vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
12:26 | 28 fevral 2019 | Cümə axşamı Məqaləyə 2446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ərazi mübadiləsi” gündəmə qayıdır?

“Unudulmuş köhnə” təzə qismində; Paşinyan dönəmində də danışıqlar iflas olarsa...

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda inqilab nəticəsində hakimiyyətə gələn yeni hökumət də hələ ki Qarabağ məsələsində konstruktiv mövqe sərgiləməyib. Ötən 10 ayda baş nazir Nikol Paşinyan ara-sıra hətta sələflərindən daha radikal və absurd yanaşma ortaya qoyur, Dağlıq Qarabağdakı separatçıları müstəqil tərəf kimi birbaşa danışıqlara qoşmağa cəhd edir - hansını ki, heç ATƏT-in Minsk Qrupunun ermənipərəst həmsədrləri də məqbul saymırlar, o ki ola rəsmi Bakı. Vasitəçilər bölgəyə budəfəki səfər zamanı isə ümumiyyətlə, Xankəndinə baş çəkmədilər.

Nizamlama prosesi ətrafındakı qeyri-müəyyənlik fonunda bu arada Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünə hazırlıq getdiyi barədə məlumat yayılıb. Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva bildirib ki, Dağlıq Qarabağ məsələsinin həllinə dair Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gündəmdədir. O, bu məsələnin ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona axırıncı səfəri zamanı da müzakirə olunduğunu bildirib. “Görüşün dəqiq yeri və tarixi isə hələlik təyin olunmayıb”, - deyə o, əlavə edib.

 

* * *

 

Qeyd edək ki, XİN başçılarının Azərbaycan və Ermənistan rəhbərlərinin ilk rəsmi görüşünü hazırlaması barədə də xəbərlər yayılmışdı. Ancaq rəsmi İrəvan danışıqları irəli aparmaq istəyi ilə bir araya sığmayan mövqe sərgiləyirsə, Ermənistanda “bir qarşı torpaq da qaytarıla bilməz” xəstə eyforiyası hökm sürürsə, ermənilər “hərbi qələbə”dən hələ də məst kimidirlərsə, üstəlik, Paşinyan bu eyforiyanı azaltmaq, ölkəni ağır blokada rejimindən çıxarmaq üçün tədbirlər tökmək əvəzinə eyforiyanı daha da körükləyirsə, belə bir görüşdən nəticə gözləməyə, danışıq xətrinə danışıq aparıb şəkil çəkməyə lüzum qalırmı? Sual ritorikdir.

Məsələ də ondadır ki, müharibə hələ bitməyib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, müharibənin yalnız birinci mərhələsi başa çatıb. Onu da bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt izn verməyəcək, bunu gözləyənlər boşuna gözləyirlər. Qarabağ ermənilərinə isə ən yüksək muxtariyyət verilə bilər.

Azərbaycan həmçinin müasir və bahalı döyüş sistemlərini uzun müddət vitrində saxlamaq və ya hərbi paradlarda nümayiş etdirmək niyyətində deyil, özünün hərbi-sənaye kompleksinə milyardlar xərcləyib atəşkəsi rejiminə də sonsuz dözməyə hazırlaşmır. Dünyanın 50 ən güclü orduları sıranda yer alan Azərbaycan ordusu xüsusən də havada böyük üstünlüyə malikdir. Bu faktor isə hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilir və müharibədə qələbənin əsas amili hesab edilir.

Yəni Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa eləməyə tam hazır vəziyyətdədir. Bunu “4 günlük” aprel müharibəsi də təsdiqlədi. Ermənilər o vaxt onu da gördülər ki, zamanı yetişəndə onlara heç güvəndikləri Rusiya da lazımi dəstəyi verə bilməyəcək. Çünki artıq 90-cı illər deyil, Rusiyanın maraqları tələb edir ki, bölgədə Türkiyə və Azərbaycanla isti münasibətlər saxlasın.

Özünü Qərbə qərbpərəst kimi sırımaq istəyən Paşinyana həmin Qərbin, ABŞ-ın münasibəti də ortadadır. ABŞ Dövlət Departamentinin Suriyaya humanitar missiya göndərdiyi üçün İrəvana ünvanlandığı sərt bəyanatı, Ermənistan XİN başçısının Amerika səfərinin ləğvini yada salmaq yetər.

 

* * *

 

Əfsus ki, son gəlişmələr fonunda da erməni tərəfi, bütövlükdə erməni toplumu eyforiyadan çıxıb reallığa ayıq gözlə baxmaq istəmir. Bunun təzahürüdür ki, dünən İrəvanda hətta “Azərbaycana bir qarış da torpaq verməyəcəyik!” şüarı ilə aksiya keçirilib. Bu da o anlama gəlir ki, konfliktin hərb yolu ilə həlli qaçılmaz olacaq.  

Erməni politoloq Andrias Qukasyan isə iddia edib ki, Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qarşılığında Azərbaycana bəzi rayonların qaytarılmasını nəzərdə tutan “ərazi mübadiləsi” variantı təklif edilir. Guya Bakıya öz torpaqlarını öz torpaqlarına dəyişmək təklifi hazırlanır. Yəni “ac toyuğun yuxuda darı görməsi” məsələsi.

Əlbəttə ki, belə variant istisnadır. Çünki Bakının Qarabağ məsələsində mövqeyi bəlli. Onu qısa şəkildə yuxarıda izhar elədik. Bu mənada həmsədrlər də özlərini gülünc yerə qoyub Azərbaycana belə bir təklifi yüz faiz etməzlər. Vasitəçilər onu da yaxşı bilirlər ki, problem dinc yolla yalnız “torpaq əvəzinə sülh” formulu ilə yoluna qoyula bilər, “torpaq əvəzinə torpaq  (Qarabağ)” formulu ilə yox! Əks halda, müharibə labüddür. Demək, seçim yenə işğalçı tərəfindir, Azərbaycanın yox. Ermənistan sülh istəsə, sülhü, müharibə istəyəcəksə, müharibəni alacaq.

Coğrafi anlamda ərazi mübadiləsi variantı isə ötən əsrin 90-cı illərinin sonunda ABŞ-ın vasitəçiliyi ilə ortaya atılmışdı. O zaman münaqişənin həlli Dağlıq Qarabağın “Laçın dəhlizi” ilə birlikdə Ermənistana verilməsi əvəzində Mehri rayonunun Azərbaycana birləşdirilməsi və beləliklə, Naxçıvana da quru yolun təmin olunması təklif edilirdi. Oxşar planı tanınmış amerikalı politoloq Pol Qobl da irəli sürmüşdü. Ona görə onu “Qobl planı” da adlandırırlar. Həmin plan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsi ilə gündəmdən çıxdı. Çünki Moskva konfliktin hər hansı formada həllində maraqlı deyildi. Hərçənd Bakı və İrəvan bu varianta rəsmi razılıq verməmişdilər.

 

* * *

 

Bəzi ekspertlərə görə, həmsədrlər, daha doğrusu, münaqişənin həllini Rusiyadan daha çox arzu edən ABŞ “unudulmuş köhnə”ni “Qobl planı”nı yeni kimi tərəflərə təqdim edə bilər - təbii ki, Qukasyanın sərsəmləməsi şəklində yox. Hətta bu yöndə ABŞ tərəfinin müəyyən ilkin hazırlıqlar içində olması haqda fikirlər səslənir.

İstənilən halda, bir şey dəqiqdir ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək. Bu da o deməkdir ki, əgər danışıqlar Paşinyan dönəmində də iflas olarsa, hərb variantı bütün ciddiliyi ilə gündəmə gələcək. Müharibə isə ən əvvəl Ermənistan üçün fəlakət olacaq, faktiki, onun üçün “cəhənnəmə bir istiqamətli bilet almaq” anlamı daşıyacaq...