vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ARAŞDIRMA  
15:40 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 2440 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yuxudan oyanıb gördüm səsim yerindədir»

Rafiq Hüseynov: «Min cür işdən çıxırdım ki, heç kəs görməsin»

İmdad ƏLİZADƏ, Töhfə ƏZİMOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov «Media forum» saytının suallarını cavablandırıb. Vaxt.az 2 hissəli müsahibəni birləşmiş variantda oxucularına təqdim edir.

 

- Səhhətiniz necədir?

- İndi yaxşıyam. Təxminin on beş gün əvvəl Türkiyədə dərin və hərtərəfli müayinədən keçdim, həkimlər analizlər götürdülər. Xərçəng elə xəstəlikdir ki, bir müddət sonra metastaz verir. Həkimlər məndə də metastaz yaranacağından narahat idilər. Şükürlər olsun ki, müayinə və analizin nəticələri müsbət oldu.

Kimya terapiyasına görə saçlarım tökülüb. Ümid edirəm ki, yerinə gələcək. Amma saç olmasa da olar. Ölümlə savaşdan sağ çıxan insanın gözünə saç-filan görünmür. 

 

- Hamı sizi ekrandan səsinizə görə tanıyıb. Səsiniz necədir?

- İndi, şükür Allaha, səsim açılıb, özünüz də hiss edirsiniz. Amma əməliyyatdan sonrakı altı ay ərzində tamam batmışdı. Güclə danışırdım, danışanda nəfəsim çatmırdı. Türk cərrah demişdi ki, səsin açılacaq. Sözün düzü, artıq həkimin dediklərinə inanmamağa başlamışdım, altı aydır səsim açılmırdı. Bir gün səhər yuxudan oyandım, gördüm səsim yerindədir.

Bilirsiniz, mən çoxlu sənədli film səsləndirirəm. Bu, mənə maddi cəhətdən də kömək edir. Heç də ucuz qiymətə səs yazdırmıram (gülür). İyunun 10-dan işə başlayacağam, film veriblər, Azərbaycan və rus dillərində səsləndirəcəyəm. Xəstəlikdən sonra birinci işimdir. Maraqlı film olmalıdır, böyük filosof Seyid Yəhya Bakuvi haqqındadır.

 

- Ucuz qiymətə film səsləndirməməyiniz daha çox maddi durumu yaxşılaşdırmaq cəhdindən irəli gəlir, yoxsa hesab edirsiniz səsiniz bahalıdır?

- Ümumiyyətlə, kadr arxasında mətn oxumağı çox xoşlayıram. Kadr arxasında sənin bütün peşəkarlığın, sənətə marağın özünü göstərə bilir. Bir var ekranda çıxış edirsən, səni görürlər, kimsə zahiri görünüşünü, kimsə hərəkətlərini və ya səsini bəyənir. Amma kadr arxasında bunları görən yoxdur. Gərək mətni elə çatdırasan ki, tamaşaçı sənə rəğbət bəsləsin, səsinə qiymət versin – budur əsas. Öz qiymətimi də bilirəm (gülür), onlar da başa düşürlər ki, Rafiq Hüseynovu elə-belə dəvət etmək olmaz.

 

- Xəstəliyinizin şiddətli dövründə həkimlərə demisiniz ki, səsimi qaytarın. Həkimlər nə reaksiya vermişdi istəyinizə?

- Bunu bir neçə dəfə söyləmişdim. Hətta həkimə demişdim səsim mənim çörək ağacımdır. Bilirsiniz, mən hərdən mahnı da oxuyuram, diskim də çıxıb. Cərrah özü də «Youtube» portalında mahnılarımı tapıb dinləmişdi, deyirdi səsiniz mütləq qayıdacaq. Həkimlər deyirdi səsin düzələcək, niyə bu qədər tələsirsən? Dedim burdan çıxandan sonra dolanmaq lazımdır. Üç-dörd aya açılacaq demişdilər, altı aydan sonra açıldı.

 

- Həkim qoyduğu müddətdə səsiniz açılmayanda ümidsizliyə qapılırdınız?

- Sözün düzü, ümidimi itirmirdim. Mən cərraha çox inanırdım. O, çox peşəkardır, nəinki Türkiyədə, Avropada məşhurdur, Bakıya da tez-tez məsləhətçi kimi gəlir, konfranslarda iştirak edir. Hər dəfə gedəndə deyirdi, Rafiq bəy, darıxmayın. Amma açılmasaydı da nə edəcəkdim, ölümdən qurtarmışam, razılaşacaqdım taleyimlə.

 

- Səsinizə görə yaşadıqlarınızı bir ilahi sınaq kimi qiymətləndirmək olarmı?

- Mən dindar deyiləm, amma ömür boyu bir qüvvəyə inanmışam. O da məni həmişə qoruyub. İnanmışam ki, nə olsa da, vəziyyətdən çıxacağam. Çünki 13 yaşımdan heç kimin köməyi olmadan özüm pul qazanıb dolanmışam. Tənha bir oğlan idim, özüm özümə yol seçdim, o yolla da getdim. İndi də o ilahi qüvvəyə inanıram, bu neməti mənə veribsə, bu tezlikdə ala bilməz axı. Ekrana çıxmıram, yaş o yaş deyil. Həmişə deyirəm ki, aparıcı, diktor gərək tamaşaçının gözü qarşısında, onunla bərabər yaşa dolsun, qocalsın. Onda qırışlarına, saçının dazlığına, bədən quruluşuna fikir verən olmayacaq. Amma 15-20 il fasilədən sonra birdən-birə yenidən efirə çıxmaq düzgün olmaz. Çünki indiki tamaşaçı nəsli məni heç qəbul etməyə bilər. Ona görə mənim üçün indi əsas səsdir.

 

- Deməli, ilahi sınaqdan çıxa bildiniz...

- Hətta ölümdən qurtardım. Allah neçə il ömür verib bilmirəm, xəstəliyim bir ildən sonra da fəsad verə bilər, on ildən sonra da, fakt odur ki, indi yaxşıyam. Ümidlə yaşamaq lazımdır. Gözümün qabağında 13 yaşlı qızım var. İstərdim onu yerbəyer eləyim, sonra köçüm bu dünyadan.

 

- Ovqatınız səsinizin durumundan, yoxsa səsiniz ovqatınızdan asılıdır?

- Bəzən səhər oyanırsan, səsin o qədər gözəl olur ki, dərhal veriliş, film versələr, onu məmnuniyyətlə oxuyarsan. Bəzən isə səs daxildən yox, boğazdan yuxarı gəlir. Bunun müəyyən səbəbləri var: baxır gecəni necə keçirmisən, yeyib-içib dostlarla olmusan, yoxsa evdə tək-tənha çay içmisən. Dostum Müslüm Maqomayev deyirdi qəribə işdir, gecə səhərə qədər dostlarla yeyib-içirəm, yuxudan duranda da səsim gur çıxır. Elə gün olur evdən çölə çıxmırsan, amma səhər duranda səsin nasaz olur. Səsin açılması ilə də məşğul olmaq lazımdır. Bunun üçün səhərlər bir balaca oxuyuram, mütləq lazımdır. Filmləri də günorta, saat birdə-ikidə yazdırmağa başlayıram.

 

- Səsinizi qoruyursunuzmu?

- Bunu heç vaxt etməmişəm. Mənə həmişə deyirdilər qoz-fındıq yemə, soyuq heç nə içmə, siqaret çəkmə. Bax, görürsünüz, buz kimi pivə içirəm, bu olmayacaqsa, həyat da bitdi. Yayda sərin pivə içə bilmirəmsə, daha bu nə həyat oldu?

 

- Səsinizə arxayınsınız deyə belə eləyirsiniz, yoxsa həyat tərzinizi dəyişmək istəmirsiniz?

- Arxayınlıqdandır. Sizə deyim ki, televiziyaya gələndə səsim heç də belə deyildi. Özüm öz səsimi tədricən yatırdırdım, çalışırdım lap bəmdən səsləndirim. Yenə deyirəm, səs boğazdan yuxarı yox, daxildən gəlməlidir. Buna nail olmuşam. Səs də formalaşır, müdrikləşir, səninlə birgə həyat keçir.

 

- Rafiq müəllim, siz ağır xərçəng xəstəliyinə qalib gəlmisiniz. Əməliyyat otağına daxil olanda, əməliyyatdan sonra nələr keçdi gözünüz önündən?

- Həmin anda insan qəribə hisslər yaşayır. Bir dəfə Soçidə dənizdə batırdım. Elə vəziyyətə düşmüşdüm ki, üzüb çıxmaq mümkün deyildi. Dərinə getdikcə bütün həyatım lent yazısı kimi gözümün qarşısından keçirdi. Əməliyyata gedəndə də sağ qalacağıma heç bir zəmanət yox idi. Hər əməliyyatda istər-istəməz risk var. Heç bir cərrah deyə bilməz ki, hər şey yüz faiz yaxşı olacaq, alınacaq. Özüm də başa düşürəm ki, ağ ciyəri kəsmək, yarısını götürmək zarafat iş deyil. Ona görə cərrahlara həmişə minnətdar olmaq lazımdır, onlar böyük iş görürlər. Bu, mənim ikinci əməliyyatım idi. On beş il əvvəl Moskvada öd kisəmi götürtmüşəm. Hamı deyir məndə həyəcan, qorxu hiss olunmayıb. Əməliyyata da hamıya əl eləyə-eləyə, gülə-gülə girdim. Bir tərəfdən düşünürsən ki, yaşın çoxdur, ölümdən artıq qorxmursan, ümumiyyətlə bu hiss məndə tamamilə yox olub. Allahdan yeganə ona görə ömür istəyirəm ki, yaşlı dövrümdə bu uşağı dünyaya gətirmişəm, onun gələcəyini qura bilim. İndi məndə borcumu yerinə yetirmək hissi bütün hissləri üstələyir. Allah ömür versin, qızımı yerbəyer eləyim.

 

- Həkimlərə həmişə minnətdar olmaq lazımdır deyirsiniz. Əvvəllər də həkimlər bu qədər dəyərli idi sizin üçün, yoxsa sizi sağaltdıqlarına görə belə dəyərli olublar?

- Həkimlər də mənim tamaşaçılarım olublar. İndi də yanlarına gedəndə məni sevir, hörmət bəsləyirlər, xüsusi qayğı göstərirlər, çalışırlar ki, xəstəliyimi tam sağaltsınlar. Bizim Əhliman Əmiraslanov kimi xərçəng xəstəliyi üzrə görkəmli alimimiz var. Mənə nə qədər qayğı göstərdi, şərait yaratdı. Türkiyəyə getməzdən bütün analizləri burada verdim, o qənaətə gəldilər ki, ciyər kəsilib götürülməlidir. Əsas diaqnozu qoymaqdır. Əvvəl də, indi də həkimlərə inanmışam. Bəzən indiki həkimləri qınayırlar. Mən daha çox sovet dövründə yetişmiş həkimləri tanıyıram. O zaman da bizim çox dəyərli, görkəmli cərrahlarımız olub. Hamısı ilə verilişlərdə görüşmüşəm, müsahibələr almışam. Topçubaşovun apardığı cərrahiyyə əməliyyatında birbaşa iştirak etmişəm, başdan sonadək əməliyyatdan reportaj hazırlamışam.

 

- Ömrünüz lent kimi gözünüzün önündən keçəndə «kaş bunu eləməyəydim», «niyə belə elədim», «gərək bunu da eləyəydim» dediyiniz məqamlar çoxmu olub?

- Həyatda heç nəyə təəssüflənməmişəm. Bu, mənim həyatımdır, səhvləri də mənimdir, nailiyyətləri də. Sözsüz ki, məni sevməyənlər, düşmənçilik eləyənlər də olub. Biri paxıllıqdan, o biri xəstəlikdən eləyib. Mənim səsimi qəbul edə bilməyən ruhi xəstələr vardı. Biri televiziyaya gəlmişdi, məni öldürmək istəyirdi. Deyirdi sənin səsin məni hər yerdə izləyir... Amma mənə pislik edənlərin də xeyri dəyib, zərbələr yedikcə kişiləşmişəm. Həyat hamar olmamalıdır. Elə vaxt olur fikirləşirsən daha quyunun dibindəyəm, çıxmaq çətindir. Amma çıxmağa çalışırsansa, deməli, mətinləşirsən, güclənirsən, həyata başqa gözlə baxmağa başlayırsan. Heç heyfsilənmirəm, mənə elə gəlir layiqli bir ömür yolu keçmişəm. Bu gün gəlib mənimlə söhbət edirsinizsə, deməli, bu ölkədə az iş görməmişəm.

 

- Ölümlə yaşam arasındakı məsafə uzundur?

- Onu heç kəs bilmir. Kimin ağlına gələr ki, 20 yaşında ölə bilər. Mən 17 yaşlı oğlumu itirdim. Universitetin tarix fakültəsinə daxil olmuşdu, heç iki-üç ay oxuya bilmədi. Ölümlə həyat arasında nə qədər məsafə olduğunu bir Allah bilir.

 

- Deyirsiniz xəstəlikdən sonra insanların mənə nə qədər diqqət göstərdiyinin şahidi oldum. Dövlət tərəfindən də qayğı gördünüzmü?

- Əgər Heydər Əliyev Fondu və başda hörmətli Mehriban xanım Əliyeva olmasaydı, mən ölümdən qurtula bilməyəcəkdim. Çünki o qədər pulum yoxdur ki, bu cür bahalı cərrahiyyə əməliyyatına girə bilim. Çox sağ olsunlar, ömür boyu minnətdar olacağam. Müraciət edən kimi dərhal qərar qəbul olundu, heç nə əsirgənmədi. Fond bütün xərcləri öz üzərinə götürüb. Heç vaxt o məbləği ödəməyə gücüm çatmazdı. Xəstəxanada yatanda da bu haqda düşünürdüm: 50 il işlə, ağır günündə özünü müalicə elətdirmək üçün pulun olmasın. Düzdür, zaman dəyişib, sovet dövrü olsaydı, bəlkə ucuz başa gələrdi. İndiki zamanda isə bu, mənim üçün çox böyük məbləğdir, heç vaxt gücüm çatmazdı.

 

- Dublyajda işləyənləri obrazını tanımamaqda, səsləndirmədən əvvəl məşqlər etməməkdə qınayırsınız. Siz səs yazılmadan belə məşqlər edirsinizmi?

- Mən dublyajda iştirak etmirəm, obrazı aktyorlar yaradır. Dublyajda müəllif mətnini oxuyuram. Tutaq ki, «Fəryad» filmində mən tərcüməni aktyor kimi yox, diktor kimi oxumuşam. Sözsüz ki, hər yazılışdan əvvəl filmi görmək, onun mahiyyətini hiss etmək istərdim. Amma mənim üçün əsas mətndir. Mətn mənə maraqlı olmalı, oxuduqca dərin hislər keçirə bilməliyəm. Mətnə qarşı çox həssasam. Onu da deyim ki, mətn xoşuma gəlmirsə, oxumuram. Çoxları buna görə məndən inciyir, deyirəm yox, mətn peşəkar deyil, həvəskar səviyyədə yazılmış məhsuldur.

Amma aktyor sözsüz ki, obrazın mahiyyətinə varmalıdır. Yadımdadır, televiziyada təzə-təzə dublyaj işlərinə başlanmışdı, bir filmi rus dilindən diktor kimi tərcümə edirdim, əvvəlcədən görməmişdim, müharibə dövründən bəhs edirdi. Mətndə belə bir yer vardı: əzizim, gözəlim, yaxın gəl, niyə məndən qaçırsan, yaxın gəl. Elə bildim qadınla danışır, sən demə, keçini çağırır ki, sağsın. Mən də elə oxuyuram, sanki qadını çağırıram. Məsələn, bir yeri də var: rusca deyir «proxodi», mən də tərcümə edirəm «keç içəri». Hara keçsin, meşədədir. Belə hallar olub. Ona görə filmi əvvəlcə seyr eləmək, obrazı öyrənmək lazımdır.

 

- Televiziya aparıcıları ilə bağlı çoxlu şikayət eşidirik. Belə yerdə peşəkar sözünə ehtiyac yaranır. Televiziya aparıcıları sizi qane edirmi?

- Sözsüz ki, məni incidən, narahat edən problemlər var. Aparıcıların nitqindəki qüsurları görürəm. Düzdür, bütün kanalları izləyə bilmirəm. Hər halda eləsi var tamaşaçı ilə təmas qura, birbaşa efirdə müəyyən söhbət apara bilir. Bunun hamısı yaxşıdır, amma Azərbaycan dilini çox pis vəziyyətə salırlar, ələlxüsus da əcnəbi sözlər işlətməklə. Hətta yumor ustalarımız da düşünürlər ki, rus dilində nə qədər ifadə işlətsələr, bir o qədər gülməli alınar. Sovet dövründə bunlar keçmirdi, «uje» desəydi, artıq efirdən çıxırdı. İndi kim nə istəyir danışır, hesab edirlər belə də olmalıdır. Seriallarda da vəziyyət belədir.

 

- Sovet dövründə ölkə rəhbərliyi, vəzifəli şəxslər televiziya işçilərinə çoxmu təzyiq edirdi, işinizlə bağlı iradlar çoxmu olurdu? Cəza almaq asan idi, yoxsa mükafat?

- O dövrdə kimin nə zaman mükafat alacağını, əməkdar artist, xalq artisti olacağını əvvəlcədən heç kim bilmirdi. Biz bundan ancaq qərar rəsmən elan olunanda xəbər tuturduq. İndi adlar, mükafatlar üstündə dava-qırğındır. Əlbəttə, səhvlərimizə görə töhmət də verilib. Məsələn, Heydər Əliyevin bir saatlıq çıxışlarını birbaşa efirdə rus və Azərbaycan dillərində oxuyurdum. Çətin iş idi, özü baxıb qeydlərini deyirdi.

 

- Sizcə, azad jurnalistikanın qızıl təməli nədir?

- Azadlıq deməzdim, sərbəstlik gərək olsun. Jurnalistin daxilində bir senzura olmalıdır. Kənardan ona deyilməməlidir, özü başa düşməlidir ki, bunu yazsam, nəyə gətirib çıxaracaq. İntriqalara getmək olmaz. Mən tamam başqa həyat sürmüşəm, intriqalara qarışmamışam. Heç kəs deyə bilməz ki, kiminsə arxasınca danışmışam. Düzdür, aparıcıları ümumən tənqid eləmişəm, amma məxsusi ad çəkməmişəm, ixtiyarım da yoxdur. Özüm götürdüyüm tələbələr haqqında deyə bilərəm, AzTV-də aparıcıların bədii rəhbəriyəm. Amma başqa halda nəsə deməyim mümkün deyil.

 

- Rafiq müəllim, o vaxt televiziyada sizin səsinizi qısqanmaq zəminində intriqalar çoxmu olurdu? Deyilənə görə, o vaxt dərman verib kiminsə səsini batırmaq faktları da olub müğənnilər arasında...

- Deməzdim ki, bizdə belə hallar olub. Əvvəla, bizim çox kiçik diktor kollektivimiz vardı. O dövrdə televiziya diktoru nadir peşə idi, bununla respublikada beş-altı adam məşğul olurdu. Özü də böyük məsuliyyəti vardı, bir kanal idi, birinci katibdən tutmuş fəhləyə qədər hamı ona baxırdı. Hamının da sənə qiymət verməyə ixtiyarı var idi.

Bəlkə daxildə bir paxıllıq olardı – o getdi qabağa, mən qaldım. Bu da sənətlə bağlıdır, kim özünü necə göstəribsə, elə də qiymətini alıb. Umu-küsü də olub. Baş diktor olanda qadınlar arasında belə şeylər hiss edirdim. Deyirdim bilirsiniz nə var, beş-altı nəfərik, efirə yaxşı əhval-ruhiyyə ilə çıxın. Evdəki, işdəki, ailədəki problemləri, mübahisələri ekranda büruzə verməməlisən, ora xoşbəxt bir insan kimi çıxmalısan. Həm da sovet dövründə göstərməli idin ki, biz xoşbəxt bir ölkədə yaşayırıq, bundan yaxşısı yoxdur.

Çətin dövr idi, o zaman indiki kimi mobil telefon yox idi. Axtarırdılar, evdə yoxam, kinodayam, gəlib kinoteatrdan çıxarırdılar ki, get mətni oxu. Bunlar hamısı yaşadıqlarımızdır, unuda bilmərik.

 

- İstirahət vaxtı çağırılanda həmişə gedirdiniz, yoxsa etiraz edən vaxtlarınız da olurdu?

- Başqa yol yox idi, getməliydim. Məni qəribə bir hadisə ilə bağlı Moskvadan istirahətdən belə çağırmışdılar. Yetmişinci illər idi, xəbər yayılır ki, Rafiqi öldürüblər. Bilmirəm, bəlkə o adda, soyadda kimsə öldürülmüşdü. Tamaşaçıların zəngindən bezmişdilər, Mərkəzi Komitədən də demişdilər onu efirə çıxarın, söz-söhbət bitsin. Təcili məni gətirtdilər. İşdə oturmuşam, yarım saatdan sonra efirə çıxacağam. Bir qadın zəng elədi, utanmırsınız, milləti bu qədər aldatmaq olar, bizim o cür sevimli diktorumuz rəhmətə gedib, heç olmasa televiziyada bir xəbər verin, yas yerini deyin, gedib başsağlığı verək. Deyirəm, ay xanım, mənəm ey, Rafiq. Deyir bəsdirin, siz elə həmişə milləti aldatmısınız. Deyirəm inanmırsınız, 15 dəqiqədən sonra televizorda xəbərləri izləyin. Onunla da bütün səs-küy yatdı.

Diktorlar haqqında çox söz-söhbətlər gəzirdi, bir-biri ilə evləndirirdilər, boşadırdılar. Məsələn, mən Ofeliya Sənani ilə çox verilişlər aparmışam. Bütün şəhər elə bilirdi biz evliyik. Dostuq, həmkarıq, veriliş aparırıq, istər-istəməz tamaşaçı düşünür ki, hə, bunlar bir-birinə yaxşı yaraşır, yəqin evləniblər. Biri bu cür deyir, o birisi evləndirir, yayılır ki, iki uşaqları da var. Onda da efirə çıxıb deyə bilmirdin axı, ay camaat, belə deyil, bu xanımın gül kimi əri, mənim də həyat yoldaşım var. Ofeliya xanımın həyat yoldaşı Valid Sənani mənim dostum, gözəl insan, savadlı jurnalist idi. O da söz-söhbətləri eşidirdi, nə eləsin, desin ki, Rafiqlə efirə çıxma? Bu, bizim işimizdir axı. İşçilər də bilirdi ki, belə şey yoxdur.

 

- Rafiq müəllim, sizin sevgi hekayətləriniz barədə müxtəlif əfsanələr danışılır. Gənc yaşlarınızda televiziyada diktor olanda çoxmu sevgi məktubları alırdınız?

- Bunu mənim deməyim təvazökarlıqdan uzaq olar axı. Necə deyim ki, məktublar, zənglər dəhşətli dərəcədə çox idi. Onu da deyim ki, mən bir dəfə də zənglə, məktubla görüşə çıxmamışam. İstər-istəməz ekranda çıxış edirsənsə, xanımlar, qızlar sənə aşiq olurdu, filmdə olduğu kimi. Axı biz gündə efirə çıxırdıq, çağırılmamış qonaq idik. Hətta bir qızı bizim milis postundan ruhi xəstəxanaya göndərmişdilər. Gəlib televiziyanın önündə gecələyirdi, məni gözləyirdi. Mən o biri qapıdan çıxıb gedirdim, çünki qız həqiqətən havalanmışdı. Heç üz-üzə gəlmədik.

 

- Bəs axı deyirlər sevgiyə cavab vermək lazımdır?

- Hamıya cavab versəm halım necə olardı? O məktublara necə cavab verəsən?! Yazırdılar ki, mütləq mənim olacaqsan, səni qoymayacağam kiminləsə yaşayasan...

 

- Daha nələr yazırdılar?

- (gülür) Yox, mənə əsasən sosial problemlərdən yazırdılar. Çünki o dövrdə hesab edirdilər ki, televiziyaya çıxan adam hər şeyə qadirdir. Bir kişi oğlunu rayondan gətirmişdi ki, xəstədir, deyirlər müalicəsi ancaq İspaniyada mümkündür, bir zəng elə İspaniyaya, səni bütün dünya tanıyır. Deyirəm, ay kişi, dünya deyil, Azərbaycan, uzaq başı Sovet İttifaqı tanıyar, ondan o tərəfə mən çıxmıram.

 

- Söhbətin axarını dəyişməyək, söhbət sevgi məktublarından gedirdi...

- Hə, məhəbbət məktublarını mən maraqla oxuyurdum, çünki istər-istəməz xoşum gəlirdi də, mənə aşiq olurlar, nəyi pisdir ki...

 

- İstedadlı yazanlar vardımı?

- Bir müddət məktublardan seçmələri, mənə təsir edənlərin bir qismini arxivimdə saxlamışdım. Amma bu axırlarda məhv etdim. Bir dəfə qızım və yoldaşımla «Makdonalds»a getdik. Balaca uşaqlı, yaşlı bir qadın gəldi. Mən tanımırdım, o isə bilirdi ki, yanımdakı qızımdır. Soruşdum nəvənizdir, dedi yox, qızımdır. Bəs niyə bu qədər gec ailə həyatı qurmuşunuz? Dedi səni gözləyirdim. Çox təsirli oldu, təsadüfi qarşılaşdıq, bir masada oturduq və həyat yoldaşımın yanında keçdi «sən» deyə müraciət etməyə.

 

- Yoldaşınızın reaksiyası necə oldu?

- Normal, mənim yoldaşımdırsa, bilməlidir ki, populyar adamların həyatında nə istəsən ola bilər.

 

- Məktubların hamısını oxuyurdunuz?

- Mütləq oxuyurdum. Hətta sevgi məktubları istisna olmaqla bəzilərinə cavab da yazırdım.

 

- Rəhbərliyin münasibəti olurdumu məktublara?

- Yox, rəhbərliyin nə xəbəri, məktub gəlirdi, gətirirdilər otağıma. Rəhbərlikdən də şikayət vardı məktublarda. Onlar məni rəhbər hesab edirdilər, yazırdılar bu nə verilişdir hazırlayırsınız. Cavab yazırdım ki, bunu mən hazırlamıram, televiziyanın öz rəhbərliyi, öz siyasəti var, onlar cavabdehdir. Onlara da deyə bilməzdim ki, sizdən mənə belə şikayətlər gəlir.

 

- Başqalarına belə sevgi, ya sosial yönümlü məktublar gəlirdimi?

- Gəlirdi, amma daha çox mən alırdım.

 

- O məktubları nə zaman oxumağı xoşlayırdınız?

- Ancaq işdə. Bu, işimin bir qolu idi. Məktublar vardı, ruhlandırırdı, düşünməyə vadar edirdi, insana necə kömək edim. Bir dəfə biri əlində iki qalın dəftər otağıma gəldi, bir buna baxın, şeirlər yazmışam. Düşündüm ki, efirə çıxıb şeirlərini oxumaq istəyir. Soruşdum sizə nə etməliyəm? Dedi evi qarət etmək üstündə 15 il həbsxanada yatıb çıxmışam. İndi həyatımı dəyişmək, pul qazanmaq, evlənmək istəyirəm, mənə kömək edin, hara gedirəm, deyirlər həbsdə yatmısan, elə iş verirlər, özümə sığışdırmıram.

Çox müraciət etdim dostlarıma, tanışlara, heç olmasa, fəhlə kimi götürün, bəziləri ilə küsdüm, iradlarımı bildirdim ki, insan taleyinə belə yanaşmaq olmaz. Bir gün yaşadığım yerdə, səkkizinci kilometr deyilən ərazidə mənzil istismar idarəsinə gəldim, müdiri yaxın adamım idi. Söhbət düşdü, dedi mənə bir adam lazımdır, evlərdə qapı qıfılları düzəltsin. Dedim məndə bir nəfər var, həbsdə olub, götürərsən onu? Dedi qoy gəlsin. Evləri qarət edən adam evlərə qıfıl saldı. Mənə təşəkkürü bilirsiniz nə idi, bütün səkkizinci kilometrdə su gəlməyəndə qapıma iki-üç vedrə su gətirib qoyurdu. Sonra evləndi, uşaqları oldu, mənzildən köçəndən sonra əlaqəmiz kəsildi. Belə hallar çox olub.

 

- Məşhurlardan yazanlar olurdumu?

- Yox, olmurdu, məncə, məşhurlar heç vaxt bir-birinə məktub  yazmır.

 

- Çünki görüşmək imkanları vardı?

- Həm görüşmək imkanları vardı, həm də hesab edirdilər onlar digərlərindən daha üstündür. Bütün görkəmli şəxslərlə, aktyorlarla verilişlərim, görüşlərim olub. Hamı bir-biri ilə mehriban davranırdı, indiki kimi intriqalar yox idi. İstər-istəməz hər bir sənət adamı düşünür ki, o birisindən güclüdür. Sənətkarı elə budur yıxan, əgər həqiqətən sənətkardırsa. Yaxşı mənada qibtə etmək lazımdır. Qabaqdakını batırmaq yox, ona çatmağa, heç olmasa onun kimi olmağa çalışmaq lazımdır.

 

- Aldığınız sevgi məktubları həyatınıza hansısa formada təsir edirdimi?

- Məni sevən kimi mən də sevirdim. Qadınlar məni sevirdi, mən də onları. Heç gizlətmirəm, dörd dəfə evlənmişəm. Sözsüz ki, mən o həyatdan yan keçə bilməzdim. Bilirəm, nəyə çəkib aparırsınız, hamısını açıqlaya bilmərəm. Sevmişəm, bəyəndiyim insanlar olub, onlarla görüşməsəydim cinayət sayılardı, sonra ömrü boyu özümü bağışlamazdım. Allah deyər sənə gül kimi qız yetirdim, niyə rədd elədin getdi (gülür).


- O sevgilərmi ailə həyatını davam etməyə imkan vermirdi?

- Deməzdim, əgər ailədə sevgi, ehtiras tükənibsə, yalandan yaşamağın, kənar fikirləri nəzərə almağın mənası yoxdur. Bəlkə həyat yoldaşına da şans verirsən, səndən yaxşısı ilə rastlaşsın, layiqli həyat qursun. Sevgiyə qalanda, bunu ailəli də etmək olar. Amma populyar adam üçün gizli görüşlər keçirmək çox çətin idi. Min cür işdən çıxırdım ki, heç kəs bilməsin, görməsin.

 

- Məktubların sayı varmı?

- Yox, sayını bilmirəm.

 

- Dörd dəfə ailə qurmusunuz, bəs qeyri-rəsmilərin sayını bilirsinizmi?

- Təxmini rəqəm var, o da mənim daxilimdədir. Mən Konçalovski (məşhur rejissor və ssenariçi Andrey Konçalovski – red.) deyiləm ki, hamısını yazım, bütün görüşdüyüm qızları biabır edim. Bu düzgün deyil. Məhəbbət iki adamın intim görüşüdür, bunu bütün millətə yaymaq nəyə lazımdır.

 

- Xanımdan ehtiyat edirsiniz say deməyə?

- Yox, xanım bilir ki, həyatım elə keçib.

 

- Axtardığınız sevgini sonda tapa bildinizmi?

- Əvvəla onu deyim ki, mən əvvəlki xanımlarla çox mədəni formada ayrılmışam. Heç bir ədavət, qırğın olmayıb. Roza Tağıyeva ilə ayrılandan sonra 25 il bir yerdə işləmişik, indi də görüşürük. İndi rahatam, görünür, yaş da o yaş deyil. Yoldaşım cavandır, məndən 30 yaş kiçikdir.

 

- Əvvəlki həyat yoldaşlarınız baş çəkdimi sizə xəstəlikdən sonra?

- İkisi zəng edirdi, ürək-dirək verirdilər. Yoldaşım da hörmətlə yanaşır. Hesab edirəm münasibətlər belə olmalıdır.

 

- Heç bir yerə yığmaq fikriniz olubmu həyat yoldaşlarınızı nə vaxtsa?

- Onları bir yerə yığmaq fikrim yoxdur. Bəlkə mən öləndə yasıma gələrlər. Orada gedib şəkillərini çəkərsiniz bir yerdə, mehribancasına oturacaqlar (gülür).


- Siz əslən şuşalısınız...

- Atam şuşalı, anam maştağalıdır. Ailəmiz İçərişəhərdə yaşayırdı. Atam gənc yaşlarında Şuşadan Bakıya gəlib, burada Xalq Təsərrüfatı İnstitutuna daxil olub, oranı bitirib. Biz İçərişəhərdə yaşasaq da mən Şuşada anadan olmuşam. Avqustun 4-də Şuşada doğulmuşam, qırx gün orada saxlayıblar məni, sonra Bakıya gətiriblər. Ata hər yay bizi Şuşaya istirahətə aparırdı. Mənim Şuşa ilə bağlılığım çox dərindir. Ora mənim vətənimdir. Hər yay Şuşaya gedəndə sevincimizin həddi-hüdudu olmurdu. Çünki Şuşa çox gözəl məkandır, dilbər guşədir. Həmin illərdə Azərbaycanın ən görkəmli şəxsiyyətləri Şuşada istirahət edirdilər. Onlarla təmasda olmaq, söhbət etmək insana zövq verirdi. Şuşa bizim imicimiz, dəyərimiz idi. Mən şuşalı olduğumu həmişə fəxrlə demişəm. Qohum-əqrəbamla da tez-tez təmasda oluram. «Şuşa» qəzetinin redaktoru Vasif Quliyevlə həm qohum, həm də dostuq. Vasif Quliyev Şuşa və İçərişəhər qalalarını nəzərdə tutaraq mənə «iki qalanın oğlu» adını verib. Axı Şuşada anadan olmuşam, İçərişəhərdə yaşamışam.

Şuşa üçün çox darıxıram. Mənim atamın, əmimin, nənəmin, qohum-əqrəbamın məzarları oradadır. O məzarları ziyarət etmək istəyirəm.

 

- Deyirsiniz həyat elə nahamar olmalıdır, bu vəziyyətdən nəsə öyrənmək, bərkimək lazımdır. Deyirsiniz uşaqlıqdan  problemləriniz əskik olmayıb...

- İçərişəhərdə yaşayırdıq. Atam rəhmətə gedəndə düşünürdüm ki, artıq nəsə etmək lazımdır. O vaxt şərqşünaslıq fakültəsinə girmək istəyirdim. Həmin il rus şöbəsinə qəbul olmadı, mən də rus dilində təhsil almışam. Fikirləşdim işləmək lazımdır. Evdə oturub televiziyaya baxırdıq. Dedim, ana, gedirəm televiziyada işləməyə. Dedi, ay bala, səni oraya buraxan kimdir. Öz ayağımla kadrlar şöbəsinin müdirinin yanına getdim, iş istədim. Demək bir az təvazökarlıqdan uzaq olur, yaraşıqlı, geyimli bir şəhər uşağı idim. Çəkdi qırağa, soruşdu atan, anan kimdir, dedim dəxli yoxdur, nə versəniz işləyəcəyəm. İşıqçı götürdülər. O vaxt adi işçini də sədr bəyənirdi, götürürdü. Məndən Teymur Əliyev soruşdu ki, niyə gəlmisən bura? Dedim televiziyaya həvəsim var, məcbur olub yalan danışdım. Əslində bir il işləyib, yenidən universitetə girmək istəyirdim. O yalan məni gətirib bu dövrə çatdırıb.

İşləyəndən sonra gördüm ki, televiziyadan ayrıla bilmərəm. İncəsənət Universitetinin qiyabi şöbəsinə daxil oldum. Oranı da 13 ilə bitirdim. Məni universitetdən qovmuşdular. Bir müəllimimiz vardı, soruşdu dərsə niyə gəlmirsən? Dedim işimlə əlaqədar başqa respublikalara gedirəm, çıxışlarım olur. Bu sözlər müəllimin xoşuna gəlmədi. Dedi sən özündən çox razısan. Bu sözdən həmişə zəhləm gedib, indi də zəhləm gedir. Heç vaxt özümdən razı olmamışam, həmişə sadə olmağa çalışmışam, bunu dostlarım da bilir. Ona görə bir balaca söydüm. Getdi rektora dedi ya o tələbə burada oxuyacaq, ya da mən işləyəcəyəm. O zaman rektor Rahib Hüseynov məni çağırdı, müsibət kişi idi, dedi get gəz. Mən də getdim hardasa bir beş il gəzdim, doğrudan vecimə deyildi, mənə diplom lazım deyildi, artıq Rafiq Hüseynov idim. Bir dəfə yas məclisində görüşdük, dostumun atası rəhmətə getmişdi. Necə oldusa üzbəüz gəldik. Nə edirsən? Demisiz gəz, gəzirəm. Dedi gəl oxu. Getdim, məni birbaşa üçüncü kursa götürdülər. Beləliklə, universiteti bitirdim.

 

- Populyarlığınız çox köməyinizə çatıb?

- Əlbəttə, müəyyən problemləri çox asanlıqla həll edirdim. Məsələn, əldən maşın alanda çox baha çıxırdı. Gedirdim, öz qiymətinə verirdilər. O zaman mebel almaq böyük problemlərdən biri idi. Gərək nazirin yanına gedəydin. Məni o saat qəbul edirdilər. Bir dəfə gülməli əhvalat oldu, Svetlana Qasımova adlı qadın ticarət naziri idi. Dublyonka, bir də norka papaq dəbə düşmüşdü. Əldən 2 min manata almaq olurdu, öz qiyməti 240 manat idi. Onu da gərək Setlana Qasımova qol çəkəydi, alaydın. Dedilər getmə qəbuluna, qəddar qadındır, sənə heç nə verməyəcək. Amma getdim, qəbul elədi, xeyir ola, dedim dublyonka istəyirəm. Dedi nə problemdir, sabah gələrsiniz. Çıxanda dedi hamı məndən papaq da istəyir axı. Dedim o daha ağ olar, Svetlana Çingizovna, kişi gəlib qadından papaq istəsin. Almadım papağı. Baxmayaraq maaşdan əlavə qonorarım yüksək olurdu, kinostudiyadan qazanırdım, filmlər oxuyurdum, verilişlərimin sayı çox idi, əldən belə şey almağa maddi gücümüz çatmırdı.

 

- Bu qədər məşhurluğunuz ola-ola niyə sizə vəzifə vermədilər?

- Mən vəzifə istəmirdim ki. Gül kimi tanınmış adam idim. Bir dəfə televiziyadan gedəndə dəvət etdilər ki, sədr qoyaq. Dedim, bilirsiniz, mən hələ o səviyyəyə çatmamışam sədrlik edim, müavin kimi işləyə bilərəm. Elə də oldu, sonradan televiziyada müavin oldum.

 

- Neçə övladınız var?

- Bir qızım var.

 

- Niyə istəmirsiniz fotonuzu çəkək?

- Çünki tamaşaçı məni başqa imicdə tanıyır. O təəssüratı dəyişmək istəmirəm, qoy  yaddaşlarda olduğu kimi – hündür boylu, gur səsli, saçlarını geri daramış, dəbdəbəli geyinmiş yaraşıqlı Rafiq Hüseynov kimi qalım.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *