan sərnişinlər, ildə 10-15 protokol

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün öncə Nərimanov rayonu, Ziya Bünyadov prospektində 20 saylı avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Avtobusun idarəetməni itirərək yolun kənarındakı hasara çırpılması 3 nəfərin - 23 yaşlı Qənirə Məmmədzadə, 26 yaşlı Aişə Rüstəmova və 66 yaşlı Xuraman Cabbarovanın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsinə səbəb oldu.

Son günlər avtobusların iştirakı ilə baş verən qəzaların sayı artıb. Yanvar ayı başlanandan, demək olar ki, hər iki gündən bir ictimai nəqliyyatda qəza hadisələrinin şahidi olmuşuq, ümumilikdə, 12 gün ərzində 6 avtobus qəzası qeydə alınıb. Hadisələrə 173 və 62 saylı marşrut avtobuslarının iki piyadanı vuraraq öldürməsi də daxildir. Əksər nəqliyyat hadisələri ölümsüz ötüşsə də, bu hallar ictimai nəqliyyatın təhlükəsiz vasitə olduğunu şübhə altına alır.

Bəzi ekspertlər avtobus qəzalarının tez-tez baş verməsinin səbəbini hələ də sürücülərin sərnişinlərə pul kimi baxmasında görürlər. İctimai nəqliyyatın işi düzgün qurulmadığından, bütün avtobuslarda hələ də sürücülər aylıq maaş sisteminə keçirilmədiyindən, onlar hər qabağına çıxan sərnişini götürmək üçün dayanacaqdan kənarda neçə dəfə desən dayanır, qrafikdən geri qalmamaq üçün mümkün qədər tez sürür, bütün qaydaları pozaraq qırmızı işıqda keçir, eyni xətdəki avtobusla ötüşməyə qədər istənilən qanunsuzluğa gedirlər. Ciddi nəzarət olmadığından, avtobusu idarə edərək telefonla danışır, çay içir, günəbaxan tumu çırtlayır, ən əsası da qanunla 8 saat işləməli olduğu halda, bəzən 16 saat işləyərək yola çıxıb həm özünün, həm də ona etibar olunan sərnişinlərin həyatını təhlükə altında qoyurlar.

Sahibkarlarla sürücülər arasında əmək müqaviləsinin bağlanmaması, vergidən yayınmaları, avtobusun texniki baxışdan, sürücünün tibbi müayinədən keçməməsi isə bir ayrı mövzudur. Bakının nisbətən kənar kənd və qəsəbələrində ictimai nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin isə ümumiyyətlə, sürücülük vəsiqəsi belə yoxdur.

 

«Ən çox qəzalar nağd ödəniş olan avtobuslarda olur»

 

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov ictimai nəqliyyatda baş verən yol qəzalarını daha çox subyektiv səbəblərlə bağlayır. Ekspertin sözlərinə görə, əksər hallarda avtobuslarda baş verən qəzalar nağd ödəniş sisteminin qaldığı marşrutlarda rast gəlinir.

«Bəzən avtobus qəzalarını yol infrastrukturu ilə də bağlayırlar. Əksər hallarda qəzalar subyektiv səbəblərlə bağlıdır. Gün ərzində 8-10 saatdan artıq avtobusu idarə edən sürücü yorğun olur və bu onun peşəkarlığına təsir edir. Nağd ödənişin olmadığı avtobuslar qayda pozuntularını törətməyə daha çox meylli olmurlar. «BakuBus» bu baxımdan müsbət presedentdir. Bütün şirkətlər bu formada işləmək istəyirlər», - deyə ekspert bildirir.

A.Allahverənov hesab edir ki, ictimai nəqliyyatda bu cür xoşagəlməz halların qarşısını almaq üçün ilk növbədə bu şərtlərə əməl olunmalıdır:

 

1. Nəqd ödəniş olmamalı, sürücü aylıq maaş almalıdır;

 

2. Avtobuslarda topoqraflar olmalıdır ki, qayda pozuntuları olarsa, qeydə alınsın;

 

3. Dövlət nəzarəti daha effektiv olmalıdır. İctimai nəqliyyata daha güclü vasitələrlə nəzarət olunmalıdır.

 

Ekspert hesab edir ki, «BakuBus» şirkəti yaranandan bir xeyli problemlər öz həllini tapıb. Lakin bütün problemlərin Agentliyin yaranması ilə dərhal həll olunmasını gözləmək düzgün deyil. 5 ilə yaxın idi ki, kart sisteminə keçməklə bağlı fikirlər olsa da, yalnız 2016-cı ildə vahid kart sisteminə keçildi. Çünki burada çoxlu şirkətlərin toqquşan maraqları var idi.

 

Hər avtobus sürücünə ildə 10-15 protokol tərtib olunur

 

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə belə qəzaların qarşısının alınması ilə bağlı yol polisinin lazımi tədbirlər həyata keçirdiyini bildirdi. Şöbə rəisinin virtualaz.org-a bildirdiyinə görə, avtobus qəzalarının qarşısının alınması üçün hər şeyi yol polisindən gözləmək düzgün deyil, ümumiyyətlə, sərnişin nəqliyyatı sisteminə nəzarət gücləndirilməlidir.

«Çünki yol polisi bütün nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edir. Avtobus qəzalarının qarşısının alınması məqsədilə sərnişindaşıma xidməti göstərən sahibkarlara nəzarət bir qədər gücləndirilməlidir. Müvafiq kateqoriya olmadan sükan arxasında oturan şəxslər, nəqliyyat vasitələri reysə çıxmazdan əvvəl onun texniki vəziyyətinə nəzarət, sürücülərin vaxtında müayinədən keçmə və s. təhlükəsizliyin təmin olunmasına bilavasitə kömək edir. Təəssüflər olsun ki, ayrı-ayrı şəxslər tərəfindən bu sahəyə nəzarətin zəif olması yollarda sərnişin daşıyan nəqliyyat vasitələrinin qəza törətməsinə səbəb olur. Bununla bağlı bizim tərəfimizdən inzibati tədbirlər görülür və nəticə olaraq sərnişin və yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol qəzalarının sayı azalıb», - deyə K.Əliyev qeyd edir.

Şöbə rəisi bir çox sərnişinlərin avtobus sürücülərinin törətdikləri qayda pozuntularına yol polisinin bəzən göz yumması ilə bağlı səslənən fikirlərinə də münasibət bildirdi. Onun sözlərinə görə, sərnişinlər tərəfindən göstərilən irad ilk baxışda düzgün görünsə də, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol verilən qayda pozuntuları zamanı avtobuslar əsasən sonuncu dayanacaqda saxlanılırlar. Yəni, il ərzində hər bir avtobus sürücüsünə ən azı 10-15 cərimə protokolu göndərilir: «Çünki qaydanı pozan avtobusu yerində saxlayıb cərimələmə, protokol yazma ən azı 60 dəqiqə vaxt aparır. İçərisində sərnişinlər olan avtobusu bu qədər saxlamaq mümkün deyil. Biz çox vaxt elektron protokol göndəririk, bu texniki vasitələrin köməyi ilə avtobusun məxsus olduğu şirkətə və ya fiziki şəxsə göndərilir. Avtobusda olan sərnişin isə bunu görmədiyindən onda belə bir fikir yaranır ki, avtobus sürücüləri cəzalandırılmırlar. Amma sərnişinlər narahat olmasınlar, bütün qanunu pozan avtobus sürücüləri məsuliyyətə cəlb olunur. Bakıda elə bir avtobus sürücüsü yoxdur ki, il ərzində ona 10-15 protokol tərtib olunmasın».

 

Qaydalar sərtləşdirilib, amma…

 

Qeyd edək ki, 2015-ci ilin son ayından ictimai nəqliyyatdan istifadə ilə bağlı qaydaların pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə məsuliyyətin sərtləşdirilməsi ilə bağlı dəyişikliklər qüvvəyə minib. Sərnişin avtobuslarının texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə şirkətlər 2000 manatdan 2500 manatadək, fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri isə 500 manatdan 800 manatadək miqdarda cərimə edilirlər. Əvvəllər isə bu cərimələr yalnız tibbi müayinənin təşkil edilməməsinə görə müvafiq olaraq 150-200 və 40-50 manat məbləğində olurdu.

Bundan əlavə, icazəsi olmadan avtobus sürən şəxslər birbaşa olaraq 15 gündən 1 ayadək müddətə inzibati həbs olunur. Əvvəllər isə buna görə sürücü sadəcə 100 manat cərimə olunurdu. Avtobusu idarə etmək hüququ olan şəxs tərəfindən onu sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edən şəxs isə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs olunur. Əvvəllər buna görə 300 manat cərimə və ya 6 aydan 1 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması tətbiq olunurdu.

Dəyişikliyə görə, avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər, yəni avtobusun rəsmi sürücüsü 200 manat miqdarında, vəzifəli şəxslər, yəni fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri 500 manat miqdarında, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir. Dəyişikliklər qüvvəyə minənədək buna görə cərimə müvafiq olaraq 60, 200 və 2000 manat idi.