“Müəlliməmlə sevişdim, sonra da ...”
Şeyx Əbdülün uşaqlıq xatirələri
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Klipmeykerlər nə edir?
Kimisi film çəkir, kimisi söyüş söyür...
-
Depardye İtaliyada dalaşdı
Aktyor restorandakıları suya qərq edib
-
«Vaxtımın çoxunu Azərbaycanda keçirirəm»
Fransız aktyor özünü çöl pişiyinə bənzədib
-
«Xoşbəxt ola bilmədim»
Mehriban Ələkbərzadə: «Amma üzdə olmamağımın səbəbi bu deyil»
-
Əsəb sanatoriyasından və zindandan keçən ömür yolu
«Mən qəhrəman deyiləm, qəhrəmanları oynamışam»
-
«Eşşəkdən yıxılan aktyor»
«Poeziya buketi, nəğmə çələngi»
-
..Səmimi, sadə, uşaq kimi kövrək və qayğıkeş...
Hacıbabasız səhnə boş görünür
-
“...Nəzarət mütləqdir”
Azərbaycanın xalq artistini evə yazdılar
-
“Müəllimə sual verdim, ağladı”
İlham Namiq Kamal: “Bizim bəlamızdan xəbəriniz yoxdur, universitetə balaca əmilər, xalalar gəlirlər”
-
Əməkdar incəsənət xadimi, tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyov uşaqlıq illərinin xatirələrini danışdıqca gözləri yaşarırdı. Görünür, keçmişin acılarını hələ də unuda bilməyib. Amma işıqlı xatirələri də az deyildi. Bu xatirələri ipə-sapa düzdükcə gözlərində olan parıltını heç cürə gizlədə bilməyən sevilən sənətkarımızı gəlin birlikdə dinləyək.
“Yəhudi mollası və canımdan çıxan cin”
“Doğulanda adımı Ömər qoyublar, amma körpə ikən keçirdiyim ağır xəstəlikdən sonra adımı dəyişməli olublar. Belə ki, nənəmgil məni yəhudi mollasına aparıblar, o da baxıb deyib ki, bu uşağın canında cin var. Mollanın məsləhəti ilə adımı dəyişib Əbdül Əhəd qoyublar. Sonralar sadəcə Əbdül deyə çağırıblar”.
Qəbir üstə bir il sərasər ağlayan uşaq…
“Uşaqlığım acı xatirələr içərisində keçib. Babamgil repressiya qurbanı olduğundan həbs olunub, dədəm məhrumiyyətlər içərisində yaşayıb. Mən indiki yaşımda atamdan 20 yaş böyüyəm, o dünyasını 50 yaşında dəyişdi. Çox ərköyün, idarəolunmaz uşaq olmuşam. Qardaşlar arasında sonbeşik olduğumdan nənəm məni xüsusilə çox istəyib. Nadinc, tərs, ərköyün olduğumdan qonum-qonşulara, qohum-əqrəbaya zülm edirdim. Atam dünyasını dəyişəndə həyatımın ən böyük acısını yaşadım. Demək olar ki, bir il sərasər atamın qəbri üstə gedib ağlayırdım”.
“Nazir kimi yeyib-içib kef eləmişəm”
"O dövr üçün təminatlı həyatım olub, kasıbçılıq hiss etdirməyiblər mənə. Elə sonralar da həmişə nazir kimi yeyib-içib kef eləmişəm. Heç kimin şortik, şalvar geyinmək imkanı olmayanda mən ən gözəl paltarları geyinib şellənirdim. Nənəmin hesabına, çünki o məni hədsiz çox əzizləyirdi".
“Məni komsomola keçirmədilər, çünki…”
“Bir acı xatirəni heç unuda bilmirəm. Məktəbdə yaşıdlarımı komsomola keçirirdilər, mənə də söz verdilər. Özü də komsomola keçirmək üçün bizi Ağstafaya apardılar. Sən demə, nənəm bilirmiş ki, məni komsomola keçirməyəcəklər, çünki babamgil qolçomaq idilər. Amma nənəm qəlbimin sınacağından ehtiyat etdiyi üçün bunu məndən gizlədib. Həmin gün cibimə üç manat pul da basdı və məni uşaqlarla birgə avtobusa mindirib Ağstafaya yola saldı. Orda hamını çağırdılar və komsomola keçirdilər. Mənə çatanda dedilər ki, səni başqa vaxt keçirəcəyik. Çox sındım və bu hadisəni hələ də unuda bilmirəm. Bu sarsıntının nəticəsi olaraq heç vaxt partiyanın üzvü olmadım”.
“Mərkəzi Komitə icazə verəndən sonra…”
“Amma sonradan tale elə gətirdi ki, o komsomol bileti mənə qismət oldu. “Yeddi oğul istərəm” filminə çəkilirdik. Orda bizə komsomol biletləri payladılar, filmdən yadınızda olar, üstü qan ləkəli biletlər… Sonradan rejissor Tofiq Tağızadə belə təklif irəli sürdü ki, o biletlər yadigar olaraq aktyorlara bağışlansın. Bunun üçün Mərkəzi Komitədən icazə aldılar, qərar çıxarıldı, sonra biletlər bizə hədiyyə olundu. Deməli, qismətimdə varmış”.
Nənənin prokuror arzusu...
“Nənəmin ən böyük arzusu məni prokuror görmək idi. Ona elə gəlirdi ki, prokuror olsam, bütün əziyyətlərdən qurtarmış olarıq, bizi heç kim tutmaz. Nənəmin hər qara maşın gələndə nə qədər həyəcan keçirməsi indi də mənə əzab verir. Amma nənəmin arzusunu yerinə yetirə bilmədim. Fantanlar bağının yanından keçəndə gördüm ki, iki-üç nəfər şeir oxuyur. Yaxınlaşdım, dedilər ki, Teatr institutuna hazırlaşırıq. Mən də onlara qoşulub sənədlərimi verdim və aktyor fakultəsinə qəbul olundum. Amma bunu nənəmdən gizlin saxladım. Dövlət televiziyasında təsadüfən oynadığım tamaşada məni nənəm gördü və yalanımın üstü açıldı. Amma pis olmadı və dedi ki, eybi yoxdur, elə aktyorluq da gözəl sənətdir”.
Toz-torpaq içində seyr olunan filmlər
“Kəndimizə o vaxt kino gətirib göstərirdilər. Biz də tozun-torpağın içində uzanıb, filmləri seyr edirdik. O vaxtdan məndə kinoya maraq yarandı. Sonralar bir neçə filmin kütləvi səhnələrində və epizodlarında çəkildim. Yadımdadır ki, Əjdər İbrahimovun bir filmi vardı, orda relslərin arasından qaçıb bizə atılan konfetləri yığmalı idik. Ac-yalın uşaqlar vaqonlardan atılan o konfetləri elə acgözlüklə dənləyirdik ki… Aktyorluq qabiliyyətim onda üzə çıxdı”.
“Məktəbin bütün qızları dərdimdən dəli-divanə idi”
“Yeniyetmə vaxtlarımda çox yaraşıqlı oğlan idim, uzun sarışın saçlarım vardı. Məktəbin bütün qızları dərdimdən dəli-divanə idi. Nə qədər sevgi məktubları alırdım. Elə ali məktəbdə oxuyan vaxtlarımda da qadınların sevimlisi idim. Çoxlu eşq macəraları yaşamışam”.
“İngilis dili müəlliməsi ilə yaşanan eşq…”
"İkinci kursda oxuyanda ingilis dili müəlliməmin məndən xoşu gəlirdi. Onunla böyük bir roman yaşadım. Bir gün məni “Bir məhəlləli iki oğlan” filminə çəkirdilər, buna görə də saçlarımı qırxdılar. Dərsə gələndə müəlliməm qəzəblə “bu nə gündür özünü salmısan, hanı saçların” deyib üstümə qışqırdı. Mən də cavabını verdim və dedim ki, yaradıcı insanam, kinoya çəkilirəm, səndən gəlib icazə alası deyildim ki saçımı kəsdirim, ya yox”.
“O qadına görə çox gec evləndim-34 yaşımda”
“Kinostudiyada işlədiyim vaxtlarda da sevgi macəralarım çox oldu. Məşhur bir aktrisa ilə sevgi münasibətlərim oldu. 17 yaşımdan ta 34 yaşıma qədər onunla sevişdik. Kinostudiyanın direktoru Ədil İsgəndərov məni otağına çağırıb hirsləndi ki, bu nədir, Kinostudiyaya kürəkənlik edirsən? O qadına görə çox gec evləndim-34 yaşımda”.
“Qızı aldadıb ZAKSA apardıq”
“Evlənməyimin də səbəbkarı oldu. Kinostudiyada gənclərə ev verilirdi. Ədil müəllim mənə dedi ki, evlənməsən sənə ev verilməyəcək. Tələsik Fərman Kərimzadə, Həsən Turabov və digər dostlarımla yığışıb yaradıcılıq studiyasında dərs dediyim bir qızı ZAKSA apardıq. Orda müdirə qızı digər otağa çağırıb nəsə soruşdu. Sən demə qıza deyibmiş ki, bu aktyor tayfasına etibar yoxdur, onlar səni aldadıb bura gətiriblər. Qız da deyib ki, nə danışırsınız, Əbdüldə çoxdan gözüm var idi, göydə arzulayırdım, yerdə arzum baş tutdu. Beləcə nikahımızı kəsdirdik və ev aldıq”.