vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
19:45 | 10 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2786 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müharibə riski azalmayıb

Vaşinqton Cənubi Qafqazı və Azərbaycanı unudub?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin ilk günlərində Qərbin, Rusiyanın və Ermənistanın qorxduğu baş vermədi. Cəbhə bölgəsindəki vəziyyət ötənilki ilə müqayisədə nisbətən sakitdir, doğrudur atəşkəs yenə də pozulur, ancaq 2016-cı ildəki döyüşlər qeydə alınmadı. İkinci qorxu ondan ibarət idi ki, Ermənistanda 2 apreldə keçən parlament seçkisi zamanı Azərbaycan ordusu hücuma keçə bilər. Bu da baş vermədi. Çünki, Ermənistandakı seçki günü hücum əməliyyatı Azərbaycanın da maraqlarına cavab vermirdi. Bu halda beynəlxalq aləm Azərbaycanın bu hücumla Ermənistandakı seçkini pozmaqda ittiham edə bilərdi.

Fransa Xarici İşlər Nazirliyi aprel döyüşlərinin bir illiyi ilə bağlı xüsusi bəyanat yaydı. Bəyanatda 2016-cı ilin aprel ayının 2-dən 5-dək Dağlıq Qarabağda baş vermiş və regionun əhalisini matəmə bürümüş hərbi əməliyyatlar xatırladılaraq bunlar yazılırdı: «Minsk Qrupunun həmsədri kimi Fransa Rusiya və ABŞ-la birgə döyüşlərin dayandırılması və Ermənistan ilə Azərbaycan arasında danışıqların yenidən bərpası üçün səfərbər olublar. Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağın hazırkı statusu qəbuledilməzdir və münaqişənin hərbi yolla həlli yoxdur». Bəyanatda tərəflər 2016-cı il mayın 16-da Vyanada və 2016-cı il iyunun 20-də Sankt-Peterburqda götürülmüş öhdəliklərə, yəni, atəşkəs rejiminə hörmət, etimad tədbirlərinin həyata keçirilməsinə və danışıqların bərpası ilə bağlı razılaşmalara hörmət etməyə çağırılır.

Aprel döyüşləri ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin də bəyanatı yayıldı. Bu bəyanatda da deyilirdi ki, ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədində qoşunların təmas xəttində aprel eskalasiyasından sonra vəziyyətin stabilləşməsi üçün aktiv səylər göstərilir. Bəyanat bu cümlə ilə bitirdi: «Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, dayanıqlı nizamlanmaya istiqamətlənən dialoqu bərpa edəcəklər».

Fransa və Rusiyadan fərqli olaraq Minsk Qrupunun üçüncü həmsədri – Amerika Birləşmiş Ştatları aprel hadisələri ilə bağlı xüsusi açıqlama yaymadı. Görünür, Dövlət Departamenti belə bəyanata ehtiyac duymayıb. Buna baxmayaraq, Dövlət Departamentinin mövqeyi Rusiya və Fransa Xarici İşlər Nazirliklərinin mövqeyi ilə üst-üstə düşür.

Dövlət Departamentinin bəyanat yaymaması o demək deyil ki, Vaşinqton Cənubi Qafqazı və Azərbaycanı unudub. Yüksək rütbəli amerikalı diplomatlardan biri «Atlas» Araşdırmalar Mərkəzinin təmsilçisi ilə söhbətdə bunları vurğulayıb: «Ağ Evdə yeni administrasiya formalaşır, xarici siyasətin konturları müəyənləşdirilir. Ancaq bu faktorlar ABŞ-ın Azərbaycandakı fəaliyyətinə təsir etməyib. Səfirlik əvvəlki kimi Azərbaycanın dövlət strukturları ilə sıx əməkdaşlıq edir. Dövlət Departamentindən verilən tapşırıq da belədir ki, ABŞ-Azərbaycan münasibətləri ən yüksək səviyyədə olmalıdır. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Vaşinqton üçün prioritet məsələlərdən biridir».

Amerikalı diplomatın sözlərinə qüvvət olaraq bu ölkənin Minsk Qrupundakı yeni həmsədri Riçard Hoqlandın bölgəyə son səfəri zamanı verdiyi açıqlamanı da xatırlamaq olar. Riçard Hoqland dedi ki, münaqişənin həlli üzərində işləyirlər və həmin plan 3 əsas maddədən ibarətdir. Böyük ehtimalla həmin maddələr bunlardır: Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılması, azərbaycanlı məcburi köçkünlərin həmin 5 rayona geri qayıdışının təmin olunması və statusu müəyyənləşdirən referendum tarixinin dəqiqləşdirilməsi. Sonuncu prinsip Azərbaycan üçün ziddir. Buna baxmayaraq, amerikalı diplomat bu 3 maddəni xatırlatmaqla Vaşinqtonun da münaqişənin həlli üzərində çalışdığına işarə etdi.

Əlbəttə, görüntü belədir ki, Fransa, Rusiya, ABŞ nə isə etməyə çalışırlar, açıqlama verirlər, diplomatları bölgəyə intensiv səfərlər edirlər. Ancaq bütün bunlar o deməkdirmi ki, aprel ayı və gələcək aylar sakit keçəcək, cəbhə bölgəsində toqquşmalar baş verməyəcək?

Müharibə təhlükəsi ortadan qaldırılmayıb. Ermənistandakı 2 aprel parlament seçkisinin nəticələri Azərbaycan cəmiyyətini və siyasi dairələrini məyus etdi. Ermənistanda sülhə çağırış edənlər, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacib olduğunu söyləyənlər parlamentdən kənarda qaldılar. Parlament hakim partiyanın və onun müttəfiqlərinin nəzarətində qaldı. Həmin qüvvələr isə Dağlıq Qarabağda status-kvonun davamında maraqlıdırlar. Bu qüvvələr Dağlıq Qarabağ ətrafındakı rayonları statusa dəyişmək istəyirlər. Bu isə açıq-aşkar şantajdır və Azərbaycan heç zaman bu «prinsiplə» razılaşmayacaq. Belə olan halda müharibə riskinin azaldığını vurğulamaq mümkün deyil.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)