vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ANALİZ  
15:24 | 28 noyabr 2018 | Çərşənbə Məqaləyə 2647 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azov böhranı

Putin üçün üçün legitimlik vacibdir

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Krım körpüsünün tikintisinin başa çatması və bu ilin mayında istifadəyə verilməsindən sonra Rusiya ilə Ukrayna arasındakı konfliktin Azov dənizi hövzəsinə yayılacağı gözlənilən idi.

Yeni körpünün rolu təkcə Rusiya ərazisini (Taman yarımadası) Krımla (Kerç yarımadası) birləşdirməklə məhdudlaşmır, o, həm də Ukraynanın Qara dəniz və Azov sahilləri arasındakı dəniz kommunikasiyasını çətinləşdirməklə, Ukraynanın suverenlik hüquqlarını  məhdudlaşdırır və ölkəyə yeni iqtisadi problemlər yaradır. Qara və Azov dənizləri arasında gəmiçilik yalnız Kerç boğazı vasitəsilə mümkündür və Krımın 2014-cü ildə Rusiya tərəfindən ilhaqından sonra boğazın hər iki sahilinə Moskva nəzarət edir. Körpünün konstruksiyası Ukraynanın Azov dənizindəki Mariupol və Berdyansk limanlarının işinə ciddi maneə yaradır, çünki hündürlüyü 35 metrdən çox olan gəmilər körpünün altından keçə bilmir. İri metallurgiya müəssisələrinin fəaliyyət göstərdiyi Mariupol Donbas regionunun, Berdyansk isə Zaporojye vilayətinin iqtisadiyyatı üçün çox böyük önəmə sahibdir. Əvvəl həmin limanlardan yük daşıyan gəmilərin təxminən yarısı körpü əngəlindən sonra artıq oraya yanaşa bilmir. Məsələn, 2017-ci ildə Mariupol limanında yük daşımalarının həcmi 2015-ci illə müqayisədə 27 faiz (8,9 milyon tondan 6,5 milyona qədər), Berdyansk limanında isə 47 faiz (4,5 milyon tondan 2,5 milyona qədər) azalıb. Münaqişədən öncə, 2013-cü ildə isə Mariupoldan 15 milyon ton yük daşınmışdı. Bu fakt Rusiya ilə konfliktin və onun nəticəsində Krımın, eləcə də  Donbasın bir hissəsinin itirilməsinin Ukrayna iqtisadiyyatına nə dərəcədə  zərbə vurduğunu anlamağa imkan verir.

Azov dənizinə yalnız iki dövlətin – Rusiya və Ukraynanın çıxışı var və dəniz hövzəsi bu ölkələrin daxili suları sayılır. Azovun və Kerç boğazının statusu 2003-cü ilin dekabrında Rusiya və Ukrayna arasında imzalanmış dövlətlərarası müqavilə ilə tənzimlənir. 2004-cü ilin aprelindən qüvvəyə minmiş bu müqavilənin əsas özəlliyi ondan ibarətdir ki, dənizin səthi və dibi milli sektorlara bölünməyib. Hər iki ölkənin gəmiləri dənizin istənilən hissəsində sərbəst üzmək, balıqçılıq və digər fəaliyyətlə məşğul olmaq hüququna malikdir. Bu müddəa Rusiyanın güclü hərbi donanmaya sahib olması səbəbindən hazırda ona Ukrayna ilə müqayisədə daha böyük üstünlük qazandırır. Müqavilə imzalanarkən Ukrayna hökumətinin siyasi uzaqgörənlik nümayiş etdirməməsi indi bu ölkəyə baha başa gəlməkdədir. O vaxt prezident Leonid Kuçmanın heç ağlına da gəlməyib ki, yaxın gələcəkdə vəziyyət kardinal dəyişikliyə uğraya və Ukrayna qardaş saydığı Rusiyanın aqressiyası ilə üz-üzə qala bilər. Məsələn, sənədə əsasən hər iki ölkənin sərhədçiləri dənizdən keçən gəmiləri saxlayıb axtarış aparmaq hüququna malikdir. Münasibətlərdə problem olmayan dövrdə bu müddəa heç yada düşmürdü, indi isə, xüsusən Krım körpüsünün açılmasından sonra, Rusiya sərhədçiləri Ukraynaya və başqa dövlətlərə məxsus ticarət  gəmilərini axtarış bəhanəsi ilə  saatlarla, bəzən isə günlərlə saxlayır. Ukrayna İnfrastruktur Nazirliyi bildirib ki, təkcə bu ilin may ayından iyulun ortalarına qədər Rusiya sərhədçiləri Ukrayna limanlarına gedən 148 gəmini saxlayaraq axtarış aparıblar. Yəni Moskva faktiki olaraq Azovu öz daxili su hövzəsinə, rus gölünə çevirmək və Ukraynanı buradan sıxışdırıb atmaq niyyətindədir.

Rusiyanın Qara-Azov dənizlərindəki dominantlığı ilə barışmaq istəməyən Ukrayna hökuməti 2018-ci ilin sonuna qədər Azov dənizində, Berdyansk limanında hərbi baza yaratmaq qərarını elan edib. Oraya quru yolu ilə 2 ədəd kiçik, zirehli artilleriya qayığı da göndərilib. Sentyabrın 23-də isə Ukrayna hərbi donanmasına aid 2 gəmi Odessa limanından çıxaraq nümayişkəranə şəkildə Azov dənizinə doğru irəlilədi, Kiyev bununla nümayiş etdirdi ki, Rusiyanın beynəlxalq hüquqa zidd qadağaları və tələbləri ilə barışmaq istəmir. Lakin 25 noyabr hadisəsi bir daha göstərdi ki, Ukrayna Qara – Azov dənizləri akvatoriyasında Rusiyanı çəkindirəcək, onu təhdid edə biləcək hərbi gücə sahib deyil. Ukrayna son vaxtlar ABŞ-ın dəstəyi ilə öz donanmasını dirçəltməyə çalışsa da, bu, böyük pullar tələb edən uzunmüddətli prosesdir.

Hadisənin niyə məhz indi baş verməsinin səbəblərini hər iki ölkənin daxilində axtarmaq yanlış olmaz. Sosioloji tədqiqatlarla məşğul olan Rusiya İctimai Rəy Fondunun (FOM) apardığı araşdırmanın nəticələrinə əsasən prezident Vladimir Putinin reytinqi Krımın işğalı və ilhaqından əvvəlki səviyyəyə düşüb. Respondentlərin cəmi 45 faizi bu gün seçki olarsa, Putinə səs verəcəyini bildirib. Sosioloqlar bunu ölkədə sosial-iqtisadi problemlərin ağırlaşması ilə izah edir. Pensiya islahatı, yanacağın bahalaşması (dizel 14 faiz, benzin 9,5 faiz), Əlavə Dəyər Vergisinin 2019-cu ildən etibarən 18 faizdən 20 faizə qaldırılması, əhalinin real gəlirlərinin azalması fonunda prezident Putinin betonlaşmış hesab olunan yüksək reytinqi əriməyə başlayıb. Rusiya iqtisadiyyatı hazırda faktiki olaraq staqnasiya vəziyyətindədir, rəsmi məlumata görə, 2018-ci ilin yanvar-oktyabr dönəmində ÜDM-in artım tempi cəmi 1,7 faiz təşkil edib. Hökumət 2018-ci il üçün artım tempi üzrə proqnozunu 2,1 faizdən 1,8 faizə salıb, lakin Hesablama Palatasının sədri Aleksey Kudrin bu rəqəmə şübhə edərək artımın 1,6 faiz həddində ola biləcəyini söyləyib. 2019-il üzrə ÜDM-in artımını hökumət 1,3 faiz səviyyəsində proqnozlaşdırdığı halda Rusiya Federasiyası Hesablama Palatasının rəhbəri A.Kudrinin fikrincə, bu rəqəm 1 faiz, hətta ondan da aşağı səviyyədə gözlənilir. “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqatlar Universitetinin ekspertləri isə yaxın 3 ildə Rusiya Federasiyasında iqtisadi böyümənin 1,6 – 1,9 faizdən çox olmayacağını hesab edirlər. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkədən 42,2 milyard dollar həcmində kapital çıxışı qeydə alınıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. İlin yekunları əsasında qaçan kapitalın 66 milyard dollar təşkil edəcəyi gözlənilir. Qərblə münasibətlərdə böhranın davam etməsi və gözlənilən yeni sanksiyalarla əlaqədar xarici biznes və sərmayədarlar Rusiyanın gələcəyinə skeptik yanaşır.

2024-cü ildə Putinin prezidentlik müddəti sona çatır və mövcud Konstitusiyaya əsasən o, bir daha namizəd ola bilməz. Belə fikirlər var ki, məhz bu səbəbə görə xalq arasındakı nüfuzu onu əvvəlki qədər narahat etmir. Lakin nəzərə almaq lazımdır ki, nüfuz və reytinq həm də legitimlik deməkdir və Putin bir daha prezidentliyə namizəd olmasa belə, əhəmiyyətli qərarların qəbulu üçün legitimliyə ehtiyac duyur. Mümkündür ki, səlahiyyət müddəti başa çatdıqdan sonra Putin əvvəl olduğu kimi, hökumət başçısı və ya digər təyinatlı vəzifədə təmsil olunaraq ölkəyə nəzarəti əlində saxlasın, ya da prezident postuna öz varisini seçdirdikdən sonra heç bir vəzifə tutmadan pərdə arxasından Rusiyanı idarə etməyə davam etsin. Bu cür kritik qərarların qəbulu üçün legitimlik vacibdir. Bu səbəblə, Azov provokasiyası diqqəti daxili problemlərdən yayındırmaq və Putini yenidən milli lider statusunda topluma təqdim etməklə, onun geriləyən reytinqinin restavrasiyası məqsədi daşıya bilər.

Ukrayna prezidenti Poroşenkonun da reytinq problemi var. Rəy sorğuları onun 2019-cu ildə keçiriləcək prezident seçkilərində 2-ci tur şansının aşağı olduğunu göstərir. Seçkiyə qədər sosial-iqtisadi problemləri həll etmək kimi bir möcüzə mümkün olmadığına görə, xal yığmaq üçün yeganə mənbə xarici düşmənlə mübarizədə qətiyyət, əzmkarlıq nümayiş etdirmək ola bilər. Bunun üçün ehtiyac var ki, milli təhlükəsizlik problemi insanlar üçün yenidən ilk sıraya keçsin. Şübhəsiz ki, Ukraynanın Azov dənizində öz suverenlik hüquqlarını qorumağa tam haqqı var, amma eyni zamanda hökumət gəmiləri Azov istiqamətinə göndərərkən Rusiyanın müdaxilə edə biləcəyini də yaxşı başa düşürdü.

Hadisə şübhəsiz ki, Qərb – Rusiya münasibətlərində tərəqqiyə kömək etməyəcək. Əksinə, ABŞ Konqresində Rusiyaya qarşı sanksiyaların ağırlaşdırılmasını nəzərdə tutan qanun layihələrinin birləşdirilərək qəbul olunması ehtimalını artıracaq. Prezident Donald Tramp indiyədək Konqresin Rusiya əleyhinə təşəbbüslərini dəstəkləməyib, məcburiyyətdən həmin sanksiyaları imzalayıb, onların həyata keçirilməsində isə lənglik və həvəssizlik nümayiş etdirib. Azov insidenti Trampın Rusiyaya qarşı sanksiyalara müqavimət imkanlarını daha da azaldacaq, eyni zamanda Konqres üzvləri administrasiyadan Rusiyaya qarşı siyasəti sərtləşdirməyi də tələb edəcək və artıq bu tələblər səslənir. Avropa Birliyi daxilində də yeni sanksiyaların tətbiqi gündəmə gələcək. Belə ki, Polşa prezidenti bu barədə anons verib və onu Baltik ölkələri də dəstəkləyir. Yeni sanksiyalar olmasa belə, ən azı aydındır ki, AB içərisində mövcud sanksiyaların ləğvini tələb edən ölkələrin və dairələrin mövqeyi zəifləyəcək. Avstriya, İtaliya, Macarıstan başda olmaqla bəzi ölkələr, eləcə də Almaniya və Fransanın böyük biznesi sanksiyaların ləğvi üçün lobbiçilik edirdilər, lakin Britaniyada Sergey Skripal və qızının zəhərlənməsi olayından sonra Moskvanın Ukraynaya qarşı növbəti aqressiv addımı həmin dairələrin öz arqumentlərinə başqalarını inandırmaq imkanlarını xeyli azaldır. 26 noyabrda rublun dollar və avro qarşısında dəyərini itirməsi göstərir ki, Rusiya maliyyə bazarı da Qərblə münasibətlərdə neqativ ssenarinin qaçılmaz olduğunu və risklərin artdığını düşünür. Bunları təbii ki, prezident Putin də yaxşı anlayır, amma bütün avtokrat liderlərdə eyni  qorxu var: onlar düşünür ki, geriyə doğru bircə addım atsalar, növbəti və daha böyük güzəştlərə məcbur ediləcəklər.

Putin Minsk razılaşmalarını yerinə yetirmir, Ukrayna məsələsində güzəştə getmir, zaman-zaman isə münaqişəni hər an alovlandıra biləcəyini nümayiş etdirir. Putin Qərblə masaya əyləşərək nüfuz dairələrinin yenidən müəyyənləşdirilməsini istəyir və bunu niyyətini gizlətmir. Putinin baxışına görə, problemin təməl səbəbi budur ki, Qərb Rusiyanın postsovet məkanındakı “qanuni maraqlarını” tanımır və dünyanı məhv edəcək gücə malik bu dövlətə lazım olduğu səviyyədə hörmət etmir. Onun təsəvvüründə xalqların seçimi deyə bir anlayış yoxdur, Ukrayna inqilabını bir qrup faşistin əli ilə Amerika edib, Gürcüstanı Moskvanın orbitindən Amerika çıxarır və s… Bütün bunlar cənab Putinin “soyuq müharibə” psixologiyasından hələ də xilas ola bilmədiyi göstərir. Bu, təhlükəlidir. Əlbəttə, Rusiya böyük dövlətdir və onun maraqlarına hörmət edilməlidir. Amma bu maraqların təmin olunması dünyanın bölüşdürülməsi, hansısa regionun Rusiyaya bağışlanması şəklində ola bilməz və olmamalıdır. Putin və digər Rusiya siyasətçiləri oturub ciddi düşünməlidir ki, niyə çarizm və SSRİ dövründə Rusiya ilə birlikdə olan xalqlar indi ondan uzaqlaşmağa çalışır. Həm Rusiya İmperiyasının, həm də SSRİ-nin taleyi göstərdi ki, zor tətbiq etməklə, güc vasitəsilə xalqları özünə tabe etdirmək doğru yol deyil.

Sanksiyalar bu gün Qərbin əlində güclü silahdır, amma Rusiyanı çəkindirəcək ən önəmli amil Ukraynanın müdafiə qabiliyyətinin artırılması və Rusiyanın “sərt güc”ünə qarşı güc nümayişi ola bilər. Bu istiqamətdə son illər bəzi addımlar atılır. Qərb dövlətləri Ukrayna əsgərlərinə hərbi təlim verilməsində iştirak edir, NATO-nun Varşava zirvəsində müəyyənləşdirilən yeni strategiya çərçivəsində NATO gəmiləri Qara dənizdə tez-tez görünür, Ukraynaya bəzi  letal silahların verilir. Amma bunların yetərli olmadığını görürük. Ukraynanın tezliklə NATO-ya qəbul olunması mümkün olmaya bilər, amma bu prosesin sürətləndirilməsi mümkündür. “Ukrayna və Gürcüstanı qəbul etsək, Rusiyanı daha da aqressivləşdirmiş və təhrik etmiş olarıq” yanaşması Moskvanın 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya müdaxilələri ilə boşa çıxdı. Əksinə, məlum oldu ki, Putinin tələblərinə əməl etmək onu yeni avantüralar üçün cəsarətləndirir. NATO üzvlüyünə qədər ABŞ administrasiyasının Ukraynaya və Gürcüstana “Amerikanın NATO-dan kənar müttəfiqi” statusu verməsi Kremlə güclü mesaj olardı. Bundan başqa, Ukrayna hərbi donanmasının gücləndirilməsi və müqavimət imkanı qazanması, ölkənin hava-raket hücumundan müdafiəsi istiqamətində təcili tədbirlərin görülməsinə ehtiyac var. Məhz bu cür praktik və cəsur qərarlar Putini dayandıra bilər. Əks halda, bu konflikt Avropada təhlükəsizlik və rifaha ciddi təhdid mənbəyi olaraq qalacaq, Moskvanın orbitindən uzaqlaşmaq istəyən digər postsovet ölkələri də qorxu içində yaşayacaq. Qərb səhvlərini təkrar etməməlidir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)