

Uill Smit, “Hancock” filmində baş rola çəkildikdən 17 il sonra superqəhrəman filminin davamının çəkilə bilinəcəyi ilə bağlı ipuçlarını verdi. Oskar mükafatlı aktyor layihə haqqında bəzi təfərrüatları paylaşıb.
“Hancock 2” üçün həqiqətən əla bir fikir var. Hələ heç kimlə danışmamışıq, ona görə də sizə azacıq ipucu verəcəm”, – deyib.
***
2008-ci ildə buraxılan “Hancock”da Smit tamaşaçılara spirtli və bacarıqsız bir super qəhrəman kimi təqdim edilmişdi.
Los-Ancelesdə insanların həyatını xilas edərkən geridə qoyduğu dağıntıların öhdəsindən gəlmək məcburiyyətində qalan Hankok, həyatını xilas etdikdən sonra Ceyson Bateman və Çarliz Teronun canlandırdığı cütlüyün köməyi ilə keçmişini xatırlamağa və ictimaiyyətin gözündə imicini düzəltməyə çalışır.
“Sony”nin “Hancock” filminin rejissoru “Deepwater Horizon” və “Patriots Day” kimi filmləri ilə məşhurlaşan Piter Berq olub.
Filmin ssenarisini Vi Vincent Ngo və “Breaking Bad”in yaradıcısı Vins Qilliqan qələmə alıb.
“Hancock” 150 milyon dollarlıq büdcəsinin müqabilində dünya üzrə 600 milyon dollardan çox gəlir əldə etdi. “Sony” filmin davamı ilə bağlı şərh verməyib.
***
Bu, “Hancock”un davamı haqqında yayılan ilk şayiələr deyil. Belə ki, Berq 2009-cu ildə “MTV News”a verdiyi müsahibədə “Hər kəs davamı üçün geri qayıdır” demişdi.
2020-ci ildə Çarliz Teron “ComicBook”a danışıqların illər ərzində dalana dirəndiyini, lakin fürsət verilərsə, düşünmədən davamını gətirəcəyini demişdi.
56 yaşlı Smit, 2021-ci ildə “Kral Riçard: Yüksələn Çempionlar” filmindəki performansına görə “Oskar” qazandı və təqdimat mərasimində aparıcı Kris Roka şillə vurması da xəbər başlıqlarına çevrildi.