vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
17:07 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2277 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda aqrar inqilab

Bu layihə Bakı ətrafında iqtisadi mənzərəni dəyişdirəcək...

MÖVZU İLƏ ƏLAQƏLİ

İki il əvvəl neftin qiymətinin aşağı düşməsi və neft gəlirlərinin azalması Azərbaycanda da qeyri-neft iqtisadiyyatına keçid prosesini sürətləndirdi.

Prezident İlham Əliyev də yeni iqtisadi modelin prioritetlərini müəyyən edərkən məhz bu istiqaməti seçdi. Və ölkədə iqtisadi inkişafın ləngimədən qeyri-neft relsləri üzərinə keçirilməsi prosesi başladı. Azərbaycanda postneft dövrü iqtisadiyyatının qurulmasının əsas istiqamətlərindən olan turizmlə yanaşı, aqrar sektorun da inkişafı, ixrac imkanlarının sürətlə genişləndirilməsi prioriteti müəyyən edildi. Çünki qeyri-neft sektorunun digər sahələrində dünya bazarlarında rəqabətə davam gətirə biləcək məhsulların istehsalına nail olmaq daha uzunmüddətli məsələdir.

Aqrar sektor isə elədir ki, Azərbaycanın bu sahədəki potensialı sayəsində daha tez, effektiv nəticələr əldə etmək mümkündür. Və bu sahənin inkişafı iqtisadiyyatın digər sektorlarında, xüsusən tikintidə böhran nəticəsində ixtisar edilmiş iş yerlərinin sürətlə bərpa edilməsinə, əlavə iş yerlərinin yaradılmasına imkan verir.

Qeyd edək ki, Azərbaycanın yerləşdiyi coğrafi ərazi, əlverişli iqlim şəraiti aqrar sənayənin inkişafı üçün mühüm amillərdəndir. Və əlbəttə ki, dövlətin də xüsusi dəstəyilə artıq ölkədə pambıqçılıq yenidən dirçəlir, valyuta gətirən digər sahələr-fındıq, tütün, barama və s. istehsalı genişləndirilir, hər bir sahə üzrə xüsusi proqramlar müəyyən edilir. Ölkənin hər yerində iri aqroklasterlər yaradılır, nəhəng istixana kompleksləri, heyvandarlıq kompleksləri qurulur. Məhsul ixracı bəzi hallarda dəfələrlə artıb, «Made in Azerbaijan» brendi altında Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması genişlənib.

Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində islahatların başlamasından bu yana qeyri-neft sektorunda, o cümlədən aqrar sahədə hansı nailiyyətlərin əldə olunduğunu rəqəmlərlə sadaladı.

 

Qaldırıcı kran və betonqarışdıranlardan pomidor şitilinə keçid?

 

Məlum olduğu kimi neft gəlirlərinin kəskin azalmasının təsiri ilk növbədə özünü tikinti sektorunda göstərdi. Bir sıra kiçik və orta şirkətlər bu sektoru tərk etdi, iri oyunçular isə ancaq sərt rəqabət şəraitində xarici tenderlərə girib sifarişlər almaqla və investisiya portfellərini şaxələndirməklə böhrana tab gətirə bilərdilər.

Və bu günlərdə Bakının Hövsan qəsəbəsi ərazisində tikilməkdə olan nəhəng istixana komplekslərini görəndə və inşaat meydançasında Azərbaycanın ən iri tikinti şirkətlərindən birinin - «AS Group»un loqosu ilə rastlaşanda təəcüblənmədik. Uzun illər Azərbaycanın inşaat sektorunda aparıcı mövqelərdən birinə malik olan bu şirkət deyəsən iqtisadiyyatın üzləşdiyi çağırışları və yeni inkişaf prioritetlərini düzgün qiymətləndirib. Developer investisiya portfelini postneft iqtisadiyyatı dövrünün tələblərini nəzərə alaraq şaxələndirib və aqrar sektora yatırım qoymağı, bu sahədə nəhəng layihə həyata keçirməyi qərara alıb.

Tikinti kranlarından və betonqarışdıran maşınlardan birbaşa aqrar sektora, bitki əkib-becərməyə keçid əlbəttə, bir qədər qeyri-adi görünə bilər. Lakin ölkə iqtisadiyyatının şaxələndirilməsi iri biznesin də buna uyğunlaşmasını tələb edir. Layihə isə doğrudan da nəhəngdir və şirkətin planlarına nəzər salanda bu layihənin Abşeron yarımadasında iqtisadi mənzərəni xeyli dəyişəcəyini bəri başdan görmək olar. («AS Group» aqrar sahədə bu irimiqyaslı layihəni həyata keçirmək üçün «AS Agro Co.» MMC adlı yeni şirkət təsis edib).

 

300 hektarlıq ərazidə nələr yaradılacaq

 

2016-cı ildə startı verilən «Abşeron AqroPark» adlı layihə Hövsan ərazisində təxminən 300 hektarlıq sahəni əhatə edəcək. Layihənin yaradılması üçün ərazidə nəhəng infrastruktur işləri həyata keçirilib. 1-ci fazada istixana komplekslərinin, «Logistika mərkəzi»nin yaradılması nəzərdə tutulur. İstixana kompleksləri təxminən 120 hektar ərazini tutacaq. Layihənin 2-ci fazasında isə 24 hektarlıq ərazidə funksional obyektlərin-anbar, emal və qablaşdırma, çeşidləmə və daşınma üçün müəssisələrin və s. yaradılması planlaşdırılıb. Həmin obyektlər həm kompleksin daxilində, həm də ətraf kənd və qəsəbələrdə yerləşən istixanalara xidmət göstərəcək.

Şirkətin verdiyi məlumata görə «Abşeron AqroPark» kompleksi innovativ layihədir, müasir texnologiyaların tətbiqi ilə həyata keçiriləcək. Burada kənd təsərrüfatı məhsullarının yetişdirilməsindən başlamış hazır məhsulun emalı, qablaşdırılması, markalanması və xarici bazarlara ixracına qədər bütöv «zəncirin» yaradılması planlaşdırılıb. Şirkət qablaşdırma və çeşidləmə mərkəzi üçün lazımi texniki avadanlıqları artıq alıb. O cümlədən, soyuducu anbarlar, saxlanma depoları, məhsulların daşınması üçün logistik mərkəzin yaradılması, bu mərkəzin tərkibinə daxil olan soyutma kameralarının və soyuducu yük maşınlarının alınması da layihədə nəzərdə tutulur.

 

Minlərlə daimi iş yeri, iqtisadi mənzərənin dəyişməsi

 

Hesablamalara görə layihənin həyata keçirilməsi nəticəsində kompleksdə minlərlə daimi iş yeri açılacaq, kiçik və orta sahibkarlığın inkişafında ciddi dönüş yaranacaq və Abşeron yarımadasında sosial rifahın yüksəlməsinə bu layihə öz töhfəsini verəcək. Hazırda layihə başlanğıc mərhələsindədir. Artıq 5 hektarlıq ərazidə istixana kompleksləri yaradılıb, bu ilin martında pomidor istixanalarından ilk məhsul əldə edilib. Torpaqsız şəraitdə qurulan, damcılı suvarma və gübrələmə sistemi ilə təchiz edilən tam avtomatlaşdırılmış istixanalarda ştil, yüksək sortlu pomidor və çiyələk, gələcəkdə isə bibərin yetişdilirməsi nəzərdə tutulub.

Daha 5 hektarlıq ərazidə isə hazırda istixanaların salınması davam edir, polikarbonat tipli istixanalar quraşdırılır. Onların tikintisində istifadə edilən materiallar Hollandiya, Türkiyə, İsrail və İtaliyadan gətirilir. İstixanalarda hər hektardan 270 ton pomidor əldə etmək nəzərdə tutulub.

 

Xarici investorlar üçün çox cəlbedici layihə

 

«AS Group» şirkətindən bildirirlər ki, layihənin həyata keçirilməsi hələlik özəl investisiyalar hesabınadır. Lakin bir sıra xarici investorlar da artıq layihəyə maraq göstəriblər və kompleksin yaradılmasına birbaşa xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Çünki «Abşeron AqroPark» xarici investorlar üçün cəlbedici layihədir.

Layihə çərçivəsində salınan ilk istixanalardan yığılan yüksək sortlu pomidor məhsulu hələlik Rusiya bazarına ixrac olunur. «Abşeron AqroPark» kimi nəhəng layihəyə investisiya qoyarkən daha uzunmüddətli perspektivləri nəzərə almaq və yeni bazarlara çıxmaq üçün strategiyaya malik olmaq lazım gəlir. Bu səbəbdən də artıq ərzaq təhlükəsizliyi ilə bağlı beynəlxalq sertifikatları əldə edən şirkət, məhsullarını həm yerli, həm də bazara çıxarmaq, həm də Avropa və körfəz ölkələrinə ixrac etməyi planlaşdırır.

 

Daha nələr olacaq...

 

Layihənin daha bir maraqlı tərəfi budur ki, «Abşeron AqroPark»da müxtəlif yeni bitkilərin yaradılması üçün «Şitillik» ərazisinin qurulması, həmçinin, kənd təsərrüfatında istifadə olunan müxtəlif dərman və gübrələrin satışı üçün «Agro Aptek»in yaradılması da nəzərdə tutulub.

Və daha bir maraqlı detal-layihəni işləyib hazırlayarkən onun kənar enerji mənbələrindən asılılığını aradan qaldırmaq və kompleksin fasiləsiz işini təmin etmək üçün Enerji istehsalı Zavodunun qurulmasını da nəzərdə tutublar. Bundan başqa layihə çərçivəsində Elmi araşdırmalar Mərkəzinin, işçilərin kənd-təsərrüfatı sahəsində ixtisas artımı üçün «Agro Məktəb»-in yaradılması da planlaşdırılıb.

Beləliklə, bütün parametrlərinə görə bu, Azərbaycanda aqrar sahədə reallaşacaq ən innovativ və irimiqyaslı layihələrdən biridir. Və bu layihənin həyata keçirilməsi Azərbaycanda prezident İlham Əliyevin aqrar sahəni prioritet götürməklə qeyri-neft iqtisadiyyatına keçid strategiyasının reallaşmasına şübhəsiz ki, öz güclü töhfəsini verəcək.