vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ENERGETİKA  
09:28 | 22 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Buzlar əriyir

Prezidentlərin telefon danışığından sonra Rövnəq Abdullayev Aşqabada səfər edib; «Transxəzər» qaz kəməri layihəsinin vacibliyi «Kəpəz» yatağı ilə bağlı yaranmış narazılığı arxa plana keçirib

İqtisadiyyat şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

ARDNŞ prezidenti Rövnəq Abdullayev Aşqabada səfər edib. O, Türkmənistan rəsmiləri ilə iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafını müzakirə edib. Bu barədə Türkmənistan hökumətinin rəsmi məlumatında deyilir.

Məlumatda bildirilir ki, Türkmənistan XİN-də Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib: «Konstruktiv və işgüzar şəraitdə keçən danışıqlar zamanı Türkmənistanla Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə, həmçinin ikitərəfli münasibətlərin inkişafına, o cümlədən neft-qaz sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb».

Lakin məlumatda konkret hansı məsələlərin müzakirə olunduğu açıqlanmır. Bu məsələdə Azərbaycan tərəfi də susur.

«Turan» agentliyinin məlumatına görə, ikitərəfli münasibətlərdə energetika mövzusu iki istiqamətdə inkişaf edir: Türkmənistan neftinin Azərbaycan vasitəsilə dünya bazarına nəqli və Türkmənistan neftinin Azərbaycan vasitəsilə Avropaya nəqli məqsədilə «Transxəzər» qaz kəməri layihəsində iştirak. İldə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 3 milyon ton Türkmənistan nefti nəql edilir. Bu, Azərbaycana tankerlərlə daxil olur.

«Transxəzər» qaz kəmərinə gəlincə, bu layihənin dəyəri 2 milyard dollar, gücü ildə 30 milyard kubmetrdir. Layihə başa çatmaq mərhələsindədir və praktik olaraq reallaşmağa hazırdır. Aprelin 12-də Türkmənistanın neft-qaz kompleksinin inkişafına həsr olunmuş xüsusi müşavirədə ölkə prezidenti Qurbanqulu Berdımühəmmədov »Transxəzər» qaz layihəsinin reallaşmasını «prioritet vəzifə» adlandırıb.

2013-cü ilin mayında Avropa Birliyinin sammiti «Transxəzər» qaz kəmərini 2014-2020-ci illər üçün prioritet infrastruktur enerji layihələri sırasına daxil edib. Lakin Rusiya layihənin reallaşmasına əngəl törədir. 2012-ci ilin əvvəlində RF-Aİ sammitində Putin deyib ki, Moskva konsensus olmadan Xəzər üzrə qəbul olunmuş qərarları legitim saymayacaq.

«Yeni Müsavat» diplomatik mənbələrə istinadla ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevlə Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov arasında münasibətlər bərpa edilməsi barədə məlumat yaymışdı (məlumat qəzetimizin 1 aprel 2014-cü il tarixli sayında dərc olunmuşdu). Məlumata görə, bununla da Türkmənistanla «Kəpəz» yatağına görə uzun müddət davam edən əsəb müharibəsinə son qoyulmuş və tərəflər Avropaya qaz nəqli məsələsində anlaşma əldə edilmişdi.

Diplomatik qaynağın iddiasına görə, martın sonlarında baş tutan telefon danışığının mövzusu Xəzərin dibi ilə çəkiləcək və Türkmənistan qazının «Transxəzər» qaz boru kəməri ilə bağlı olub. Bu boru vasitəsi ilə türkmən qazı Azərbaycan ərazisindən daşınmaqla Avropaya nəql ediləcək. Bu layihə birbaşa ABŞ-ın dəstəyi ilə həyata keçirilir. Ona görə də ABŞ tərəfləri narazılıqları kənara qoyaraq bu layihəni gerçəkləşdirməyə çağırıb. Bu həm də Azərbaycan və Türkmənistanı Rusiyanın təhdidlərindən qoruyacaq və hər iki ölkənin təhlükəsizliyini təmin edəcək bir amildir. Layihə tərəflərə iqtisadi baxımdan da sərf edir və hər iki ölkəyə böyük paralar qazandıracaq. Ən başlıcası isə Avropanı Rusiya qazından asılılığını azaltmaq üçün cənub axını layihəsinin önəmi daha da artıb.

R.Abdullyevin Türkmənistana səfəri də diplomatın qaynağın xəbərinin mötəbərliliyini bir daha təsdiqləmiş oldu. Diplomatik qaynaq onu da bildirmişdi ki, yaxın aylarda Türkmənistan prezidentinin Bakıya səfəri gözlənilir. Çox böyük ehtimalla R.Abdullayevin Türkmənistana səfəri də bu görüşün hazırlanmasına hesablanıb.

ABŞ Rusiyaya qarşı qaz alyansı formalaşdırmağa çalışır. Bu layihənin də əsas oyunçularından biri Türkmənistandır. Türkmənistan təbii qaz ehtiyatına görə dünyada 4-cü yeri tutur. Xüsusilə, Açaq, Marı və Xəzərsahili yataqlar daha məhsuldardır.

Türkmənistanda ildə 32 milyard kubmetr qaz hasil olunur və bu qazın böyük hissəsi qonşu ölkələrə -Gürcüstana, Ukraynaya, Rusiya Federasiyasına göndərilir. Türkmənistanda təbii qazı ixrac etmək üçün hələlik yalnız bir boru kəməri (Rusiyaya) mövcuddur. ABŞ xeyli vaxtdır Türkmənistan qazının Avropaya nəqli üçün «Transxəzər» qaz boru kəmərinin reallaşmasına çalışır. Və bu layihənin əsas oyunçuları Türkmənistan (qaz ehtiyatlarının çoxluğuna görə) və Azərbaycandır (qaz ehtiyatları az olsa da, tranzit ölkə sayılır). Rusiyanın Avropaya qaz ixracatını azalda biləcəyi qorxusu ABŞ-ı bu layihənin daha tez bir müddətdə həyata keçirməyə və küsülü tərəfləri barışdırmağa məcbur edib. Çünki bu qorxu Avropa Birliyinin Rusiyaya qarşı öldürücü iqtisadi sanksiyaları tətbiq etməsinə mane olur. Ona görə də ABŞ «Transxəzər» layihəsinin işə düşməsində maraqlıdır.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 milyard avro məbləğində qiymətləndirilir.

«Transxəzər» qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlib. 1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə «Transxəzər» qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanır. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və «Transxəzər» layihəsinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu.

O zaman həm Rusiya, həm də İran Transxəzər qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar. Ancaq real olaraq Rusiyada hakimiyyətə Vladimir Putin gələndən sonra bu layihə gündəmdən çıxdı və PGS konsorsiumu 2000-ci ilin ortalarında ləğv edildi. Düzdür, burada Azərbaycanın da müəyyən rolu olub, çünki 1999-cu ilin yayında «Şahdəniz» yatağı açıldı və sonra onun ehtiyatlarının qiymətləndirilməsi zamanı məlum oldu ki, Azərbaycanın qaz ehtiyatları güman edildiyindən qat-qat çoxdur.

Belə olan şəraitdə, 32 milyard buraxıcılıq gücü olacaq kəmərdə Azərbaycan ona ildə 16 milyard kub metr kvota ayrılmasını tələb etdi, Niyazov isə yalnız kəmərin ixrac qabiliyyətinin dörddə birinə razı idi. Beləcə, iki qaz ölkəsi arasında narazılıq yarandı və «Kəpəz» yatağı ilə bağlı problem daha da böyüdü. Ancaq indi – Rusiya ilə Qərb arasındakı qarşıdurma layihəni yenidən aktuallaşdırıb. Qərb bütün vasitələrdən istifadə etməklə Avropanın Rusiyadan asılılığını aradan qaldıran alternativ layihələrin işə düşməsinə çalışır ki, bu layihələrdən də biri «Transxəzər» qaz layihəsidir.