

Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək, 4-cü mobil operatora ehtiyac varmı?
“Aztelekom”un Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərkibindən çıxarılması tənzimləyici qurumun roluna necə təsir edəcək? Mobil operatorlar və provayderlər tənzimləyici qurumdan çəkinirlərmi?
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ötən ilin hesabatını təqdim edib. Bir neçə gün öncə agentlik rəhbərliyi ilə bu istiqamətdə görüşümüz olmuşdu.
Hesabatı da bir xeyli incələmişəm.
Sıfırdan yaranan, həm də müstəqil olmayan bir tənzimləyici qurum üçün ötən müddətdə görülən işləri qənaətbəxş hesab etmək olar.
Ən ciddi uğurları olaraq provayderlər bazarında şəffaflıq və əlçatanlıq yaratmasını, internetin keyfiyyətini ölçmək və şikayətləri qəbul etmək üçün ölkə üzrə vahid bir rəqəmsal alət təqdim etməsini, tezliklərin geri qaytarılması mexanizmləri yaratmasını, bəzi hüquqi-normativ qaydaların yaradılması istiqamətindəki səylərini və s. qeyd etmək olar.
Lakin bütövlükdə sektorun tənzimlənməsi, mobil bazarda rəqabətli mühitin formalaşması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ümumiyyətlə qurumun ölkənin İKT bazarına təsir imkanları sahəsində ciddi problemləri qalmaqdadır.
Yəni görünən odur ki hələlik nə telekom operatorlar, nə mobil operatorlar, nə də provayderlər İKTA rəhbərliyindən, onun əməkdaşlarından heç bir halda çəkinmirlər.
Normalda isə, hansısa bir operatorun rəhbəri tənzimləyici olan İKTA-nı görəndə yolunu dəyişməli, yaxud da farağat vəziyyətdə olmalıdırlar.
Görünən isə hələlik odur ki, onları tənzimləyicinin qərarları narahat etmir, hər gün bəsit xidmətlərinin tariflərini qaldırmaqla məşğuldurlar və 5G heç yadlarına da düşmür.
Ümid edək 2025-də situasiya dəyişəcək. Ümidlənmək üçün də müəyyən əsaslar var.
Əvvəlki situasiya eləydi ki, Nazirliyin tabeliyində olan İKTA Nazirliyin tabeliyində olan “Aztelekom”a və müstəqil özəl qurum olan “Delta Telekom”a , yaxud da “AzerTelecom”a da eyni münasibət sərgiləməliydi. Müstəqilliyin olmaması da təbii ki, müəyyən risklər yaradır.
Hazırda isə, situasiya dəyişib.
Sektordakı operatorlar, əsas oyunçular Prezidentin fərmanı ilə Nazirliyin tabeçiliyindən çıxarılıb və AZCON Holdinqin tərkibinə qatılıb.
Məsələn, son illərdə infrastruktura 150 milyondan çox investisiya yatıran, son 20 ilin ən ciddi problemini – “hər evə optika” problemini birdəfəlik həll edən, ayda 30 milyondan çox gəlir gətirən nəhəng dövlət şirkəti “Aztelekom”un artıq RİNN-ə hər hansı aidiyyəti yoxdur.
Amma burada hələlik bir incə məqam var ki, AZCON-da Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziridir.
Lakin gələcəkdə elə situasiya yarana bilər ki, AZCON-nun ümumiyyətlə RİNN-ə dəxli olmaya bilər.
Beləliklə, gələcəkdə İKTA-nın tənzimləyici rolunun daha da güclənəcəyini proqnozlaşdırmaq olar.